Mən onu lap çoxdan tanıyıram. Balaca vaxtlarımdan. Qonşumuz, böyük dramaturq, nasir İlyas Əfəndiyevin oğlu kimi. Lakin onu tanımağım bununla məhdudlaşmırdı. Timurçin Əfəndiyev həm də həmyaşıdlarım Nigar və Yalçının atasıydı. Ona görə də onu Timurçin əmi çağırırdım. Özümə də - bu söz yerinə düşməsə də - ikili münasibət görürdüm. Həm Qabilin oğlu kimi, həm də övladlarının yoldaşı kimi. Gözəl ailə idilər. Özünün, həyat yoldaşının İlyas müəllimə qayğı və diqqəti atamın dilindən düşmürdü. İldə bir dəfə şəxsi "Volqa"larında Kislovodskiyə dincəlməyə gedərdilər. Sükan arxasında Timurçin, yanında İlyas müəllim, arxada yoldaşı və iki uşaq. Bu artıq ənənəydi. Yoladüşmə prosesində atamın balkondan “yaxşı yol, İlyas müəllim” sağollaşması, İlyas müəllimin “öhö, öhö” sədaları indi də qulaqlarımda cingildəyir.
İlyas Əfəndiyevin hər yeni tamaşasının premyerası isə həyətimiz üçün bir toy-bayram sayılırdı. Bütün qonşulara xüsusi zərfin içində bilet göndərərdi. Özü də məhz ilk tamaşaya. Mən – balaca Mahir də fəxri tamaşaçılar sırasında olurdum. Yox, elə bilməyin ki, biletlər İlyas müəllimə havayı verilirdi. Yalnız ailə üzvləri teatra biletsiz daxil ola bilərdilər. Direktor lojası onların ixtiyarında idi. Beş mərtəbəli, 24 mənzilli binamızın sakinləri üçünsə İlyas müəllim bileti öz cibinin puluyla alırdı. Və bu artıq ənənəydi. Onu da xatırladım ki, təkcə 1968-1994-cü illlərdə qonşu İlyas Əfəndiyevin Azdramada on üç pyesi tamaşaya qoyululmuşdu.
Bu yaxında Hüsü Hacıyev 19-da yaşayan, yaşı 80-ə çatan qonşularımızdan mənə giley-güzar etməyə başladı. Sözünün də canı bu idi ki, yazıçı qonşularımızdan birinin əsəri tamaşaya qoyulub, onun isə xəbəri olmayıb: “Mahir, yadındaydı da İlyas Əfəndiyev. Allah ona rəhmət eləsin. Hamımıza bilet göndərib tamaşasına dəvət edərdi. Amma bu qonşumuz bizi saymayıb. İndi xəbər tutmuşam ki, bəs tamaşası oynanılıb”.
İllər ötdü, İlyas Əfəndiyevin ailəsi yeni mənzil alıb köçdülər. Mən də yavaş-yavaş böyüyürdüm. 1987-ci il idi. Əsgərlikdən təzə qayıtmışdım. Eşitdim ki, Timurçin əmini İncəsənət institutuna (o vaxt belə adlanırdı) rektor qoyublar. Əlbəttə ki, Hüsü Hacıyev 19 üçün sevindirici hadisə idi. Onu da qeyd edim ki, o vaxt qardaşı Elçin Əfəndiyevin baş nazirin müavini olmağına altı il vardı.
Qonşu olmadığımıza görə Əfəndiyevlər ailəsini də görmürdüm. Demək olar ki, əlaqə kəsilmişdi. AzTV-nin “Xəbərlər” proqramında işlədiyim dövrlərdə
Mədəniyyət və İncəsənət Universitetinə çəkilişlərə getməyə başladım. Yenə də Timurçin müəllimdən eyni hörməti, mehribançılığı görürdüm. Təkcə müxbir kimi yox, həm də keçmiş qonşu kimi. Növbəti belə tədbirlərin birində sonu gözləməyib işə qayıtmalı oldum. Zaldan çıxanda dedi ki, gözlə. Səninlə işim var. Gözlədim. Atama kitab göndərəcəyini zənn etdim. Tədbirdən sonra yaxınlaşıb dedi ki, bəs Mahir, sən televiziyada işləyirsən. Gəl burda sənə saat hesabı dərs verim. Təklif gözlənilməz idi. Düzdü, müəllimlik diplomum vardı, amma heç orta məktəbdə də dərs deməmişdim. O ki qala ali məktəbdə, özü də televiziya sahəsindən. Təklifə görə minnətdarlığımı bildirdim. “Xəbərlər”də gərgin iş rejimini əsas gətirərək imtina elədim. Amma bu təklifi niyə mənə, pedaqoji təcrübəsi olmayan bir adama etməsi qaranlıq qaldı. Qabilin oğlu olduğuma, köhnə qonşuluğumuza görəmi? Yox, belə olsaydı universiteti qurtaranda deyərdi. Televiziyada bir rejissor vardı. Həm də Mədəniyyət və İncəsənət universitetində dərs deyirdi. Belə bir təklif aldığımı, amma imtina etdiyimi ona danışdım. Birinci dedi ki, nahaq Timurçin müəllimin sözünü yerə salmısan. Bacarıqlı, işini bilən rektor olduğu üçün sənə müəllimlik təklif edib. O istəyir ki, onun tələbələri plana uyğun olaraq yuxarı kurslarda, özü də bir dəfə yox, il boyu nəzəri biliklər almaqla yanaşı həm də paralel təcrübə də qazansınlar. Bu baxımdan sən gözəl müəllim ola bilərdin. Tələbələrə dərsi həm də televiziyada keçsəydin onlara daha çox fayda verərdin. Sonralar televiziyamızın patriarxlarından olan Qulu Məhərrəmlinin timsalında bunu görəndə Timurçin müəllimin haqlı və əsl peşəkar olduğuna bir daha inandım.
Heç kimə sirr deyil ki, idarəetmə bacarığı hər adamda olmur. Xüsusilə də işçilərin tanınmış, görkəmli, adlı-sanlı mədəniyyət və incəsənət xadimləridirsə bu cür təşkilatı, təhsil ocağını idarə etmək üçün xüsusi bacarıq lazımdır. Çünki hərəsinin öz ədası, öz şıltaqlığı var. Hünərin var xətrinə dəy, səsləri bütün mətbuatı götürəcək. Amma 27 illik fəaliyyəti dövründə rektor Timurçin Əfəndiyev haqqında bir neqativ söz nədir, heç cüzi narazılıq da eşitmədim, eşitmədik. Və o da görkəmli sənət adamlarını pedaqoji fəaliyyətə cəlb etməklə öz idarəetmə bacarığını bu illər ərzində dəfələrlə sübut etdi.
Belə bir misal var. Deyirlər ki, adamı hörmətdən salmaq istəyirsənsə ona vəzifə ver. Timurçin Əfəndiyev vəzifəliykən üzərinə iki böyük məsuliyyət götürmüşdü. Birinci, özünün alim və müəllim kimi nüfuzunu qorumalıydı. İkincisi isə yaddan çıxarmamalıydı ki, böyük yazıçı İlyas Əfəndiyevin oğludur. Adı üstündədir və bu ada xələl gətirməməlidir. Çünki Azərbaycanda dəbdir. Biri pis iş tutanda adını da çəkmirlər. O saat filankəsin oğlu, filankəsin qardaşı sözləri işə düşür. Üstə də gəl “düz deyirlər, oddan kül törəyər” atalar sözü. Amma oğul və rektor Timurçin
Əfəndiyev 27 ildə hər tanınmış övladına nəsib olmayan “Ot kökü üstə bitər” misalını geniş auditoriyaya dedirtməyi bacardı. 42 yaşında institutun sükanını əlinə aldı və ömrünün 69-cu baharında, ahıl vaxtında onu yeni nəslin nümayəndəsinə təhvil verdi. Üzüaçıq, başı uca.
Bəzən mətbuat səhifələrində “Baş nazirin müavini Elçin Əfəndiyevin qardaşı Timurçin Əfəndiyev” kəlmələrinə rast gələndə qıcıqlanıram. Xoşuma gəlmir bu təqdimat. Yox, elə bilməyin ki, Elçin Əfəndiyevdən xoşum gəlmir. Ona görə. Sadəcə mən Timurçin Əfəndiyevi belə tanımamışam. Mən onu belə tanıyıram: “Böyük Azərbaycan yazıçısı İlyas Əfəndiyevin oğlu, Azərbaycanın görkəmli yazıçısı, xalq yazıçısı Elçinin qardaşı, alim, müəllim, professor, əməkdar elm xadimi Timurçin Əfəndiyev”. Əsas təqdimat yadımdan çıxdı: “Köhnə qonşum, uşaqlıq dostlarım Nigarla Yalçının atası Timurçin əmi”.