Modern.az

Yaxşı və pis, arzu və istək, sevgi və məhəbbət

Yaxşı və pis, arzu və istək, sevgi və məhəbbət

31 Mart 2015, 20:40

filologiya üzrə elmlər doktoru,
professor

Yaxşılıq insanın vicdan təmizliyidir. Ədəbiyyat üzrə Nobel mükafatçısı Herman Hessenin “Knulp” povestində yazılır: “Knulp köksünü ötürdü:

- Hə, daha buna nə deyəsən! Bəlkə də, sən deyən kimidir. Elə ona görə də insanlar tez-tez qəm dünyasına batır. Çünki istəyinin dəyərsizliyini, hadisələrin bizsiz də öz axarı ilə getdiyini duyur. Ancaq suç suçluğunda qalır, adamın pislikdən başqa yolu olmasa da, qalır, çünki o, bunu daxilən hiss edir, duyur. Elə ona görə də ən doğru yol yaxşılıqdır, çünki adam onda özündən razı qalır, vicdanı təmiz olur”. (Herman Hesse. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2010, s.264).

Adamların bir qismi arı xarakterlidir. Arılar çiçəklərdən bal yığdıqları kimi, onlar da yaxşı nə varsa, tapır, üzə çıxarır, dəyər verir, hər şeyi gözəl görürlər. Bir qisim adamlar milçək xarakterlidir. Milçəklər mikroblar daşıdığı kimi, onlar da cəmiyyətdə mikrob yaradır, cəmiyyətə mikrob daşıyırlar.

Pis adamlar bu dünyaya mikrob kimi gəlirlər. Onlar get-gedə cəmiyyəti öz mikrobları ilə zəhərləyirlər...

Yaxşı adamlar bu dünyaya dərman kimi, məlhəm kimi gəlirlər. Onlar cəmiyyəti öz məlhəmləri ilə sağaltmağa çalışırlar...

***

Arzu nədir? Arzu illər boyu insanlara yoldaşlıq edən ülvi bir istəkdir. Hətta arzu insanda o qədər dərin kök salır ki, bəlkə də insanın canı, qanı ilə qidalanır. Arzu insanın sığınacağıdır. İnsan bəzən illərlə bu ülvi istəyə sığınır, onun nə zaman həyata keçəcəyi günü gözləyir.

Arzu insanın həsrətini çəkdiyi nəsə bir şeydir. İnsan həsrətini çəkdiyi bir şeyi uzun müddət gözlədiyi kimi, arzunu da uzun illər boyu gözləyir. Hətta insan arzunu həyatının bütün məqamlarında yadından çıxartmır, onu xatırlayır, onu unutmur. Bəzən onu musiqi kimi öz beynində səsləndirir, bəzən onu sığallayır, tamamlayır, bəzən onu öz sevgilisi kimi əzizləyir. Bəzən onunla danışır, söhbət edir.

Kimin arzusu həyata keçirsə, onun arzusu çin olur. Deməli, arzunun özü üçün də sığınacaq tapılır.

Maraqlı orasıdır ki, arzunu heç nə məhv edə bilməz, yandıra bilməz, öldürə bilməz. Ancaq uzaq başı arzu həyata keçməyə bilər. Arzu olaraq qala bilər...

Əslində bizim hər birimiz ömrümüzün sonuna qədər arzu və istəklərimizin həyata keçməsi yolunda dizin-dizin sürünürük. Heç zaman arzumuz həyata keçməyincə rahat nəfəs ala bilmirik.

***


Məhəbbət insanlara çoxlu sayda qayğılar verdi. Uşaqlar, onları böyütmək, onların qayğısını çəkmək, daha nələr, nələr...

Bəlkə də Məcnunla Leyli ona görə bir-birinə qovuşmadılar ki, onlar sonrakı qayğılardan imtina etdilər. Bəlkə də məhəbbətdən sonrakı qayğılardan qorxdular, çəkindilər... Bəlkə də məhəbbətdən sonrakı qayğıları olmasın deyə, bir-birinə qovuşmadılar... Bəlkə də məhəbbətdən sonrakı qayğılar onları qayğılandırdı...

Sevdiyimiz qadınla Vətənə olan sevgilər bir-birindən fərqlənir. Belə ki, sevdiyimiz qadını başqalarına qısqanırıq. Ancaq Vətəni sevənləri hər birimiz sevirik. Bu barədə Bəxtiyar Vahabzadə 1974-cü ildə yazdığı “Heyrət, ey büt!..” məqaləsində oxuyuruq: “Mənim insanlara, ətrafdakılara münasibət ölçüm, yəni sevgi və nifrət ölçüm vətəndir. Sevdiyim qadını bir başqası da sevərsə mən o adama düşmən kəsilərəm. Lakin Vətənimi mənim qədər sevən hər hansı bir adamı mən də sevirəm. Nə üçün sevdiyimiz qadını sevən rəqibə qısqanır, ona nifrət edirik, lakin Vətənimizi sevən adamı isə sevirik? Ona görə ki, qadın sevgisi fərdidir, şəxsidir, bu sevgi yalnız bizim özümüzə məxsus olan şəxsi hissimizdir. Bu müəyyən qədər kiçik hissdir. İnsanın ən ali, ən müqəddəs sevgisi isə Vətənə olan sevgidir!

Müəyyən yaşa dolandan sonra gənc mütləq bir qadını sevir. Bir neçə qadını da sevənlər var. Lakin Vətən birdir, vahiddir. İnsan üçün ikinci vətən ola bilməz. Vətən sevgisi hər nadanın, hər cahilin sevgisi deyil. Bu sevgi sevgilər sevgisidir, duyğular duyğusudur! Bu sevgi istəklərin ən alisi, ən yüksəyidir. Vətəni yüksək dərəcədə sevməyi bacarmaq üçün çox dərin, çox kamil olmaq, sevginin zirvəsinə yüksəlmək lazımdır. Məcnun belə sevməyi bacardığına görə onun üçün Vətən bir

olduğu üçün, Leyli də birdir, yeganədir. Məcnun üçün ikinci Leyli ola bilməz. Vətəni yüksək dərəcədə sevməyi bacaranlar üçün də ikinci Vətən olmadığı kimi!

“Romeo və Cülyetta”, “Gənc Verterin iztirabları” kimi dünya ədəbiyyatının misilsiz məhəbbət dastanlarında məhəbbət fərdi sevginin himnidirsə, “Leyli və Məcnun”dakı məhəbbət, ümumiyyətlə sevginin özünə himndir!” (Heyrət ey büt!.. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, Gənclik, 1976, s.21-22).

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU