Modern.az saytı “Məşhur ixtiralar” rubrikasından növbəti yazını təqdim edir. Bu dəfə minilliyin kəşfi sayılan kitab çapı və bu işi həyata keçirən dəzgahdan danışılacaq. Bu ixtira minilliyin ən uğurlu kəşfi sayılır. Renessans dövrü öz başlanğıcını bu ixtiranın yaranma tarixindən götürür. Hüqo özünün “Paris Notrdam kilsəsi” əsərində deyirdi: “Bu maşın bütün kilsələri dağıdacaq”.
Orta əsrlər Renessansı, Mayns şəhəri
“Kitab çapı sənəti Mayns şəhərində meydana gəlib. Bu, ən mükəmməl sənət, ən mükəmməl elmdir… O, dünyanı zənginləşdirmək və maarifləndirmək üçün bilik və müdriklik xəzinəsini zülmətdən çıxarmağa imkan verib”. Bu sözlər 1474-cü ildə, orta əsrlər salnamələrindən birində İohan Qutenberqin ixtirası barədə yazılıb. “O, kim idi və harada, nə vaxt anadan olmuşdu” kimi suallara bu gün o qədər də dəqiq cavab tapılmayıb. Fərziyyələrə görə, İohann Quttenberq təxminən 1397-1400-ci illərdə Mayns şəhərində anadan olub. Onun atası Qensflayş ticarətdə çalışırdı. O, dövrün dəbinə görə Yohan Qensflayş öz soyadını dəyişərək, vaxtilə yaşadıqları yerin adını götürür.
1411-1420-ci illərdə Qutenberq ailəsi patrisiya və vətəndaşlar arasında baş vermiş münaqişəyə görə Maynsdan Strasburq şəhərinə köçürlər. O, burada ömrünün çox hissəsini keçirərək daşların pardaqlanması və güzgülərin hazırlanması ilə məşğul olur. Yetərincə adlı-sanlı və zəngin bir ailədə dünyaya gələn İohan, bəzi məlumatlara görə, hələ gənc yaşlarında bir çox sənətlərə yiyələnib: o, əla oymaçı, zərgər və həkkak olub. İ. Qutenberq gənc yaşlarında doğma şəhərindən qaçmaq məcburiyyətində qalıb, lakin sonralar geri qayıdıb.
Kitab çapı və ilk çap olunan kitab - “Bibliya”
1440-cı il kitab çapının ixtirası ili hesab olunur. Qədim sənədlərdən görünür ki, 1444-1446-cı illərdə Prokofiy Valdfoqel gizli məktubla başqaları ilə əlaqəyə girərək "süni məktubun" sirlərini satmağa çalışır. Qutenberqin dahi ixtirası ondan ibarət idi ki, o metal hərfləri tərsinə olaraq, metaldan qabarıq şəkildə hazırlayır. Bu hərflərdən yığılan mətnləri o, sonra kağızın üzərinə çap edir. İxtiranı geniş tətbiq etmək üçün onun vəsaiti çatmır.
1448-ci ildə Maynsa qayıdan Qutenberq Yohan Faust ilə müqavilə bağlayır və ona 6 faiz və gündəlik 800 qulden pul ödəməklə mətbəənin şərikli sahibi olurlar. Qutenberq əsas kapitalı hissə-hissə alırdı. Dövriyyədə pulun artması ilə Faust tədricən uzaqlaşır və 1452-ci ildə vaxtlı- vaxtında 800 quldenin ödənilməsinə görə illik haqdan azad olunur.
Kiçik maliyyə vəsaiti və heç bir təcrübəyə malik olmayan işçilərlərlə Qutenberq böyük nailiyyət əldə edir. O 1456-cı ildə 5 müxtəlif formada hərflər tökür və Elia Donatın latın qrammatikasını və iki Bibliyanı çap edir. Qutenberq çap işindən gəlir gələnə qədər uzun müddət şərikinə pul verməkdən boyun qaçırır. Faust onu məhkəməyə verərək, faizlərin ödənilməsini tələb edir. O, məhkəmədə uduzur və mətbəə bütünlüklə Fuasta keçir və Qutenberq hər şeyi təzədən başlamalı olur. O, sonra vətəninə Qutenberqə qayıdır və orada yeni çap mətbəəsinin açılması ilə məşğul olur. Böyük naşir kitablarda öz adını qeyd etmirdi. Ona görə də Avropa tarixində çap olunmuş ilk kitabın adı və nəşr tarixi məlum deyil. Amma həmin nəşrə “Sivillinanın kitabı”ndan bir parçanın, “Məhşər günü” adlı hissənin daxil edilməsi və təxminən 1491-ci ildə çap olunması ehtimal edilir.
İ.Qutenberq 1468-ci il fevralın 3-də vəfat edib və doğma şəhəri Maynsda Fransiskan kilsəsində dəfn olunub, amma məzarının dəqiq yeri məlum deyil.
Elmin Nuri