Deputat Elman Məmmədov bildirib ki, Milli Məclisin yaz sessiyasında müzakirə olunacaq məsələlər sırasında Qarabağ müharibəsi əlilləri və veteranlarının güzəranının yaxşılaşdırılması, onlara dövlət qayğısının gücləndirilməsi də var.
Modern.az-a açıqlama verən “Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin sədri Firudin Məmmədov da hesab edir ki, parlamentdə bu yöndə müzakirə və qanunlara düzəlişin vaxtı yetişib.
“Son vaxtlar əlillərin problemlərinin qabarıq formada gündəmə gəlməsi bu problemlərin aradan qaldırılması üçün bəzi tədbirlərin görülməsi zərurəti yaradıb. Dövlət başçısının da bununla bağlı göstəriş verdiyi barədə məlumatlar var. Parlamentdə də bu məsələnin müzakirəyə çıxarılmasını ancaq alqışlaya bilərik. İkinci tərəfdən, Qarabağ əlillərinə aid problemlərin nədən ibarət olduğunu daim gündəmə gətirmişik. Konkret, paket şəklində təkliflərimiz də var”.
F. Məmmədov qeyd edib ki, Qarabağ əlillərinin 4 əsas problemi var: “Pensiya və müavinət təminatının artırılması, əlillərin özlərinin və ailə üzvlərinin sağlamlığının sığortalanaraq tibbi sığorta verilməsi, sosial güzəştlərin tətbiq olunması və əlillərin övladlarının bütün növ təhsil haqlarından azad edilməsi. Bu müşküllərin həlli əlillərin həyatındakı dözülməzliyi aradan qaldıracaq. Ümumiyyətlə, vəziyyətlərində, dolanışıqlarında ciddi yaxşılaşma nəzərə çarpacaq.
Əlillərin işlə təmin olunması, yeni iş yerlərinin açılması ilə bağlı ölçülər götürülməsi və s. də gələcəkdə həlli mümkün olan işlərdir. Hesab edirik ki, Prezident başda olmaqla dövlət artıq bu problemlərin aradan qaldırılması üçün hərəkətə keçib və inanırıq ki, inşallah gələcəkdə bu problemlərin həllinin şahidi olacağıq”.
Misranə Həsənzadə