Modern.az

Həkim: “Bakıda yayılan budəfəki qrip virusu çox davamlıdır”

Həkim: “Bakıda yayılan budəfəki qrip virusu çox davamlıdır”

5 Yanvar 2014, 16:35


Qışın gəlişilə bir çoxlarımızın kabusuna çevrilən qrip virusu ilə necə mübarizə aparacağımız bəzən bilmirik. Bəziləri evdə türkəçarə üsulunu seçdiyi halda, körpəsi olan valideynlər daha çox həkim məsləhətinə üstünlük verir.

Bir çox müşahidələr göstərir ki, qripin müalicəsində antibiotiklər də gücsüzdür. Başqa sözlə, bəzən viruslar antibiotiklərə qarşı dözümlü olur. Belə hallarda xəstəliyin sağalma müddəti və şiddətində bir dəyişiklik baş vermir. Bəzən xəstəlik başladıqdan üç gün keçməsinə baxmayaraq, nə temperatur düşür, nə də hər hansı yaxşı dəyişiklik baş verir. Qızdırma, halsızlıq və yorğunluq hissi xəstəni əldən salır. Bu zaman çarə həkimə müraciət etməyə qalır.
Qrip deyib keçməyin. Çünki qrip xəstəliyinin sonrasında bakterial infeksiyalar inkişaf edə bilər. Bu isə sətəlcəm, orta qulaq iltihabı, sinüzit kimi xəstəliklər ortaya çıxara bilər.

Son zamanlar ölkədə, xüsusilə Bakıda yayılan, yüksək hərarətlə müşahidə olunan qrip xəstəliyinə qarşı bir çoxlarımız gücsüzük. Böyüklərlə müqayisədə kiçik yaşlı uşaqlarda daha çox ağırlaşma hallarına rast gəlinir. Valideynlər uzun müddətli hərarətdən çox narahatdır. Xəstəxanalarda isə bununla bağlı müraciət edənlərin həddindən artıq olduğu bildirilir.

Bakıda yayılan qrip virusu ilə bağlı 14 saylı Uşaq Polikilinikasının həkim-pediatrı Bənövşə Abdullayeva Modern.az saytına bunları deyib:

“Hazırda müşahidə olunan qrip virusu havaların soyuması, tez-tez dəyişməsi ilə əlaqədardır. Müəyyən olunur ki, bu, çox davamlı virusdur. Havaya virus yayılması isə tamamilə fərziyyədir. Bunun heç bir əsası yoxdur. Əgər ortada sübut yoxdursa, bu haqda danışmağa dəyməz. Virus hazırlanma bir şey deyil ki, kimsə onu hazırlayıb bilərəkdən havaya buraxsın. Virus adi halda da var, amma xüsusi bir şərait, mühit olmalıdır ki, o özünü göstərsin. Qrip müalicəsində əsas yanaşma temperaturun salınması, bol maye qəbulu və yataq rejimində istirahət edilməsidir. Su, təbii meyvə şirələri, bitki mənşəli çaylar, şorba, ayran kimi sulu qidaların kifayət qədər qəbulu ən yaxşı yoldur. O ki qaldı hərarətə, bu zaman öncə fiziki metodlardan istifadə etmək məsləhətdir. Xəstənin bədənini spirt, sirkə ilə ovuşdurmaq lazımdır. Daha yüksək hərarət zamanı isə mütləq qızdırmasalıcı dərmanlardan, siroplardan istifadə məsləhətdir. Uzunmüddətli hərarət müşahidə olunarsa, antibiotik tətbiq edilməlidir. Baxmayaraq ki, bütün antibiotiklərin yan təsirləri var, bəzən xəstəyə tətbiq etmək məcburiyyətində qalırıq. Çünki elə viruslar var ki, məhz antibiotik onun müalicəsində effektli təsir göstərir. Zərərlərinə gəldikdə isə antibiotik qaraciyəri məhv edir. Qaraciyər orqanizmin laborotoriyasıdır. Bütün qəbul edilən kimyəvi maddələr qaraciyərdən keçir və onu zədələyir. Ona görə də həkim məsləhəti olmadan antibiotiklərdən istifadə etmək düzgün deyil”.

Gülşən Raufqızı

Sizə yeni x var
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu