Mixail Saakaşvilinin Odessa vilayətinin qubernatoru təyin edilməsi Ukrayna-Gürcüstan münasibətlərinə güclü təsir edəcək. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunu “Vahid Gürcüstan” partiyasının rəhbəri Nino Burcanadze bəyan edib.
Burcanadzenin fikrincə, Gürcüstanın keçmiş prezidenti 2008-ci ildə onun ölkəsinin ərazisinin 20 faizinin itirilməsində günahkardır: “Gürcüstan rəhbərliyi Mixail Saakaşvilinin Odessa vilayətinin qubernatoru təyin olunmasını bu gün çox acı həb kimi udub. Mən hesab edirəm ki, bu addımla Ukrayna prezidenti Pyotr Poroşenko bizə sillə vurub. Bu, Ukrayna-Gürcüstan əlaqələrinə ciddi ziyan vuracaq. Saakaşvili Odessada ona görə deyil ki, problemləri həll etsin, onun üçündür ki, odun üstünə benzin töksün. Ancaq bunu biz yox, ukraynalılar özləri həll etməlidirlər, bu ölkəyə baha başa gələcək”.
Nino Burcanadze növbəti parlament seçkilərində qalib gəlməyi və öz proqramı ilə Rusiya ilə əlaqələri bərpa etməyə köklənib.
Modern.az