"Bakı" FK-nın təlim-məşq bazasında keçirilən tədbirdə AFFA və Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Mançester Yunayted” Yay Futbol Məktəbini müvəffəqiyyətlə bitirən uşaqlar sırasından Mançesterə səfər edəcək 5 nəfərin adını elan edib. Modern.az xəbər verir ki,Vəliəhd Səmədov, Zərrər Məmmədov, Əli Abbasov, Ramin Nəsirli və Duraxan Dövlətxanov "Mançester Yunayted" klubunun Mançester şəhərindəki Yay Futbol Məktəbində hazırlıq keçmək şansı qazanıb.
Tədbirdə əvvəlcə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edib. "Artıq ikinci dəfədir ki, ölkəmizdə "Mançester Yunayted" Yay Futbol Məktəbinə seçimlər təşkil olunur. Bu proses respublikamızın, demək olar ki, bütün bölgələrini əhatə etdi. Seçimlərdə iştirak edən 800-ə yaxın uşaq arasından 32 nəfər seçilərək Bakıdakı təlim-məşq toplanışında iştirak etmək hüququ qazandı. Bu mərhələdə isə "Mançester Yunayted" Yay Futbol Məktəbindən dəvət olunmuş məşqçilər tərəfindən 5 nəfər seçildi. Ümid edirəm ki, bu uşaqlar gələcəkdə Azərbaycan futbolunun inkişafında pay sahibi olacaqlar".
Bakcell şirkətinin baş marketinq direktoru Aynur Abjanova seçimlərdə iştirak edən bütün uşaqlara minnətdarlıq edib. "Uşaqlara bu seçim prosesinə qatıldıqları üçün "çox sağ olun" deyirəm. Bu layihə Azərbaycanın müxtəlif bölgələrindən olan uşaqlar üçün unikal imkanlar yaradır. Ötən il Mançester şəhərinə səfər etmiş, eləcə də seleksiya prosesində sınaqdan keçmiş uşaqların böyük əksəriyyəti futbola daha ciddi yanaşmağa başlayıb. Layihənin yüksək səviyyədə təşkili üçün AFFA-ya təşəkkür edirəm. Ümidvaram ki, uşaqlar onlar üçün yaradılmış bu şəraitdən maksimum istifadə edə biləcəklər".
Təlim-məşq toplanışında iştirak etmək və qalib gələn uşaqları təbrik etmək üçün Bakıya gəlmiş "Mançester Yunayted" klubunun əfsanəvi oyunçusu Duayt York fikirlərini belə ifadə edib. "İkinci dəfədir ki, Azərbaycana səfər edirəm. Təşkilati işlər yüksək səviyyədədir və təbii ki, bu amil bizi sevindirir. Uşaqların həvəsli olması çox xoşdur. Həftə ərzində müsbət mənada fərqlənmiş 5 uşaq bəlkə də indiyəqədərki ən böyük arzularını gerçəkləşdirmiş olacaqlar. Bu, onlar üçün unudulmaz təcrübə olacaq. Mançesterdə keçəcəkləri hazırlıq onların gələcək futbol həyatına müsbət təsir göstərəcək. Azərbaycana qayıtdıqdan sonra təcrübələrini komanda yoldaşları ilə bölüşəcəklər. İnanıram ki, Mançester uşaqların xoşuna gələcək".
Toplanışda iştirak edən uşqların hər birinə xatirə medalı və sertifikat təqdim edilib.
Xatırladaq ki, Məktəbin seçim turları Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə Bakı və Azərbaycanın bir sıra regionlarında (Tovuz, Gəncə, Qax və Sumqayıt) təşkil edilib. Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad 2-6 iyun tarixlərində Bakıda, "Bakı" Futbol Klubunun bazasında “Mançester Yunayted” futbol məktəbinin məşqçiləri tərəfindən keçirilmiş təlim-məşq toplantılarında iştirak ediblər. Futbol məktəbinin əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək və onların futbol sahəsində inkişafına töhfə verməkdir.
Qeyd etmək lazımdır ki, dünyanın ən məşhur futbol akademiyalarından biri olan “Mançester Futbol Məktəbi” dünya futboluna Devid Bekhem, Pol Skoulz və Rayan Giggz kimi əfsanələri bəxş edib. Ötənilki “Mançester Yunayted” Yay Futbol Məktəbinin nəticələri Azərbaycanın uşaq futbolunun işkişafına böyük töhfələr verdi. Bakıda keçirilən təlim-məşq toplanışından seçilən 6 gənc istedad Mançester şəhərinə səfər edib əfsanəvi “Old Trafford” stadionu, “Mançester Yunayted” Futbol Akademiyası, eləcə də, “Mançester Yunayted" Futbol Məktəbinin Mançester şəhərindəki Denston kollecində keçirilən təlim-məşq toplanışlarında iştirak etdilər. İştirakçılardan biri - Tamerlan Rizvanov xüsusi nəticə nümayiş etdirərək “Mançester Yunayted” Yay Futbol Məktəblərinin “World Skills” finalına qədər yüksəldi.
Azərbaycanın futbol üzrə milli komandasının sponsoru və “Mançester Yunayted” futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım partnyoru olan Bakcell ölkəmizdə futbolun inkişafını dəstəkləyir. Bakcell inanır ki, Azərbaycanda böyük futbol potensialı var və bu potensial ölkə futbolunu irəliyə aparmağa qadirdir.
Rafiq Qənbərov