“Müxalifətin problemlərinin arxasından vaxtaşırı xaricdən aldığı pullar çıxır”. Modern.az xəbər verir ki, bunu YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi rəhbərinin həbsinə münasibət bildirərkən deyib. O, müxalifət partiyalarının A. Məmmədlinin həbs olunmasına reaksiyanı da tənqid edib. Deputatın sözlərinə görə radikal müxalifətin dərhal yığılaraq A. Məmmədlinin saxlanılmasını pisləməsi və bunu demokratiyaya hücum kimi qiymətləndirməyi başa düşülən deyil.
“Bu gün Azərbaycan Respublikası Baş Prokurorluq açıqlama verərək Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsinə aydınlıq gətirdi. Bu açıqlamadan aydın oldu ki, məsələ heç də demokratiya məsələsi olmayıb, xaricdən alınan külli miqdarda vəsaitin Azərbaycanda nəqdləşdirilməsi və ondan məlum olmayan istiqamətdə istifadədən, həmçinin dövlət vergisini ödəməməkdən gedir”, – deyən YAP-çı deputat hüquq-mühafizə orqanlarını da ictimaiyyətə gec məlumat verdiyi üçün qınayıb. “İlk növbədə hüquq mühafizə orqanlarını olayla bağlı ictimaiyyətə gec açıqlama verməklərinə görə qınamaq istərdim. Bu açıqlama ilk gündən verilsəydi, radikal müxalifətin gün yarım ərzində "demokratiya" söhbətləri ilə ictimaiyyətə aldatması aydın olardı. Eyni zamanda vaxtaşırı radikal müxalifətin problemlərinin arxasından xaricdən aldığı pullar çıxdığı da açıq görünür. Ona görə onlar hansı vəsaitlə fəaliyyət göstərdikləri barədə suallardan yayınır, müraciətlərini bir qayda olaraq cəmiyyətə, vətəndaşlarımıza deyil, xarici səfirliklərə, xarici ölkə fondlarına yönəldirlər”.
Aqşin Kərimov