Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın indiki dövlət başçısı Serj Sərkisyandan sonrakı taleyi onun ciddi narahatlığına səbəb olub. Onun son vaxtlar fəallaşması məhz bununla bağlıdır.
Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, bunu bu gün keçmiş prezident Robert Köçəryanla baş nazir Tiqran Sərkisyan arasındakı mübahisəni şərh edən müxalifətçi Qurqen Yeqiazaryan mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, 2013-cü il arxada qalsa da, Ermənistanda heç nə dəyişməyib, yeni il gələndən sonra insanların istilik və qida məhsulları ilə bağlı ciddi problemləri yaranıb:
“Bundan əlavə, Ermənistandan mühacirət edənlərin sayı böyükdür, ölkəni mütəxəssislər də tərk edirlər. Hakimiyyətdəkilər hər şeyi edirlər ki, ölkə ermənilərdən təmizlənsin. Mən artıq şübhələnməyə başlayıram ki, Ermənistanda böyük ehtimalla Türkiyə proqramı reallaşdırılır. Bunun fonunda keçən ilin sonlarında ikinci prezident Robert Köçəryan fəallaşıb”.
Onun fikrincə, bütün ölkə dağıldığı vaxtda onun fəallaşmaması mümkün deyil. Amma Yeqiazaryanın fikrincə, Köçəryanı bu məsələ o qədər də maraqlandırmır, onu Serj Sərkisyandan sonra vəziyyətin necə olacağı daha çox narahat edir: “Axı hərbi çevriliş nəticəsində o hakimiyyəti Serj Sərkisyana təhvil verib ki, onlar etdiklərinə və etmədiklərinə görə məsuliyyət daşımasınlar”.
Müxalifətçinin fikrincə, Köçəryan öz davranışları ilə siyasi meydana girmək istədiyini göstərmək istəyir.
Modern.az