Bu barədə APA-nın Moskva müxbirinə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən dələduzluqda ittiham olunaraq axtarışa verilən və Domodedovo hava limanında saxlanılan şəxsin 1965-ci il təvəllüdlü Azərbaycan vətəndaşı İlqar Yadigarov olduğu bildirilib.
Beynəlxalq axtarışda olan Azərbaycan Müdafiə Nazirliyinin sabiq əməkdaşı Rusiya paytaxtının “Domodedovo” hava limanında saxlanılıb. Axtarışda olan Azərbaycan vətəndaşının saxlanılması barədə Rusiya Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
İ.Yadigarov Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən dələduzluq ittihamı ilə axtarışa verilib. O, 2010-cu ildə Müdafiə Nazirliyində çalışarkən xidməti vəzifəsindən istifadə edərək saxta mühasibatlıq sənədləri əsasında dövlətə təxminən 125 min dollar miqdarında ziyan vurmaqda ittiham olunur. 2011-ci ildə həmin şəxs saxta sənədlərlə Rusiya sərhədini keçib və İrkutsk vilayətinin Nijneudinsk rayonunun Xudoelansk kəndində fəhlə kimi işə düzəlib. İrkutsk polisi onun şəxsiyyətini müəyyənləşdirdikdən sonra Azərbaycan vətəndaşı gizlənməyə çalışıb və Moskvaya uçaraq oradan Rusiyanı tərk etməyə cəhd göstərib. İrkutsk polisi bu barədə Rusiya DİN-in “Domodedovo” aeroportundakı idarəsinə məlumat verib və azərbaycanlı hava limanında saxlanılıb.
***
APA-nın əldə etdiyi məlumata görə, İlqar Yadigarov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndirilir.
Azərbaycan hüquq-mühafizə orqanları ötən ilin noyabrında onun tutulması üçün İnterpola müraciət edib.