Modern.az

Elmi araşdırmalarda qeyri-etik davranışlar...

Elmi araşdırmalarda qeyri-etik davranışlar...

Təhsil

30 Oktyabr 2014, 12:20

Baba Yaşaroğlu
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının
İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi


Elmə inamsıqlıq və multidissiplinar yanaşma xüsusiyyətləri

Maraqlanmaq və bilmək arzusu, reallıqları təyinetmə və analiz qabiliyyəti, həmçinin yaradıcılığa olan həvəs elm adamını səciyyələndirən xüsusiyyətlərdir. Bu xüsusiyyətlər bəzi elm adamlarında təsadüf olunmaya bilər, amma, fikrimcə, müasir dövrdə elmdə irəli sürülən iddialara şübhəli yanaşmaq həm yeni informasiyaların qazanılmasına, həm də digər alimlər tərəfindən aparılan araşdırmalardakı yanlış məqamları və əgər varsa qeyri-etik davranışları aşkara çıxarmağa yardım edir.

Elm və elmi-jurnalistika yayımında qarşılaşdığımız qeyri-etik davranış forma və üsullarını, həmçinin onların yaranma səbəblərini müəyyənləşdirmək, alternativ və multidissiplinar istiqamətlər hazırlamaq, eyni zamanda prosesin işləmə mexanizminin tətbiqi və təsiri imkanlarını doğru qiymətləndirmək bu gün cəmiyyətlərin qarşısında duran ən vacib məsələlərdəndir. Qlobal geosiyasi və informatif məkanda elm və texnologiyaların inkişafına nəzərən qeyd etmək olar ki, elmi araşdırmalarda yol verilən bəzi neqativ halların sayı da artmaqdadır. Sözügedən məsələ artıq problemə çevrilib və hətta Amerika Birləşmiş Ştatları kimi qlobal dövlətdən inkişafda olan bütün dövlətlərə qədər bütöv bir coğrafiyanı əhatə etməkdədir. Açıqlanan rəsmi statistik göstəricilərə görə  ABŞ-da məhz bu məsələ ilə əlaqədar hər il təxminən 450-ə yaxın cinayət işi qeydə alınır. Eyni zamanda, müasir texnoloji nailiyyətlərin istifadəsi zamanı etik norma və davranışların pozulması hallarına görə də ABŞ hər ay iki milyard dollar zərər görür.

Elmdə yol verilən qeyri-etik davranışlar xalqın elmə olan inancını itirməsinə səbəb olur ki, bu da nəticədə  ölkə üçün bir fəlakətə bərabərdir.

Əslində elmi-jurnalistika fəaliyyəti və onun aidiyyatı yayımları zamanı yol verilən qeyri-etik davranışlar müəllif və alim, alim və cəmiyyət, ya da alim və digər alimlər arasında bir uçurum yaradır, həmçinin nəticədə elmə inam və marağı azaldır. Qeyri-etik davranışlar sadalaya biləcəyimiz aşağıdakı formalarda həyata keçirilir ki, bu da elm adamlarının əsas diqqətdə saxlayacağı məqamlardandır.

Birincisi, təkrar və tirajlanmış yayımda eyni bir elmi araşdırmadan əldə edilən nəticələrin iki və daha çox yayım vasitəsinə göndərilərək yayımlanmasıdır. Bu mənada tədqiqatçı bilərəkdən əsas materialı iki və daha çox hissəyə bölməklə və müəyyən düzəlişlər etməklə kəmiyyət göstəricilərini yüksəltməyə çalışır. Qeyd etmək lazımdır ki, bu tip elm adamları yayım vasitələrinin redaktorlarının “qara siyahısı”na da düşür.

İkincisi uydurma yayımlardır ki, bu, heç şübhəsiz təxəyyülün məhsuludur. Burada müəllif heç bir araşdırma aparmadan saxta və uydurma nəticələri mükəmməl və reallığa bənzər bir formada tətbiq edərək sevə-sevə oxuya biləcəyimiz bir elmi məqalə yazır. Hətta proses o qədər asan və qısamüddətlidir ki, bir çox araşdırma mərkəzləri də belə materiallar hazırlaya bilir. Bu cür məqalələri xüsusi ilə yüksək ödənişə görə çap edən yayım vasitələrində uydurma halları daha çox müşaiyyət olunur. Təsiretmə və xüsusi indeksli (impakt faktor), həmçinin məqalənin yayımından imtina halları yüksək olan ciddi elmi jurnallarda bu qəbildən olan məqalələrin çapına qoyulan məhdudiyyət həqiqətən də sevindirici haldır.

Araşdırmalarda təsadüf olunan üçüncü qeyri-etik davranış formasını icazəsiz istifadə, öz adına keçirmək və başqa bu kimi birləşmələrlə ifadə etmək olar ki, bu da nəticədə müəllif hüquqlarının birbaşa pozulması halıdır. Yəni, sadə formada izah etsək, burada digər bir elm adamına məxsus tədqiqat nəticələrinin istinad göstərmədən özününkü kimi çap etdirməsidir.

Elmə və elmi-yanaşmalara inamsızlıq, həmçinin elmə istinadetmənin azalmasına səbəb olan bu kimi digər qeyri-etik davranışların yaranma səbəblərini də bir neçə qrupa bölmək mümkündür. İlk növbədə akademik təhsilin təməlinə nəzər yetirmək lazımdır ki, gələcək tədqiqatçılara dissiplin və elmi araşdırma qaydaları, həmçinin etikası hansı səviyyədə öyrədilir. O cümlədən, qısa müddət ərzində elmi karyerasında və həmyaşıdları arasında yüksəlmək istəyi də gənc tədqiqatçılarda qeyri-etik davranışlara rəvac verə bilər. Özlərinə cəmiyyətdə, elmi mühitdə və ya universitet həyatında yüksək mövqe arzuları hətta təcrübəli elm adamlarını da yuxarıda qeyd olunan davranışlara təhrik edə bilir. Qeyd edək ki, bu, əksər hallarda elmi mədəniyyətin və etik qaydaların lazımınca qiymətləndirilmədiyi və ya qorunmadığı bir cəmiyyətdə müşahidə olunan bir haldır. Digər bir səbəb daha çox sayda məqalə çap etdirməklə nümunə göstərilə bilmək inancıdır ki, burada bir araşdırmanın hissələrə bölüb müəyyən dəyişikliklər etməklə yayımlanması nəzərdə tutulur. Sonuncu səbəb isə maliyyə vəsaiti ilə əlaqədardır. Maddi dəstəyə bağlı mərkəzlərdən, eyni zamanda həmin müəssisədə çalışan tədqiqatçılardan müntəzəm olaraq elmi məqalələr hazırlayıb çap etdirilməsi tələb olunur. Bu, nəticə etibarı ilə hər hansı bir qazanılan layihə, qrant və digər maddi dəstəyin itirilməməsi üçün də az öncə qeyd olunan qeyri-etik davranışa gətirib çıxarır.

Bəs yuxarıdakı qeyri-etik davranışların qarşısını necə almaq olar?

Əslində hər hansı bir araşdırmanın nə dərəcədə həqiqətə uyğun və etibarlı olduğunu elmi metodlarla analiz etmək, bəzən statistik göstəricilərlə yoxlamaq  daha doğru olardı. Amma yadda saxlamaq da lazımdır ki, statistik göstəricilər yekunda yeni bir nəticənin əldə olunmasında məqsəd deyil, sadəcə vasitə funksiyasını daşımalıdır. Qeyri-etik davranışların sonradan alüdəlik yaratdığını və bunun gələcəkdə böyük fəsadlar törədə biləcəyini yazan məşhur sosioloq Vilyam Bovers hələ ötən əsrin 60-70-ci illərində öz araşdırmalarında bu problemin həllinə böyük önəm verib. V.Bovers qeyd edirdi ki, məsələnin həllində əvvəlcə elmi araşdırmalara qədər alınan baza təhsilin keyfiyyətinə diqqət yetirmək lazımdır. Hətta bu cür araşdırmaların müzakirə oluna biləcəyi mərkəzlərin yaradılması, tədqiqatçıların maliyyə sıxıntılarının müəyyən formada öz həllini tapması, həmçinin elmi araşdırmalara aid məqalələrin say çoxluğuna deyil, faydalılıq əmsalına diqqət yetirilməsi də bəhs olunan neqativ davranışların qarşısını almaqda mühüm əhəmiyyət kəsb edir.

Məsələnin digər həlli vacib hissəsi bu cür düzgün olmayan davranış formalarının elmə yaxınaşmasının və təsir imkanlarının qarşısını almaqdır. Bu prosesdə ən önəmli addım düzgün və operativ elmi informasiyaların təsiretmə gücünü doğru qiymətləndirib elmi ilk növbədə, məhz bu vasitə ilə təbliğ etməkdir. Əlbəttə, hər bir cəmiyyət özlüyündə multidissiplinar xüsusiyyətləri cəmləşdirən bir oxucu auditoriyasıdır və ümumilikdə nəzərə almaq lazımdır ki, bu cür auditoriya inandığı informasiyaya istinad edə bilər. Alim və müxbir-jurnalist tandeminin fəaliyyət arealı və xüsusiyyətləri də bu inamı müəyyən edən başlıca amillərdəndir.

Elmi araşdırmalara və informasiyalara inamsızlıq

Bu gün çərçivəli sosiallaşma istəyi hər bir cəmiyyətdə var. Amma bir düşünün, elm adamları da bir-birilərinə, ya da müxbir-jurnalistlərə güvənməzsə nə baş verə bilər? Bu suala cavab axtarmadan öncə bir məsələyə diqqət çəkmək istərdim. Bu gün yalnış elmi araşdırma örnəkləri vermək, aldatma, şübhəli tədqiqat prosesi nümunələrinə və tətbiqlərinə, həmçinin icazəsiz sürətçoxaltma hallarına tez-tez rast gəlinir, eyni zamanda bu məsələyə cəmiyyətlərin münasibəti də birmənalı deyil.

Elmi əlaqələrin ən çox yayılan forması kimi təcrübə mübadiləsi və nəticələrə aid ilkin məqalələri göstərə bilərik. Təsəvvür edin ki, bir yazıda hər hansı bir elmi istiqamətdə yeni nəticələrin əldə olunduğunu yazan müxbir-müəllif təcrübələrin dəyərindən danışır. Əslində bunu bir iddia kimi qəbul edən digər elm adamları sözügedən inam anlayışının bu zəncirin son halqası olduğunu qeyd edirlər. Bildirirlər ki, xüsusən də nəticələrin nə dərəcədə dəyərli və həqiqətə uyğunluğu normalda şübhə yaratmalıdır. Yəni iddialara yönələn bu cür şübhələr əldə olunan nəticələrin ilkin münasibət divarı və analiz tətbiqlərinə dayanıqlığını yoxlamaq məqsədi daşıyır. Alimlər müxbir-müəlliflərin araşdırma metodları və yekun materialları haqqında heç də eyni fikirdə deyillər. Bəziləri yazarların ifadə tərzini əsas götürərək cəmiyyətə birbaşa təsir imkanlarını, hətta mənasız əsərləri belə dəyərli göstərə bilmək bacarıqlarını normal qarşılayır və bəzən bu qisim yazarlara şübhəli yanaşmırlar. Əksər elm adamları isə sözdə “dəyərli” əsərləri tirajlayaraq cəmiyyətə heç də doğru olmayan məlumatlar və nəticələr ötürdükləri üçün bəzi jurnalistlərin fəaliyyətindən razı deyil. Eyni zamanda, jurnalistlərin həmin əsərlərin süni təbliğatını apardığını və ya başqa səbəblərin varlığından şübhələnirlər.

Proseslərin ortaq məxrəci inamdır

Amma istənilən istiqamət üzrə araşdırmanın nəticəsi və irəli sürülən iddia varsa nə üçün başqa birinin izahına inanmalıyıq? Bu cür izahlara inanmaq üçün üç vacib inam medodunu göstərmək olar.

Birincisi, oxucu idealist biridir və bu tip informasiyalara inanır. Oxuyarkən yazarın kim olduğu ona bəlli olduğundan aldadılmadığına əminlik var. Fikrimcə, bu cür inam forması örtülüdür və uzunömürlü olmaya bilər. Bu mənada müasir dövrdə insanların müxtəlif skandallar, müəlliflik hüququ və maliyə mübahisələrinə görə elmə idealist inancının zəifləməsi həqiqətən də təəssüf doğuran bir haldır.

İkincisi, praqmatiq inam formasıdır ki, burada yayılan informasiyanın hiyləli və ya saxta olacağı təqdirdə bunun aşkara çıxacağından və müəllifin buna görə cəza ala biləcəyindən əminlik var. Həmçinin, informasiya və ya izah yalan da ola bilər, amma bu, yuxarıdakıları nəzərə alaraq yazarın lehinə olmadığına bir işarədir.

Bu gün elmə yanaşmada həm idealist, həm də praqmatiq inam medodlarından danışırıq. Amma elmə maraq və inamın azaldığını düşünürüksə digər tərəfdən elmə inamı artırmaq və qorumaq üçün müəyyən addımların atılması da labüddür. Əgər elm adamı və müxbir-jurnalist arasında idealist səbəblərlə bir-birinə güvənsizlik varsa və ya inamın praqmatiq formasında ciddi sorğu-suallarla yazarı mövqeyindən sui-istifadə etməkdə təqsirləndirə biləriksə inamın başqa formasının mövcudluğu da mütləqdir.  Bəli, biz alternativ olaraq şəffaflığı önə sürə bilərik. Təsəvvür edin, şəffaflıq, oxucuların öz gözləri ilə dəlil və sübutları görmək imkanı yaradır ki, nəticədə auditoriyanın inam ehtiyacı da aradan qaldırılmış olur. Müxbir-jurnalistlər də öz növbəsində əsas araşdırma prosesinin əvəzinə ilkin nəticələri, araşdırmanın sonrakı mərhələsinə (əgər varsa – B.Y) zərər verməyəcəksə hətta vizual material və qrafikləri  belə yaya bilərlər. Bəlkə də bu yetərli deyil, amma doğru nəticələri əks etdirən istənilən təqdimat hər zaman faydalıdır.

Nəticə etibarı ilə yuxarıda bəhs olunan elmi inanc və onun formaları elm və onun cəmiyyətə düzgün inteqrasiyasına, həmçinin alim və müxbir-jurnalist tandeminin əməkdaşlığının möhkəmləndirilməsinə yönəlib. Eyni zamanda, istər idealist, istər praqmatik, istərsə də şəffaflıq metodunun təkmilləşdirilməsi və tətbiqi üstünlükləri həm elmə olan inamı və marağı artırar, həm də cəmiyyətin elmi informasiyalara istinadetmə mədəniyyətinin keyfiyyət göstəricilərini yüksəldər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi