“Səfər Hümbətovun özü də o müsahibəsində Rauf Arifoğlunun vəkili kimi çıxış edib. Bunlar Azərbaycan siyasətinin, siyasi proseslərinin inkişaf etməsinin, biabırçılıqların nəticəsi kimi təzahür edir. Baş verən proseslərə münasibət konteksində Əli Kərimlini müdafiə edirəmsə, bu, digər siyasi qüvvələrə mənfi münasibətimin göstəricisi kimi xarakterizə oluna bilməz”.
Bunu Azərbaycan Milliyyətçi Demokrat Partiyasının (AMDP) sədri Qələndər Muxtarlı Modern.az saytına hazırda partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvü Səfər Hümbətovun dediklərinə cavab verərkən deyib.
O qeyd edib ki, Azərbaycanda qəribə bir tendensiya baş verib, çirkaba bulaşan, illər boyu millətin azadlığı üçün mübarizə aparan, həbs edilən insanların haqları üzərində mövcudluğunu saxlayan və onlardan bəhrələnən bir təbəqə var: “Onlar indi birisinin təmiz adından qorxurlar. Hətta hökumət onun təmiz adına dözür, Rauf kimiləri dözə bilmir. O, hamını çirkabın içinə batırmaq istəyir. Ona görə də mənim partiyadaşımı gətirib, əleyhimə ifadə verdirib, böhtan atdırıb. Görün, Rauf Arifoğlunun necə “qüdrətli əli” var ki, partiyadaşımı mənə qarşı çıxarıb. Deyib ki, Əli Kərimli inqilab etmək istəyib, Qələndər də onu dəstəkləyib. Bu, artıq məhkəmə istintaqının predmeti ola biləcək ittihamdır. Rauf Arifoğlunun “qüdrətli əli” çox uzundur. Bir söz demirəm, bir məsəl var: “Gəzən qurd ac qalmaz”. Kimin çörəyi haradan çıxır, çıxartsın".
Q.Muxtarlı bildirib ki, partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsində təmsil olunmamaqla bağlı özü qərar verib: “Bəli, partiyanın təşkilat komitəsi yaradılanda açıq şəkildə etiraz etdim ki, təşkilat komitəsində iştirak etmək istəmirəm. Yəni, bu təbəqə ilə növbəti dövrü bir yerdə davam etmək niyyətində deyiləm. Amma bu, o demək deyil ki, bütün proseslərdən kənarda qalmışam. Sadəcə, bu təşkilat komitəsində iştirak etmək istəmədim və namizədliyimin səsə qoyulmasının əleyhinə oldum. Dəfələrlə təkid ediblər, hətta İsgəndər bəyin özü də xahiş etdi ki, namizədliyini irəli sür, amma razılaşmadım. Hazırda elmi işlə məşğulam”.
O, “Partiya sədri olmaq üçün namizədliyinizi irəli sürəcəksinizmi” sualına belə cavab verib: “Söhbət ondan gedir ki, mən bu adamlarla bir yerdə olmaq istəyirəmmi? Bunlar, doğrudanmı, “Boz qurd”dur. Nəyə əsasən “Boz qurd” adına iddia edirlər. Hazırda da partiyanın sədriyəm. Hər şeyi qurultay həll edəcək. Qurultaya qədər də xeyli proses var. Qurultayda bunlarla birgə addımlamamğımın səbəblərini açıqlayacam. Mənim açıqlamama ehtiyac yoxdur, onlar özləri yavaş-yavaş açıqlayırlar. Əslində, bu şəxslərin “Boz qurd”lara aidiyyatı yoxdur. Sabah bu adamlar İsgəndər Həmidovu ittiham edə bilərlər”.
Qeyd edək ki, Azərbaycan Milliyyətçi Demokrat “Boz Qurd” Partiyası (AMDP) qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvü olan Səfər Hümbətov “Yeni Müsavat” qəzetinə müsahibəsində partiya sədri Qələndər Muxtarlını sərt ittiham edib. S.Hümbətov Q.Muxtarlının AXCP sədri Əli Kərimlinin vəkili kimi çıxış etdiyini deyib. Partiya funksioneri onu da deyib ki, Q.Muxtarlının fəaliyyəti qanedici deyil, ona görə də partiyadan uzaqlaşdırılacaq.
İlkin