Modern.az bu gündən etibarən “Bu kitabları oxu” adlı yeni rubrikaya start verir.
Rubrikada mütaliəsinə görə seçilən şəxslər özlərinin sevdiyi və başqalarına tövsiyyə etdiyi kitab onluğunu tərtib edir və o kitabların oxunmasıbıb vaciblik səbəblərini göstərir.
İlk olaraq yazar Cəlil Cavanşir özünün ən çox sevdiyi onluğu təqdim edərək “Bu kitabları oxu” deyir:
“Hazırki ovqatımda oxuculara “Bu kitabları oxu” deyə biləcəyim siyahı aşağıdakılardır. Amma ovqatımdan asılı olaraq bu siyahı tez-tez dəyişir.
Öncə siyahıya salmaq istəmədiyim ana kitabımızdan “Kitabi-Dədə Qorqud”dan başlamağınız əla olar.
Daha sonra folklorumuz, xüsusilə, nağıllarımız və dastanlarımızı oxumanız məsləhətdir.
Ümumiyyətlə, anadilli ədəbiyyatımızı oxumaq mütaliə vərdişlərinizi formalaşdırmaq, sağlam təməl üçün vacibdir. Daha sonra dünya xalqlarının mifalogiyası və folkloru ilə tanış olmaq zərurətini hiss edəcəksiniz. Bəzi əsərlər var ki, güclü təməl olmadan o əsərləri anlamaq mümkün deyil. Məncə, nağıl, əsatir, əfsanə, dastan, epos, mif və dini mətnlər bir oxucu üçün güclü təməldir.
Bu baxımdan “Zəbur”, “Tövrat”, “İncil”, “Quran” kimi dini kitablar da mütaliə menyunuzda yerini tutmalıdır. Sadaladıqlarım, dünya ədəbiyyatını şərhsiz anlamaq üçün əvəzsiz mənbələrdir.
1. Corc Oruel – “Paris və Londonda qara qəpiksiz”
- Tənqidçilərin əksəriyyəti bu əsəri avtobioqrafik əsər hesab etdiyi üçün bir yazıçının yoxsulluqla, aclıqla, evsizliklə mübarizəsi, səfillər arasında keçirdiyi həyat tərzi çox ibrətamizdir.
Yazıçının son ana qədər ümidini itirməməsi və mübarizəsini davam etdirməsi olduqca maraqlı və diqqətçəkəndir.
2. Ernest Hemenquey – “Qoca və dəniz”
-Hemenqueyin son əsərlərindən biri olan “Qoca və dəniz” fərdin amansız qüvvələrə qarşı qeyri-bərabər mübarizəsindən bəhs edir. Fərdin bədii dərki baxımından bu əsər əvəzsiz sənət nümunəsidir.
3. Lev Tolstoy – “Anna Karenina”
- Dövrümüzə qədər yazılmış ən gözəl eşq romanlarından biri hesab edirəm. Sənətkarlıq baxımdan da olduqca maraqlıdır. Eşq, qısqanclıq, ailə mövzusu peşəkarlıqla işlənib. Ümumiyyətlə, Tolstoy mütləq oxunmalı yazıçılardandır.
4. Herman Hesse “Siddharta”
- Buddizmin fəlsəfəsini açmağa çalışan ən gözəl bədii nəsr nümunəsidir. Həqiqət və həqiqi elm üçün hər şeyindən vazkeçən, ruhi müvazinət və bütünlük üçün axtarışa Siddhartanın həyat hekayəsi insana yaşamaq, çalışmaq, elm öyrənmək və araşdırmaq üçün güc verir.
5. Franz Kafka – “Çevrilmə”
- Həyat qarşısında özünü gücsüz və çarəsiz hiss edən insanın çırpınışları olduqca maraqlıdır. Kafka yaradıcılığının ən yaxşılarındandır.
6. Dostoyevski – “Karamazov qardaşları”
- Xristian təfəkkürünü anlamaq, Dostoyevskinin şifrələrini çözmək üçün əvəzedilməz əsərdir. Ruhun və tanrının ölümsüzlüyü, insan psixalogiyasının təhlili və paradoksları bu əsərdə oxucunu silkələyir, düşündürür. Ədəbiyyat tarixinin ən möhtəşəm romanlarından biridir.
7. Vladimr Nabakov – “Lolita”
- Yaşlı kişinin yeniyetmə qıza qarşı sevgisindən bəhs edən roman insan psixalogiyasını açmağı bacaran ciddi əsərlərdəndir. Anormal hesab olunan sevginin insanı necə dəyişə biləcəyini göstərən çox gözəl örnəklərdən biri də “Lolita” romanıdır. “Lolita” romanına görə Nabokovu amansız həqiqətlərin təsvirçisi hesab edirəm.
8. Viktor Hüqo – “Səfillər”
- Bu romanı oxumaq üçün onlarla səbəb göstərə bilərəm. Sadəcə bir səbəb – Jan Valjan obrazı bu əsəri oxumaq üçün səbəbdir. İnsanın vicdanı qarşısında keçirdiyi iztirablar, keçmişdən və günahlardan xilas olmaq üçün mübarizə və fanilik... Romanda sosial və siyasi problemlər qaldırılır, bu problemlərə bəşəri münasibət sərgilənir.
Bir sözlə mütaliənizi zənginləşdirmək üçün mütləq “Səfillər” romanını oxuyun!
9. Gustav Flober – “Madam Bovari”
Əsər XIX əsrdə yazılsa da, bu gün də aktualdır. “Madam Bovari”ni realizmin şah əsəri hesab etmək olar. Çevrəmizdə dolaşan narazı, reallıqla fantaziyanın sərhədlərini itirmiş qadınları anlamaq istəyirsinizsə bu romanı hökmən oxuyun.
10. Tomas Mann – “Doktor Faustus”
Roman tarixi Faust mifini yenidən canlandıran, Tomas Manın bu mifə yeni baxış sərgilədiyi bir az uzunçu olsada möhtəşəm romanlardan biridir. Romanda özünü şeytana təslim edən bir sənət adamının taleyi qələmə alınıb. Əsərdə yazıçının faşizmə qarşı nifrəti hiss olunur. Uzun qış gecələrində səbrlə oxunmalı romanlardan biridir”.
Elmin NURİ