“AŞPA-nın qış sessiyasında müzakirəyə çıxarılacaq gündəliyində bir çox məsələlər xüsusi maraq dairəmizdədir”. Bunu Modern.az-a açıqlamasında AŞPA-nın Azərbaycandan olan nümayəndə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev gündəlikdə olan məsələlərdən danışarkən deyib.
“Həmişə olduğu kimi, bu dəfə də bizi maraqlandıran məsələlərlə bağlı fikirlər gündəliyə uyğun olaraq, Azərbaycan nümayəndə heyətinin üzvləri tərəfindən səsləndiriləcək. Həmçinin AŞPA-nın azərbaycanlı nümayəndə heyətinin üzvü olaraq, bir neçə məsələ səsləndirəcəm”.
Rövşən Rzayev seçki, siyasi məhbus kimi məsələlərə toxunaraq “məndə olan məlumata görə, AŞPA-nın gündəliyində seçki, siyasi məhbus kimi məsələlər yoxdur”, – deyə vurğulayıb.
Qeyd edək ki, yanvarın 27-31-də AŞPA-nın növbəti qış sessiyası keçiriləcək. Sessiyada AŞPA prezidenti və vitse-prezidentlər seçiləcək. AŞPA prezidenti Jan Klod Minyon tərəfindən qurumun Bürosu və Daimi Komitəsinin fəaliyyəti haqda hesabat veriləcək, Avropa Parlamentinin prezidenti Martin Şults və Avstriya kansleri Verner Faymanın çıxışları olacaq.
Parlamentarlar Avropada irqçilik və qeyri-tolerantlığın qarşısının alınması, yeni informasiya texnologiyalarının demokratiyaya təsiri, suriyalı qaçqınlar problemi, miqrasiya, iqlim dəyişiklikləri və enerji difersifikasiyası məsələləri müzakirə olunacaq.
Namidə BİNGÖL