Özəlləşdirmə çeklərinin müddətinin 2011-ci il yanvarın 1-də bitməsinə baxmayaraq, Bakıdakı bir çox metro stansiyalarının çıxışında hələ də onların alqı-satqısı aparılır. Məlum olduğu kimi, özəlləşdirmə paylarının dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanıb və bu, iki mərhələdə həyata keçirilib. Ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanıb. Qanunvericiliyə uyğun olaraq 1997-ci il yanvarın 1-dək anadan olan Azərbaycanın hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Dövlət özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddəti bir neçə dəfə uzadılıb. Prezidentin müvafiq fərmanları ilə 2002, 2004, 2008, 2009-cu illərdə çeklərdən istifadə müddəti artırılıb.
Son fərmana əsasən, dövriyyəyə buraxılan dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb və bundan sonra özəlləşdirmə paylarının istifadə olunması mümkünsüzdür. Belə olan halda “qara bazar”da hələ də satışı davam edən vauçerlərin alınmasında məqsəd nədir və onlar nəyə yararlıdır?
Modern.az saytına açıqlamasında məsələyə aydınlıq gətirən iqtisadçı Vüqar Bayramov da vauçerlərdən istifadənin 2011-ci ildə başa çatdğını bildirib:
“Bildiyiniz kimi, prezident vauçerlərin istifadə müddətini uzatmayıb. Hazırda praktik olaraq özəlləşdirmə prosesində vauçerlərdən istifadə edilmir. Buna baxmayaraq, bir sıra satış məntəqələrində, eləcə də metro çıxışlarında ucuz qiymətə satılan vauçerlərin alqı-satqısı həyata keçirilir”.
Onun sözlərinə görə, vauçerlərin təxminən 80 faizi özəlləşdirmə prosesində istifadə olunub: “Həmin vaxt bəzi vətəndaşlarımızda elə təsəvvür yaranmışdı ki, yaxın gələcəkdə vauçerlərdən istifadə imkanı mümkün olacaq. Bu baxımdan hətta kommersiya məqsədilə vauçerlərin alınmasını həyata keçirirlər. Digər tərəfdən, bəzi vətəndaşlarımızda vauçerlərin istifadə müddətinin bitməsilə bağlı məlumat yoxdur. Müddət başa çatdıqdan sonra ölkə prezidenti vaxtın uzadılmasına dair hər hansı bir qərar qəbul etmədiyindən qanuni olaraq çeklərin istifadəsi, özəlləşdirmədə iştirak etməsi mümkün deyil”.
İqtisadçı vauçeri suvernir olaraq da alanların olduğunu istisna etmir: “Azərbaycanda kütləvi özəlləşdirmə başa çatıb və praktik olaraq vauçerlərdən kütləvi özəlləşdirmə zamanı artıq istifadə olunub. Güman olunmur ki, vauçerlərdən növbəti dəfə istifadəyə imkan yaransın. İndiki halda alqı-satqısı həyata keçirilsə belə, onlardan istifadə edilməsi hüquqi cəhətdən mümkün deyil. Yenidən özəlləşdirmədə istifadə edilməsi üçün dövlət proqramının şərtlərinə uyğun olaraq vaxtın uzadılması tələb olunur. Ona görə onlardan istifadə inandırıcı görünmür. Özəlləşdirilən müəssisənin 30 faizi kütləvi özəlləşdirilməyə aid edilirdi. Yəni həmin şəxs müəssisədə pay sahibi olurdu. Bildiyniz kimi, kütləvi özəlləşdirmə dövründə vauçerlərdən istifadə məcburi idi.
Vauçerlərdən istifadə edilən zaman vətəndaşların bir qismi pay sahibi olub. Amma etiraf etmək lazımdır ki, həmin pay indiki halda onlara gəlir gətirmir.
Əvvəlki dövrdə 50 faiz çek hərraca çıxarıldı, 30 faiz pullu, 15 faiz isə qapalı hərracda satıldı. Vətəndaş öz çeki ilə səhmlərə sahib olsa da, ən tanınmış, iri cəmiyyətlərdə belə çeki, səhmləri olan vətəndaşların böyük bir qismi divident əldə edə bilməyiblər”.
İqtisadçı ekspert Oqtay Haqverdiyev isə hazırda özəlləşdirilən müəssisələrin torpaq yerlərinin istifadə edilməsi üçün yararlı olduğunu bildirir: “Əmlak Komitəsinin nəşr etdiyi qəzetdə özəlləşdirilməyə çıxarılan müəssisələrin siyahısı və keçirilmə vaxtı göstərilir. Çeklər həmin özəllşədirilmədə istifadə edilir. Məsələ burasındadır ki, hərraca gəlir gətirməyən obyektlər daha çox çıxarılır. Hazırda 1-2 manata satılan çeklər yalnız orda istifadə edilə bilir. Çeklərin 80 faizi artıq istifadə olunub, təxminən 15-20 faizi əllərdədir.
Proses təzə başlayanda qiymət çox baha oldu, bu, təxminən 1-2 il çəkdi. Çünki insanlar çeklərlə böyük paylara sahib olacaqlarını düşünürdü. Bəziləri hətta düşünürdü ki, böyük şirkətlərdə pay əldə etməklə varlanacaqlar. Sonradan məlum oldu ki, özəlləşdirilən müəssisələrin çoxu “ölü”dür. Orda heç bir gəlir əldə etmək olmur. İndi də 1-2 manata satılır. Əslində yaxşı müəssisələr min cür yolla çekləri özünə götürür, “qara camaat” isə əlində olanlarla heç nə əldə edə bilməz. Həmin müəssidədən gəlir əldə etmək üçün gərək ora böyük miqdarda kapital qoyasan. Çox hallarda obyektlərin torpağı sahibkarlara lazım olur. O yeri söküb yeni bir tikinti həyata keçirirlər”.
Gülşən RAUFQIZI