Modern.az

Liderləri deputat seçilməyən partiyalar parçalanır - AÇIQLAMA

Liderləri deputat seçilməyən partiyalar parçalanır - AÇIQLAMA

10 Dekabr 2015, 13:25

Uzun müddət parlamentdə təmsil olunan İlyas İsmayılovla İqbal Ağazadənin növbəti seçkilərdə mandatlarını itirməsi onların rəhbərlik etdikləri Ədalət və Ümid partiyalarına da təsir edib. Bir sıra iddialara görə, sədrləri Milli Məclisdən qıraqda qalması həmin partiyaların rayon təşkilatlarının bəzilərində üzvlərin istefa vermələri ilə nəticələnib.

Ədalət Partiyasının sədri, keçmiş deputat İlyas İsmayılov Modern.az-a açıqlamasında belə bir məsələnin gündəmdə olmadığını bildirib.

Onun sözlərinə görə, parlamentdə təmsil olunub-olunmamağının məsələ ilə heç bir əlaqəsi yoxdur: “Bizim partiyanın üzvləri əqidələrinə sədaqətlidir. Mandat əldə etməməyimin rayon təşkilatlarında ruh düşkünlüyünə, yaxud hansısa narazılığa səbəb olduğunu düşünmürəm. Belə bir məsələ gündəmdə deyil ”.

Ümid Partiyasının sədri İqbal Ağazadə parlamentdə təmsilçiliyin ondan asılı olmadığını deyib: “Rayon təşkilatları başa düşməlidir ki, parlamentdə təmsil olunmaq bizdən asılı olan məsələ deyil. Bizdən asılı olsaydı, Ümid Partiyası Milli Məclisdəki 125 yerə də iddialı olardı. Rayon təşkilatları bunu anlayır, oradakı insanlar da kifayət qədər ağıllıdır. Onların adından yayılan söhbətlər yanlışdır”.

Vüsalə QƏZƏNFƏRQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi