Prezident İlham Əliyev 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi haqqında sərəncam verib.
Sərəncamda deyilir ki, son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artıb. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, yeni iş yerləri açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.
“Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir”-deyə sərəncamda qeyd edilib.
Prezident sərəncamında 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edildiyi bildirilib.
İqtisadiyyat və Sənaye Nazirliyi 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Nazirlər Kabineti “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Modern.az