“Uzun müddət İctimai Palatanın fəaliyyətinin davam etdirilib-etdirilməməsi ilə bağlı müzakirə aparıldı. Həmişə İP-in saxlanmasının tərəfdarı olmuşam. Amma siyasi şərait bu qurumun fəaliyyətinə ehtiyac duymur”. Bunu Modern.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri, İctimai Palatanın Koordinasiya Şurasının (İPKŞ) üzvü Rafiq Manaflı deyib. İctimai Palatada təmsil olunan siyasətçilərin əksəriyyətinin Milli Şuraya qoşulduğunu deyən VHP funksioneri qeyd edib ki, eyni insanların iki qurumda təmsil olunması gərəksizdir: “Düzdür, İctimai Palata Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rol oynadı. Milli Şuranın formalaşdırılmasında, vahid namizədlə seçkilərə qatılmasında böyük işlər gördü. Artıq Milli Şura yaranıb, bu format daha genişdir. Ona görə də İctimai Palatanın fəaliyyət göstərməsinə ehtiyac görmürəm. Qurumu buraxmamaq və fasilə götürmək olar, müəyyən müddətdən sonra ehtiyac olarsa, yenidən fəaliyyətini canlandırmaq mümkündür”.
R. Manaflının sözlərinə İctimai Palatanın buraxılması kimdənsə asılı deyil: “İP-in fəaliyyətini davam etdirməklə, Milli Şurada müəyyən pozuntular yaratmaq düzgün deyil. Bilirsiniz, qurumun dönəm sədri İsa Qəmbərdir. Üç aydan çoxdur ki, sessiya keçirilmir. Sessiyalar çağırılmırsa, deməli, fəaliyyət göstərmir. Bunun əvəzində isə Milli Şuranın daxilində Müsavat Partiyası səbəbləri bəlli olmayan ikitərəfli görüşlər keçirir. Nə qurmaq, hansı formatı yaratmaq istəyirlər, hələ bəlli deyil”.
İlkin PİRƏLİ