Modern.az

Boş qalmış kreslo

Boş qalmış kreslo

27 Aprel 2015, 15:25

“Olur , olur, belə işlər də olur” silsiləsindən

Həsən Hüseynov Ərazi İdarəsinə yenicə rəhbər təyin edilmişdi. Elə ilk gün əməkdaşları yığıb şəxsən tanış olmuş, işləri, problemləri ilə maraqlanmışdı. Günlərin birində köməkçisini çağırıb ürəyindən keçən bir arzusunu onunla da bölüşmək istədi.

-Ay Natiq, nə məsləhətdir, bir-iki günə Novruz bayramı da çatır, bəlkə bir ləzzətli bayram süfrəsi açaq, Yaşıltəpənin adlı-sanlı adamlarını, aktivini (yəni fəallarını, vəzifə və iş adamlarını) yığaq, bir səmimi söhbət edək, dərdləşək. Doğrusu, hamısını cəm bir yerdə görmək istəyirəm, bəlkə ürəklərində bir söz-söhbətləri var, mənə çatdırsınlar, açılışaq.

Natiq Rəhbərin gəldiyi qərarı ürəkdən bəyəndiyini bildirdi və axşamadək çağırılası adamların siyahısını da hazılayacağına söz verdi.

Qapıdan çıxa-çıxda rəhbər onu geri çağırdı.

-Natiq müəllim, bu şəhərdə Cəlal müəllim adında bir kişi yaşayır. Əməkdar müəllimdir, Böyük Vətən müharibəsi veteranıdır, tanımamış olmazsan yəqin. O kişi mənim tələbə yoldaşımın atasıdır. Doğrudur, dostum bu barədə heç nə deməyib, amma mənim borcumdur ki, o kişini gedim lap evində ziyarət edim. Bəlkə elə bu məclisə onu da çağırasan. Sürpriz olar ağsaqqal üçün.

Bu təklif də Natiqin lap ürəyindən oldu. Cəlal kişiyə böyük hörməti vardı və uzaq qohumluqları da çatırdı.

Axşam qonaqların siyahısı Həsən Hüseynovun stolunun üstündə idi. Hər kəsin adı, vəzifəsi, iş və telefon nömrələri qeyd olunan siyahının bir nüsxəsi də Natiqin özündə idi və Rəhbərin tapşırığı ilə  iki gün sonra baş tutacaq məclisdə iştirakı nəzərdə tutulanlara bir-bir xəbər veriləcəkdi.

Ərazi İdarəsinin birinci mərtəbəsində açılan uzun bir stol, ətrafında yumşaq stullar. Stolun üstündə cürbəcür təamlar, mer-meyvə, sərinləşdirici içkilər düzülüb. Bayram bişintiləri göz oxşayır. Məclisin yuxarı başında Rəhbər üçün hündür, yumşaq kreslo qoyulub. Sağında, solunda düzülən kreslolar da yüz faiz yəqin ki, rəhbər işçilər paqonlu-paqonsuz məmurlar, imkanlı iş adamları üçündür. Nahar fasiləsi vaxtı çağırılanların isti yeməklərə qədər hər növ nemətlərə qonaq edilməsi nəzərdə tutulub.

Hava əla idi, dağlar qoynundakı kiçik şəhər günəşli bir gününü yaşayırdı. Rəhbərin dəvət elədiyi qonaqlar bir-bir Ərazi İdarəsinə gəlirdilər. İlk təşrif buyuranlar arasında Həsən müəllimin tələbə dostunun atası Cəlal müəllim də  vardı. Rəhbərin köməkçisi dərhal kişinin qoluna girib ziyafət stolunun lap yuxarısınadək gətirdi,  Həsən Hüseynovun oturacağı yerin sol tərəfindəki kresloda əyləşdirmək istədi. Ağsaqqal isə bu təklifə etiraz etdi. 

-Ay Natiq müəllim, bu yer rəhbərlik üçündür axı deyəsən. Mən müəllim babayam, keçib aşağılarda da oturaram – dedi

 Natiq müəllim  heç cür razılaşmadı.

-Yox, Cəlal müəllim. Rəhbərin yanında otursan yaxşıdır. Oğlunun tələbə yoldaşıdır axı...

-Eləmi? Amma ay bala, mən yerimi bilən adamam axı. Vallah...

-Yox, ağsaqqal, elə başda oturmaq sənə yaraşır. Fəxrimizsən, müəllimimizsən, veteran kimi də hər cür hörmətə layiqsən.

Cəlal müəllim razılaşmalı oldu və lap başdakı kresloların birində yerini rahatladı.

Bəli, gəldilər, nə gəldilər. Tosqun-tosqun kişilər, ucaboy, səliqəli geyimli gənc məmurlar, zər paqonlu, şeşəbığ zabitlər, kəpənək kimi bərq vuran nazlı –qəmzəli xanımlar, daha kimlər, kimlər... Əlində qırmızı bloknot, qırmızı qalustuklu, qara kostyumlu aparat işçiləri gələnlərin adlarını bir-bir qeyd edir, oturmağa yer göstərirdilər. Amma hamı yuxarı başa can atırdı. Rəhbərin kreslosuna yaxın oturmaq istəyi ilə alışıb-yanan məmurlar  boğazlarını qaz kimi lap başa uzadırdılar. Elə oturdular da. Ağsaqqala elə zəhmli, eyhamla baxırdılar ki, sanki bu kişi başqa planetdən gəlmişdi, arzuedilməz yadelli idi.

Kişi də abır-ismət yiyəsi idi. Kresloları bir-bir dəyişə-dəyişə, zorbalara yer verə-verə bir də gördü ki, lap aşağıda, stolun küncündə, adicə bir stulda oturub. Bir istədi ki, durub zalı birdəfəlik tərk eləsin, mədəniyyəti yol vermədi. Fikirləşdi ki, məclisin nə aşağısı-yuxarısı, bir halda ki, dəvətlidir, qoy Rəhbəri gözləsin. Necə olsa da oğlunun dostudur axı...

Hər kəs layiq olduğu və olmadığı yeri tutandan sonra Həsən müəllimə məruzə olundu ki, bəs hər şey hazırdır, gələ bilər. Qapı açıldı və yaraşıqlı, ucaboy bəyaz sifətli, üz-gözündən əsl ziyalılıq yağan qırx-qırxbeş yaşlarında kişi zala girdi. Girən kimi də Natiqi yanına çağırıb Cəlal müəllimi soruşdu. Köməkçisi ağsaqqalı Rəhbərə təqdim etdi. Həsən müəllim kişini lap öz atası kimi bağrına basdı və Cəlal müəllimin yanındakı heç söykənəcəyi də olmayan taxta kətilin üstündə oturdu. Kişi ilə qısaca hal-əhvaldan sonra ayağa qalxdı.

-Hə, dostlar məclisimizi açıq elan edirəm. Qoy əvvəlcə uşaqlar bizə yaxşıca qulluq etsinlər, bayram sovqatlarından dadaq, sonra söhbətimizə başlayarıq. Zənnimcə Cəlal müəllim bu yerlərin ab-havasını necə var, eləcə də çatdırar bizə. Ona görə də ilk sözü ona verəcəm.

Məclisin yuxarı başındakı dəbdəbəli kreslo axıradək boş qaldı və heç kimin cürəti çatmadı ki, Həsən müəllimin yadına salsın ki, həmin yerdə oturmalıdır. Və məclis boyu bircə nəfər də tapılmadı ki, ürək edib Rəhbərin yanına addım atsın.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI