Modern.az

“Bir kəndin məşhurları" - Qaxın İlisu kəndinin tanınmışları - RUBRİKA

“Bir kəndin məşhurları" - Qaxın İlisu kəndinin tanınmışları - RUBRİKA

Ölkə

11 Mart 2015, 16:04


Modern.az
 saytı “Bir kəndin məşhurları” rubrikasında növbəti yazını təqdim edir. Adından da göründüyü kimi, bu rubrikada eyni kənddən (yaxud qəsəbədən) olan tanınmış ziyalılar, elm, mədəniyyət, ədəbiyyat, idman adamları, eləcə də ictimai-siyasi sferaya mənsub olan şəxsləri təqdim edirik. 

Bu dəfə Qax rayonunun məşhur İlisu kəndi  və onun yetirmələri haqda söhbət açacağıq.

İlisunun tarixi

İlisu kəndi Qax rayonunun eyni adlı ərazi vahidində yaradılıb. Kəndin yaranması XVI əsrə gedib çıxır. Səfəvilər dövründə, 1562-ci ildə  Səfəvilərin türk əhalisinin, eləcə də Dağıstandan köçüb gələn saxurların  məskun salaraq əsasını qoyduğu bu ərazi hazırda müstəqil Azərbaycanın ən böyük kəndlərindən biri sayılır. Kəndin toponimi qıpçaq mənşəlidir, “ili” və “su” sözlərindən əmələ gəlib mənası “isti su” deməkdir.  Qədim türk dillərdində “ili su” həm də “yel suyu” mənasını verir. Amma, şübhəsiz, birinci variant məqbul sayılmalıdır. Çünki İlisudə əvvəllər lap çox, indi isə cüzi sayda olan isti bulaqlar mövcuddur.

Bundan əlavə, kəndin adının “iyli su”, “elli su”, “ulu su” kimi variantları da var. 

Kənd rayon mərkəzindən 12 kilometr məsafədə, dəniz səviyyəsindən 1496 metr hündürlükdə yerləşir.  Kənddən şərqdə, 10 kilometr uzaqlıqda Qaraqaya dağı, şimalda Kürmükçay dərəsi yerləşir. Bundan əlavə, İlisuda Qoçyataq gölü, Hamamçay dərəsi, Su qovuşan, Şahverdi, Ram ramay şəlalələri kimi nadir təbiət inciləri var. Ağçayla Kürmükçay da məhz İlisu ərazisində qovuşur.

Tədqiqatçı alim, filologiya elimləri namizədi Sabir Əfəndiyev İlisu, onun keçmişi haqqında dəyərli məlumatlar toplayıb. İlisunun hazırda yerləşdiyi məkandan bir az aralı-Kürmükçayın solunda, Səngər məhəllədən 3-5 kilometr Qax tərəfə uzanan Böyük Qafqaz silsiləsinin döşündəki talada uzun əsrlər bundan əvvəl insanlar özlərinə yaşayış məskəni salıblar. İndi də xərabəlikləri qalan Kəndtala (Orta Könə) adlı bur yerdə X-XI əsrlərəcən xeyli əhali yaşayıb. Bunu bu ərazidə mövcud olan qəbirstanlığın, iri məzar daşlarının və yaşayış binalarını qalıqlarının olması sübut edir. Qədim məzarların üzərindəki kufi xətti ilə yazılan epiqrafik nümunələr bunu bir daha sübut edir. Əhalinin Kəndtaladan İlisuya köçməsini rəvayətlərdə ərazidəki içməli su ilə bağlayırlar. Ehtimal olunur ki, suyun tərkibinin özünəməxsusluğu insanlarda daima aclıq hissinin yaranmasına səbəb olub. Bu səbəb tədricən əhalinin ərazini tərk etməyə məcbur edir. Bu ərazinin yaxınlığında həm də Sasani dövrünün memarlıq xüsusiyyətlərini daşıyan Cinli qala var. Şamil Fətullayevin gəldiyi nəticəyə görə, qala VII-IX əsrlərə aiddir. 



Tarixi şəxsiyyətləri

İlisu kəndi həm əvvəllər, həm də hazırda Azərbaycanın elmi-ədəbi, mədəni, eləcə də ictimai həyatı üçün vacib kadrlar yetişdirib. Əvvəlcə tarixə nəzər salaraq İlisunun bir neçə yetirməsini təqdim edək.

Çar ordusunda xidmət edən azsaylı Azərbaycan generallarından bəziləri məhz İlisudan olub.

İlisu sultanı Əhməd sultan çar qvardiya ordusunun polkovniki, oğlu Daniyal sultan isə həmin rus ordusunda atasından da irəli gedərək general-mayor olub. Amma İlisunun çar ordusundakı general-mayorları bunlarla bitmir. Həsən xan İlisuluSadıq bəy İlisulu da general-mayor rütbəsinə qədər yüksəliblər. Məhəmməd Müxlis xan isə bir pillə də irəli gedərək, general-leytenanat rütbəsini qazanıb.

Hərbçilərdən əlavə, İlisunun məşhur Sultanovlar nəslindən çar rejimiin yüksək çinli vəzifələrində də çalışanlar olub. Bəypolad Sultanov, Xəlil bəy Sultanov, Ədil bəy Sultanov yüksək çinli çar məmuru olmaqla yanaşı, mesenantlığı ilə də seçiliblər.

M.Ə.Rəsulzadənin əqidə yoldaşlarından, Zaqafqaziya seyminin üzvlərindən İslam bəy Qabulov, onun qardaşı və Müsavat hökumətinin maliyyəçilərindən biri, Rusiya imperiyasında yüksək hərbi rütbə almış Həmzət bəy Qabulov, XIX əsrin sonlarında Qaxda ilk dünyəvi təhsil məktəbləri açan, bir sıra yeni dərsliklərin müəllifləri olan Harun bəy Sultanov, İsa bəy Abakarov, Şərif Əfəndiyev, Məmməd Əfəndiyev, Molla Əhməd Əfəndi də İlisu suyu içiblər. Maraqlı bir insan da Osmanlı ordusunda general rütbəsinə qədər qalxan Seyfulla paşadır. O ilk türk aeorplan pilotu olan azərbaycanlıdır.



Yeni məşhurlar

Çar Rusiyasında irəli gedə bilən ilisulular SSRİ miqyasında da  tanınmış, savadlı kadr kimi özlərini təsdiq edə bildilər. Bu siyahıda ilk olaraq böyük bəstəkar, dirijor və ictimai xadim Müslüm Maqomayevin adını çəkə bilərik. “Şah İsmayıl” operasının müəllifi SSRİ miqyasında tanınsa da, onun adını və soyadını daşıyan nəvəsi müğənni Müslümün səs-sədası babasından da irəli getdi. Odur ki, SSRİ və Azərbaycan xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevi ən tanınmış İlisulu adlandırmaq olar.

Amma bu dövrdə İlisunun yetirmələrinin adı mədəniyyət deyil, daha çox ictimai-siyasi və elm sferasında hallandı.

İxtiraçı alim, eləcə də nüfuzlu dövlət xadimi olan Saleh Qocayev sovet dövründə İlisunun ən yaxşı təmsilçilərindən olub. O, bir müddət Nazirlər Soveti sədrinin müavini və Neft İnstitutunun rektoru kimi yüksək vəzifələrdə çalışıb. Bir dəfə “Qırmızı bayraq”, 4 dəfə isə “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunub. İlisunun Qocayevlər nəslindən daha iki nümayəndə respublika əhəmiyyətli yüksək vəzifələrdə çalışıblar. Mahmud Qocayev SSRİ Taxıl Tədarükü İdarəsinin Azərbaycan kantorunun müdürü, Vaqif Qovayev isə Yeyinti Sənayesi Nazirliyində şöbə müdiri və başqa məsul vəzifələrdə çalışıb. Sonuncu yüksək ranqlı iş yeri isə Qax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi olub. İlisulu Abbas Məmmədov isə həmin nazirlikdə (Yeyinti Sənayesi Nazirliyi) nazir müavini vəzifəsində çalışıb.

Sovet dövründə İlisu kəndindən olan nazir və nazir müavini vəzifələrində çalışan başqa adamlar da var. Hatəm Əhmədov Azərbaycan SSR ticarət naziri, Həlimət Davudova isə Azərbaycan SSR səhiyyə nazirinin müavini olub.

1954-59-cu illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi işləmiş İmam Mustafayev da İlisunun ölkəyə hədiyyə etdiyi şəxslərdəndir.

Bir çox zonalarda- Şəki, Abşeron, Ağdamda birinci  katib kimi çalışan və bir müddət Mərkəzi Komitədə ideoloji şöbənin müdiri olan Sadıq Murtuzayev də bu kəndin adi evlərinin birində dünyaya göz açıb. Vahid Hacıyev isə Bakı şəhərində partiya komitəsinin birinci katibi vəzifəsində çalışıb.



Elm və qələm adamları

İlisunun elm xadimlərindən danışarkən ilk olaraq hazırda Almaniyada çalışan və Azərbaycanı yüksək şəkildə təmsil edən Məsud Əfəndiyevi göstərmək olar. Elm aləmində nüfuzlu Humbold mükafatını alan ilk və yeganə azərbaycanlı olan Əfəndiyev 1994-cü ildə Almaniyaya dəvət edilib. O, hazırda Almaniyanın Münhen Elmi-Tədqiqat Mərkəzində “Dinamik sistemlər” şöbəsinin müdiridir. . Əfəndiyev postsovet məkanında dünyanın 6 aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir.

İlisu Əfəndiyevlərinin başqa nümayəndələrindən folklorşünas alim, professor Paşa Əfəndiyev, adını çəkdiyimiz qələm adamı Sabir Əfəndiyevi də göstərə bilərik. Professor Əmin Əfəndiyev Azərbaycan biblioqrafiya məktəbinin əsasını qoyub.

Sultanovların elmdə də yüksək nüfuzlu yetirməsi olub. Əzəl Sultanov Azərbaycan Dövlət Universitetində (indiki BDU- red.) yüksək vəzifədə çalışan - prorektor olan yeganə ilisuludur. Akademik Əzəl Sultanov Elmlər Akademiyasında Geologiya İnstitutunun direktoru vəzifəsində də çalışıb. Azərbaycanın bir nömrəli pedaqoq-metodistlərindən olan professor Yəhya Kərimov da İlisu kəndindəndir.

Azərbaycanın baş nevroloqu, tibb elmləri doktoru professor Şərif Mahalov da İlisu kəndinin yetirməısidir.

Qələm adamlarından isə publisist, uzun müddət mətbuatda və radio-televiziya sahəsində çalışan Gəray Fəzlinin adını çəkmək olar. “Femida” qəzetinin baş redaktoru Eyyub Kərimov da bu kəndin tanınmış şəxslərindən biridir.

Qeyd edək ki, idman sahəsində də İlisu kəndinin yetirmələri var. Sərbəst güləş üzrə Avropa çempionu, qadınlardan ibarət yığma komandanın sabiq baş məşqçisi, “Tərəqqi” medalına layiq görülən Nazim Əlicanov da o kəndin suyunu içənlərdəndir.

Həndbol üzrə yığma komandanın sabiq kapitanı Reyhan Nəbiyeva da həm SSRİ, həm də müstəqilliik dövründə idman sahəsində İlisunu layiqli təmsil edib.

İlisudan olan digər elmlər doktorları bunlardır: Ələşrəf Məmmədov, Səyyarə Mollazadə, Fəzli Hacıyev, Dəmir Hacıyev.




Elmin NURİ

***
Həmçinin oxu:

Naxçıvanın Cəhri kəndinin tanınmışları

Ağdamın Mərzili kəndinin tanınmışları

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi