2013-cü ildə dünyada qaçırılan jurnalistlərin sayı iki dəfədən çox artıb. Modern. az saytı xarici KİV-ə istinadən bildirir ki, bu haqda “Sərhədsiz reportyorlar” təşkilatı məlumat yayıb. Təşkilatın illik hesabatında qeyd edilir ki, KİV nümayəndələrinin girov götürülməsi ilə bağlı 87 fakt (ötən il bu göstərici 38 olub) baş verib. Bundan əlavə, jurnalistlərə hücum və onların hədələnməsi 9 faiz artıb (2,16 minə qədər). Bu il ərzində ümumilikdə dünyada 71 professional, 39 nəfər vətəndaş jurnalistikasının nümayəndəsi bloqer öldürülüb. Hesabata görə KİV nümayəndələri üçün ən təhlükəli ölkələr Suriya, Hindistan, Pakistan, Somali və Filippindir. Təkcə Suriyada ilin əvvəlindən 10 professional və 35 vətəndaş jurnalistikasının nümayəndəsi öldürülüb. Bundan əlavə, hazırda professional fəaliyyətini davam etdirə bilməyən 178 jurnalist həbsxanadadır. Onların əksəriyyəti Çin, Eriteriya, Türkiyə, İran və Suriya həbsxanalarında saxlanılırlar.
Modern.az