Yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə əfv sərəncamı imzalanacaq. Bu barədə Modern.az-a hüquq-müdafiəçisi Novella Cəfəroğlu bildirib. “Yəqin ki, əfv sərəncamı olacaq. Hər şey dekabrın 25-dən sonra bəlli olacaq. Bizə məktublar daxil olur. Öz növbəmizdə həm przeidentə, Əfv Komissiyasına, həm də Komissiyada iştirak edən insanlara məktublar yazırıq”.
Onu da qeyd edək ki, Milli Məclisin ötən günkü iclasında çıxış edən deputat İqbal Ağazadə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı narahatlıqlarının olduğunu və 31 dekabrda Milli Məclis və ya Prezident tərəfindən Amnistiya Aktını imzalamağa çağırıb.Qeyd edək ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin cəzanın çəkilməmiş hissəsindən azad olunması haqqında sonuncu əfv sərəncamı bu il 14 oktyabrda imzalayıb. Bu sərəncamla sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və “Azpetrol” Şirkətlər Qrupunun Direktorlar Şurasının sabiq sədri Rafiq Əliyev də əfv olunublar.
Gültəkin ƏLƏSGƏR