Bir neçə gün öncə Müsavat Partiyasının nümayəndələri və bir neçə tanınmış sima Milli Şuradan istefa verdi. Kütləvi istefalardan sonra qurumda böhran vəziyyəti yarandı. Milli Şurada təmsil olunan digər qurumlar da yaranmış vəziyyəti öz təşkilatları daxilində müzakirə etməyə qərar verdilər. Hazırda isə qurumda Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) aparıcılıq edir. Hər kəsə aydındır ki, AXCP-nin dominantlığını qəbul etməyən partiyalar var. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) bu sıraya aiddir. Dünən KXCP İdarə Heyətinin toplantısı keçirilib və Milli Şura ilə bağlı qərar verilib. Məlumata görə, KXCP-nin Milli Şuradan çıxması artıq qətiləşib. Amma partiyanın qərarına sessiyadakı vəziyyət təsiredici ola bilər. Partiya sədri Mirmahmud Mirəlioğlunun da dediklərindən KXCP-nin Milli Şuranı tərk edəcəyi açıq-aydın görünür: “Partiya Milli Şura ilə bağlı mövqeyini qurumun yanvarın 16-da keçiriləcək sessiyasında açıqlayacaq. İndiyədək Milli Şurada təmsil olunanların istər istefaları, istərsə də digər qərarları qurumun sessiyasında açıqlanmalı idi”.
KXCP-nin sədr müavini Xəzər Teyyublu da bu məsələ ilə bağlı Modern.az-ın əməkdaşının suallarını cavablandırmaqdan yayınıb: “Milli Şura ilə bağlı müzakirələrimiz davam edir. Sessiyada isə bu müzakirələrə yekun vurulacaq və qərarımızı açıqlayacağıq. Bu məsələ mətbuat üçün qapalıdır”.
X.Teyyublu “Bizdə olan məlumata görə KXCP artıq Milli Şuranı tərk etmək qərarı verib” sualına belə cavab verib: “Siz nə qənaətə gəlmisiz, deyə bilmərəm. Bizdə bu məsələlər hələ ki müzakirə olunur. Yaxın illər üçün həm bütövlükdə müxalifətin, həm də KXCP-nin fəaliyyət istiqamətləri əsas müzakirə predmetidir. Milli Şuranın da sessiyasına qatılacağıq. Arzu edirik ki, hər bir məsələ uğurlu həll olunsun”.
İlkin