Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilən G. Əhmədovanın vəkili Əfsər Talıbov sabah çıxarılan hökmdən Apelyasiya şikayəti verəcək. Bu barədə Modern.az-a Əfsər Talıbov məlumat verib. O bildirib ki, artıq şikayət ərizəsi hazırdır və sabah Apelyasiya Məhkəməsinə göndəriləcək.
"Gülər Əhmədovanın səhhəti hazırda yaxşı deyil. Baş və ürək ağrıları ona rahatlıq vermir. İş məhkəmədə olduğundan ailəsi ilə görüşmək üçün məhkəməyə ərizə təqdim olunmalıdır. Bunun üçün məhkəməyə ərizə də verilib. İndi cavab gözləyirik”.
Onu da qeyd edək ki, hazırda Kürdəxanı təcridxanasında saxlanılan eks-millət vəkili Apelyasiya Məhkəməsinin qərarından sonra təcridxanaya köçürüləcək.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
Gültəkin ƏLƏSGƏR