Modern.az-ın Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Nəsib bəy Yusifbəyli haqqında müzakirələrinə daha iki araşdırmaçı qoşuldu.
BDU-nun jurnalistika fakültəsinin müəllimi, Cümhuriyyət dövrü mətbuat tarixçisi Qərənfil Quliyeva: “Nəsib bəy hələ tələbə ikən Krıma, İsmayıl bəy Qaspiralının yanına gedirdi. Orda “Tərcüman” qəzetində tez-tez çıxış edirdi. Qaspiralı dünyasını dəyişəndən sonra da o, qəzetlə əlaqəsini saxlayıb və yenidən orda çap olunub. Nəsib bəy Qaspiralının qızı Şəfiqə xanımla ailə həyatı qurur. Krımda Qaspiralının yanında bir neçə vaxt yaşayıblar. Sonradan ailə problemlərinə görə ayrılıblar. Amma ayrılsalar da, Nəsib bəy öz ailəsinə, uşaqlarına nəzarət edirdi. Şəfiqə xanımın özü də jurnalist idi. “Aləmi nisvan” adlı qəzeti Krımda o, çap etdi. Qəzet qadın azadlığı, qadın dünyası barədə çap edilən ilk mətbu orqanlardan idi. Bu işdə də Nəsib bəy ona çox kömək edib. Nəsib bəy baş nazir seçiləndən sonra ailəsini yanlına gətirir. Şəfiqə xanım burda qalır, həm mətbuatda çıxış edir, həm də qız məktəbində dərs deyir. Şəhərdə baş verən bütün ictimai-siyasi işlərdə fəallıq göstərir.“Azərbaycan”, “İstiqlal” qəzetlərii dövrün ən aparıcı mətbu orqanı idi. Nəsib bəy də orda çap olunurdu. Amma Cümhuriyyət vaxtı daha çox dövlət quruculuğu və inzibati işlərlə məşğul idi. Çox vaxtı olmadığından mətbuatda o qədər də fəal çıxış etmirdi. Qaspiralı vəfat edəndə Nəsib bəyin onun məzarının üstündə oğlu ilə bərabər şəkli var”.
Tarixçi Nəsiman Yaqublu: “Nəsib bəy Yusifbəyli Azərbaycanın həm baş naziri, həm də maarif naziri olub. Cümhuriyyət dövründə çox böyük fayda vermiş şəxsiyyətdir. Yusifbəylinin fəaliyyəti ilə bağlı çox az öyrənilmiş sahələr var. Onun Baxçasarayda olduğu vaxtlardakı fəaliyyəti ilə bağlı çox az məqamlar öyrənilib. Çünki o, İsmayıl bəy Qaspiralının qızı ilə ailə qurub və bu da onun fəaliyyətinə müsbət təsir edib. Yusifbəylinin sonradan fəaliyyəti ilə bağlı müəmmalı məqamlar da var. Cümhuriyyət süqut edəndən sonra onun Gürcüstan istiqamətində hərəkət etməsi və orda Qarxunlu Əşrəf bəy tərəfindən öldürülməsi hələ tam şəkildə açılmayıb. Bu məsələləri öyrənməliyik. Nəsib bəyin gözəl məqalələri var ki bunlar ayrıca çap olunmalıdır. Nəsib bəyin baş nazir olanda irəli sürdüyü bir sıra təkliflər var ki, onlar doğurdan da bu gün üçün də aktual olan təkliflərdir. Məsələn, o, irəli sürürdü ki, Bakı nefti öz puluna satılmalıdır. O vaxtı Azərbaycanda “bom” pul vahidi var idi. O bunu ona görə edirdi ki, bizim pulun məzənnəsi artsın. Nəsib bəy o dərəcədə təmiz bir insan idi ki, baş nazir ola-ola atasına yazırdı ki, ona kömək etsin. Təsəvvür edin baş nazir atasından yaşamaq üçün pul yardımı istəyir.
Bir məqam var idi ki, o heç vaxt açılmayıb. O, Türk Ədədmi Mərkəziyyəni yaratdı və ilk dəfə olaraq İstiqlaliyyət şüarı o, partiyanın proqramında verilib. Bu partiyanın fəaliyyəti geniş araşdırılmayıb. 1917-ci ildə bu partiya Müsavatla birləşdi və birləşənə qədər ki fəaliyyəti öyrənilmədi. Onun qızı rəhmətlik Zəhra xanım İstanbulda yaşayırdı. Mən onun evində qonaq olmuşam. Mənə bir neçə fotolar da bağışlayıb. Bu adam öyrənilməlidir“.
Elmin Nuri