yazıçı-publisist,
filologiya üzrə fəlsəfə doktoru
Ürəyin səadətə bələnmək istəyəndə zəng elə mənə. Səni könlümün qayığına mindirib dənizimdə gəzdirim.
Canın sıxılanda zəng elə mənə. Səni elə əzizləyim, elə fərəhləndirim ki, Yerə-Göyə sığmayasan.
Gözlərini sevindirmək istəyəndə zəng elə mənə. Görüşünə tələsim. Elə bəzənim, elə süslənim ki, gözündən könlünə axan gözəlliyim qəlbini gülüstana döndərsin.
Ruhunu pərvazlandırmaq istəyəndə zəng elə mənə. Səsimin məlahətindən vücuduna rahatlıq süzülsün, sözlərimin intonasiyası Səni starta hazırlasın, söhbətimizin məğzi ruhunu mənəviyyat dünyasının ənginliklərinə qaldırsın, uçurtsun özəlliklər diyarında.
Yumor obyekti olmaq istəyəndə zəng elə mənə. Səni incə-incə tənbehləyim. Sən də elə bu niyyətlə, incitmək istəmədən satira hədəfinə çevir məni. Ta ki, dilinin neştəri korşalanacan.
Pislərə, bədxahlara ürcah olanda zəng elə mənə. Xeyirxahlığım aranızda sipərə çevrilib qorusun Səni.
Büdrəyəndə zəng elə mənə. Sözlərimdən əsa hörüb Sənə dayaq olum, yıxılmağa qoymayım.
Dost bildiklərinin məclisindən dönəndə zəng elə mənə. Sənə əsl dostun necə olduğunu göstərim.
İtkilərinin ağrı-acısından belin büküləndə, ağlamaqdan gözlərinə tor gələndə, dünya sənə dar gələndə zəng elə mənə. Ağrı-acını vücudundan soyundurub, səni “Həyat davam edir!” silahıyla qurşandırım.
Tərəddüdlər okeanında acizləşəndə, kədər dağının altında qalanda, qəmə mehman olanda zəng elə mənə. Məhəbbətim şahin tək şığıyıb səni okeanın əlindən alsın, azman sevgim çiynini dağın altına verib səni oradan çıxartsın, gülər üzüm “gəl, gəl” deyib Sənə qonaqlığın doğru ünvanını göstərsin.
Sevənim kimi zəng elə. Dostum kimi zəng elə. Sirdaşım kimi zəng elə. Xeyirxahım, yaxınım, tanışım kimi zəng elə. Hansı statusda olursan ol, bircə ki zəng elə. Zəng elə ki, dünya mənsiz qalmamış iç dünyamdakı sərvətdən nəsibini ala biləsən. Sonra gec olar.
Səhər, axşam, gecəyarı zəng elə. Hər gün, hər an... Zəng elə ki, gah susaq, gah danışaq, gah da gülüşək. Şeirləşə-şeirləşə qalib-məğlub olanadək hey deyişək. “Tərifləyək” bir-birimizi. Sən məni, mən də səni. İncitmədən qəlbimizi zarafatlaşmağa çalışaq. Alınsa da, alınmasa da.
Yanıma gəl,- demirəm. Gələmməzsən. Aramızda gözəgörünməz sərhədlər var. Zəng elə,- deyirəm. Zəng elə, xəbərləşək. Hal-əhval tutaq.
Yaşamaq istəyəndə zəng elə mənə. Səni sevgi çərpələngimdə uçurdum.
Ölmək istəyəndə zəng elə mənə. Əzrayılın başını aldadıb yolundan sapdırım, özümü fəda edim. Təki Sən yaşa!