Vətən müharibəsində tarixi qələbə qazanaraq yeni geostrateji reallıqlar yaradan Azərbaycan yeni hədəflərə çatmaq üçün uğurlu daxili və xarici siyasət həyata keçirməkdədir. Qarabağda əldə etdiyimiz Zəfəri post-münaqişə dövründə siyasi-diplomatik müstəvidə möhkəmləndirmək, həm də qarşıda duran milli-strateji planları reallaşdırmaq üçün atılan mühüm addımlardan biri də dost və tərəfdaş ölkələrlə əməkdaşlığı dərinləşdirmək, çoxşaxəli münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltməkdir. Bu baxımdan Orta Asiya respublikaları, o cümlədən Özbəkistanla qarşılıqlı əlaqələri gücləndirmək mühüm əhəmiyyət kəsb edir.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə, ortaq tarixi, dini, dili və mədəniyyəti bölüşən, eyni kökə malik olan xalqlar arasındakı əlaqələri qoruyub saxlamaq, möhkəmləndirmək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət istiqamətlərindən biridir: “Müstəqillik əldə etdikdən sonra Azərbaycan və Özbəkistan dövlətləri tarixi münasibətlərini daha da inkişaf etdirib və uzun illərin sınağından çıxan dostluq əlaqələrini bugünkü səviyyəyə çatdırıb. 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərdə yeni səhifə açdı. Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Ölkələrimizin liderləri qarşılıqlıq rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlərdə də tez-tez görüşürlər. İyulun 2-də Bakı şəhərində keçirilən görüş zamanı hər iki ölkənin dövlət başçıları - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə genişləndirilməsi barədə ətraflı müzakirələr aparıblar. Görüşdə Azərbaycan və Özbəkistanın ortaq tarixə, mədəniyyətə, milli dəyərlərə əsaslanan möhkəm təməllərə malik olması xüsusi vurğulanıb. Prezidentlər siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd edərək, dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildiriblər. Prezidentlər mətbuata bəyanatlarla çıxış edib və jurnalistlərin suallarını cavablandırıblar. Prezident İlham Əliyev bildirib ki, bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələləri geniş müzakirə edilib. Münasibətlərimizin strateji, müttəfiqlik xarakteri bir daha təsdiqləndi. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanmışdı. Bu, ölkələrimiz arasındakı münasibətlərdə ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik. Bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həyata keçirilən konkret plan və layihələrlə nümayiş etdiririk. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin də Bakıda qeyd etdiyi kimi, bugünkü qeyri-sabit dünyada məsləhətləşmək, fikir mübadiləsi aparmaq olduqca vacibdir. Azərbaycan və Özbəkistanın streteji məsələlərdə mövqeləri üst-üstə düşür. Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərin mühüm istiqamətlərindən biri də parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsidir. Bu məqsədlə iki ölkənin qanunverici orqanları arasında ardıcıl olaraq Birinci və İkinci Parlamentlərarası Forumlar keçirilib. Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu Özbəkistanın qədim Xivə şəhərində təşkil olunmuşdur. Forum çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin nümayəndə heyəti ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı və Qanunvericilik Palatasının rəhbərliyi arasında geniş tərkibdə görüşlər keçirilib. İkinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu isə Bakıda keçirildi. Forum çərçivəsində keçirilən iclaslarda qanunverici orqanlar arasında qarşılıqlı əməkdaşlığın prioritet istiqamətləri bir daha diqqət önə çəkildi. Bu forumlar ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, qanunverici orqanlar səviyyəsində əməkdaşlığın yeni mərhələyə yüksəldilməsinə müsbət töhfələr verdi”.
Tahir Mirkişili onu da qeyd etdi ki, Azərbaycan-Özbəkistan münasibətlərinin gələcəkdə də qarşılıqlı hörmət və etimada əsaslanan strateji tərəfdaşlıq prinsipləri çərçivəsində davamlı surətdə inkişafına heç bir şübhə yoxdur. Münasibətlərimiz həm də Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə, Türk Dövlətləri Təşkilatının inkişafına və mövqeyinin güclənməsinə müsbət təsir göstərir. İndiki həssas, qlobal təhdidlərin artdığı məqamda Türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsinə, ciddi, stretaji məsələlərdə vahid mövqe ortaya qoymaq olduqca vacibdir”.
Azərbaycan qardaş ölkənin uğurlarına - Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxmasına, Yay Olimpiya Oyunlarında nümayiş etdirdikləri şanlı idman qələbələrinə sevinir. Həmçinin Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artması, iqtisadi potensialının güclənməsi bizi sevindirməyə bilməz. Təbii ki, bütün bunlar Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir.
Azərbaycan və Özbəkistanın bir müddət əvvəl yaratmış olduğu birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrlə təmin edilib. Artıq 10-dan çox layihə üzrə investisiya qərarları qəbul mərhələsindədir. İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və digər sahələr üzrə razılaşdırılmış layihələr, imzalanmış müqavilələr qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Hər iki ölkə şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına əhəmiyyət verir. Mərkəzi Asiyanı Qərblə birləşdirəcək nəqliyyat dəhlizləri əsasən Azərbaycanın ərazilərindən keçir. Bu da regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılması deməkdir. Biz Mərkəzi Asiyanın Orta Dəhlizlə daşınan yükləri qəbul edəcək nəqliyyat infrastrukturuna malikik. Bakının ən gözəl yerində Özbəkistan parkının təməlinin qoyulması qürurverici addımdır. “Ağ şəhər”də 5 hektara yaxın ərazini əhatə edəcək parkda Özbəkistan guşəsi yaradılacaq. Bütün bunlar ölkələrimizin qardaşlıq münasibətlərinin təzahürüdür”.