Modern.az

Nəbi Xəzri - "Qanlı Yanvar"

Nəbi Xəzri - "Qanlı Yanvar"

Ədəbi̇yyat

20 Yanvar 2015, 10:15


Yermi batdı, göymü uçdu,
Söküləndə qırmızı dan?
Yer kürəsi iki rəngdən yoğrulmuşdu,
Qara ilə qırmızıdan.

Üfüq gümüş, torpaq qızıl,
Neftimizlə varlananlar
Görün necə qaytardılar haqqımızı...
Döz, ürəyim, döz ürəyim!

Pəncərəmə gəlib qonan günəş, aydı,
Muğamatın sədaları
Əsrlərin ağısıydı,
Üəklərə səbir dedi, dözüm yaydı,
Döz, ürəyim, döz, ürəyim!

Dinlədikcə bircə anlıq
Dəhşətləri unudursan.
Sağ ol, mənim muğamatım,
Ey varlığım, ey həyatım,
Tarixlərin qucağından
Yenə gəlib əllərimdən sən tutursan.
Döz, ürəyim, döz ürəyim!

Oğul cəsədini tapmayan ana,
İndi də şəhəri ağlar dolanır.
Sanki dərd əlindən gəlib tüğyana,
Dünyanın başına dağlar dolanır.
Bir gəlin-körpəsi imanı, dini,
Yudu uşağının ağ köynəyini,
Zivəyə sərməkçin eyvana çıxdı,
Tuşlandı gəlinə qatil gülləsi.

Evdə haray çəkdi körpənin səsi,
Yerə mərcan-mərcan al qanlar axdı.
Ölümə mərdanə getdi cavanlar
Qızardı göy rəngi asimanın da.

Əgər bir məcrayla axsaydi qanlar,
Xəzər yaranardı Xəzər yanında.
İnsan iradəsi dəmir olsa da,
Zirehli tanklara neylər dünyada?

Gör necə bənzərdir biz bunu gördük,
Qara əməllər də qara gecədir.
Düşmənlər gəlsəydi sinə gərərdik
Bəs "dost" dediyin nə,
Bu qırğın nədir?

Matəmə boyanmış doğma evim var,
Kədərim sonsuzdur, səbrim möhtəşəm.
Mənim silahım yox, tək qəzəbim var,
Güllə bir yol atar, qəzəb həmişə!

Neçə neçə cavanlarin toy gecəsi
Dönüb oldu vay gecəsi.
Qara geymiş anaların yaş qurudu gözlərində
Qızıl-qızıl kəcavələr üzdü şəhər üzərində...

O gün fəda etdi mərdlər baxtını,
İzdiham yarıldı xiyaban kimi
Ulduz-qərənfilli insan axını,
Düzüldü yer üstdə kəhkəşan kimi.

Sahildə dalğalar coşdu, çağladı,
Gəmi harayıyla Xəzər ağladı.
Dünyanı çulğayan fəryad səsidir,
Bundan hali edin gedib-gələni!

Zəlzələ təbiət faciəsidir,
İnsanlar gətirdi bu zəlzələni.
Anaların ahı, mərdlərin qanı,
Yerdə qalmayacaq heç zaman, heç vaxt!

Məgər ki, sabahın məğrur insanı,
Qatil boğazından yapışmayacaq?!
Qonur hər məzara göyün ulduzu,
Necə ağır olur gecə matəmi...

Kim deyir dünyada şəhidlər susur?!
Şəhidlər dillənir şahidlər kimi!
"Ey qanlı yanvar,
Əlində qan var.
Nə qədər torpaq var,
Göy, asiman var
Sən elə qanlısan,
Ey qanlı yanvar.
Nə qədər rica et, nə qədər yalvar,
Səni bağişlamaz el, qanlı yanvar".

Allah, sanki birdən zaman dayandı,
Gördük neçə vəhşi ölümü, Allah.
Al qandan torpaq da od tutdu, yandı,
Sən necə götürdün bu zülmü, Allah!

İnsan doğma yurdda sanki qəribdir,
Qanlı fəlakətin susmur fəryadı.
Kim ki, ölümlərə fərman veribdir,
Bu gün necə görən o, rahat yatır?

...Deyirlər, qaranlıq çökəndə yerə,
Astaca yarılır şəhidlər qəbri.
Sükutla gedirlər onlar evlərə,
Ssəhər sükutla da dönürlər geri.

Allah, şəhidlərim ölməz, müqəddəs,
Nuru məzar üstdə yandıran sənsən!
Sonra da əl tutub dinməz-söyləməz,
Onları evlərə aparan sənsən.

Onlar asta keçir çəndən, dumandan,
Boynuma dolanmır qolları əfsus,
Onlar ki, hər şeyi görür cahanda,
Biz isə görmürük onları, əfsus!

Yenə çıxsın Günəş, parlasın ulduz.
Necə tapdalandı ədalət, qanun!
...Ərşə çəkilmişdir bizim yuxumuz,
Siz ana torpaqda rahat uyuyun!

Bizim vicdanimiz, qeyrətimiz siz,
Sizə səcdə edir bir ulu millət!
Şəhidlər sizsiniz, şahidlərsə biz,
Rəhmət oxuyuruq sizlərə...rəhmət!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı