Müəllif Hüquqları Agentliyi (MHA)2013-cü ildə ölkədə piratçılığa qarşı aparılan işlərin hesabatını açıqlayıb. Agentlikdən Modern.az-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində 2013-cü ildə piratçılığın səviyyəsi kitab nəşri sahəsində 2005-ci illə müqayisədə 61%-dən 30%-ə, audio-video məhsulları bazarında 90%-dən 67%-ə, proqram təminatında 96%-dən 87%-ə qədər aşağı düşüb.
Qeyd edilib ki, MHA-da çılmış 960 nömrəli “Qaynar xətt”ə hesabat dövründə 700-ə yaxın müraciət daxil olub, ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”na 500-dən çox vətəndaş müraciət edib, müraciətlərə operativ qaydada baxılması təmin edilib, müəlliflər və hüquq sahiblərinin müraciətləri üzrə bir iddia ərizəsi tərtib edilib, dövlət və məhkəmə orqanlarının sorğuları əsasında 9 ekspert rəyi hazırlanıb.
“Əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasının vacibliyini nəzərə alaraq, 10 konfrans, seminar və dəyirmi masa keçirilmiş, kütləvi informasiya vasitələrində 80-dən çox məqalə və müsahibə dərc olunub, TV və radio kanallarında çoxsaylı verilişlər hazırlanıb və süjetlər göstərilib, 10-dan çox prezentasiya olub”.
Aytən ƏLİYEVA