Bu sual uzun müddətdir kino mütəxəssisləri və ədəbi aləmin nümayəndələri arasında mübahisə mövzusuna çevrilib. Bir çoxu haqlı olaraq hərənin öz koloritliliyi, öz özəlliyi, orijinallığının olduğunu bildirir. Təbii ki, filmin öz özəllikləri, öz ruhu, öz peşəkar istehsalat prosesi var. Həmçinin roman, yaxud, hər hansı bədii nümunə də sırf söz yaradıcılığı olduğundan ondan başqa effektlər tələb etmək mümkün deyil. Həm dünya, həm də Azərbaycan praktikasında sərbəst ssenari əsasında yox, ədəbi nümunələr əsasında lentə alınan filmlərimiz də var. Amma onların bəziləri geniş publika əsasında formalaşdığı romandan geri qalıb.
Modern.az təqdim edəcəyi yazıda öz ədəbi mətnlərindən nisbətən geridə qalan filmlərin bir neçəsini diqqətə çatdıracaq. Xatırladaq ki, bu, onların film kimi zəif olmasına dəlalət etmir. Sadəcə, öz ədəbi variantından nisbətən geridə qalması məsələnin əsas xəttidir:
Çağdaş Azərbaycan nəsrinin şedevrlərindən sayılan Yusif Səmədoğlunun “Qətl günü” romanı haqqında nəsə demək yersiz olar. “Qətl günü” o qədər güclü romandır ki, yaradıcılıq müddətində bu janrda cəmi bir əsər yazan müəllifini çağdaş nəsrin tarixində ön sıralara çıxara bilib. Amma çox təəssüf ki, bu romanın motivləri əsasında lentə alınan və mərhum aktyor Hamlet Xanızadənin baş rolunda çıxış etdiyi “Qətl günü” filmi roman qədər irəliləyə bilmədi. Sədi əfəndinin timsalında bir şəxsiyyətin, bir şəxsiyyətin timsalında isə bir xalqın, cəmiyyətin qarışıq taleyini özündə əks etdirən film auiditoriyanın rəğbətini roman qədər qazana bilmədi. Hazırda hətta “Qətl günü”nü oxuyan bəzi insanlar həmin filmin varlığından xəbərsizdir.
“Dəli kür” romanının Azərbaycan ədəbiyyatındakı yeri artıq çoxdan müəyyənləşib. İsmayıl Şıxlı qələmindən çıxan roman zaman-zaman bir neçə nəslin tərbiyəçisinə çevrilib. Amma etiraf etmək lazımdır ki, roman 1969-cu ildə çəkilən eyniadlı filmi çox-çox qabaqlayır. Filmdəki bir neçə epizod, kadrlar məhz sovet təbliğatının həm tərənnümçüsü olub, həm də bəzi lazımı kadrlar elə yuxarının göstərişinə görə çıxarılıb. Təsəvvür edin ki, milli ruha köklənən bir romanın motivləri əsasında çəkilən filmin sonundakı lazımı səhnələr çıxarılıb. Məsələn, romanda Cahandar ağanı rus kazakı öldürsə də, filmdə həmin hissə çıxarılıb. Təkcə bu deyil, bu kimi başqa qayçılanmalara məruz qalan film romanın yanında kölgədə qalıb.
“Leyli və Məcnun” dastanı əsasında yaradılan poema uzun illərdir şah əsərlərdən biri kimi qalmaqdadır. Böyük Füzulinin eyniadlı poemasına Üzeyir Hacıbəyli tərəfindən bəstələnən “Leyli və Məcnun” operası Şərqdə opera sənətinin əsasını qoydu. Amma rejissor Lətif Səfərovun 1961-ci ildə çəkdiyi, baş rolda SSRİ xalq artisti Nodar Şaşıqoğlunun oynadığı film Azərbaycan kino tarixində o qədər də böyük səs-səda doğura bilmədi. Rus dilində lentə alınan və sonradan Azərbaycan dilinə dublyaj olunan “Leyli və Məcnun” filminin varlığından bu gün də çoxları xəbərdar deyil.
Orta əsrlər Azərbaycan tarixinə aid olan “Koroğlu” qəhrəmanlıq dastanının motivləri əsasında çəkilən eyniadlı film də çox təəssüf ki, 1937-ci ildə bəstələnən “Koroğlu” operası və bu gün də heç olmasa, bir qolunu yaxşı bildiyimiz dastandan geri qalır. Üzeyir bəyin “Koroğlu”sunun tək “Uvertura”sı Hüseyn Seyidzadənihn lentə aldığı “Koroğlu”dan daha məşhurdur. Təbii ki, populyarlıq çox şey demək deyil. Əsas məsələ məhsulun mahiyyətdədir. Amma mahiyyət baxımından da dastandakı xəlqilik filmdə pozulur. “Koroğlu” filmindəki birlik daha çox sovet birliyini özündə əks etdirir. Amma onu da deyək ki, filmin dastana nisbətən sıxıcı olmasında nə rejissorun, nə də peşəkar aktyor oyununun günahı yoxdur. Çünki qırmızı xətdən o tərəfdə olan hər hansı bir cəhd yuxarıların qayçısına məruz qalacaqdı.
“Həyat bizi sınayır” filmi yazıçı Vidadi Babanlının eyniadlı romanı əsasında çəkilib. Amma necə?! 1972-ci ildə çəkilən bu film Moskvaya göndəriləndən sonra necə qayçılanırsa, elə həmin Vidadi Babanlının özü onu yarımçıq qalmış film adlandırır. Romandakı və ssenaridəki milli hislər, sevginin tərənnümündəki saflıq, Rəşidlə Hicranın sevgi münasibətlərindəki bəzi detallar filmdən çıxarılır. Ssenari müəllifi sonradan filmi “amansızcasına qayçılanan film” adlandırıb və qeyd edib ki, Moskvanın nəyə görə belə etməsi hələ də onu bərk düşündürür. Ona görə də roman filmi bir neçə köynək qabaqlayır.
Bir vaxtlar Cəmşid Əmirovun yazdığı “Qara Volqa” əsəri az qala böyükdən kiçiyə hamının stolüstü kitabı idi. Sovet dövründə elə insanlar var idi ki, o romanı az qala beş-altı dəfə oxumuşdu. Amma 1994-cü ildə həmin sənədli romanın əsasında çəkilən “Qara volqa” filmi Azərbaycan kinosunda heç bir səs-küy yarada bilmədi. Kitab variantının bu qədər məşhur olması da filmi geniş auditoriyaya tanıda bilmədi. Ssenari müəllifinin elə C.Əmirovun özü olmasına və filmdə Rasim Balayev, Fuad Poladov kimi təcrübəli aktyorların çəkilməsinə baxmayaraq, o özünə yer tapa bilmədi.
Son illər Azərbaycan ədəbiyyatında ərsəyə gələn ən oxunaqlı romanlardan biri olan “Dolu” və onun motivləri əsasında çəkilən eyniadlı film də uğur qazana bildi. Məmməd Səfa, Fuad Poladov, Rza Rzayev və başqalarının uğurlu aktyor oyunu filmə əlavə rəng qatdı. Lakin bir məqamda Aqil Abbasın romanı Elxan Cəfərovun filmini qabaqlayır. Bu da təbiilikdir. Romandakı bütün proseslər, faciələrin hamısı Aqil Abbasın gözünün önündə baş verdiyindən onun əks etdirməyi daha təbii alınıb. Filmdə isə azacıq da olsa pafosa meyllilik var.
Əsərlə film arasında ən böyük uçuruma misal olanlardan biri də “Süd dişinin ağrısı” filmidir. Ramiz Rövşənin qələmindən çıxan poemadakı hadisələrə o qədər də çox dəyişiklik edilməyib. Amma kitabda olan versiya ekrandakı versiyadan çox irəli gedib. Filmin poemadan bu qədər çox geri qalmasının bir səbəbi də Ramiz Rövşən poeziyasının gücündə olub.
Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu” povesti əsasında çəkilən “Gənc qadının kişisi” bədii filmi mətnin kölgəsində qaldı. Həsən Turabov, Məlik Dadaşov və digər usta aktyorların oyunu belə filmi əsər səviyyəsinə qaldıra bilmədi. M.İbrahimbəyovun orijinal dili, fərqli üslubu filmə çevriləndə hər dəfə uğursuzluqla nəticələnir. Odur ki, xalq yazıçısı sonradan əsərləri əsasında film çəkməyi rejissorlara qadağan etdi.
Amma Azərbaycan kino tarixində bunun əksinə olan hallar da yox deyil. Belə ki, romanların, hekayə, povest hətta poemaların əsasında çəkilən filmlər öz bədii variantlarını xeyli qabaqlaya biliblər. Həmin filmlərdən bir neçəsinə diqqət edək:
(Bir daha qeyd edirik ki, bu hissədə bədii əsərlərin zəifliyindən deyil, onların film variantından nisbətən geri qalmasından söhbət açılır).
“Küçələrə su səpmişəm” filmi modern Azərbaycan kinosunda ən uğurlu nümunələrdəndir. Baş rolda Fuad Poladov, rollarda Əliabbas Qədirov, Rasim Balayev, Mehriban Zəki kimi aktyorların yer aldığı film İsi Məlikzadənin eyniadlı povestini bir xeyli qabaqlayıb. Həmin povestdən xəbərsiz olanlar çox güman ki, filmi maraqla izləyiblər.
“Gün keçdi” filminin isə Azərbaycan kino tarixində tutduğu yer hamıya məlumdur. Arif Babayevin möhtəşəm işi xalq yazıçısı Anarın orta həcmli bir hekayəsindən (“Gürcü familiyası”) xeyli qabağa gedə bildi.
Ramiz Əzizbəylinin kinoda rejissor kimi ilk işi olan “Bəxt üzüyü” çəkildiyi dövrdə ən çox baxılan film oldu. Pyesi kino dilinə çox yaxşı uyğunlaşdıran xalq artisti “Bəxt üzüyü filmi mərhum xalq şairi Vaqif Səmədoğlunun “Bəxt üzüyü” pyesindən irəli gedə bildi.
Azərbaycan kinosunun tarixinə düşən filmlərdən biri – “Axırıncı aşırım” öz kitab variantı olan “Qarlı aşırımı” üstələyir. Kamil Rüstəmbəyovun ekran əsəri olan “Axırıncı aşırım” Fərman Kərimzadənin daha çox sovet ideologiyasını özündə əks etdirən, quru tarixizmin çox olduğu “Qarlı aşırım” romanından irəlidədir. Filmdəki aktyor oyunu, hətta Arif Məlikovun möhtəşəm bəstəsi onun ədəbi versiyasından daha çox sevilməsinə səbəb oldu.
“Komsomol poeması” da “Yeddi oğul istərəm” filmindən geri qalır. Səməd Vurğunun güclü poetikası poemada əks olunsa da, ideoloji məsələlərin ön plana çəkilməsi, bədiiliyin hadisəliliklə bəzən uyuşmadığı məqamlar hiss olunur. “Yeddi oğul istərəm” filmi də təbii ki, sovet dövründə lentə alınıb və onda da mərkəzin tələb etdiyi nələrsə olmalı idi. Amma filmdəki bəzi sətiraltı mənalar, aktyor oyunundakı canlılıq onu “Komsomol poeması”ndan da irəli apardı.
Belə filmlərin siyahısına “Atları yəhərləyin” (ədəbi versiyası- Süleyman Rüstəm “Qaçaq Nəbi” ), “Gümüşgöl əfsanəsi” (ədəbi versiya - İsi Məlikzadə “Gümüşgöl əfsanəsi” romanı) da göstərmək olar.
Elmin NURİ