Modern.az

Xatirələrimdə yaşayan Cəbrayılım…

Xatirələrimdə yaşayan Cəbrayılım…

Ədəbi̇yyat

4 Avqust 2014, 22:47

Abu-Dabi Dövlət Universitetinin əməkdaşı

Böyük Mərcanlı kəndi

Əzizim Mərcanlıdı
Yurd yerim Mərcanlıdı.
Böyük, Cocuq, Yuxarı
Hamısı Mərcanlıdı.

Mərcanlı toponimi Azərbaycanda cox rast gəlinəndir. Deyilənə görə, kəndin adı "mərd canlı", "mal canlı", "köçəri tayfa", "tərəkəmə tayfası" ilə bağlı olaraq adlandırılıb. Ancaq mənim nəzərimdə, Mərcanlı toponimi ərəbcə "həcər əl-kərim" (ilahi, müqəddəs daş) kimi qiymətləndirilən əl-mərcan sözündən götürülüb. Tanrının yaratdığı möcüzələrdən biri olan təbii mərcan daşı müqəddəs Qurani-Kərimin "əl-Rəhman" surəsinin 22-ci və 58-ci ayələrində adı çəkilir.

Mən aşiqəm, mərcandı,
İlahi daş mərcandı.
Quranda adı keçən
Yaqut,inci, mərcandı.

İranla həmsərhəd olan Böyük Mərcanlı kəndi Araz çayının sahilində yerləşir. Kənddən baxdıqda Arazın o tayında, İran ərazisində "Üç qardaş" dağı görsənirdi. Dağ üç təpədən ibarətdir. Uzaqdan baxanda adama elə gəlirdi ki, sanki üç nəfər dağın başında yan-yana daşa dönüb. Kənddə yaşlıdan tutmuş uşağa qədər, hamı "Üç qardaş" dağını müqəddəs sayırdı. Mərcanlı əhlinin and və iman yeri olan "Üç qardaş" dağı haqqında müxtəlif rəvayətlər, əsatirlər söylənilirdi. Əfsanəyə görə, üç igid qardaş düşmənlərin əlinə keçməmək üçün daşa çevriliblər.

Üç qardaş, ha üç qardaş,
Xəncəri gümüş qardaş.
Bu obalar sənindi,
Atını saxla, düş qardaş.

Böyük Mərcanlıdan baxdıqda yamyaşıl Araz vadisi göz oxşayırdı. Barlı-bərəkətli torpağı olan bu kənddə meyvə, bostan və tərəvəz bitkiləri həm bol, həm də dadlı idi. Kəndin kəhrizinin suyu olduqca şəffaf və buz kimi soyuq idi. Yadımdadır, qızlarla bulaq başına gedəndə özümüzlə pendirli dürmək düzəldib götürürdük.

Əziziyəm dürməyi
Yağ-pendirli dürməyi.
Hər gün bulaq başında
Yeyərdik biz dürməyi.

Mərcanlıda ən çox sevdiyim meyvə gilənar idi. Mərcan rəngində olan, günəşin şüaları altında bərq vuran gilənarlara baxmaqdan doymurdum. Elə bilirdim ki, rəhmətlik nənəmin mərcan muncuqlarıdı, qırılıb, gilənar ağaclarının üstünə səpələnib. Dadından doymadığım gilənar ağaclarına sehrli bir ağac kimi baxırdım. Kənddəki rəfiqələrimlə bağda ağacdan dərdiyimiz qoşa saplaqlı gilənarları sırğa kimi qulağımıza taxır, başımızı o tərəf-bu tərəfə yellədərək doyunca əylənirdik.


Mərcanlıda çoxlu sayda çinarlar var. Qonaq getdiyim evin həyətində də hündür və qocaman çinar ağacı vardı.

Uşaqlıq illərimin xatirəsisən,
Həsrətli yuxumun müsafirisən.
Qürbətdə könlümün həzin səsisən,
Mərcanlıda qalan tənha çinarım.

Çinarın yoğun budağından kəndirlə asılan yellənçəkdə yellənməyi çox sevirdim və hər dəfə yellənəndə mənə elə gəlirdi ki, dünya mənim ayağımın altındadır , sanki bir quş kimi göydə qanad açıb uçuram. Çinarın altında qızlarla müxtəlif oyunlar: "səndə-məndə", "top aldı qaç", "yaylıq atdı", "ortada qaldı", "laldinməz" oynayırdıq. Yorulanda yerə salınmış kilimin üstündəki mütəkkələrə dirsəklənib dincəlir, hətta bəzən uzanıb yuxuya da gedirdik. Bir sözlə, Mərcanlıdakı bu çinar mənim uşaqlıq xatirələrimdə xüsusi yer tutur.

İstiqanlı və qonaqpərvər Mərcanlı əhli mən uşaq olsam da, xətrimi çox istəyir, evlərinə dəvət edirdilər. Qonaq qaldiğım evdə hər gün cürbəcür yeməklər bişirilir, bu azmış kimi, qonşular da bişirdikləri "urvatlı" yeməklərindən pay gətirirdilər.

Mərcanlı meyvəsi bol,
Suyu bol, çörəyi bol.
Hər kəs qonaq çağırır
Hamının əzizi ol.

Qaldığım evin bağçası meyvə ilə dolu olsa da, kənd sakinləri həyətlərindəki meyvələrdən, təzə-tər tərəvəzlərdən mənə pay göndərirdilər. Mərcanlıda ən çox xoşladığım və dadından doymadığım qarğıdalı idi. Bu istəyimi nəzərə alan qədirbilən mərcanlılar hər gün vedrələrlə dolu bişmiş və çiy qarğıdalı da göndərirdilər.

Mərcanlı və Maralyan kəndlərində novruz bayramı o taylı-bu taylı Azərbaycanın həsrət və birlik bayramı kimi xüsusi qeyd olunurdu.

Araz qırağındayam,
Çeşmi sorağındayam.
Qardaşım o taydadır,
Onun sorağındayam.

Kənd əhli novruz bayramında ağac payalarının başına köhnə qalın parçaları məftillə bağlayır, yandırdıqları lopaları o tərəf bu tərəfə yellədərək, illərlə ayrı düşdükləri qohumları ilə bayramlaşırdılar. O taydakılar isə, Dədə Qorquddakı Qaraca çoban kimi, dağın yamacında tonqallar qalayaraq bu taydakı əzizlərini salamlayırdılar.

Araz, Araz, budumu?
İçi dolu sudumu?
Həsrət qoydun qardaşa
Etibarın budumu?

Azərbaycanın bütövlüyünün və birliyinin rəmzi: Xudafərin Körpüsü



Əzizim Diri dağı
Duman gəl bürü dağı.
Xudam bir körpü salıb
Arxası Diri dağı.

Tarixi mənbələrdə tarixçilərin, səyyahların "Qarabağın qapısı" adlandırdıqları Cəbrayıl rayonu yaşı qədim yüzilliklərə gedib çıxan memarlıq abidələri, maddi mədəniyyət nümunələri ilə zəngindir. Rayon ərazisindəki tarixi memarlıq abidədələrindən ən möhtəşəmi isə nəinki Cəbrayılın, eləcə də o taylı, bu taylı "Vahid Azərbaycan"ın rəmzi, Şərqin ən əzəmətli körpüləri sayılan Xudafərin körpüləridir. Tarixi ipək yolunun mərkəzi məhz Xudafərin körpüsündən keçirdi.

O görünən Arazdı,
Baxmaq da bir murazdı.
Üstündə körpüsü var
Gələn, gedən nə azdı.

Araz çayı üzərində inşa olunan Xudafərin körpüsü quzey və güney Azərbaycanın orta əsr şəhərlərini birləşdirən karvan ticarət yolu olmaqla bərabər, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyırdı.

Əsrlərin yadigarı olan, sirri açılmayan Xudafərin körpüsü haqqında belə bir rəvayət söylənilir: Keçmiş zamanlarda padşah Araz çayı üzərində körpü tikdirmək istəyir və dövrünün ən məşhur memarı olan şəxsi hüzuruna çağırtdıraraq, bu işi ona tapşırır. Ustad memar işə başlayanda şagirdlərindən biri padşahın hüzuruna gedərək ustadından daha yaxşı körpü tikəcəyini bildirir. Padşah şagirdlə razılaşır, amma şərt kəsir ki, yaxşı körpü tikən özü ağırlığında ənam alacaq, işin öhdəsindən gələ bilməyənin isə boynu vurulacaq.

Şagird körpünü tikmək üçün olduqca əlverişli, mənzərəli yer seçir və bununla üstünlük qazanacağını düşünsə də, yanılır. Ustadın illərlə qazandığı təcrübə körpünün inşasında özünü göstərir. Ay ötür, il dolanır, vaxt-vədə yetişir, körpülər hazır olur. Padşah körpüləri sınaqdan keçirməyi əmr edir. Bunun üçün körpülərin üstünə çoxlu sayda atlar, arabalar çıxarılır. Şagirdin tikdiyi körpü sınaqdan çıxa bilmir, bir neçə yerdən uçub tökülür. Ustadın tikdiyi körpü isə sınaqdan "üzüağ" çıxır.

Əyanları ilə körpülərə baxmağa gələn padşah ustadın tikdiyə körpüyə heyran qalaraq, "Xuda afərin", yəni "Allaha eşq olsun" deyir və ustada özü ağırlığında ənam verir, şagirdinin isə boynunun vurulmasını əmr edir.

Bunu eşidən şagirdin qorxudan bədəni tir-tir əsir və gözlərinin yaşı leysan kimi axır.

Mən aşiq düşən ağlar,
Atlanıb düşən ağlar.
Ustada kəm baxanın
Gözləri dolar ağlar.

Vəziyyətin çıxılmaz olduğunu görən ustadın ürəyi dözmür: "Padşah sağ olsun, mən var-dövlət istəmirəm, yalnız sizdən ricam budur ki, onun günahından keçəsiniz" deyir. Padşah ustadın böyüklüyünə, qəlbinin genişliyinə heyran olur, onun sözlərindən keçə bilmir, verdiyi ənamı da geri almır, şagirdini bağışlayır və o vaxtdan el içində belə bir zərb-məsəl yaranır: "Ustadına kəm baxanın gözlərinə qan damar".

Əsrlər boyu Azərbaycan torpaqlarına göz dikən yadelli işğalçılar canı, qanı bir olan qardaş-bacıları bir-birindən ayıraraq, Xudafərin körpüsünü həsrət körpüsünə çevirdilər.

Əzizim, Araz məni
Öldürdü Araz məni.
Vətəndən uzaq düşdüm
Ovudun bir az məni.

Lakin bununla ürəyi soyumayan yadelli işğalçıların hiylələrinin, qəsbkarlığının nəticəsində, öz möhtəşəmliyi ilə tarixə meydan oxuyan Xudafərin körpüləri bir daha düşmənin caynağına keçdi.

Mən aşiq, vətən sarı,
Yurd, yuva, vətən sarı.
Dönəydim göyərçinə,
Baxaydım vətən sarı.

Qarabağın ilk qadın şairəsi

Aşiqlər aşiqi: Aşıq Pəri

Azərbaycan qadın aşıq sənətinin banisi və yaradıcısı, bədahətən qoşmalar, gəraylılar, təcnislər, müxəmməslər söyləyən Aşıq Pəri Qarabağın ilk qadın aşıq şairəsidir.

Mən Pəriyəm, eşqə zaram neyləyim,
Dərdi-dildən xəbərdaram neyləyim,
Burdan ora intizaram, neyləyim
Şəfalansın nuri-vüsalın sənin.

Böyük şöhrət və mahir istedad sahibi olan "aşiqlər aşiqi" Aşıq Pəri deyişmələrdə kişi aşıqlarını bağlayaraq hər tərəfə səs-soraq salmışdı. Zahirən və daxilən çox gözəl xanım olan Aşıq Pərinin gözəlliyi aşıqların yaradıcılığında vəsf olunub, şəninə saysız-hesabsız qoşmalar, gəraylılar yazılıb.

Artıq neçə illərdir Aşıq Pərinin doğma yurdu, sazlı-sözlü Cəbrayıl torpağı insan hənirinə, aşıq çal-çağırına, şair sözünə həsrət qalıb. Keşməkeşli ömür sürən, bu fani dünyadan nakam köçən Aşıq Pəri doğma yurdunun başına gələn müsibətlərdən sanki əvvəlcədən xəbərdar olaraq, kövrək qəlbinin dərinliklərindən süzülüb gələn həzin misraları ilə talan olan, viran qalan Qarabağın, Cəbrayılın bu gününə ağı deyib:

Bir Pəri dil aramında qan ağlar.
Çəkilib sinəmə dügünlü dağlar,
Ölübdür bülbüllər, lal olub bağlar
Saralıb-sovrulub güllər, ağlaram.

Qarabağın ilk qadın şairəsi olan Aşıq Pərinin yaratdığı söz sənəti nümunələri Qərb şərqşünaslarının diqqətini cəlb etmiş, yaradıcılığı çox yüksək dəyərləndirilmişdir. Azərbaycan qadın aşıq sənətinin banisi, söz və sənət dünyamızın qürur və iftixar mənbəyi olan Aşıq Pəri yaratdığı söz inciləri ilə könülləri fəth edərək, nəinki öz adını, eləcə də doğulduğu Maralyan kəndinin adını qızıl hərflərlə tarixin silinməz səhifələrinə yazdı.

Aşıq Pərinin Vətəni: Maralyan kəndi

Pərinin dərdi tuğyandı,
Sakin yeri Maralyandı.
Gülüm qönçəmdə yandı,
Bülbüllər əfqan eylədi.

Araz çayının sahilində yerləşən və Aşıq Pərinin vətəni olan Aşağı Maralyan kəndinin adı haqqında müxtəlif fərziyyələr mövcuddur. Əfsanəyə görə, bir qoca kişi yeni kənd salmaq, nəslini bu torpaqda məskun etmək üçün qalın meşəliyə od vurur. Meşə yananda içindəki heyvanlar, o cümlədən marallar da yanır. Qoca öz-özünə heyfsilənərək deyir: Əvvəl elə bildim ki, odun-alovun əlindən "Ana maral" qaçar, bilmədim maral yanar. O gündən meşənin yerində salınmış kəndin adı Maralyan qalır.

Daha bir rəvayətə görə, Araz qırağında meşəlikdə marallar olub. Yadellilər əraziyə hücum etdikdə meşəyə od vuraraq maralları yandırıblar və o vaxtdan el arasında kəndin adına Maralyan deyilib.

Əzizim Maralyandı,
Aşağı Maralyandı.
Düşmən kəndə od vurdu
Yurdumda maral yandı.

Maralyan toponiminin tərkibindəki "yan" sözü dilimizdə məkan mənasını ifadə edir. Maralyan maralların məkanı, yurdu mənasındadır. Sonu yan-la bitən toponimlər ölkə ərazisində çox rast gəlinir: Salyan, Sisyan və s. Digər bir ehtimala görə isə, maralyanlılar Cənubi Azərbaycanın Maraluy kəndindən köçüb gələrək burada məskunlaşıblar.

Araz çayı sahilində yerləşən Aşağı Maralyan kəndini dəmiryol relsləri ikiyə ayırırdı. Maralyan Cəbrayıl rayonunun İranla həmsərhəd kəndlərindən biridir. Tarixi mənbələrdən aydın olur ki, Maralyan kəndi ərazisində Cəbrayıl qəzasının gömrük-keçid məntəqəsi yerləşib. Kənd sakinlərinin dediyinə görə, İran-Rusiya müharibəsi zamanı iranlılar dəfələrlə Araz çayını keçərək Maralyana hücum ediblər və kənddə ağır döyüşlər olub. Odla su arasında, iki yol ayrıcında qalan Maralyan kəndi ruslarla iranlılar arasında gedən müharibələrdə dəfələrlə talan edilərək dağıdılıb. Sonradan sülh müqaviləsi imzalanıb və iranlılar Maralyan-Cəbrayıl karvan yolu vasitəsi ilə Bakı, Şamaxı, Şəki ilə ticarət əlaqələri yaradıblar.

Əziziyəm istərəm,
Cəbrayılı istərəm.
Sağ maral sənin olsun
Maralyanı istərəm.

Maralyanda dəfələrlə qonaq getdiyim Pəri nənəgilin evi kəndin kənarında yerləşirdi. İkimərtəbəli evlərinin pəncərəsindən baxanda Araz çayı və İran ərazisindəki dağın ətəyində yerləşən yaşayış məntəqəsi açıq-aydın görünürdü.

Kəndin əhalisi taxılçılıq, üzümçülük, heyvandarlıqla məşğul olurdu. Kəndin yaxınlığındakı əkin sahələrində iri üzüm bağları salınmışdı. Bir dəfə kəndin qızlarına qoşulub üzüm yığımına getdim. Kənd qızlarının üzüm yığarkən birlikdə mahnı oxumaları, bayatılar söyləmələri, zarafatlaşaraq əylənmələri mənə ləzzət edirdi. Lakin üzümlükdə günəşin yandırıcı şüalarından daldanacaq yer olmadığı üçün bir daha ora getməyimə qadağa qoyuldu. Kənd əhalisinin böyük əksəriyyəti heyvandarlıqla da məşğul olurdu. Kəndin bütün camaatının həyətində özlərinə məxsus mal-qarası, qoyun- quzusu var idi. İnəkləri sağan kənd qızlarına tamaşa etməkdən doymurdum. İnək sağmağı öyrənmək istəsəm də, heyvanlardan qorxduğum üçün bu arzumu gerçəkləşdirə bilmədim.

Pəri nənəgilin evinin arxa tərəfində iri bağ var idi. Bağdakı ağaclar içərisində Cəbrayılın dağ kəndlərinə xarakterik olan, Araz qırağı ovalıqdakı kəndlərdə təsadüfən rast gəlinən zoğal ağacları çoxluq təşkil edirdi. Cürbəcür formalı zoğallar rəng müxtəlifliyi və dadlarına görə də fərqlənirdi. Min bir dərdin dərmanı olan zoğaldan mürəbbə, turşu, araq hazırlayırdılar. Zoğalı qurudub yeməklərin hazırlanmasında istifadə edirdilər.

Kəndin kənarından kiçik çay axırdı. Çayın qırağı çoxlu sayda böyürtkən kolları ilə dolu idi. Qapqara, şirin böyürtkənləri yığanda kolun tikanları əlimizə batsa da, böyürtkənləri koldan dərib yemək bizə ləzzət edirdi.

Qara rəngli böyürtkəndən dadlı mürəbbə bişirilirdi, qırmızı rəngli böyürtkəndən isə, xörəklərə xüsusi dad verən böyürtkən turşusu hazırlayırdılar.

Böyürtkən kolluğundan sonra əkin sahəsi vardı ki, bizi o sahəyə yaxınlaşmamağı tapşırır, "Bala, ora ayaq basma, urus əsgərləri böyük-kiçiyə baxmaz, vurarlar" deyirdilər.

Sirik kəndi

Bu dağlar qəlbi dağlar
Qalxdıqca qəlbi dağlar.
Gözü yolda qalıbdı
Haçan biz gəldi dağlar.

Uca dağlar qoynunda yerləşən Sirik kəndinin adı haqqında müxtəlif fərziyyələr mövcuddur. İlkin ehtimallara görə, Sirik toponimi qədim alban tayfalarından biri olan Sirik tayfasının adı ilə bağlıdır. Digər bir ehtimala görə, kəndin adı sirlik sözündən götürülüb sirli yer deməkdir. Daha bir fərziyyəyə görə, Sirik toponimi türkcə sırık sözündən götürülüb, şüvül, hündür ağac mənasındadır.

Əmim oğlunun kirvəsi dağlar qoynunda yeləşən Sirik kəndindən idi. Onlar hər dəfə Karxuluya gələndə bizi Sirikə qonaq aparmaq istəyirdilər və nəhayət bir gün bu dəvəti qəbul edib, Sirik kəndinə yola düşdük. Uzaqdan görünən başı qarlı Ziyarət dağı, sıldırım qayalar, dolanbac yollar, dağ boyunca uzanan yamyaşıl Sirik meşələri məni heyran edirdi.

Yolum düşdü qürbət elə
Tənha qaldım, ay dağlar.
Nisgil dolu xatirəmlə
Fikrə daldım, ay dağlar.

Maşın dağın dolanbac yollari ilə kəndə doğru irəlilədikcə dərindən, sinədolusu nəfəs alaraq təmiz dağ havasını ciyərlərimə çəkir, sanki dünyaya yenicə gəldiyimi zənn edirdim. Sirikdə otların, gül-çiçəyin ətri insanı bihuş edirdi.

Kəndə çatanda bizim üçün qoyun kəsildi, dadlı ətindən kabab çəkildi, qoyunun içalatından sac içi bişirildi. Qoyunun qarnını kəhrizdə tərtəmiz yuyaraq içini üst tərəfə, üstünü alt tərəfə tərsinə çevirdilər. Qarnın içərisinə doğranmış ət, qabığı soyulmuş bütöv soğan, turşu, duz-istiot, bir neçə pomidor qataraq ağzını bağladılar. Qarnı sacın içinə qoyub ağızına da sac çevirərək, közün içində yerləşdirib, üstünü də közlə basdırdılar. Üç-dörd saat isti közdə bişdikdən sonra çıxartdılar. Adını bilmədiyim və indiyə qədər heç bir yerdə dadmadığım bu yemək o qədər dadlı idi ki, təsəvvür etmək belə mümkün deyil. Közdə qızarmış qoyunun qarnı aş qazmağı kimi olmuşdu, amma adi qazmaqdan daha dadlı idi. Belə dadlı yeməkləri buz kimi sərin, yağlı ayranla yeyib-içmək insana xüsusi ləzzət verirdi. Bir qədər sonra göz yaşı kimi dupduru kəhriz suyundan samovar qaynadıldı və otlardan əla çay dəmləndi. Yeyib-içdikdən sonra, şirin yuxuya getdim və səhər erkəndən atəş səslərinə oyandim. Hər tərəfi duman bürümüşdü.

Duman yatma dağ döşünə
Gəl-get sürünə-sürünə.
Sən qoymursan bu gözəllik
Gözümə aydın görünə.

Həyətdəkilərdən nə baş verdiyini soruşduqda: "Quzğun gəlmişdi, yaxşı ki, tez duyuq düşdük, yoxsa heyvanlardan, toyuq-cücədən, ən pis halda isə, körpə uşaqlardan birini apara bilərdi" dedilər. Qonaqpərvər ev sahibləri bizi məcbur şəkildə bir həftə qonaq saxladılar. Sirikdə yediyim qaymaq, bulama, kətəməz, motal pendiri, beçə balı bəlkə də dünyanın ən dadlı təamlarıdır.

Əziziyəm dağları,
Siriyin yaylaqları.
Qatığı kəsmə-kəsmə
Ballıdır qaymaqları.

Ev sahibi bizi füsunkar təbiəti olan Sirik meşəsinə gəzməyə apardı. Hündür, yaşıl ağaclar, buz kimi diş göynədən bulaqlar, tam dəyməyən əzgil, armud, zoğal ağacları insanı valeh edirdi. Yamyaşıl ağacların arasındakı arı pətəkləri cərgəyə düzülüb sanki insana salam verirdi. Lakin bəzi yerlərdə arı pətəklərindən bir neçəsini bal oğrusu olan ayılar dağıtmışdı. Meşədəki pioner düşərgəsi də çox mənzərəli yerdə idi.

Başı şeşəli dağlar
Üstü meşəli dağlar.
Bulaqları bal kimi
Gül bənövşəli dağlar.

Qəlbimdə illərdən bəri yuva salmış bu xatirələri qələmə aldıqca odu-ocağı yağmalanmış, torpağı talanmış doğma yurdumun həsrəti içimi göynədir. Elimin, obamın yoxluğuna illərdir hələ də alışa bilmirəm.

Bostanlar tağlı qaldı
Sinələr dağlı qaldı.
Talandı Qarabağım
Qapılar bağlı qaldı.

Ardı var...

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı