Cəmiyyətdə dini sabitliyin, müxtəlif məzhəb və dini cərəyanlara mənsub dindarlar arasında dözümlülüyün təmin olunması istiqamətində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaranmış vəziyyəti yaxından müşahidə etməklə yanaşı, dini durumda sabitliyin qorunması məqsədilə zəruri tədbirlər həyata keçirir.
Eyni zamanda, sözügedən açıqlama və materialların dini duruma birbaşa mənfi təsiri, qarşılıqlı ittihamların kifayət qədər ciddi olduğu və hüquqi qiymət verilməsinə zərurət yarandığı nəzərə alınaraq, həmin materiallarda dini zəmində nifrət və ədavətin yayılmasına zəmin olmasını, dini dözümsüzlüyə rəvac verilməsini və Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki hərbi münaqişələrə cəlb edilməsinə çağırış olmasını müəyyənləşdirmək məqsədilə aparılan monitorinq və təyin olunmuş dinşünaslıq ekspertizasının nəticələrinə uyğun olaraq Dövlət Komitəsi tərəfindən, hüquqi müstəvidə görülən tədbirlər də daxil olmaqla, bütün zəruri addımlar atılacaqdır.
Göründüyü kimi sələfilər arasındakı sərt münasibət aydınlaşdırmaları dövlət tərəfindən Azərbaycanda tarixən formalaşmış dini dözümlülük və qarşılıqlı hörmət münasibətlərinə zidd nümunə, həmçinin ictimai münasibətlərdə dözülməz hal kimi qiymətləndirilir. Dövlət Komitəsinin məsələyə bu cür sərt təpki göstərməsi ondan xəbər verir ki, dövlət bu tendensiyanın davam etməsinə dözümlü münasibət göstərmək fikrində deyil. Həmçinin baş verənlərə hüquqi qiymət veriləcəyinin qeyd edilməsi bu istiqamətdə artıq tədbirlərin başladığına bir siqnaldır.
Modern.az