Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun vaxtilə ölkənin təhlükəsizlik orqanlarında, eləcə də digər strukturlarda kök salmış cinayətkar dəstəsinin hər gün yeni əməlləri üzə çıxır.
Belə ki ölkənin təhlükəsizlik, rabitə sistemindən tutmuş digər sahələrinə qədər nüfuz etməyə, öz imperiyalarını qurmağa çalışan “Mahmudovçu”ların Azərbaycan iqtisadiyyatının şah damarı hesab edilən maliyyə-bank sektorunu ələ keçirmək, öz qanunsuz maliyyə əməliyyatlarını həmin sektor vasitəsilə reallaşdırmaq istiqamətindəki fəaliyyətləri ilə bağlı məlumatlar da son bir neçə günün əsas mövzusuna çevrilib.
Etibarlı mənbələrdən Gün.Az-ın əldə etdiyi tam dəqiq məlumatlara əsasən adi kredit və ya ipoteka götürmək üçün MTN əməkdaşları başqa banklara müraciət edə bilməzlərmiş. Onlara yalnız MTN şefinin birbaşa nəzarətində olan “Azərizaqbank”dan kredit və ya ipoteka götürmək icazəsi verilərmiş
Hətta, bu gün “Yeni Müsavat”a geniş müsahibə verən sabiq MTN polkovniki Tofiq Rəcəbovun başına gətirilənlər lap tükürpədicidir. “Mahmudovçu”ların adıçəkilən bank vasitəsilə maliyyə cinayətlərini həyata keçirdiyini iddia edən sabiq MTN-çi deyib ki, “Azəriqazbank”da bu “işlərə” Eldar Mahmudovun əmisi oğlu Emin Mahmudov və qaynı başçılıq edirmiş.
“Banklara yerləşdirilən pullar bu adamların əllərində böyük pul kimi fırlanıb.
“Azəriqazbank”da girovda olan əmlakların böyük hissəsini tutub sahiblərindən alıblar. Vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər.
Əllərinin altında məhkəmələrin hakimləri olub. Kimin əmlakını istəyiblər, həmin hakimlər vasitəsilə ələ keçiriblər. Mən “Azəriqazbank”a Teymur Əliyev küçəsində 120 kvadratlıq qiyməti 1 milyon olan obyektimi, Yusif Çəmənzəminli küçəsində 38 kvadrat metr olan 200 min qiyməti olan mağazamı, Masazır və Qubada torpaq sahələrimi girov qoymuşdum.
Ümumilikdə 1 milyona yaxın kredit götürmüşdüm. Sonradan isə başıma oyun açdılar. Qəbələdəki şərab zavodumu bağladılar və başladılar pulu geri tələb etməyə. Kreditin təminatı kimi girov qoyduğum əmlaklara müştəri tapdım, apardım. Amma əmlakları müştərilərə satmadılar.
Dedilər ki, əmlakları özümüz alacağıq. “Külək” MMC adlı hərracxanaları var.
Ora vasitəsilə heç bir hərracsız 1 milyon qiyməti olan obyektimi 90 min qiymətləndirib keçirdilər adlarına. Mən bunu biləndən sonra şikayət etmişdim. Növbəti gün üstümə MTN-dən Sübahir adlı generalı göndərmişdilər. Sübahir Teymur Əliyev küçəsindəki mağazama gəlib dedi ki, şefin göstərişidir, şikayət etsən özünü də, oğlunu da tutacağıq...” - deyə, o, sözlərinə əlavə edib.
“Mahmudovçu”ların maliyyə-bank sektoruna bu qədər “marağının” səbəblərini isə tanınmış ekspertƏrəstun Oruclu Gün.Az-a açıqlamasında belə izah edib.
“Əvvəla, mən də belə hesab edirəm ki, onların əl uzatdığı yerlər çox olub və onların bir çoxu hələ tam açılmayıb. Açıldıqca görəcəksiniz ki, miqyas daha da böyüyəcək. Hər zaman da eyni üsullar, eyni yollar vasitəsi ilə bu “işlər” həyata keçirilib. Yəni, necə ki Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müdaxilə ediblər, o cür də banklara müxtəlif üsullarla müdaxilə ediblər, onların bir qismini öz əlllərinə keçiriblər...” -Ə.Oruclu daha sonra deyib.
Modern.az