Modern.az

Prezident və xanımı “Şahdağ” turizm kompleksində açılış etdilər - FOTOLAR

Prezident və xanımı “Şahdağ” turizm kompleksində açılış etdilər - FOTOLAR

19 Dekabr 2013, 21:47


Dekabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksində olublar. Dövlət başçısı və xanımı “Şahdağ”, “Pik Palas” otellərinin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak ediblər.

“Şahdağ” qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılıb. Bu kompleksin təməli 2009-cu ilin sentyabrında atılıb.
Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və il boyu fəaliyyət göstərmək iqtidarındadır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır.
Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan “Şahdağ” qış-yay turizm kompleksində inşa edilən otellər bu istirahət məkanına marağı daha da artırır.

“Şahdağ” qış-yay turizm kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılıb. Prezident İlham Əliyev 2011-ci ilin fevralında kompleksin 2 nömrəli kanat yolunun və xizək enişinin açılışında iştirak edib. Artıq ötən qış mövsümündə kompleks ilk turistləri qəbul etməyə başlayıb.

Dövlətimizin başçısı və xanımı əvvəlcə beşulduzlu “Pik Palas” otelinin açılışında iştirak ediblər.
Paytaxtdan 230 kilometr şimalda, “Şahdağ” qış-yay turizm kompleksində yerləşən “Pik Palas” oteli dağların əzəmətli gözəlliyi ilə əhatə olunmuşdur və onun hər bir elementi məmnunluq doğurur.
Dövlətimizin başçısı otelin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Otel yeni qurulan “PAŞA Hotels and Resorts” şirkəti tərəfindən idarə olunur. “Pik Palas” oteli geniş çarpayılar, rahat qonaq və iş guşələri, döşəmədən tavana qədər uzanan pəncərələr və fransız üslublu eyvanları ilə 167 geniş yataq otağı və lüks nömrələri qonaqlara təqdim edir. Bütün qonaq otaqları müasir avadanlıqla təchiz olunub. Oteldəki restoranlar, barlar və istirahət guşələri dağlarda zövqlə nahar etmək üçün nadir vəhdət yaradır.
Mehmanxananın lobbisində yerləşən “Chocolat Patisserie” cah-calallıq və rahatlıq aurası yaradır. Burada şokolad trüfeli hazırlanan guşə mövcuddur. “Alpina Brasserie & Wine Bar” gün ərzində nahar etmək üçün nadir inqrediyentlər və orijinal yeməklər təqdim edir. “Fujisan Restaurant & Bar” Yaponiya və Koreya yeməklərinin nadir vəhdətini təcəssüm etdirən mətbəxi ilə fərqli təcrübə təklif edir. Xüsusi bayramlar və ya özəl nahar görüşləri üçün bu restoran ideal məkandır. Fitnes xidmətlərinə idman zalı, saunalar və buxar otağı, qapalı üzgüçülük hovuzu və cakuzi, açıq havada günəş şüası qəbul etmək üçün isidilmiş üzgüçülük hovuzu daxildir. Dəbdəbəli SPA məkanında çalışan təcrübəli terapevtlər müxtəlif aromaterapiya, masajlar və SPA prosedurları, o cümlədən kosmetik qulluq və müalicə təqdim edirlər. Sütunsuz, hündür tavanlı, təbii gün işığı ilə işıqlanan “Akasiya” ziyafət zalında ayaqüstü tədbirlər üçün 600-ə qədər, banket üslubunda 350-dək qonağı yerləşdirmək mümkündür.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni tikilmiş beşulduzlu “Şahdağ” otelinin açılış mərasimində iştirak ediblər.
Azərbaycan Prezidenti otelin rəmzi açılışını bildirən lenti kəsib.
İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak ediblər.
Azərbaycan Prezidenti mərasimdə nitq söyləyib.
İlham Əliyev müxtəlif beynəlxalq yarışlarda fərqlənən, ölkəmizdə idmanın inkişafına töhfə verən bir qrup idmançı və idman xadiminə yeni mənzillərin orderlərini, habelə Milli Olimpiya Komitəsinin fəxri fərmanlarını təqdim edib.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdag” otelində yaradılan şəraitlə tanış olublar.

“Şahdağ” qış-yay turizm kurortu qonaqlara il boyu sonsuz həyəcanlı idman və əyləncə növləri təklif edir. Qonaqların burada möhtəşəm təbiət gözəlliyinin mərkəzində, dağ havasının təravətində müxtəlif əyləncə növlərinin əhatəsində olmaq şansı var. Burada müxtəlif səviyyəli idmançılar və həvəskarlar üçün 19-dan çox xizəklə sürüşmə yamacları planlaşdırılıb. Buradakı xizəksürmə məktəbi müxtəlif kurslar təklif edir. Kompleksdə hər yaş kateqoriyasından olan insanlara müxtəlif yay əyləncələri də təklif ediləcək. Bölgəni yenidən kəşf etmək istəyənlər, macəra axtarışında olanlar üçün raftinq, paraşütlə tullanma, qayaya dırmanma, velosipedlə gəzinti, göldə üzgüçülük və başqa idman əyləncələri də gələcəkdə qonaqların istifadəsinə təqdim olunacaq. Bundan əlavə, böyük qolf sahəsinin, maraqlı aqvaparkların və hovuzların da tikilməsi planlaşdırılıb.
Dövlət başçısı və xanımı “Şahdağ” qış-yay turizm kompleksində tikintisi başa çatmaq üzrə olan yeni beşulduzlu oteldə aparılan tikinti-quraşdırma işləri ilə də tanış olubar.













Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı