Mahir Qabiloğlu
(Hekayə)
Ağdamlı taksi sürücüsü Mürşüd Hüseynovun xatirəsinə
Darvazanın qabağında milis maşını dayandı. Qapını açıb icəri girdilər. Mən artıq həyətdəydim. Onları gözləyirdim. Anam, atam, həyat yoldaşım, iki oğlum gözlərini mənə zilləmişdilər. Bilirdilər ki, uzaq səfərə çıxıram. Nə vaxt qayıdacağım isə məlum deyildi. Bəlkə də heç qayıtmayacaqdım. Anam yığdığı boğçanı əlimə verərək “yaxşı yol, ay bala” dedi. Qəhərlənmişdim. Göz yaşlarımı güclə saxlayırdım. Amma ailəmin sifətində bir zərrə də qorxu, hürkü, xəcalət, yaxud da baxışlarında tənə yox idi. Atamla, anam mənə hətta qürurla, fəxrlə baxırdılar. Baxmayaraq ki, türməyə yollanırdım. Milisi də zəng edib özüm çağırmışdım.
- Vətəndaş Gərayzadə kimdir?
- Vətəndaş yox, yoldaş. Mənəm Gərayzadə. Adım da Qaqamdır. Sizə də mən zəng etmişəm.
- Siz zəng edib demisiniz ki, adam öldürmüsünüz. Eləmi?
- Bəli. Dörd yolda, çayxanada bir ermənini öldürmüşəm. Sonra da ailəmlə sağollaşmaq üçün evə gəldim və sizə zəng etdim. Bu da silah.
- İki əlinizi də irəli tutun, vətəndaş.
Dedikləri kimi də etdim. Qandalı əlimə taxdılar. Məni “uvazik” milis maşınının arxasıına otuzdurdular. Anam arxamca qaçıb su atdı. Mən də barmaqlıq-pəncərənin arxasından ona əl elədim. Amma bilmirəm gördü, ya yox.
Ağdam milis idarəsinə yaxınlaşdıq. Sirena, miqalka sədasıyla həyətə daxil olduq. Rəis həyətdəydi. Deyəsən bizi gözləyirdi. Arxa qapını açdılar. Məni aşağı düşürtdülər. Elə əlimdəki qandalı görmüşdü ki, yaxınlaşıb məni gətirən serjanta bir şillə vurdu:
- Ay oğraş, bu nədir? Müəllimin niyə qollarını bağlamısan? Utanmırsan? O saat bilinir ki, qonşu rayondansan. Ağdamlı olsaydın belə etməzdin. Böyük şey olub? Erməni öldürüb də... Buna görə adamın qoluna “naruçnik” vurarlar. Aç, köppəyoğlu.
Serjant o saat qandalları açıb çıxartdı. Rəis qollarını boynuma salıb qucaqladı.
- Kişi adamsan, Qaqam. Bu ermənilərə o da azdır. İki gündür ki, özümə gələ bilmirəm. Nə gecəmiz var, nə gündüzümüz. Heç olmasa ürəyimi bir az da olsa soyutdun. Mən səni sakit adam bilirdim. Bunu heç gözləməzdim səndən. Əsl Ağdamlısan. Sağ ol.
Rəis qoluma girib kabinetinə apardı. Çay gətizdirdi.
- Sən canın necə elədin bunu? Tüfəngdə bircə güllə olub. Onu da vurubsan bu erməni oğraşın düz alnının ortasından. Bütün Stepanakert ayağa qalxıb. Ora yazırlar, bura yazırlar. Səni tələb edirlər.Deyirlər ki, cinayət bizim ərazidə olub, ona görə də Qaqam bizim türmədə yatmalıdır. Xoruzlansalar da, amma qorxularından Ağdam yolundan bu yana keçə bilmirlər. Elə boş-boşuna hürürlər. Ancaq məcburam, səni kameraya salmalıyam. Biz ağdamlılar erməniləri adam saymasaq da, SSRİ Cinayət Məcəlləsinə görə adam öldürmüsən. Məcburam səni tutmağa. Tapşırmışam. Burda sənə heç kim gözün üstə qaşın var deyə bilməz. Kişi adamsan, vallah. Bir gülləylə ağdamlıların ürəyini az da olsa soyutdun.
Beləcə məni kameraya saldılar. Heç sorğu-sual da eləmədilər. Dedilər ki, dincəl. Əmin yerdəsən. Bura bir erməni dığasının da əli çatmaz.
Bir də gördüm ki, kameranın qapısı açıldı. Milis formasında biri gəlib qarşımda diz çökdü. Dizlərimi qucaqladı:
- Sağ ol, Qaqam müəllim. Aldın xalaoğlumun qanını. Dəxli yoxdur. Cinayəti edənləri də axtarırıq. Amma, sənin bu etdiyin başqa həngamə oldu. İnanıram ki, orda bir yox, dörd erməni olsaydı da hamısını gəbərdəcəkdin. Bu ermənilərə böyük dərs olacaq. Biləcəklər ki, biz ağdamlılar həmişə qana qanla cavab vermişik. Sağ ol, Qaqam müəllim, canım sənə qurban. Bax, kameranın qapısını açıq qoyuram. İşığı da söndürmürəm. Ürəyin istədiyin vaxt çıx, dəhlizdə gəz. Gəl yanımızda otur. Buralar hamısı qurbandır e sənə.
Məəttəl qalmışdım. Axı, neyləmişdim ki? Erməni öldürmüşdüm də... Ozü də hansısa ağcabədilinin sözüylə. Sadəcə qatil idim. Vəssalam. Bunlar isə lap məni xalq qəhrəmanı eləyiblər. Çarpayıya uzandım. Yuxuya gedə bilmirdim. Hələ də günorta baş verənlərin təsirindəydim. Axı, bütün bunlar niyə mənim başıma gəlməliydi ki? Müəllim babaydım. Həyətyanı təsərrüfatım vardı. Başımı aşağı salıb kasıbçılığımı edirdim də. Bu ağcabədili axı hardan peyda oldu orda? Milis serjantı yenə ayırırdı məni fikirlərimdən.
- Qaqam müəllim. Anam yaxşı kətə bişirib. Gəl, təzəcə qızdırmışam. Arasına nehrə yağı qoyaq, ləzzətlə yeyək. Yaxşı camış qatığı da var.
- Yox, ay bala, yemirəm. Yaman yorulmuşam. Dincəlmək istəyirəm.
Ac idim. Amma erməninin başına güllə dəyəndən sonra beyninin kənara səpələnən ağ zərrəcikləri gözümün önündən getmirdi. Başqa vaxt toyuğun başını üzəndə bir təhər olurdum. Amma indi adam öldürmüşdüm. Özü də günahsız. Nə olsun ki, erməni idi. Birdən erməni olmasaydı. Nə olsun ki, maşınının nömrəsi Stepanakertə aid idi. Yox, yaxşı ki, erməni çıxdı. Yoxsa ömrümün axırınacan bağışlaya bilməzdim özümü.
- Qaqam müəllim, başqa bir şey lazımdırmı?- yenə milis serjantı ayırdı məni xəyallarımdan.
- Yox, çox sağ ol, ay bala. Dəfn elədinizmi rəhmətlikləri?
- Hə... Dəhşət idi. Bir evdən dörd tabut çıxdı. Xalam oğlu, arvadı və iki azyaşlı uşaq. Böyük faciədir. Yenə sən sağ ol ki, bir az gözümüzün yaşını qurutdun. Yaman qudurub bu ermənilər. Başımız qarışıb erməni qızlarıyla eyş-işrətə. Kişilərinin başını boş buraxmışıq. Eybi yox, otuzdurarıq yerlərində. Sən bilirsən də, Qaqam müəllim, Qarabağ erməniləri həmişə ağdamlı adı gələndə tir-tir əsiblər. Amma bu xalaoğlunun faciəsi nə məsələydi, mən də baş açmadım. Ermənidə belə cürət? İndi də ağlıma sığışdırmıram. Deyirəm bəlkə başqasının işi olar e...atarlar bunların üstünə. İki gün keçib. Bir nəfər çübhəli şəxs də saxlanılmayıb.
- Nə bilim, ay bala. Atalar “qanı suyla yuyarlar” deyib. Amma bu cür alındı da... neyləyim? Mənə də güllələnmə kəsərlər. Bununla da iş bitər.
- Allah eləməsin, Qaqam müəllim. İmkan vermərik. Bütün rayon sizin arxanızdadır. Özünüz bilirsiniz də, Ağdamlıları bütün SSRİ tanıyır. “Ağdam” şərabının adı da dillərindədir. Belə hörmətsizlik etməzlər bizə qarşı. “Ağdam”a həsrət qoyarıq onları, qırılıb batarlar.
- Nə isə, ay bala. Get öz işində ol. Mənə görə narahat olma. Kameranın da qapısını bağla. Gözümə işıq düşür. Bir az mürgüləyim.
Milis serjantı kameradan çıxdı. Qapını qıfıllamadı, sadəcə örtdü. Amma nə qədər eləsəm də yata bilmirdim. Günorta etdiklərim özümə də çatmırdı. Özümdə ayırd edə bilmirdim ki, qisas almışdım, yoxsa ağcabədilinin sözünün zibilinə düşmüşdüm? Səhər müstəntiqə nə deyəcəkdim? Hansı dəlillər gətirəcəkdim? Özümə nə haqq qazandıracaqdım? Yox, qətli törətmişəmsə, kişi kimi də boynuma alacağam. Axı, mən Ağdamlıyam.
Səhər açıldı. Milis rəisi otağına çağırdı. Axşamkı səmimiyyət və mehribanlıqla yenə məni qucaqlayıb öpdü. Yaxşı süfrə açmışdı. Ortaya bal, yağ, qaymaq, soyutma yumurta, isti təndir çörəyi düzmüşdü.
- Otur, Qaqam müəllim, bir yerdə nahar edək. Gecə də prokurorla birlikdəydik. Yaxşıca vurmuşuq sənin sağlığına. Deyir ki, ə, mən ağdamlı deyiləm e... Ağdamlı adına ləkəyəm. Namuslu, qeyrətli azərbaycanlı ailəsini ermənilər evinin içində diri-diri yandırıblar, ik-üç gündür ki, axtarıram, bir erməni də tuta bilməmişəm. Amma, Qaqam müəllim kişi kimi gedib qisas alıb, hansısa dılğır ermənini gəbərdib, o saat tutub basmışam dama. O da mənim kimi üzüqaradır sənin yanında. İndi də təzyiq edirlər ki, bəs işi verin Stepanakertin prokurorluğuna. Biz də etiraz edirik. Qanuna qalsa düz deyirlər. Ermənini onların ərazisində öldürmüsən. Yaxşı ki, biz onlardan əvvəl xəbər tutduq. Meyiti də götürdük, şahidləri də.
- Narahat olmayın. Deyirlər verin, verin də... nə olar olar. O yazıq qonşumuz nə etmişdi ki, ailəsi qarışıq məhv etdilər.
- Vallah, özüm də məəttəl qalmışam. Rəhmətliyi tanıyırdın da... sakitin biriydi. Bakıdan əmrlə təyin ediblər bunu Stepanakertə meliorasiya idarəsinə müdir. Ermənilərin də xoşu gəlməyib bu qərardan. Bir dəfə xəbərdarlıq ediblər ki, ərizəni yaz çıx işdən, iki dəfə deyiblər. Özün tanıyırsan da biz ağdamlıları. Erməni qabağından qaçan deyilik. O da elə. İlkin araşdırmalardan belə məlum oldu ki, rəhmətlik evinə gələndən sonra sakitcə giriblər həyətə. Şam elədikləri yerdə arvadını da, özünü də, iki uşağını da tutub ağzını, əl-qolunu bağlayıblar. Sonra da evin qapı pəncərəsini mıxlayıb, nöyüt töküb odlayıblar. Dördü də diri-diri yanıb kül olub. Sən də deyirsən ki, “nə olar, olar”. İndi bu olanlardan sonra istəyirsən ki, verək səni ermənilərin əlinə? O sənlik deyil. Biz özümüz bununla məşğul olacağıq.
- Çox sağ olun,- deyib əlimi çay stəkanına uzatdım. Bir qurtum içib nəlbəkiyə qoydum. Qəndi əlimə götürüb ağzıma qoymaq istədim. Bacarmadım. Sonra stolun üstündəki qaymağı, şoru gördüm. Yenə erməninin beyninin ətrafa səpələn qana qarışıq ağ zərrəcikləri gəlib dayandı gözümün önündə. Rəis yumurtanı stola çırpıb qabığını soymağa başladı. Xırda-xırda qabıqlar çıt-çıt səs çıxararaq boşqaba töküldükcə dözə bilmədim. Tez ayağa durub pencərəyə doğru iki addım atdım. Başımı bayıra çıxardıb öyüməyə başladım. Az qaldı ki, ikinci mərtəbədən kəlləmayallaq gedim aşağı. Səsə gələn milislər, rəis bir təhər tutdular məni.
- Mən gedim kameraya. Nahara görə çox sağ ol, rəis.
- Nə yedin ki, ay rəhmətliyin oğlu. Deyərəm gətirərlər payını kameraya.
- Yox. Zəhmət çəkməyin. Çayla qara çörək olsa bəsdir.
Yaman pis vəziyyətə düşmüşdüm. Allahın adi qəndiylə çayına da həsrət qalmışdım. Şor, pendir, qaymaq, duz görəndə də elə bilirdim ki, erməninin ətrafa səpələnən ağ beynini görürəm. Öyümək tuturdu məni.
Günortaya müstəntiq də gəlib çıxdı. Hörmət əlaməti olaraq məni rəisin otağında dindirməyə başladı.
- Qaqam müəllim, hadisə necə oldu? Birinci danış, sonra görək nə əncam çəkirik.
- Ay oğul. Məni Ağdamda hamı yaxşı tanıyır. Müəllim babayam. Sağ olsunlar, hörmətimi saxlayırlar. Bu ermənilərlə heç salam-kəlamım da olmayıb. Bəzən dostlarla yeyib-içəndən sonra deyirdilər ki, “indi də gedirik Stepanakertə. Erməninin ana-bacısını “ağlatmağa””, mən getməzdim. Lağ eləyərdilər. “Qaqam, sən necə ağdamlısan? Vallah məəttəl qalmışıq sənə. Bir ağdamlının ki, Stepanakertdə məşuqəsi olmadı, o nə ağdamlı sayılır e” desələr də, yoldan çıxara bilmirdilər məni.
Bu ermənilərin törətdiyi hadisə vardı ye... Həmin günün axşamı dördyol deyilən yerdən keçirdim. Ürəyim çay istədi. Ağdamlı Mədinin işlətdiyi cayxananın yanında maşını əylədim. Həyətdəki su bakında əl-üzümü yuyub içəri girdim. Məndən başqa içəridə üç-dörd nəfər də vardı. Yerli adama oxşamırdılar. Birdən qonşu stolda oturan biri:
- Eşitmisiz də... bu ermənilər nə edib də... Lap qudurublar e. Şəhərin ortasında su idarəsinin rəisini, arvadını, iki uşağını evində diri-diri yandırıblar. Bütün Ağcabədi ancaq bundan danışır. Bunlar lap qurd ürəyi yeyiblər e...
- Ağdamlılar bu məsələni belə qoymazlar,- qonşu stoldan bir başqası söhbətə qoşuldu. - Görəcəksən əvəzini necə çıxırlar.
- Düz deyirsiz,- deyə mən də söhbətə qoşuldum. Isti-istidir, hələ ayılmamışıq. Bu gün dəfn eləyirik onları. Yəqin ki, cavabsız qoymayacağıq.
Bir stəkan çay süzüb, qənddən dişləmişdim ki, çayxananın qabağında bir maşın dayandı. Sürücü içindən düşdü. Su çəninə yaxınlaşıb əlindəki əskini yumağa başladı. Ağcabədili pencərədən maşına tərəf boylandı.
- Stepanakert nömrəsidir. İki yüz paiz ermənidir. Yox, bu lap ağ oldu. İndi gəlib bizimlə oturub hələ bir çay da içəcək. Burda görəsən bir ağdamlı tapılacaq ki, bu oğraşın cavabını versin?
Bu söz məni yaman tutdu. Ətrafımda oturanlara baxdım. Onlar da gözlərini mənə zilləmişdilər. Baxışlarından oxuyurdum ki, “bəs, səhərdən ağdamlı, ağdamlı deyib döşünə vururdun. Bu da erməni. Day nəyi gözləyirsən?”. Birdən gözüm divarda asılan ov tüfənginə sataşdı. Çayçıya
- Bunun içində gülləsi var?
- Var qadan alım. Cəmi bir dənədir.
- Ver onu bura.
- Qadan alım, qan salma. Çörəyim burdan çıxır.
- Nə çörəy ə... mən indi sizə göstərərəm Ağdamlı necə olar.
Bunu deyib daha çayçını gözləmədim. Stulu ayağımın altına qoyub divardakı təklüləni götürdüm. İçini açıb gülləsi olub-olmamasını yoxladım. Çaxmağı çəkib lüləsini ağcabədilinin gicgahına dirədim.
- Sən deməli Ağdamlıların kişi olub-olmamasını bugünəcən görməmisən də... Həəə?
- Yox, vallah elə demək istəmədim.
- Gəl belə danışaq. Əgər bu erməni bu çayxananın qapısını açıb içəri girsə, onu öldürəcəyəm. Yox əgər, maşının şüşəsini silib yoluna davam etsə... onda, ağcabədili, səni gəbərdəcəyəm ki, başqalarına da dərs olsun. Ağızlarının poxunu dağıtmasınlar.. Bilsinlər ki, ağdamlılar kişidirlər, həmişə də kişi olublar.
Bu sözdən sonra ağcabədili tir-tir əsməyə başladı. Çay içənlər aradan çıxmaq istəslər də tüfəngi onlara tərəf yönəldib “Söhbət sizin yanınızda olub. Sizin yanınızda da bitməlidir” deyib qapının ağzını kəsdirdim. Erməni isə maşınının qabaq şüşəsini silib yenidən su çəninə yaxınlaşdı. Əskini bir də yuyub, maşına yaxınlaşdı. Qabaq qapını açdı. Mənim isə bir gözüm onda, bir gözüm isə ağcabədilidə idi. Tüfəngin lüləsini də gicgahına dirəmişdim. Ağcabədili tir-tir əsirdi. Erməni maşına əyləşdi. Ağcabədilinin rəngi bir az da ağardı. “qadan alım. Pox yemişəm, qələt eləmişəm. Balalarım var. Onları yetim qoyma” desə də qulağım eşitmirdi. Dediyimi eləyəcəkdim. Əgər erməni çayxananın qapısından içəri girsəydi onu, yox əgər maşınına minib yoluna davam etsəydı ağcabədilini öldürəcəkdim. Erməni maşına əyləşib bardaçoku açdı. Nəsə qurdalanmağa başladı. Sonra maşından düşüb yenidən su çəninə yaxınlaşdı. Əl-üzünü yumağa başladı. Yaş əlini başına aparıb saçlarını barmaqlarıyla daradı. Sonra bir müddət yerində dondu. Cayxanaya tərəf baxdı. Və bizə tərəf addımlamağa başladı. Qapını açıb ayağını kandardan içəri qoymuşdu ki, tətiyi çəkdim. Düz alnının ortasından tutdu. Erməninin qanı mənim və çayxanadakıların üstünə çiləndi. Ağcabədiliylə çayçının ürəyi getdi. O biri müştərilər isə canverən erməninin cəsədini tapdalayıb özlərini çayxanadan bayıra atdılar. Maşınlarına minib aradan çıxdılar. Mən isə tüfəngi götürüb milis idarəsinə yox, sağollaşmaq üçün evə gəldim. Hal-qaziyyəni danışdım. Sizə zəng elədim. Sonrasını bilirsiniz. İstəsəniz çayçı da, ağcabədili də təsdiq edərlər.
- Ay rəhmətliyin oğlu , nə ağcabədili, nə çayçı? Çayçı hələ də şokdadır, ağcabədilinin isə başına hava gəlib. Deyir ki, mən Vazgenəm. Aparıb dəlixanaya yatızdırmışıq. Sənədi-zadı da yoxdur ki, qohumlarına xəbər verək. Ağcabədi milis şöbəsinə şəklin göndərmişik. Amma hay verən yoxdur. Ər-arvadı, iki uşağı – bütöv bir ailəni diri-diri yandıranlar isə qaçıb gizləniblər. Allah bilir hansı dağ-kəsəkdə. İzləri də Mardakertə gedib çıxır.
İki gündür ki, axtara-axtara qalmışıq. Yoldaş müstəntiq, nə edək Qaqam müəllimin işini? – deyə milis rəisi soruşdu.
- Qaranlıq məqamlar çoxdur. Bunları aydınlaşdırmaq lazımdır. Özüm də çaşıb qalmışam.
- Nəyə çaşıb qalmısınız? Deyirəm ki, ermənini mən öldürmüşəm. Dəlil-sübut da ki, bu silah. Ölü də yəqin morqdadır. Ağcabədiliylə, çayçı da özlərinə gələrlər inşallah. Burda qaranlıq nə var ki? İşi bağla göndər məhkəməyə. Sonrasına nə olar-olar. Eləmişəm – cəzamı da çəkməliyəm.
- Ay Qaqam müəllim, insan taleyi tapşırıblar e mənə. Raz-dva eləyib başımdan edə bilmərəm. Dedikləriniz inandırıcı görünmür. Bəlkə başqası vurub ermənini. Sizi də qorxudublar ki, onun günahını boynunuza götürəsiniz?
İşə düşmüşdüm də. Taqsırımı boynuma almasaydım, mozgilərimi xarab edib, iraq hələ işgəncə-zad da verdirib istədiklərinə nail olacaqdılar. İndi boynuma alıram deyirlər ki, bəs səni qorxudublar, yalandan deyirsən.
- Yoldaş Gərayzadə, sizi bu cinayətə təhrik edən kim olub?
- Ağcabədili.
- Hardan bilirsiniz ki, ağcabədilidir?
- Çünki dedi ki, bütün Ağcabədi bundan danışır.
- Pasportunda daimi qeydiyyat yerini sizə göstərdimi?
- Yoooox?!
- Harda doğulduğunu necə, bəlkə hansısa sənədində gördünüz?
- Yooox?!
- Bəs niyə belə əminliklə danışırsınız? Bəlkə başqa rayon sakinidir, Bakıya gedirmiş, Ağcabədidə dayanıb çörək yeyib, orda da bu faciə barədə eşidib.
Vay, doğurdan e. Müstəntiq düz deyir. Mən lap bazar söhbəti eləyibmişəm ki...
- Yoldaş Gərayzadə.
- Bəli.
- Siz nəyə əsasən təkid edirsiniz ki, erməni öldürübsünüz.
- Ağcabədili dedi ki, bəs maşınının nömrəsi Stepanakert nömrəsidir.
- Maşının markası nə idi?
- Deyəsən Jiquliydi.
- Qaqam müəllim, bura uşaq bağçası zaddır? Jiquliydi, yoxsa başqa maşın idi?
- Dəqiq yadımda deyil.
- Hansı marka?
- Dəqiq bilmirəm.
- Nömrəsi nə idi?
- Heç baxdım ki...
- Bəs hardan bildiniz ki, Stepanakert maşınıdır?
- Ağcabədili dedi.
- Hardan bildiniz ki, deyən adam Ağcabədilidir?
- Çünki dedi ki, bütün Ağcabədi bundan danışır.
Müstəntiq sual atəşinə tutmuşdu məni. Artıq özüm-özümdən də şübhələnməyə başlamışdım. Müstəntiq isə sualı suala calayırdı.
- Siz milisə zəng edib demisiniz ki, ermənini qətlə yetirmisiniz. Hardan bildiniz ki, ermənidir?
- Bilmirəm.
- Maşının markası?
- Bilmirəm.
- Nömrəsi nə idi?
- Görmədim.
- Qətlə yetirdiyiniz adam ermənicə danışırdımı?
- Yox.
- Pasportunu gördünüzmü?
- Yox.
- Bəs hardan bildiniz ki, ermənidir?
- Orda bir adam oturmuşdu, o dedi.
- Kim idi bu adam?
- Bilmirəm.
- Aydındır.
Milis rəisi də dinməzcə sorğu-suala tamaşa edirdi. Dinmirdi. Müstəntiq işarət barmağını burnumun ucuna yaxınlaşdıraraq saat kəfkiri kimi sağa-sola hərəkət etdirməyə başladı. Bir müddət gözlərini gözlərimə dikib gipnoz edirmiş kimi dinməzcə durdu.
- Silahı hardan əldə eləmisiniz?
- Divardan asılmışdı. Çayçının idi.
- Yalan deyirsiniz.
- Vallah düz deyirəm.
- Çayxana sizinçün muzey-zaddır ki, divardan silah asıla?
- İnanmırsınızsa çayçıdan soruşun.
- O deyir ki, mənim xəbərim yoxdur. Bəlkə Ağdamın “toyuq-cücə” bazarından almısınız?
- Yox. Ağcabədilidən soruşun. O deyər.
- Hardan bildin ki, o Ağcabədidəndir.
- Bilmirəm.
- Bəs onda niyə deyirsən?
- Bilmirəm.
- Rəis aydındır. Qoy sizdə - şöbədə qalsın. Nəzarəti gücləndirin. Mən də prokurora məruzə edim. Sonra birlikdə qərar verərik.
- Nə “aydındır”, yoldaş müstəntiq, - deyə dilləndim.
- Sizdə psixi çatışmazlıqlar görürəm. Psixiatr müayinəsindən keçməlisiniz. O rəy verəndən sonra istintaqı davam etdirərik. Mən bu vəziyyətdə sizinlə sorğu-sual apara bilmərəm. Sual verirəm, deyirsiniz ki, ağcabədilidir. İyirmi saniyədən sonra eyni sualı verirəm, deyirsiniz ki bilmirəm. Deyirəm öldürdüyün kimdir? Əminliklə deyirsiniz ki, ermənidir. Milisə də zəng edib bu cür məlumat vermisiniz. On saniyə sonra soruşuram, deyirsiniz ki, bilmirəm. Alnında yazılmışdı erməni olmağı? Mən azərbaycanlıyam, maşını isə Hadrutda prokurorluqda işləyəndə almışam. Oranın uçotundadır. Nömrə də oranındır. İndi belə çıxır ki, mən erməniyəm?
- Allah eləməsin. Ay müstəntiq, rəis də dünən dedi ki, bəs erməni öldürmüsən, halal olsun sənə.
- Nə?- rəis əsəbi halda yerindən hoppandı, - Mən sənə nə vaxt belə demişəm. Mən milis rəisi, asayişin keşiyində ayıq-sayıq dayanan bir insan heç elə deyərəmmi. İnsan ölüb e orda. Nə olsun ermənidir, ya azərbaycanlıdır. Fərqi var? Hamı insandır, milliyyətindən asılı olmayaraq. Başa düşdün? Sən də ömründə tüfəng görməyən adam, lazım idi ki, qurdalayasan silahı. Demirsən ki, içində güllə olar, öz-özünə açılar? Sənin bu səhlənkarlığına, ehtiyatsız davranmana görə o boyda erməni xalqının o boyda övladını itirmişik. Sabah da üçüdür. Allah rəhmət eləsin.
Aman Allah, mən nə eşidirdim. Dünən, ya səhər məni öyən, mənimlə fəxr edən rəis idimi indi danışan. Ya mən yuxu görürəm? Nə oldu buna ki, belə çöndü? Özü də fəxrlə deyir ki, Ağdamlıyam. Amma erməniyə rəhmət oxuyur.
- Vallah, mən erməni öldürmüşəm. Özü də Ağcabədili salıb məni bu qana. İnanmırsınız çayçını çağırın, o desin.
- Yox, rəis, deyəsən buna heç nə başa sala bilməyəcəyik. Çağıraq çayçını, o da danışsın. Danışsın yox e... üzünə dursun. Bəlkə yuxudan oyana,-deyə müstəntiq dindi.
Çayçı otağa girən kimi mənə tərəf baxıb həyəcanla:
- Bu idi, yoldaş rəis. Bu adam idi. Qoydu stulu ayağının altına divardakı tüfəngimi götürdü. Dedim ki, qadan alım, içində güllə var. Gecə burda qaroul çəkəndə, su başına gedəndə götürürəm ki, birdən heyvan-zad gələr üstümə, atım. Qulaq asmadı. Götürdü başladı oynatmağa. Dedim ki, bu səninçün oyuncaq deyil. Qulaq asmadı. Nə qədər dedim başa düşmədi. Fikirləşdim ki, yəqin dəlidir, dəlixanadan qaçıb. Telefon da yox ki, sizə zəng edim çağırım. Məcbur olub, yapışdım silahdan başladım əlindən almağa. Güclü çıxdı məndən. O dartdı, mən dartdım. Silahın da lüləsi qapıya tərəf tuşlanmış vəziyyətdə idi. Birdən tüfəng açıldı. Təsadüfdən də bu dəm çayçıya klient girdi. Dəydi yazığın düz alnından. İstəsəydin, nişan alsaydın belə alınmazdı. Amma neyləyək, onun taleyinə də belə yazılıbmış da... Rəis, taqsır məndədir ki, silahı əl altında saxlamışam. Bunun kimi dəliləri nəzərə almamışam.
- Ə, Mədi, nə taqsır, nə günah? Adam ölüb e sənin bu ehtiyatsızlığından. Bunu başa düşürsən? Tutacağıq səni, lap o yana da keçəcəyik. Gedərsən türmədə ağlın yerinə gələr. Aparın bunu!- deyə milis rəisi serjantlara əmr verdi.
- Yoldaş rəis, çayçının taqsırı yoxdur. Mənəm qatil. Ermənini mən öldürmüşəm. Özü də bilərəkdən.
- Yox, ya siz sovet hüquq-mühafizə orqanlarını barmağınıza dolamısınız, ya da ki, psixi xəstəsiniz- deyə müstəntiq dilləndi.
Nə? “Psix”? Yəni ki, dəli? Bu sözü eşitcək yerimdən sıçrayıb müstəntiqin üstünə hoppandım. İki əlimlə boğazından yapışaraq boğmağa başladım. Rəislə səsə gələn milislər güclə aldılar əlimdən.
- Yoldaş rəis, bu psixi xəstə yox, lap ipləmə imiş ki? Deyəsən qoyduğum diaqnoz artıqlamasıyla öz təsdiqini tapır. Çayçı da düz deyirmiş.
- Dəli sənin nəslindir. Mən səninçün o-bu deyiləm a... Mənə Ağdamlı Qaqam deyərlər. Ermənini öldürmüşəm, əcəb də eləmişəm. Cəzam nədir, onu da verin.
Rəislə milislər nə qədər eləsələr də məni sakitləşdirə bilmirdilər. Çayçı deyəndə yox, müstəntiqin sözü yaman yer eləmişdi. Tezcə təcili yardım maşını çağırdılar. Həkimlər gəlib sakitləşdirici iynə vurdular. Yuxuya getdim.
***
Ayılanda artıq palataydım. Uzun ağ köynək geyindirib, uzun qollarıyla bədənimi sarımışdılar. Şurik kinosu yadıma düşdü. Deməli dəlixanadaydım. Palatada heç kim yox idi. Ayağa durmaq istədim. Dura bilmədim. Yavaşca “həkim” deyə çağırdım. Eşidən olmadı. Bir azca bərkdən çağırdım. Yenə də səsimi eşitmədilər. Bu dəfə var gücümlə qışqırdım. “Həkimmmm... Həkimmmm...”
İki ağ xalatlı kişi tezcə palataya girdilər. Birinin əlində şpris iynə var idi.
- Nə olub? Yenə dəliliyin tutub?
- Mən dəli deyiləm.
- Burda hamı belə deyir. Bəs kimsən?
- Ağdamlı Qaqam.
- Nə istəyirsən?
- Tualetə getmək istəyirəm. Ayaqlarımı, qollarımı açın.
- Özünü yaxşı aparacaqsan?
- Hə.
- Bax a... Yaxşı aparmasan iynə vurarıq sənə.
Anam yadıma düşdü. Uşaqlıqda yemək yeməyəndə qonşu Nahid həkimlə, onun iynəsiylə qorxudurdu bizi. İndi də bu. Elə bil uşaq –zadam bunlar üçün. Birdən dərs dediyim sinif yadıma düşdü. Şagirdlərin əllərini qaldırıb “müəllim, olar ayaqyoluna gedim” sözlərini xatırladım.
- Söz verirəm, özümü yaxşı aparacağam. Doktor əmi, əvəzində olar ayaqyoluna gedim? Kakaş, pipiş edim? – deyə şagirdlərim kimi icazə almağa başladım.
- Ay Nurulla, bu kişi bizi dolayıb vallah. Əgər tapşırılmasaydı başa salardım buna kakaş eləməyi. Heyf ki... Aç qolunu, yoxsa halım yoxdu palatanın döşəməsini təmizləməyə.
Sanitarlar üzümə baxa-baxa yavaş-yavaş əl-qolumu açdılar. Tualetəcən məni müşaiyət etdlər. Qapının yanındaca durub keşik çəkməyə başladılar. İşimi bitirəndən sonra yenidən məni palataya ötürdülər. Dəlilər gözə dəymirdilər. Sakitçilik idi. Özümdən və bu iki ağ xalatlıdan başqa da heç kim yox idi. Sanitar dedim, bəlkə də şəfqət qardaşıdırlar, ya da həkim. Ay Allah, yenə də yemək gətirirlər. Dünyanın düz vaxtı ac olsaydım heç kim bu qədər yemək təklif eləməzdi. Maşallah, bu dəlilər keyfə baxırlarmış ki? Pervı, vtoroy, treti.
- Yoldaş dəli, gəlin yeməyinizi yeyin.
- Mən dəli deyiləm.
- Yaxşı, yeməyini ye.
- Yemirəm. Ürəyim bulanır yemək görəndə.
- Gəl, ye. Yoxsa iynə vuraram a. Nurulla, gətir ordan iynəni.
Şpritsi görcək yenə Şurik filmi yadıma düşür. Nə boydadır. Lap baytar iynəsinə oxşayır.
- Yaxşı, yeyirəm.
- Belə qorxarsan a... Ye, sonra sənə sözüm var. Nurulla tanıyırsan da bunu?
- Hə, tanıyıram. Qaqam müəllimdir. Sakit adamdır. Ömründə qonşunun toyuğuna kiş də deməyib.
- Bax, indi denən ay Qaqam müəllim, sənə deyən lazım ki, tüfəngi əlinə niyə götürürsən? Sən nə bilirsən axı, tüfəng nədir? Heç ömründə tüfəng görmüsən? Heç əsgərlikdə də olmamısan. Gül kimi sənətin var – müəllimlik. Otur müəllimliyini elə də.
- Çayçını da bədbəxt günə qoydu. Uşaqları çörəksiz qaldı. On il verəcəklər gedəcək çala-çala.
- Çayçıda taqsır yoxdur. Ermənini...
- Sənə dəmədim yeməyini ye? Sakitləş. Yoxsa iynə vuraram a...
- Baş üstə, danışmaram. Amma iynə vurma.
- Hə, Nurulla, dünyanın işinə bax e... Yaxşı deyiblər e.. bir dəli quyuya daş atdı, yüz ağıllı yığışıb onu çıxarda bilmir.
- Eybi yox. Zaman lazımdır, hər şey keçib gedəcək. Heyf o ermənidən də... Beş uşağı yetim qaldı. Burdan da çayçının ailəsi. Qaqam müəllimin isə bəxti gətirib. Heç olmasa xəstəliyinə görə pensiya verərlər. Müəllimlikdən aldığından da çox.
- Mən dəli deyiləm.
- Bəs nəsən?
- Mən erməni öldürmüşəm. Ağcabədilinin sözüylə.
- Yenə də başladın? Nurulla, deyəsən müəllimin tutması tutur. Nə qədər gec deyil bəlkə əl-qolunu bağlayaq?
- Yox, bağlamayın. Söz verirəm, özümü yaxşı aparacağam.
- And iç.
- Çestnı komsomolski, üstəlik də pionerski.
- Vallah, bu bizi dolayıb. Əəəə, Qaqam müəllim, sən necə adamsan? Çayçı deyir ki, dəlisən. İnanmırsan. Müstəntiq deyir dəlisən. İnanmırsan. Milis rəisi deyir dəlisən. Yenə də inanmırsan. Bu yaxında həkimlər də rəsmi kağız verəcəklər, olacaqsan “devit B”. Buna da inanmayacaqsan? Axı, sənə bunu kim deməlidir ki, inanasan.
- Eybi yox, qoy məhkəmə olsun, sizə göstərərəm kimdir dəli.
- Yox, Nurulla, dur bunun iynəsini vuraq. Yaman əsəbləşdirir məni. Deyirəm dəlisən, qanmır ki, qanmır. Ə, Qaqam müəllim, harda görmüsən ki, dəlini məhkəməyə çıxaralar? Hə? Yox, ya dəliliyini boynuna alacaqsan, ya da ki, ömrü boyu burda saxlayacağıq səni. Nurulla, gətir.
- Yox, yox, lazım deyil.
Qışqırsam da, müqavimət göstərsəm də xeyri olmur. Məcburi şalvarımı aşağı çəkib, iİynəmi vururlar. Gözlərim yumulur. Yuxuya gedirəm. Gözümü açanda yenə də özümü palatada görürəm. Yenə də sakitçilikdir. “Həkim” deyə çağırmağa başlayıram. Eşitmirlər. Bir az səsimi qaldırıram. Yenə də eşitmirlər. Bəlkə qışqırım ki, eşitsinlər. Yox. Qışqıracağam yenə də əllərində şprits gəlib dayanacaqlar qabağımda. Mən də uşaqlıqdan bu zəhirmar iynədən yaman qorxuram. Amma bunlar yaxşı vururlar. Heç adamın ruhu da incimir. Yaxşısı budur çağırmayım. Çağırmasam da olmur axı, yerimə işiyim?
- Həkim. Ay həkim. Həkim huyy.
- Gəl, ay Nurulla, bunun yenə tutması tutub. İynəsini hazır saxla.
- Həkim, hər şey qaydasındadır. Sadəcə tualetə getmək istəyirəm.
- Başlandı da yenə. Söz verirsən ki, özünü yaxşı aparacaqsan?
- Pis aparıram ki, bəyəm?
- Hə. Nə deyirik, cavab qaytarırsan. Deyirik ki, dəlisən...
- Mən dəli deyiləm. Mən qatiləm. Erməni öldürmüşəm. Özü də Ağcabədilinin sözüylə.
- Yenə öz dediyini deyir də... Ay Qaqam müəllim, ay sənin qadan alım, sən dəlisən – “devit B”. Başa düşdün?
- Yox, qadan alım, mən əməlli başlı sağlam adamam. Başa düşdünüz?
- Bəs, onda burda nə gəzirsən, hə? Özü də prokurorluğun, milisin də rəyi var ki, sənin başın xarabdır. Həkimlər də konsiliuma yığışıb bunu təsdiq ediblər. Qalıb əlinə kağız almağın. O vaxta da müalicə-zad edərik, ağlın bir az yerinə gələr. Ətrafdakılara, ailənə zərər yetirmərsən. Bildin, qadan alım?
- Yox! Qadan alım.
- Nurulla, sən Allah danışdırma. Qoy tualetinə getsin. Yoxsa yerinə işiyəcək bu dəqiqə.
- Yaxşı get gəl, səni yenə başa salacağam.
Yenə də məni müşaiyətlə tualetə aparırlar. Qapıda gözləyirlər. Yenidən palataya qaytarırlar. Lap məhbuslar kimi. Amma nəyimdən qorxurlar bilmirəm.
- Qaqam müəllim, darıxmırsan?
- Bu nə sualdır?
- Deyirəm darıxırsansa palatana bir dəli salaq. Yoldaşlıq elə özünçün.
- Bunun üçün mənim icazəm lazımdır ki?
- İcazə yox, razılıq. Özü də tanıyırsan onu.
- Mən dəli dostum-qohumum yoxdur.
- Allah eləməsin. Elə demək istəmədim. Tanışsınız – sadəcə.
- Pis olmaz. Yoxsa sizinlə danışdıqca özümdən də şübhələnməyə başlamışam ki, dəliyəm, yoxsa ağıllı. Bəlkə dəlini görüb mənə düzgün qiymət qoya bildiniz.
- Nurulla, gətir onu. Amma xahiş edirəm, Qaqam müəllim, bunu öldürmə ya...
- Mən adam öldürən-zadam səninçün? Mən müəllim adamam.
- Qaqam müəllim, bu adam deyil.
Bir nəfər əli-qolu bağlı, üzü tüklü adamı palataya gətirirlər. Məni görcək ”bu dəlidir. Məni öldürəcək. Qoymayın” deyə başlayır qışqırmağa. Divarın küncünə sıxılıb başlayır tir-tir əsməyə. Lap məəttəl qalıram ki, bu niyə belə edir.
- Qaqam müəllim, görürsən? Bu da deyir ki, dəlisən. Tanıdın?
- Yox.
- Hə, deməli düz deyirlərmiş.
- Nəyi?
- Doğurdan da dəliymişsən.
- Vallah, deyəsən sizin iynələrin təsirindəndir. Yavaş-yavaş ağlımı itirirəm. Kimdir axı, bu?
- Yaxına get, bax.
Yavaş-yavaş çarpayıdan durub küncə sıxılıb büzüşərək oturmuş adama yaxınlaşmağa başladım. O da mən yaxınlaşdıqca “qoymayın, bu dəlidir, məni də öldürəcək. Kömək edin” qışqıraraq sanitarlardan imdad diləyirdi. Lap yaxınına gəlib baxanda tanıdım. Çayxanadakı Ağcabədili idi.
- Hə, tanıdım. Bu ki, Ağcabədilidir. Çayxanadakı Ağcabədili. Mən bunu göydə axtarırdım. Ə, oğraş, sən burdaymışsan? Bu niyə bura düşüb? Yaxşı ki, sağdır. Mənə məhkəmədə lazım olacaq. Şahid kimi. O gördü mən ermənini gəbərdəndə.
- Mən Ağ-ca-bə-di-li de-yi-ləm. Mən Vaz-ge-nəm. Mar-tu-ni-li Vaz-gen.
- Necə yəni Ağcabədili deyiləm. Sən Ağcabədilisən. Özün demişdin. İndiki kimi yadımdadır. Çayxanada məni qızışdırıb qatil edən, erməninin qanına salan Ağcabədili.
- Mən Ağ-ca-bə-di-li de-yi-ləm. Mən Vaz-ge-nəm. Mar-tu-ni-li Vaz-gen.
- Bu nə danışır? Bu həmin adamdır. Məni də qızışdırdı. Yoxsa mən adam öldürərdim? Mən heç toyuq başı da kəsməmişəm.
- Qaqam müəllim, bu sözü burda dedin bir də demə. Ağdamlı adam öldürməz, ermənini isə öldürər.
- Nurulla!- deyə o biri sanitar qışqırıb boğazını arıtlardı. Tərs-tərs Nurullanın üzünə baxıb gözlərini bərəltdi. O da sözünü dəyişib. – Gördün, Qaqam müəllim, biz sənə deyirik ki, dəlisən. Deyirsən ki, yox. Ağcabədilin də erməni çıxdı. Martunili Vazgen. Martuniyə şəklin də göndərmişik, hələ ki qohumları üzə çıxmayıb.
- Vallah, billah, nəyə istəyirsiniz and içim ki, bu həmin Ağcabədilidir.
- Yox. Mən Ağ-ca-bə-di-li de-yi-ləm. Mən Vaz-ge-nəm. Mar-tu-ni-li...
- Kəs səsini, oğraş. İndi səni təpikləyərəm, yadına düşər haralı olmağın. Bəxtin gətirdi ki, lülədə bür dənə güllə oldu. Yoxsa səni də gəbərtmişdim çoxdan. İndi sənə bir dənə qoyaram yaddaşın qayıdar yerinə.
- Nurulla, tez elə, iynəni gətir. Qaqam müəllimin yenə tutması başlayıb. Tez elə.
Ağcabədilinin ağzına təzəcə bir-iki təpik qoymuşdum ki, ağxalatlılar köməyinə çatdı. Məni sürüyüb çarpayıya uzatdılar. Şalvarımı aşağı çəkib iynəmi vurdular. Əlimi-qolumu köynəyin uzun qollarıyla bağladılar. Beləcə yuxuya getdim.
Yuxudan oyananda yenə palatada tək idim. Həkimləri səslədim. Yenə həmin sanitarlar gəldi. Yenə həmin sözlər, iynəylə qorxutmalar. Sonra Ağcabədilini palataya gətirdilər. Yenidən üstünə hücum çəkdim, nə hay edirdimsə yaddaşını qaytara bilmirdim. Eləcə “mən Ağ-ca-bə-di-li de-yi-ləm. Mən Vaz-ge-nəm. Mar-tu-ni-li Vaz-gen” deyib dururdu. Mən də bundan əsəbiləşib aqressivləşir, ağxalatlılar da o saat iynəmi vurub uzadırdılar çarpayıma. Günlərin bir günü soruşdum ki, bəs başqa dəlilər hanı? Heç gözümə dəymir. Səsləri də gəlmir. Cavab verdilər ki, dəlilər ümumi korpusdadırlar. Bura isə lyuks palatadır. Sizinçün ayrıca düzəltdirmişik. Məəttəl qalırdım. Axı mən kiməm ki, mənə ayrıca palata da ayırıblar. Özü də ki, ancaq iynə vurudular. Həb vermirdilər. Məəttəl qalmışdım ki, bu necə müalicədir? Əgər dəliyəmsə bir iynə mənə nə eləyəcək ki? Palatanın aynabəndli dəhlizə qapısıyla yanaşı pencərəsi də vardı. Sanitarlar bəzən içəri girmir, eləcə pencərədən məni müşahidə edirdilər. Taybatay açıq qoyurdular ki, çağırsam eşitsinlər.
Artıq üç ay idi ki, burdaydım. Ailəmlə görüşməyə də qoymurdular. Milis, müstəntiq də gözə dəymirdi. Kimsədən də istintaqın gedişi barədə məlumat ala bilmirdim.
Günlərin bir günü yenə Ağcabədilini yanıma gətirdilər. Əli-qolu bağlı idi. Onu içəridə mənimlə üz-üzə qoyub özləri çıxdılar. Ağcabədili yenə məni görən kimi küncə sıxılıb çömbəldi. Başladı qışqırmağa. “Bu dəlidən məni qurtarın. İndi məni də öldürəcək”. Həmişə dediyi sözlər. Bundan əsəbləşib yenə hücum çəkdim üstünə. Yerə uzadıb çökdüm sinəsinə:
- Ay Ağcabədili, səndən axırıncı dəfə soruşuram. Məni tanıdın?
- Mən Ağ-ca-bə-di-li de-yi-ləm. Mən Vaz-ge-nəm. Mar-tu-ni-li Vaz-gen.
- Bax, bir də desən ki, mən Vazgenəm, səni cıracam, parça-parça edəcəm. Başa düşdün? Sən Martunili deyilsən. Sən Ağcabədilisən. Başa düşdün?
- Yox. Mən Ağ-ca-bə-di-li de-yi-ləm. Mən Vaz-ge-nəm. Mar-tu-ni-li Vaz-gen.
- Əstəğfürullah. Sənə axırıncı dəfə başa salıram. Sən Ağcabədilisən. Vazgen deyilsən. Bir də təkrar eləsən sənin ağız-burnunu qanadacam. Bildin?
- Yox. Mən Ağ-ca-bə-di-li de-yi-ləm. Mən Vaz-ge-nəm. Mar-tu-ni-li Vaz-gen.
Day dözmədim. Yumruqları işə saldım. Ağcabədilinin bağırtısı aləmi götürdü. Hayına sanitarlar özlərin çatdırdı. Məni güclə ondan ayırıb çarpayıma uzatdılar. Tez köynəyin uzun qollarıyla əllərimi sarıdılar. Amma iynə vurmadılar. Palataya altı nəfər ağxalatlı daxil oldu. Yerli adama oxşamırdılar.
- Da, tyajeloe situatsiya. On kajdıy den tak?
- Da, professor.
- Ploxo, oçen ploxo.
- Professor, təsadüfən əlində tüfəng açılıb, bir nəfər ölüb. O gündən başına hava gəlib. Üç aydır ki, müalicə edirik, beş-altı cür dərman, həb veririk, iynə vururuq xeyri yoxdur. Yanına da bu yazığı uzatmaq istəyirik, tutub döyür. Müşahidə etmişik. Hər gün eyni şeyi deyir. “Sən Ağcabədilisən, Vazgen deyilsən”. Sonra döyür, təpikləyir. İynə vurandan sonra sakitləşir. Pencərədən nələri indi müşahidə etdinizsə, tamamilə eyni mənzərə.
- Ağcabədilidirmi, bu?
- Xeyr, professor. Bu da pasportu. Vazgen Manuçaroviç Adamyan. Martuni rayon sakinidir. Müalicəsi çətin gedir. İstəyirik köçürək Bakıya. Bəlkə bu gedəndən sonra Qaqam müəllimin müalicəsi bir fayda verər.
- Da, tyajeloe situatsiya. Şizofreniya. İp-le-me. Ya pravilno skazal, kolleqi.
- Bəli, düz buyurursunuz.
- Dərmanlarını dəyişin, daha güclüsü ilə əvəz edin. Zaklyuçeniyasını da verin. Milisi, prokurorluğu da agah edin. Bu nastoyaşşi şizofrenikdir.
- Şizofrenik sənin dədəndir. Oğraş köpəyoğlu. Mən Ağdamlıyam. Erməni öldürmüşəm. Əcəb də eləmişəm. Qatiləm, dəli deyiləm. Bu Ağcabədilini də öldürəcəyəm, olacaq iki. Məni həbs edin, güllələnmə kəsin, amma mən dəli deyiləm. Başa düşdüz? Dəli deyiləm.
- Professor, yenə tutması başlayıb. İcazə verin iynəsini vuraq.
- Da, da. Biz gedək daha.
Həkimlər otaqdan çıxan kimi, iynəmi guppuldatdılar. Yuxuya getdim. Səhər ayılanda əl-qolumu açıq gördüm. Ağcabədili də gözə dəymirdi. Ayağa durdum. Tualetə getdim. Sanitarlar da yox idi. Əl-üzümü yudum. Bir qoca xala yemək gətirdi. Nahar elədim. Bir az keçmişdi ki, iki milis serjantı gəldi. Paltarlarımı, ayaqqabımı verdilər.
- Qaqam müəllim, geyinin. Bayırda sizi gözləyirik.
- Hara gedirik?
- Prokurorluğa.
- Niyə?
- Yəqin ki, istintaqdır. Deyiblər ki, sizi gətirək.
Geyindim. Qollarıma qandal da vurmadılar. Məni gətirdilər düz prokurorun otağına. Milis rəisi də ordaydı.
- Müalicə olundun, yoldaş Gərayzadə?
- Nə olmuşdu ki, hələ bir müalicə də olunum.
- Bilmirəm. Amma bizə təqdim olunan tibbi arayışda yazılıb ki, siz Şizofreniksiniz. Xalq diliylə desək “devit B”.
- Mən dəli deyiləm. Tam məsuliyyətimlə sizə deyirəm ki, dördyolda ermənini gəbərtmişəm. Bir Ağcabədilinin sözüylə. Özüm də gəlib təslim olmuşam.
- Hə. Düz deyirsən. Həkimlər də bunu yazıb. Düz üç aydır ki, bir ermənini də ağcabədili kimi salmısan təpiyinin altına. Pasportunu da göstəriblər, əl çəkməmisən. Eybi yox, dərmanlar yavaş-yavaş təsir edəcək. Özünə gələcəksən inşallah.
- Mən dəli deyiləm.
- İndi mən sizə dəli deməyim, nə deyim, yoldaş Gərayzadə. Baxın, müstəntiq mənə cinayət işini təqdim edib. Silahın sahibi, çayçı Mədi deyir ki, bəs sizinlə əlbəyaxa olub. Bunun da nəticəsində silah öz-özünə açılıb. Bunu ballistik ekspertiza da təsdiq edib ki, silah nasaz olub. Bu yaxında da məhkəməsi oldu. Hakim üç il iş kəsdi ona. İndi sən de, Ağdamlı Mədinin başı xarabdır ki, olmayan şeyi desin, sonra da gedib türməyə girsin? O rəhmətliyin də əcəli oracanmış. Düzdür erməniyə rəhmət düşmür... Neyləyək? Təsadüfdən beıə şeylər olur da... Sən də necə təmiz, gözəl insansan ki, bu şokdan hələ də özünə gələ bilməmisən. Başa düşürəm səni, sərçə deyil a... insandır. Ölüsünü görüb ağlını itirmisən. Yaxşı, dəlixanadakı o yazığın nə taqsırı var idi? Deyirlər hər gün basıb altına çırpıbmışsan.
- Ağcabədilini deyirsiniz?
- Yenə də başladın. Ay rəis, bəs deyirdin müalicə olunub, ağıllanıb, evə buraxa bilərik. Bu yenə dediyin deyir ki? Qaqam müəllim, bax mənə diqqətlə qulaq as. Orda Ağcabədili-zad olmayıb. Bir sən olmusan, bir də çayçı. Bir də əcəli çatan erməni. Bildin? O dəlixanada gördüyün isə Ağcabədili yox, Martuni sakini, necə oldu adı, bir dəqiqə. Hə, Vazgen Manuçaroviç Adamyan. Başa düşdün?
- Yox. O, Ağcabədilidir. Məni qızışdırdı. Yoxsa mən insan öldürərəm. Bağışlayın e... insan dedim, mən heç erməni öldürərdim. Mən əsgərlikdə də olmamışam. Silah nədir bilmirəm.
- Qaqam müəllim, sən canın bizi dolamısan? Üç ay dəlixanada yatdın, heç nə başa düşmədin? Ağcabədili deyil o, ermənidir. Sən isə erməni öldürməmisən. Silah təsadüfən əlində açılıb. Bu vaxt da qapıdan içəri adam girib.
- Prokuror, sən məni başqasıyla səhv salma. Mənə Ağdamlı Qaqam deyərlər. Üç ay bundan qabaq dördyoldakı çayçıda erməni öldürmüşəm, boynuma da alıram. Bu biri də Martunili Vazgen yox, Ağcabədilidir.
- Atasını, anasını çağırın bunun. Belə evə buraxmaq olmaz. Naçalnik, düz deyirsən, əsl Ağdamlıdır – özü də korennoy. Dediyin buraxmayacaq.
Qabağıma çay qoyurlar. Bir azdan atam Niftalı, anam Tovuz da gəlir. Qucaqlayıb məni öpürlər. Prokuror üzünü onlara tutub:
- Niftalı kişi, oğlun bu gün ruhi xəstəxanadan buraxılıb. Psixi problemləri var. Amma sizə arxayınıq. Bir də silahdan-oddan uzaq tutun bunu. Bir də belə hadisə törətsə məndən küsməyin. İndi işdir də başına gəldi. Silah əlində açıldı. Yaxşı ki, bir nəfər qapıdan içəri girib, çox olsaydı itki də böyük olacaqdı. Silahın yiyəsini də üç il basdıq dama, getdi. O da öz Ağdamlımızıdır. Oğluna da dəlilik kağızı veriblər. Xəstədir. Dərmanlar bir az kömək edib. Aparın bunu pirlərə, mollalara. Dua yazdırın, qurban kəsdirin. Bəlkə şəfa tapdı. İşi də xətm elədik getdi. Biz də nəzarətdə saxlayacağıq. Axı, Qaqam müəllim bizim Ağdamın dəlisidir e, Ağdamın dəlisi. Lap bizim kimi.
- Sağ ol, prokuror. Sağ ol, naçalnik. Allah ömrünüzü uzun eləsin. Allah, balanızı saxlasın. Ağdamın çörəyi halal olsun sizə. Siz ki, mənim balamı qurtardınız, ermənilərin əlinə vermədiniz, min yaşayın.
Otaqdan çıxırıq. Evə doğru addımlamağa başlayırıq. Görmüşük ki, insanlar dəlidən qorxar, ondan yan gəzər. Amma məndən heç kim qorxmur, çəkinmir. Yaxınlaşıb mehribanlıqla görüşür, əl verir, hal-əhval tuturlar. “Dəli Qaqam, həmişə evində, eşiyində” deyirlər. Özlüyümdə fikirləşirəm. Doğurdanmı dəliyəm? Əgər həkimlər, prokuror, rəis, nəhayət camaat belə deyirsə, deməli həqiqətən də dəliyəm. Bir də ki, dəli təkcə başıxaraba deyilmir a... “Koroğlu” dastanı yadıma düşür. Onun da yeddi min yeddi yüz yetmiş yeddi dəlisi vardı. Düşmənin canına lərzə salmışdı hamısı. Mən isə sadə Ağdamlıyam. Özü də təkəm. Üç aydır bütün aləmi vurmuşam bir-birinə. Stepanakertdəki evində ermənilər tərəfindən diri-diri yandırılan dörd azərbaycanlımın qisasını aldığıma görə . Özü də Ağcabədili sandığım erməninin tənəli sözlərindən sonra. Yox, dəli təkcə “Koroğlu” dastanında deyil a... Məcnuna da dəli deyirlərmiş. Sevdiyinə görə. Bəlkə mən də məhəbbət dəlilərindənəm. Axı, Ağdamı, Ağdamlıları, Azərbaycanı çox sevirəm. Prokuror da yaxşı dedi. “Qaqam müəllim Ağdamın dəlisidir e, Ağdamın dəlisi”. Amma, dəxli yoxdur. İstəyir dəli desinlər, lap “devit B” kağızı versinlər. Dördyolda Ağcabədilinin sözüylə ermənini mən öldürmüşəm. Mən - Ağdamlı Qaqam müəllim.