Modern.az

“Dövlətqaçqınkom”un sədr müavini “Böyük qayıdış”dan danışdı - FOTO

“Dövlətqaçqınkom”un sədr müavini “Böyük qayıdış”dan danışdı - FOTO

Təhsil

14 Yanvar 2014, 15:55


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov yanvarın 14-də ölkəmizdə səfərdə olan Norveç Parlamentinin üzvü Karin Voldset, İslandiya Parlamentinin üzvü Ogmundur Yonasson, Finlandiyanın tanınmış ictimai-siyasi xadimi, AŞPA-nın küçmiş üzvü Jaakko Laakso ilə görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Gəray Fərhadov  bildirib ki, bu məsələ ölkəmiz üçün prioritet problemdir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, 1 milyon 200 min soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirən natiq Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin haqlı mövqeyinin getdikcə daha çox dəstəkləndiyini və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd edib.

Komitə  sədrinin müavini bildirib ki, bu münaqişə təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütün dünya üçün təhlükədir. Çünki Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən hazırda narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə edir, müxtəlif ölkələrə istiqamətləndirilən terrorçu qruplar hazırlayır.
Nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyini diqqətə çatdıran Gəray Fərhadov  vurğulayıb ki, günahsız insanların qurbana çevrilməsinə, əzab çəkməsinə səbəb olan Dağlıq Qarabağ münaqişəsi Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində hələ də həllini tapmayıb.
Gəray Fərhadov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışıb. Bildirib ki, dövlət  başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində qaçqınların və məcburi köçkünlər üçün  indiyədək ölkəmizdə Dövlət Neft Fondunun vəsaiti hesabına 82 müasir qəsəbə salınıbr. Bu qəsəbələrdə 180 min qaçqın və məcburi köçkün yerləşdirilib.

Həmçinin Gəray Fərhadov qeyd edib ki, Azərbaycan hökuməti məcburi köçkünlərin Qarabağa “Böyük qayıdış” proqramını hazırlayıb. Ölkədə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri də bu proqramın hazırlanmasına cəlb olunub.

Azərbaycana səfəri barədə məlumat verən parlament üzvləri bildirib ki, səfər çərçivəsində bir sıra görüşlər keçirəcək. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri ilə bağlı məlumatlı olduğunu deyən qonaqlar qeyd edib ki, Azərbaycanda əhalinin hər 10 nəfərdən biri qaçqın və məcburi köçkündür. Bu münaqişə bütün region üçün ciddi problemdir.

Sonda qonaqlara “Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat (1988-2011-ci illər)” kitabı, münaqişədən bəhs edən filmin diskləri təqdim edilib.

Parlament üzvləri 15 yanvar tarixdə Ağdam rayonuna səfər edərək orada müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə də görüşəcəklər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!