Modern.az

Şəhidlər Xiyabanında “20 Yanvar”a hazırlıq başladı

Şəhidlər Xiyabanında “20 Yanvar”a hazırlıq başladı

Təhsil

14 Yanvar 2014, 17:25


20 yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsinə bir neçə gün qalıb. Bununla bağlı Şəhidlər Xiyabanında hazırlıq görülürmü?

Səbail rayon İcra Hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimov Modern.az-a 20 yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı işlərin davam etdirildiyini deyib:
“20 yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və BŞİH-nin xüsusi sərəncamı var. Bununla bağlı Şəhidlər Xiyabanında bütün məsələləri Bakı şəhər İcra Hakimiyyəti tənzimləyir. Bundan başqa, bizdə də tədbirlər planı tərtib olunub. İlk olaraq ali və orta təhsil müəssisələrində, idarələrdə 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunan tədbirlər keçiriləcək”.

Faciənin ildönümü ilə əlaqədar hər il qərənfillərdən ibarət kompozisiyalar təşkil olunur. İsrafil Kərimovun sözlərinə görə, bu il də istisna deyil:
“Hər il olduğu kimi, bu il də qərənfillərdən ibarət kompozisiyalar təşkil olunacaq. Hətta bizim rayona da müvafiq qaydada gül gətirilməsi deyilib. Bununla əlaqədar, dünən qərənfillərin gətirilməsini sifariş etmişik. Adətən, qərənfillərdən ibarət kompozisiyalar yanvarın 17-si, 18-i olur”.

İsrafil Kərimov faciə ilə əlaqədar ehsan süfrələrinin açılmasına və müvafiq yerlərdə bayraqlara qara lent bağlanılmasına münasibət bildirib:
“Bizim ərazidə olan Xəzər Dəniz Gəmiçiliyinin və dövlət orqanlarının binalarında bayraqlara qara lent bağlanılıb aşağı salınacaq. Saat 12:00-da isə gəmilər, zavod-fabriklər fit verəcəklər. Eyni zamanda, Səbail rayonu ərazısındə “Cümə” məscidi və “Bibiheybət” ziyarətgahında dini mərasimlər keçiriləcək, ehsan süfrələri veriləcək”.

İsrafil Kərimov şəhid ailələri və 20 yanvar faciəsi zamanı əlil olmuş vətəndaşlarla görüş keçiriləcəyini də deyib:
“Rayon icra hakimiyyəti başçısı tərəfindən Səbail rayonu ərazisində yaşayan şəhid ailələri və 20 yanvar faciəsi zamanı əlil olmuş vətəndaşlara yanvarın 17-də 20 Yanvar Cəmiyyətinin qərargahında görüş keçiriləcək. Həmin görüş tədbir xarakteri daşıyır. Tədbirin sonunda orda iştirak edənlərə ərzaq yardımları paylanacaq”.

Qeyd edək ki, Şəhidlər Xiyabanı Səbail rayonunun ərazisi olduğundan xiyabanda və onun ətrafında təmizlik və abadlıq işləri bu dəqiqə də aparılır. Yanvar ayının 19-da bu işlər yekunlaşacaq.

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!