Azərbaycan xalqının məişətində çay süfrəsi arxasında müxtəlif mərasimlərin təşkili özünəməxsus yer tutur. Çay dəstgahı adlandırdığımız bu cür mərasimlər həm də milli adət-ənənəmizə çevirilib. Azərbaycanlıların qonaq qarşılayanda süfrəyə hər şeydən öncə təzə dəmlənmiş çay verməsi təsadüfi deyil. Çay dəmləyərkən isə diqqət yetiriləsi əsas vacib məqamlardan biri istifadə edilən qablar və suyun qaynadılma texnologiyasıdı. Adətən çay keramik və ya çini qablarda dəmlənir. Su isə müxtəlif vasitələrlə - elektrik və ya od samovarlarında, elektrik və ya qaz çaydanlarında qaynadılır. Təzə samovar çayının isə əvəzi yoxdur.
Samovar bir çox xalqlarda olduğu kimi, azərbaycanlıların da məişətdə işlətdiyi mətbəx əşyasıdar. Samovarın tarixi və onun hansı xalqa məxsusluğu ilə bağlı mübahisəli fikirlər mövcuddur. Samovar çay dəmləmək üçün suyun qaynadılmasında istifadə edilən, içərisindən od yandırılması üçün boru keçən qabdır. Samovarın od yandırılan borusunun alt hissəsində havalandırma dəlikləri, yuxarı hissəsində isə bacası olur. Su ilə dolu samovar qaynadılarkən odun daha yaxşı yanması üçün bacaya əlavə boru keçirilir. Bundan başqa qaynama prosesi boyunca samovarın içərisindəki odun kömürü aradabir maşa ilə qarşdırılır. Qaynama prosesi yekunlaşandan sonra samovarın yan tərəfəinin aşağı hissəsindəki lüləkdən su götürmək üçün istifadə olunur.
Rus mənbələri məişətdə işlətdiymiz bu metal qabın ana vətəninin Rusiya olduğunu iddia edirlər. Doğrudur «samovar» sözü də (tərcüməsi «özüqaynadan» deməkdir) rus sözüdür. Amma araşdırmalar rusların bu mətbəx əşyasını türklərdən mənimsədiklərini göstərir. Məsələ burasındadır ki, rus yazılı mənbəələrində ilk samovarın 1778-ci ildə Rusiyanın Tula şəhərində İvan və Nazar Lisitsın qardaşları tərəfindən hazırlandığı qeyd edilib. Həmin tarixdən sonra Rusiyada samovar istehsalı tədricən geniş miqyas almağa başlayıb. 1808-ci ildə Tulada artıq 8, 1850-ci ildə 28 samovar zavodu fəaliyyət göstərib.
Digər tarixi mənbəələrdəki məlumatlardan isə aydın olur ki, ruslar samovar hazırlamağa başlamamışdan hələ çox-çox əvvəl türklərin yaşadıqları yerlərdə, konkret olaraq Azərbaycanda su qaynatmaq üçün bu cür mətbəx əşyasından istifadə olunub. Qeyd edək ki, indiyədək yaşı 3700 il olan ən qədim samovar da məhz Azərbaycanda (Şəki bölgəsində) tapılıb. Bu, yaşı 2000 il olan Misir samovarından daha qədimdir. Qədim azərbaycanlılar tərəfindən samovarın düzəldilməsi ilə kulinariyada ocağın qabın çölündən onun içərisinə keçirilməsi baş verib. Bu fakt onu göstərir ki, ruslar sözügedən mətbəx əşyasını özününküləşdirərək onu bir qədər təkmilləşdirib dünyaya təqdim ediblər. Bəzi mənbələrdə «samovar» sözünün də başqa bir türk sözünün (məsələn, «simoval», “simuvər”) dəyişilmiş forması olduğu bildirilir. Samovarla bağlı Azərbaycan folklorunda çoxlu atalar sözləri, məsəllər, mahnılar, nəğmələr və başqa ibrətamiz kəlamlar var. Amma bir faktı etiraf etmək lazımdır ki, ən yaxşı samovarı ruslar düzəldib və bu ənənə indi də yaşayır. Hazırda Tula samovarları dünyada adla tanınır.
Vaxtilə rus zadəganları da çaya və çay içilməsi prosesinə çox mühüm əhəmiyyət veriblər. Rus milləti araq içkisini tanıyana və ona bir könüldən min könülə vurulana qədər çay içkisinə çox ehtiramla yanaşarmış. Amma arağa aludəçilikdən sonra ruslarda çaya meyl tədricən azalıb. Azərbaycanlıların məişətində isə belə bir hal baş verməyib.
Misgərlik sənətinin güclü inkişaf etdiyi Azərbaycanın İsmayıllı rayonundakı Lahıc qəsəbəsi qədim samovarların düzəldildiyi yaşayış məntəqələrindən biri sayılır. Qədim Lahıcda düzəldilən qədim samovarlardan biri bu gün də muzeydə qorunub saxlanılır. Bu samovar öz proporsiyalarının düzgünlüyü, formasının gözəlliyi ilə bərabər üzərindəki bəzəkləri ilə də diqqəti cəlb edir. Onun üzərində stilizə olunmuş nəbati, zoomorf və insan təsvirləri həkk olunub. Samovarın dekorativ tərtibatında istifadə olunan naxışların əksəriyyətinə biz Azərbaycan el sənətinin bir çox növlərində (daş və divar bəzəkləri, parça, tikmə və s.) rast gəlirik. Məlumatlara görə Samovar Lahıc kəndinin sakini misgər usta Nəcəfqulu tərəfindən 1717-ci ildə misdən hazırlanıb və bəzədilib.
Lahıc kənd sakini Gənci 1714-1715-ci illərdə misdən hazırladığı və Azərbaycan misgərliyinin incisi sayılan samovarları ilə şöhrət qazanıb. Deyilənə görə o, hazırladığı bir samovarı rus kraliçası 2-ci Yekatirinanaya hədiyyə göndərib və buna görə medalla mükafatlandırılıb.
Samovar həmişə qiymətli mətbəx əşyası sayılıb. Onu misdən, latundan, gümüş, qızıl və digər metallardan hazırlayıblar. Təsadüfi deyil ki, 1941-45-ci illərdə cərəyan edən Böyük Vətən müharibəsi dövründə «Hər şey cəbhə üçün, hər şey qələbə üçün!» şüarı barədə daim düşünən baba və nənələrimiz başqa şeyə imkanı çatmayanda evlərindəki samovarı qiymətli əşya kimi yardım fondlarına təhvil verərdilər.
Qiymətli samovarlar həm də hədiyyə verilib. Məsələn, İraqın keçmiş diktatoru Səddam Hüseyn vaxtilə Bağdadın mərkəzində ona hədiyyə edilən əşyalardan ibarət bir muzey açmışdı. Həmin muzeydə Şərq hökmdarlarına lazım olan hər şeyə rast gəlmək olardı. Burada əldə toxunma xalçalar, XVII əsrə aid şahmat, əldədüzəldilmə silah və qılınc qorunurdu. Hədiyyələr arasında kazak şaşkisi və Tula samovarı da var idi. Həmin samovarı İraq diktatoruna rusiyalı siyasətçi Vladimir Jirinovski bağışlamışdı. Azərbaycanda da samobarın özünəməxsus qədir-qiyməti olub. Keçmişdə ata evindən ər evinə gəlin köçən qızın cehizi arasında mütləq od samovarı olmalıydı. Bu adət indi də rayonlarımızın bir çoxunda qorunub saxlanılır. Azərbaycanda da qədim samovarlardan ibarət zəngin kolleksiyası olan kolleksiyaçılar var. Rəhmətlik Şahid Həbibullayev adlı kolleksiyaçı 1000-dən çox samovar nümunəsinə malik idi. Azərbaycanın Lənkəranda şəhərində böyük samovar abidəsi, Naftalanda samovar formalı ev mövcuddur.
Rusiyanın Tula şəhərində isə samovarlar muzeyi fəaliyyət göstərir. 1990-cı ilə açılan bu muzey müxtəlif ölçülü və quruluşulu samovarlar kolleksiyasına malikdir.
XX əsrədək dünyada yalnız od samovarlarından istifadə olunub. XX əsrin əvvələrində isə istehsalçılar kerosin samovarı da hazırlamağa başlayıblar. Daha sonralar elektrik samovarları düzəldilib.
Lakin müasir elektrik samovarları od samovarlarını üstələyə bilməyib. Od samovarında qaynanmış su ilə elektrik çaydanında qaynayan su arasında yerlə göy qədər fərq var. Elektriklə tez bir zamanda qaynayan su elə tez də soyuyur. Heç çay əməlli-başlı dəm ala bilmir. Soyuq çayı içmək isə elə də xoşa gələn deyil. Ən pis çay isə məhz elektrik avdanlığında qaynayan sudan alınır.
Od samovarında su bir qədər gec qaynasa da, çay dəmlənməsi üçün ən optimal vasitədi. Od samovarının çayı qeyri-adi dadı ilə seçilir. Bir sözlə, yaxşı çay samovarı ilə, yaxşı samovar isə çayı ilə tanınar... Əfqan Qafarlı