Modern.az

“Bir kəndin məşhurları" - Ağdamın Mərzili kəndinin tanınmışları - RUBRİKA

“Bir kəndin məşhurları" - Ağdamın Mərzili kəndinin tanınmışları - RUBRİKA

Ölkə

3 Mart 2015, 14:20

Modern.az saytı “Bir kəndin məşhurları” rubrikasında ikinci yazını təqdim edir. Adından da göründüyü kimi, bu rubrikada eyni kənddən (yaxud qəsəbədən) olan tanınmış ziyalılar, elm, mədəniyyət, ədəbiyyat, idman adamları, eləcə də ictimai-siyasi sferaya mənsub olan şəxsləri sizlərə təqdim edəcəyik.

Bu dəfə Ağdamın işğal altındakı məşhur Mərzili kəndi və onun yetirmələri haqda söhbət açacağıq. Onlardan ikisi- tarixçi alim Boran Əziz və hazırda Moskvada yaşayan şair-publisist Sultan Mərzili həmsöhbətimiz oldu. Ziyalılar əvvəlcə kəndin tarixi və özəlliyi haqqında məlumat verdilər:

Boran Əziz – (BDU-nun tarix fakültəsinin dosenti. 1954-cü ildə Mərzili kəndində anadan olub):

- Mərzili kəndi qədim tarixə malik olan bir yerdir. Arxeoloji qazıntılar nəticəsində oradan qədim dövrlərə aid maddi-mədəniyyət nümunələrinə rast gəlinib ki, onların yaşı başqa nümunələrdən də xeyli çoxdur. Mərzilinin adı ilə bağlı bir neçə tarixi ehtimallar var. Bəziləri deyir ki, o bir böyük tayfanın adı olub və sonradan kənd də bu cür adlanıb. Bəziləri yanlış olaraq qeyd edirlər ki, Mərzili kəndi Şirvan xanı Mustafa xanın zamanında oradan köçürülən adamlardan təşkil olunub. Bu iddia kökündən yalnışdır. Əvvəla, bir şeyi unudurlar ki, istər şah Abbasın dövründə, istərsə də sonralar, Nadir şahın dövründə xeyli adam müxtəlif səbəblərdən Şirvana köçürülüb.
Yaxud Qarabağ xanlığı uğrunda gedən mübarizədə bu tayfaların bir hissəsi öz doğma vətənlərini tərk edərək Şirvana sığınıb, sonrakı illərdə şərait olanda geriyə qayıdıblar. Onlar, adətən Şirvanda daha çox köçəri təsərrüfatla məşğul olan Xançobanı tayfasının tərkibində və onunla birgə dağlarda öz təsərrüfatları ilə məşğul olublar. Bu tayfanın adına Güney Azərbaycanda da rast gəlmək mümkündür. Mərzili Qarabağın böyük kəndlərindən biridir. 1886-cı il Zaqafqaziya diyarının statistik məlumatına görə, Mərzili 3 hissədən ibarətdir: biri əsas hissə, ikincisi - Cəfərqulu ağanın Mərzilisi, bir də İsmayıl ağanın Mərzilisi. Bu üç Mərzilidə 273 ev, 1079 adam  olduğu bildirilirdi. Bu adamların böyük əksəriyyəti, demək olar hamısı şiə əhalisi idi. 1000-ə yaxın  adam xəzinə torpağında yaşayıb. Cəmisi 89 adamın öz torpaqları var idi. Mərzilidəki bütün torpaqlar xan və onun ailəsinə məxsus olub. Sonradan İbrahimxəlil xan o torpaqları xan ailəsinə məxsus olan qohumu İsmayıl ağaya verib. Bu kəndin adamları çox qədim zamandan özünün əməksevərliyi, günün çoxunu at belində keçirməsi, ox atması, qılınc oynatması ilə keçirib. Təsadüfi deyil ki, bir çox döyüşlərdə bu kəndin övladları iştirak ediblər. Daha sonradan elm və maarifçiliyin inkişaf etməsi, diqqətin əsasən o sahəyə yönəlməsinə səbəb oldu. Mərzilinin də əksər insanları ən çox bu istiqamətdə formalaşmağa başladı.

Sultan Mərzili: (şair-publisist, 1948-ci ildə Mərzilidə anadan olub)

- Mərzili elinin çox qədim tarixi var. Şəxsi araşdırmalarımda bu elin tarixi VII əsrə qədər gedib çıxır. Əvvəllər Kəbirli nahiyəsinə aid olub.

Əslində Mərzili və Gülablı da eyni kökdən gəlir. Mərzililər Qarabağ xanlığının şəxsi qvardiyasında xidmət ediblər. O səbəbdən bir çox köklü şuşalılar da mərzlilərdəndir.
Sovet vaxtı Azərbaycanın  əhalisi ən sıx olan rayonu Ağdam idi.  Onun da ən böyük kəndlərindən biri, bəlkə də birincisi Mərzili olub.
Yarı köçəri camaat olduqlarından Mərzilinin torpaq sahələri çox geniş olub. Yazlıq-payızılıq yeri kəndə yaxın Ergi ətrafında, yaylağı Dəlidağda, qışlağı Haramıda, Mil-Muğan düzənliklərində yerləşirdi.
Mərzililər həm əkib-biçən, həm də heyvandarlıqla məşğul olublar. Kəndin savadlı insanları da həmişə olub. Mərzilinin özəlliyi ondadır ki, burada  bir çox tirələr vardı. Hamı bir-birinə qohum idi. Amma tirələrin də öz incəlikləri vardı.
Bizim nəslin tirəsi - mollalardı... Yəni bu nəsildə dini təhsil almış mollalar olduğuna görə belə ad alıb.

Boran Əziz:

-  Elm, mədəniyyət, ədəbiyyat və ictimai həyatda bu kəndin yetirmələri özlərini sübut edə bilib. Kəndin 30-dan yuxarı elmlər doktoru və elmlər namizədi olub. Bundan əlavə, qələm adamları içərisində də istər şair, istər yazıçı, istərsə də jurnalist kimi Mərzilinin yetirdiyi insanlar var. Əgər elm sahəsindən danışırıqsa burada böyük alim Xudu Məmmədovun adını çəkməsək, günah olar. O, mineroloq-kristolloqraf alim olmaqla yanaşı, həm də böyük vətəndaş idi. Elinə-obasına, millətinə çox bağlanmışdı. Dünyanın harasında olsaydı, orada Azərbaycana aid nəsə axtarmalı idi. Məsələn, İngiltərədə elmi ezamiyyətdə olarkən oradakı muzeylərdə olan eksponatlardakı rəng sisteminin Azərbaycan xalçalarındakı rəng sistemindən törəmələr olduğunu sübut edib. Bundan əlavə, o, həmin xalçadakı naxışların kristolloqraflarla olan əlaqəsini də sübut edə bilmişdi. Nənələrin çox-çox qədimlərdə toxuduğu xalçadakı ornamentlərdə türkçülüyə məxsus olan çalarları sübuta yetirə bilib.

Mərzilinin başqa bir elm xadimi keçmiş SSRİ elmində xidmətləri ilə seçilən Yusif Səmədovdur. Yusif müəllim SSRİ Kimya Sənayesi Nazirliyinin müxtəlif idarələrində işləyib. Sonuncu iş yerlərindən biri həmin nazirliyin neft-kimya mühəndislərinin təkmilləşdirilməsi institutunun Bakı filialı oldu. Yusif müəllim orada direktor idi. O, “Baykonur”un qurulmasında iştirak edən tək-tük alimlərdən biri olub. Çox yüksək texniki savada və təcrübəyə malik olduğundan “Baykonur”dan sonra Tuvaya dəvət edilib və orada da neft qurğularının qurulması və təkmilləşdirilməsində müstəsna xidmətlər göstərib. Yusif müəllim 1950-60-cə illərdə Bakıdakı neft mədənlərinin salınmasında da aktiv fəaliyət göstərib.

Riyaziyyat sahəsində isə Misir Rəhimovun adını çəkməliyik. O, Avropada və Yaponiyada tanınan bir riyaziyyatçı idi. 

Geologiyada  Şahlar Əzizovu, filologiyada isə Azərbaycan televiziyasında uzun müddət “Elm və həyat” proqramında çalışan filologiya elmləri namizədi Rüstəm müəllimi göstərmək olar.

Elm xadimlərinin arasında yuxarıdakılara nisbətdə gənc olan iki alimin adını çəkməyə biilmərəm. Onlardan biri texnika elmləri doktoru Valeh Baxşəliyevdir. Valeh müəllim Avropa ilə Qafqaz arasında elmi əlaqələndiricilərdən,  həm də məsul vəzifələrdə çalışanlardan biridir. Onun ömrünün çoxu Avropada mühazirələr oxumaqla keçib. Almaniyada, Türkiyədə texniki elmlər istiqamətində mühazirələr oxuyur.

Başqa bir alim yazılarına, araşdırmalarına etibar olunası alim Zabil Bayramovdur. O, Azərbaycan sənaye tarixinə aid dəyərli tarixi araşdırmaların müəllifidir. Onun son illər ərzində yazdığı “Azərbaycan Səfəvi dövlətinin qurulmasında türk-qızılbaş əyanlarının rolu” adlı əsəri Azərbaycan və türk dünyası tarixçiliyi üçün çox dəyərlidir. Məlumdur ki, müəyən dövrdən sonra Səfəvilər dövlətinin “farslaşma”sı, paytaxtın Təbrizdən İsfahana köçürülməsindən sonra onun türk deyil, fars meyilli olması kimi yalnış tarixi fərziyələrə Zabil müəllim bu əsərdə tutarlı cavab verə bilmişdi.

Azərbaycanın, Qarabağın mərasim folkloru, toy adət-ənənələri, etnoqrafiyası istiqamətində araşdırmalar aparan və onları öz bədii yaradıcılığında istifadə edən yazıçı  Şahlar Həsənoğlu da Mərzilinin layiqli yetirmələrindəndir. Şahlar müəllim Mərzili məktəbində dərs deyən zaman ora tamam ayrı düşüncə tərzi, ab-hava  gətirdi. Onun yaratdığı elmi və müstəqil ab-havanın nəticəsində bizim məktəbdə tarixçilər nəsli yetişdi. Şahlar müəllimə qədər əsasən o məktəbdə fizika-riyaziyyat, dəqiq və texniki elmlər istiqamətində tələbələr yetişirdisə, ondan sonra tarix və  humanitar istiqamətdə də tələbələr formalaşdı. Onlardan bəziləri sonradan Bakı Dövlət Universitetinin tarix fakültəsində çalışdılar. Onlara misal olaraq Zabil Bayramovu, Akif Məmmədovu və təvazökarlıqdan uzaq olsa da özümü göstərə bilərəm. Şahlar müəllimin yazdığı “Ala buludlar” romanı çox təəssüf ki, diqqətdən kənarda qaldı, araşdırılmadı. Amma inanın ki, həqiqətən də ədəbiyyatımız üçün dəyərli bir əsərdir.

Sultan Mərzilinin adını çəkdiyi həmkəndlilərini Boran müəllim xatırlatdığından onların adını yenidən yazmırıq. Amma Sultan Mərzili fərqli adlar çəkərək bu siyahını genişləndirib:

- Mərzilinin tanınmış adamları təbii ki, çoxdur. Rusiyanın əməkdar rəssamı Əsgər Məmmədov bu kənddəndir. Hacı Cəlil Əzimov, jurnalist, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, BDU-nun dosenti Boran Əzizi də göstərmək olar. Qarabağın ilk peşəkar musiqiçələrindən biri məşhur Aşıq Camal Mərzilidən  olub!

"Qarabağ bülbülləri” deyilən məşhur dördlüyün üçü, səhv etmirəmsə, Mərzilidən idi.”

Boran Əziz Mərzilinin yetirmələri  olan dövlət xadimlərinin də adını çəkib:

- Mərzili kəndinin yetirdiyi dəyərli dövlət xadimləri də olub. Bunların içərisində Sosialist Əməyi Qəhrəmanı adını alan və Mingəçevir, eləcə də başqa şəhərlərin salınmasının səbəbkarları olan adamları göstərmək olar.  İlk növbədə isə təbii ki, Sosialist Əməyi Qəhrəmanı, bir müdət Nazirlər Sovetinin də sədri kimi çalşan Firuz Mustafayevi göstərə bilərik. Firuz müəllim indiki Göygöl və Şamaxı rayonlarında birinci katib kimi işlədikdən sonra nazir vəzifəsinə gətirilib və baş nazir kimi də fəaliyyət göstərib.

Şamil Mustafayev də Mərzilidən çıxan dövlət xadimi olub. O, Göygöl rayon partiya komitəsinin katibi və icra başçısı kimi çalışıb. Mərzilidən olan başqa bir icra başçısı isə Mikayıl Gözəlovdur. Onu həm də az qala bütün respublikada sevirdilər. O, nə qədər ki, sağ idi ermənilər Şuşaya yaxın gələ bilmirdilər. Amma çox təəssüflər olsun ki, erməni və rus agenturası onu sapı özümüzdən olan baltalar vasitəsilə öldürdülər. Şuşanın da qara günləri Mikayıl Gözəlovun ölümndən sonra başladı. Mikayılın getməyi ilə həm Mərzilinin, həm də Şuşanın beli qırıldı. Mərzili kəndinin insanlarının xarakterində dövlət idarəçiliyi genetik olaraq çox möhkəm idi. Bu kəndin nümayəndələrindən general rütbəsinə kimi yüksələnlər olub, məsələn, Tofiq Babayevi göstərə bilərik. Respublikanın ən gənc polis rəislərinədn biri Rafael Əzizovu da burada qeyd edə bilərik”.

Elmin NURİ

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...