Mahir Qabiloğlu
Hörmətli oxucular! Modern.az saytı yazıçı-publisist Mahir Qabiloğlunun “CƏNCƏHİM” romanını hissə-hissə ixtiyarınıza verir.
Göyün yeddinci qatı. Hava əla. Nə külək var, nə yağış. Nə dolu yağır, nə də qar. Qıl körpüsünə bir cığır uzanır. Ölü insan selinin sonu görsənmir. Artıq elektron tablolar quraşdırılıb. Qırmızı tabloda “Cənnətdə yer yoxdur”, yaşıl tabloda isə “Cəhənnəmdə yerlər limitsizdir” sözləri yazılıb. Ölüləri sakitləşdirmək olmur. Dörd aydır ki, rəhmətə gedən, öz növbəsini gözləyən azərbaycanlı jurnalist dilə gəlir:
-Necə yəni “yer yoxdur!”? Hanı İnkir-Minkir? Bu nə haqsızlıqdır? Nə sorğu-sual edirlər, nə haqq-hesab çəkirlər. Elə deyirlər ki, istəsən də budur, istəməsən də... Yaxşısansa da cəhənnəmliksən, pissən də. Bu nə deməkdir? Axı, bura haqq dünyasıdır. Fani dünya - zaddır ki, “xiyar” yeyək? Qurban olum fani dünyaya. Birinci polis tutub üç gün, bir həftə çək-çevir edirdi. Verirdi müstəntiqə. O da sonra ötürürdü prokurorluğa. Prokuror “kaznitləyəndən” sonra işi verirdi məhkəməyə. “Dejurnı” bir vəkil də təyin edib basırdılar türməyə.
Bu dəm başqa mərhumlar da giley-güzara başlayır:
- Çox qəribə işdir e... Bir ailənin beş üzvünü - ananı, atanı, qızını və iki nəvəni öldürəsən, sənə hələ bir vəkil də verirlər ki, müdafiə elə. Bizdən uzaq, - deyib qulaqlarını çəkir.
- Ömrü boyu qoyun kimi yaşadım, qonşunun toyuğuna kiş də demədim. Xruşşovkadakı iki otaqlı mənzilimdən yuxarı da qalxmadım. Kartoşkanı ət adıyla uşaqlara sırıdım. Təmiz adımı qorudum. Axırı da bu? “Cənnətdə yer yoxdur!” Yoxdur? Onda əlavə “raskladuşka”lar qoyun.
- A kişi, bura səninçün 4 nömrəli “Kəndçi bolnitsası”- zaddır ki, sanitarkanın cibinə pul basasan, dəhlizdə əlavə yer düzəldə? Günaha batarsan a...belə danışma.
- Elə ona görə də bu günə düşmüşəm də... Elə hey “hərəkət etmək” istəyirdim, biri deyirdi ki, günaha batarsan, o biri deyirdi haram yemə. Mən də yerimdə saydım. Uşaq-muşaq da ucqar kəndlərdən gəlib oldu vəzifə, pul, mal-dövlət yiyəsi. Biri var idi... Atası buna bir “şestsot” Mersedes bağışlamışdı. Çəkdi nəşəni, vurdu iynəni, oturdu rula, getdi girdi “Kamaz”ın altına. Dünən də gəldi burdan qıl körpüdən keçmədi e... “Mersedes”iylə zmeyka yaza-yaza soxuldu cənnətə.
- Ola bilməz?
- Necə yəni ola bilməz. Öz gözümlə gördüm.
- Pah atonnan. Onda lətifə düz imiş ki...
- Nə lətifə... Axmaq-axmaq danışma. Allaha acıq gedər.
- Hacı Vasim adlı dostum danışıb mənə. Günlərin bir günü bir müsəlman bir yəhudini girləyir ki, döysün. Bəhanə axtarır. Sual verir ki, ay Abram, o düzdür ki, sizin kitabda yazılıb ki, biz müsəlmanlar öləndə cəhənnəmə gedəcəyik, siz cuhudlar cənnətə? Yəhudi də qorxusundan deyir ki, “yox. Siz müsəlmanlar hamınız cənnətə gedəcəksiniz”. Müsəlman görür ki, bəhanəsi kəsilir, bir dənə də sual verir: - Yaxşı biz cənnətə gedəcəyik, onda bəs siz cuhudlar hara gedəcəksiniz? Yəhudi də özünü alçaltmayaraq “biz də cənnətin hasarının dibində bir yer tapıb, çömbəlib oturarıq da”. Bunu eşidən müsəlman Abrama bir yumruq vurur, o da kəllə-mayallaq olur: “Köppək uşağı, bəs onda biz atımızı, ulağımızı hara bağlayacağıq?”
- Pay atonnan, bu Hacı Vasim nə ağıllı adammış ə... Yəqin bu anekdotu məclisdə-zadda danışıb. Xod gedənlərdən kimsə eşidib. İndi Cənnəti də pis günə qoyacaqlar. Gərək yeni dayanacaqlar, körpülər tikilsin. Probkalar da öz yerində. Amma kef çəkəcəklər a... QAİ yox, polis yox... İnsan alverinə qarşı mübarizə yox... Qaqaşlar üçün məlakələr, maskalar üçün neqr mələklər.
- Onda day denən düz ediblər də. Bizim üçün elə cəhənnəm yaxşıdır. Fani dünyadan onların əlindən qaçmışıq. Burda da bizimki bir yerdə tutmaz. Öz aramızdı, cəhənnəmdəki ifritələr də pis deyillər a...
- Gic-gic danışma!
- Vallah! Qonşumuzda bir qəşəng qadın vardı. Atam ona ilişib getmişdi. Anam da adını ifritə qoymuşdu. Düzünü desəm, atamda taqsır yox idi. Yanmış qəşəng şey idi.
- Fikir verin, heç kim gözə dəymir. İnkir-Minkir də yoxdur.
- O gün ağlaya-ağlaya başlarını götürüb qaçdılar.
- Niyə?
- Biri üzlərinə durdu ki, “bu nə ayrı-seçkilikdir? Siz insan hüquqlarını pozursunuz? Gender proqramına zidd gedirsiniz. Hamı üçün eyni şərait yaradılmalıdır. Belə edirsiniz ki, heç kim öz xoşuyla ölmək istəmir də... Gedir həkimlərə milyonlarla pul xərcləyir. Orasını dəyişdirir, burasını kəsdirir. Yaxşı şərait yaratsanız, belə olmaz... Hamı can atar bura. Özü də ki, sən kimsən. Mən İnkir-Minkir tanımıram. Dərdimizi Allaha deyəcəyik. O dünyada Avropa Məhkəməsini, bu dünyada Allahı deyib gəlmişik, vəssalam”.
- Belə də dedi, hə?
- Bəs İnkir-Minkir nə cavab verdi?
- Dedilər ki, siz azərbaycanlılar heç dəyişməmisiniz. Əvvəllər Leninin Movzoleydəki qəbriylə qorxuzurdunuz bizi, indi isə Avropa Məhkəməsiylə. Bizimkilər isə susmayaraq qabaqlarına bundan da tutarlı arqumentlər qoydular. İnkir-Minkir də faktlar qarşısında tab gətirməyib qaçdılar.
- Bunu istəmirdik? Əsl demokratiyadır da... İnsan, fikirazadlıqlarıdır da... Bunlara görə beynəlxalq təşkilatlar illər boyu qanımızı sormadılarmı? Neftimizi, qazımızı daşımadılarmı? Azərbaycanlıları bir-birinə qarşı qoymadılarmı? Öz mənfur işlərində biz kasıbları alətə çevirmədilərmi? Öz hesabatlarında iri “quş qoymaq” xatirinə, təzyiqlərinin daha da güclü olması üçün bizləri türmələrə saldırıb inlətmədilərmi?
- Nə demokratiya, nə insan fikir və azadlıqları? Buraları da yavaş-yavaş “Azadlıq meydanı”na döndərirsiniz. Qalmışıq o dünyayla bu dünya arasında. Adam kimi ölə də bilmirik. İmkan verin kişilər sorğu-suallarını etsinlər də... Yorulmuşam artıq. Lap cəhənnəm olsun. Qaynar tiyanda çimməyin, rahatlanmağın başqa ləzzəti var. O qədər qaynar olur ki, çirk öz-özünə axır. Heç kisələnməyə də ehtiyac qalmır. Çirk axmır e... o qədər günahın olur ki, moment çirkə çıxırsan.
- İndi neyləyəcəyik?
- Heç nə. İşimiz fırığdır. Geriyə də ki, yol yox. Heç məni gözləyən də yoxdur. Beş il idi ki, paralicdim. Canları qurtarıb. Təzəcə sidik-nəcis iyindən qurtulublar. Hara qəbul edəcəklər. Bir də ki, Cəlil Məmmədquluzadənin “Ölülər” əsərini oxumusan da...
- Cəlil Məmmədquluzadə demişkən. Görəsən harda olar indi?
- Əlbəttə ki, cəhənnəmdə. Mirzə Fətəli Axundovun yanında.
- Hə də... O boyda Şeyx Nəsrullahı biabır elədi. Dini ələ saldı. Elə yeri cəhənnəmlikdi.
- Ay rəhmətliyin oğlu, Şeyx Nəsrullaha görə yox e, “Danabaş kəndinin əhvalatları”na görə. Deyirlər ki, kişi cənnətdəymiş. Bu ağ “şestsot”u olan var e... cənnətə girən kimi axtarıb tapıb onu. Az qalıb ki, üstündən keçsin. O da qorxusundan qaçıb girib cəhənnəmə. Orda da hərarət yüksəkdir axı, maşın girə bilmir, pokrışkaları əriyə bilər.
- Əcəb eləyib “ağ şestsotlu” oğlan. Deyirlər ki, o bölgədə yedinka kənddir e... Heç kim bacarmır onlarla. Hətta V... (ağzını əliylə tutur)
- Lap reklama oxşadı e... “Ən yedinka kənd”.
- Bəsdirin də onun-bunun qıybətini elədiz ... Yox bir “ən baxımlı kanal”. Öz dərdinizi çəkin... Nə vaxtacan ayaqlarımız göydə qalacaq. Bizə bir yiyə duran olacaq, ya yox?
- YOX!
Jurnalist və mərhumlar İnkir-Minkiri görən kimi səslərini kəsirlər. Onların gözlərində yaş gilələrini görcək, daha danışa bilmirlər. Ümidləri bu dünyaya, İnkir-Minkirin mərhəmətinə idi. Son ümidləri də puça çıxmışdı. İnkir-Minkir də ağlayırdısa day onlardan danışmağa dəyməzdi.
Beləcə İnkir-Minkir masalarının arxasına keçirlər. Solda Cənnətin, sağda isə Cəhənnəmin qapıları görünür. Artıq bir ildir ki, cəhənnəmin qapıları taybatay açıqdır. Qır tiyanı pıqqapıq qaynayır. Günahkarların iniltisi aləmi götürüb. Cənnətin qapısından isə qıfıl asılıb. Gülüş, musiqi səsləri aydın gəlir. Bu səslər cəhənnəmdən gələn iniltiyə qarışdıqca öz hökm saatını gözləyən mərhumların tükləri ürpəşir. Fani dünyada etdikləri günahlar bir-bir göz önündən keçir. Jurnalist də xəyala dalır: Görəsən haqq dünyasında axırım necə olacaq? Deməli, varlılar, vəzifəlilər burda da xod gedirlər...hə? Bəzən İnkir-Minkirin hökmünü də gözləmirlər, eləmi? Fani dünyada həmişə gözəl yaşadıqlarını, haqq dünyasında da bu həyata layiq olduqlarını dəlil-sübutla əsaslandırırlar. İnkir-Minkirə çox da izah vermirlər. Bircə “İnkir-Minkir, bizim Azərbaycanda belə bir məsəl var. Varlı olmaq yox, kasıb olmaq bağışlanmaz günah- qəbahət sayılır” desələr bəs edir. Deməli, mən jurnalist də ömrü boyu günah içində yaşamışam... hə?
Dörd aydır qıl körpüsündə növbədəyəm. Hamısını müşahidə edirəm. Amma yaza bilmirəm. Fani dünyada heç olmasa ürəyimi boşaldırdım. Nə olsun ki, döyürdülər, söyürdülər, qazamata basırdılar, qələmimi sındırıb gözümə soxurdular. Amma ki, ləzzət edirdi. Əməyimin məhsulunu bu formada görürdüm. Oxum ünvanına dəymiş sayılırdı. Burda isə hər şeyi görürəm, amma yaza bilmirəm. Qalmışam partlaya-partlaya. Yanımdakılar da mənim kimi yoluq ölülərdir. Birini deyəndə onlar yüzünü gətirirlər. Ölüblər deyə azadlığa çıxıblar, demokratiya qazanıblar. Nə ürəklərinə gəlirsə dillərindədir. Amma heç kim onları vecinə də almır. Çünki insan deyillər. Sadəcə ölüdürlər. Mən də ölüyəm onlar kimi. Fani dünyada qələmimi sındırıb gözümə, ora-burama soxurdular. Haqq dünyasında isə qələmimi özüm sındırıb atmışam. Çünki burda mənim qələmimə ehtiyac da yoxdur. Hər şey əyandır. Lakin vəzifəlilər, varlılar burda da əvvəlki amplualarındadırlar. Deyirlər ki, fani dünyada Allahın sevimli qullarından, dövlət qulluqçularından olmuşuq. Belə olmasaydı varı, dövləti bizə nəsib eləməzdi ki... Bunu əsas gətirərək fani dünyada olanlarını haqq dünyasında da tələb edirlər. Bəs biz nəyi tələb edək – Xruşşovka binadakı ikiotaqlı mənzilimizi? Əsla! Güclə canımızı qurtarmışıq ondan.
Vay onda ki, varlı qohumlar “qruppovoy” ölə. İnkir-Minkiri divara dirəyirlər ki, bizə ayrıca kotec ver. Bunlar da ki, hey and-aman eləyirlər ki, bəs bura sizinçün Yer kürəsi deyil. Başa düşmürlər ki, düşmürlər. Arqumentlər o qədər güclü olur ki, İnkir-Minkir qarşılığında söz tapa bilmir.
O gün bir ailə yol qəzasında ölüb. Toydan çıxıb evə gedirlərmiş. Kişi də dəm imiş. Körpüdən aşıb. Arvadı, bacısı, anası, özü, iki uşağı ölüb. İndi İnkir-Minkir buna deyir ki, araq içməsəydin, belə də olmazdı. Sənin günahın böyükdür, yəni ki, cəhənnəmliksən. Anan, bacın, arvadın, iki qızın isə cənnətə gedəcək. Kişi bunu eşitcək İnkir-Minkiri saldı təpiyinin altına: “Nə? Siz istəyirsiniz ki, mənim ailəm orada lüt mələklərlə keyf eləsin, mən də buna dözüm? Qeyrətim bunu qəbul eləməz. Ay İnkir-Minkir, siz axı hardan biləsiniz ki, qeyrət nədir, namus nə?” deyib cənnətin qapısını açıb ailəsindən qabaq girdi içəri. İnkir-Minkir də ağızlarını açıb bir söz də deyə bilmədilər. Nə desinlər? Kişi onları “neprav” çıxartmışdı. Bir də ki, o kişidə taqsır yoxdur. Fani dünyada cənnəti elə qələmə veriblər ki, adı gələndə “priton” yada düşür.
Məsələn, keyf məclisindən qayıdan belə danışır: “Yedik-içdik. Sonra da zəng elədik masyalara. Biri bu tərəfimdə, biri o tərəfimdə” Axırda da əlavə edir: “Cənnətə düşmüşdüm e... heyf ki, arvad zəng elədi. Özü də gecə saat 1-də. Nə desə yaxşıdır: “Gələndə çörək alarsan”. Səhər saat 4-də gedib evə çıxmışam, qapını açıb nə desə yaxşıdır? “A kişi, adam da səhər saat 4-də evə gələr?” Yandım-töküldüm. Dedim ki, ay köpəyin qızı, kişi səhər saat 4-də bəs hara gedər?”
İndi bu İnkir-Minkir başa düşmür, amma biz elə şeyləri çox görmüşük. Qonşumuz var idi. Oğraşın biri idi. Məhəllədə sataşmadığı qız-gəlin qalmamışdı. Zorlamaya görə dörd dəfə türmədə yatmışdı. Yenə dərs olmamışdı. İndi bunda başa bax. Qocalıq vaxtında guya bunun ağlı yerinə gəlib. Neyləsə yaxşıdır? Gedib həkimə ki, bəs oramı kəs. Pul da basıb cibinə. Kəsdirdiyi cinsiyyət üzvünü isə qoyub spirt dolu bankaya, bankanı da soyuducuya. 3-4 gündən sonra isə ölüb. İnkir-Minkir də haqq-hesab çəkəndə başlayıblar bunun üzünə etdiyi oğraşlıqları sadalamağa. Utanmaz-utanmaz tumanını çəkib aşağı ki, bəs mən öz cəzamı fani dünyada özüm vermişəm. Kişi üçün ən əziz olan yeri - mənim başıma bu bəlaları gətirən bədən üzvümü kəsdirmişəm. İnkir-Minkir də kişidir axı... buna yazıqları gəldi. Dedilər ki, sən öz cəzanı özün vermisən, kişiyçün bundan ağır nə cəza ola bilər ki?! Get Cənnətə keyf elə. O da girib Cənnətə. Birinci sualı da bu olub: “Keyf elə. Axı nəylə?” Demə, hərif hər şeyi əvvəlcədən fikirləşibmiş. Girib oğlunun yuxusuna. Deyib ki, bəs əmin bu yaxında öləcək. Soyuducuda bir dənə şey qoymuşam, soxarsan əminin yoğun bağırsağına. Mənə çatasıdır. Burda yerinə tikdirəcəyəm.
Doğurdan e... biz azərbaycanlılar çox ağıllı xalq imişik. Mənim isə bütün bunlardan xəbərim olmayıb. Heyif ki, əlim çatmır fani dünyaya. Burdakı xəbərlərlə əla bir sayt yaratmaq olardı. Adını da qoyardım www.qanlıgün.cəncəh. Hər dəfə bu İnkir-Minkir sual verəndə yanıb-tökülürəm. Bir qram da siyasi savadları yoxdur. Ərəbə, farsa, ləzgiyə və digər xalqlara verdikləri üç sualı biz azərbaycanlılara da ünvanlayırlar:
1. “Öləndə nə işləyirdin?” Axı, sənə nə var nə işləyirdim? Sən soruş necə yaşamışam? Həyatdan kam almışammı? Yoxsa sürünmüşəm?
2. “Özünü taqsırkar sayırsanmı?” A kişi, hansı azərbaycanlı işgəncə, ya da video- sübut görməsə özünü taqsırkar sayar? Qəribə sualdır e...
3. “Səncə yerin haradır? Cənnət, yoxsa Cəhənnəm?” Hansı azərbaycanlı deyər ki, Cəhənnəm. Biz ömrü boyu Cənnətə çatmaq üçün sürünməmişikmi? Aa, deyəsən, növbəm çatır. Axır ki... Deməli, sualları bilirəm. Nə desələr ağızlarından vurmalıyam. Ya da suala sualla cavab verməliyəm ki, çaşdırım. Lazım olsa fani dünya ilə paralellər aparmalıyam. Ən humanist cəmiyyətin məhz Haqq dünyası olduğunu konkret faktlarla əsaslandırmalıyam ki, xoşlarına gəlim.
- Qanlıgül.
- Bəli.
- Gəl irəli. Öləndə nə işləyirdin?
- Ay, İnkir-Minkir, mən o dünyada Allahın sevimli bəndəsi olmuşam. Ona görə də sorğu-sualsız Cənnətə düşməliyəm.
- Bah. Bu da təzə çıxdı. Biz bundan soruşuruq ki, nə işləmisən? Cavab verir ki, Cənnətə düşməliyəm. Onu biz bilərik ki, kim Cənnətə getməlidir, kim Cəhənnəmə. Başa düşdün? Nə qabaqdangəlmişlik edirsən? Bizdən çox bilirsənsə, gəl otur yerimizdə, buralara başçılıq elə. Bir də ki, ay Qanlıgül, deyirsən ki, Allahın sevimli bəndəsi olmusan. Nə verib sənə Allah? Vəzifəmi?
- Yox.
- Var-dövlətmi?
- Yox.
- Firavan, xoşbəxt həyatmı?
- Yox.
- Bəs onda Allahın sevimli bəndəsi olmağını hardan çıxartdın?
- Ay İnkir-Minkir, bəs Ramiq Muxtarın şeirini bilmirsən:
Allah məni öldürmür ki,
Sonra mənsiz darıxacaq.
Pul da verib güldürmür ki,
Deyir hərif quduracaq.
- Boş-boş danışma. Cavablarında məntiqli ol. Ölmüsən e artıq. Allahın sevimli bəndəsi olsaydın, qırx beş yaşında qıymazdı sənə. Yəqin böyük qələtlər qaynatmısan. Eybi yox, hər şeyi ayırd edərik. Öləndə nə işləyirdin?
- Jurnalist.
- Konkret danış.
- Nə konkret deyim? Qəzetdə də işləmişəm, radioda da, televiziyada da. Batırmadığım kol dibi qalmayıb.
- Abırlı danış, qəzetə müsahibə vermirsən. Özünü taqsırkar sayırsanmı?
- Məhkəmə-zaddır bəyəm? Bəsdirin də... Fani dünyada az məhkəmə çəkişmələrinə, türməyə düşdüm? İndi də burda başlayıblar ki, “özünü taqsırkar sayırsan?” Onda mənə vəkil verin. Yupiter, Saturn, Mars və digər planetlərə müraciət qəbul etməliyəm ki, Haqq dünyasında insan hüquq və azadlıqları pozulur, azad sözə yer yoxdur. İkincisidə ki , ay İnkir-Minkir, bu “bəraət” sözünü sizin leksikonunuzdan çıxarıblar məgər? Elə kim gəldi günahkar çıxarırsınız. Fani adlandırdığınız dünyada türməyə basırdılar, burda da hərləyib cəhənnəmə soxmaq istəyirsiniz. Özü də ki, orda hakim bir nəfər idi, onunla da dil tapa bilmədim. Dedi ki, “yox e, tapşırıq belədir. Mənimçün növbəti müddətə hakim seçilməyim əsasdır, yoxsa sənin ədalətli mühakimən? Mən də bilirəm ki, filan vəzifəli korrupsionerdir, rüşvətxordur. Dinmirəm ki... Nə vacib idi ki, qəzetdə durub o boyda kişini biabır etdin. O da iddia qaldırdı. Bu da axırı. İndi ay başıboş jurnalist, sən onun rüşvətxor olmasını sübut edə bilmirsən. Əlində tutmamısan, şəklini çəkməmisən. Amma mən sənin böhtan atmağını həmən sübut edirəm. Çünki qəzet var, yazı var. Adın da ki, maşallah əzəmətli – Qanlıgün”.
- Ay jurnalist, bu nə ləqəbdir - Qanlıgül. Gül satmaqla da məşğul olmusan?
- Gül yox! Gün. ləqəb yox, təxəllüs. Qaşınmayan yerdən qaşıyıb o qədər qan çıxarırdım ki, adımı Qanlıgün qoymuşdular.
- Aydın oldu. Bir mənə başa sal. Sizin məhkəmələr necə olur? Yaman ürəkdolusu, fəxrlə danışırsan. Guya ki, yaxşı iş görmüsən? Türməyə düşmüsən də...
- Yox, ay İnkir-Minkir. Mənim həyatımın ən gözəl anları məhkəmələrdə, türmələrdə keçib. Həyatı başa düşmüşəm, təmizlənmişəm, saflaşmışam. Hər dəfə azadlığa çıxanda sanki dünyaya yenidən göz açmışam. Amma heç vaxt həyatı dərindən başa düşməmişəm. Çünki çox qəliz məsələdir. Başa düşdükcə ucalmaqdansa, əksinə, quyunun dibinə gedirsən. Batırsan, qərq olursan, cəmiyyətin çirkinliklərinə uyğunlaşırsan, qaynayıb-qarışırsan, iyrənirsən, özünü öldürmək istəyirsən.
Məhkəməyə düşməyimə gəldikdə isə... Hər dəfə hansısa yüksək vəzifəlinin səni məhkəməyə verməsi jurnalist üçün böyük hadisə sayılır. Deməli, yazdığın məqalə hədəfə dəyib, cızdağını çıxarıb, atasını yandırıb ki, o boyda xərc töküb vəkil tutur, məhkəməyə müraciət edir. Bütün jurnalistlər də səni müdafiəyə dururlar. Adın, şəklin ilk səhifələrdə yazılır. Vəzifəlilərin vəkillərindən isə heç olmaz. “Yedinistvennı ekzemplyar”dırlar. Məhkəmə prosesi boyu məzələnirdim onlarla. Deyirdim ki, iddianızdakı “şərəf və ləyaqəti alçaltdığına görə 10 min manat ödəsin” yerini çıxarın. Razılaşmırdılar. Dediklərində dururdular. Hakim də neyləsin axı? Hökm çıxarırdı ki, bəs vəzifəlinin şərəf və ləyaqətini alçaltdığına görə 10 min manat pul ödəməliyəm, üstəlik 2-3 il də içəridə yatmalıyam. Mən də içəri girən kimi başlayırdı dostlarım beynəlxalq təşkilatlara müraciətlər yaymağa ki, bəs “jurnalist Qanlıgünü türmədə incidirlər, öldürmək, zəhərləmək istəyirlər. Bütün məsuliyyət onu tutduranın boynundadır və sairə, və ilaxır. Vəzifəli də bu şeylərdən hürküb adam göndərirdi yanıma, cibimə pul basdırırdı, vaxtlı-vaxtında “peredaça”mı, azuqəmi çatdırırdı, mütəmadi ailəmə baş çəkirdi, türmədəki həyat şəraitimi yaxşılaşdırırdı. Sonra da mənim vaxtından tez azadlığa buraxılmağım üçün çalışırdı ki, birdən öz əcəlimlə ölüb eləyərəm – qalar bunun boynunda. Mən də türmədən çıxan kimi bilirsən nə edirdim, ay İnkir-Minkir? Gedirdim düz idarəsinə. İşçilərinin yanında sifətinə “şərəfsiz, ləyaqətsiz” deyirdim. O da çoşur, əsəbləşirdi. Ətrafındakıları özünə şahid seçərək “gördünüz, jurnalist Qanlıgün məni təhqir elədi. Şərəf və ləyaqətimi alçaltdı. Məhkəmədə hamınızı şahid çağıracağam” deyəndə... mən də “ay vəzifəli, sənin şərəf-ləyaqətin var ki? Düz iki il bundan qabaq vəkillərin bu ali insani xüsusiyyətinə 10 min manat qiymət qoydular. Mən də pulumu verib almışam. Üstəlik iki il də içəridə yatmışam. Deməli, bu ali insani xüsusiyyətin mənimdir. Bu da məhkəmənin qərarı. Etirazın varsa, satışa çıxarıram, 50 min ver qaytarım şərəf-ləyaqətini” deyirdim. O da məcbur olub verir, üstəlik bəraət də alırdım. Ay İnkir-Minkir, bu an üçün iki il türmədə yatmağa dəyər. Elə deyilmi?
- Nəsə, çox qəliz danışdın. Daha çox gopa bənzəyir. İkinci suala cavab ver. Özünü taqsırkar sayırsanmı?
- Yox!
- Əsaslandır.
- İşə düşdük də. Mən də deyirəm ki, niyə bu boyda növbə var. Dörd aydır ölmüşəm, ayaqüstə gözləməkdən dabanlarım da çatlayıb. İndi də danışmağa başlasam üç-dörd gün çəkəcək. Orda da bir şirkət sədri var, barmağını silkələyə-silkələyə qalıb. Deyirdi ki, fani dünyada tutdura bilmədim, bu dünyada səni cəhənnəmə saldırmaq mənə borc olsun. Özü də ki, vəzifəli, varlı-hallı adamdır. İndi cənnətdədir. Söz verib ki, bir-iki günlük komandirovka götürüb gələcək cəhənnəmə. Mənim inləməyimə, sızlamağıma, tiyanda pıqqır-pıqqır qaynamağıma baxıb kayf tutmaq üçün.
- Neyləmisən ki, ona?
- Day, soruş neyləməmişəm? Mənən məhv elədim danqazı. Yuxudan duran kimi, əl-üzünü yumamışdan qabaq tez qəzetləri oxuyurdu ki, görsün onun haqqında bir şey yazmışam, ya yox? Nəşriyyatda işləyən birini tapmışdı ki, haqqında yazı gedəndə əvvəlcədən xəbər tutsun. Bəlkə qarşısını ala bildi. Əvvəllər qəzeti səhərlər əldə edib oxuyardı, həmən şəkəri qalxardı. Sonralar isə gecə nəşriyyat növbətçisi zəng edəndə ki, bəs sabah sənin haqqında yazı gedir... bədbəxt səhərəcən yata bilmirdi. Şəkərin üstünə yuxusuzluqdan təzyiq, ürək ağrıları da gəlirdi. Qarşısını da ala bilmirdi. Sonra başladı məqalələri gecəylə telefonda oxutdurmağa. Xəbərə görə 100 dollar verirdisə, oxutdurmaq ona 200 dollara başa gəlirdi. Day xəbəri yox idi ki, nəşriyyat növbətçisi də mən özüm olurdum. Məqaləni oxuyanda, telefonun dəstəyindən ah-ufunu eşidəndə ikiqat zövq alırdım. Sonralar day oxutdurmadı. Öyrəşmişdi. Artıq fərq görmürdü. Çünki haqqında tənqidi məqalə olanda qorxudan, olmayanda isə sevincdən şəkəri qalxırdı.
- Axı nədən qorxurdu? Bir parça məqalədən də qorxarlar?
- Ay İnkir-Minkir, məqalə çıxan kimi onu təkcə camaat oxumur. Əlaqədar təşkilatlar da daimi oxucularım idi. Hazır faktlar idi də, verirdim əllərinə. Onlar da gedib yoxlayırdılar, dizin-dizin süründürürdülər, hətta inzibati orqanlarla qorxudurdular. Vəzifəli şəxs də xəyalən gedib bütün türmələri gəzib gəlirdi təzədən otağına. Görürdü ki, yox, kabinet yaxşıdır. Ödəyirdi cəriməsini, əl çəkirdilər. Bircə mən əl çəkmirdim. Nə pul alırdım, nə də yazmağımdan qalırdım.
- Niyə axı?
- Vallah, uzun məsələdir.
- Tələsən yerin var? Qırx beş ildir bu günü gözləmirdinmi? Hər gün gecələr ölüm səksəkəsiylə yatıb, səhər sağ-salamat yuxudan duranda Allaha şükür etmirdinmi? Ömrünün axırlarında ürək ağrılarından partlayıb, hər dəqiqə Əzrayılın gəlişini gözləmirdinmi? Öləndən sonra Cənnətə düşəcəyini ehtimal etmirdinmi? Həmin gündür də... Heç bir nigarançılığın yoxdur, azadsan. Danış, təmizlən. Biz onsuz da nə etdiklərini bilirik, sadəcə izahın ver. Bəlkə haqq qazandırdıq. Fani dünyada vəzifə almadın, bəlkə sənə burda yaxşı vəzifə də verdik. Özü də ömürlük, hörmətli. Sənin kimi prinsipial adamlara burda böyük ehtiyac var. Danış, layiq olsan götürərik səni sıralarımıza.
- Axı növbə var. Vallah söyüş yiyəsi olacağam...
- Danış. Qoy gözləsinlər. Fani dünyada az növbə görüblər? Qoy bir az da burada gözləsinlər. Özü də çoxu intihar edənlərdir. Guya ki, canlarını qurtarıb qaçıblar bura. Elə bil burda bal-zad paylayırlar. Qoy gözləsinlər. Bir də ki, hamısı Cənnətə can atır. Orada isə yer yoxdur. Gözləmək istəmirlərsə yolları açıqdır. Çox güzəştə getdik insanlara – Cənnət də doldu ağzınacan. Cəhənnəm isə bomboşdur. Getsinlər - qır tiyanı onları gözləyir. Çox isti deyil. Antalyanın, Dubayın qumlu sahillərindəki kimidir. Çimsinlər, qaralsınlar. Və desinlər: Oxxayy! Sənsə danış. Nəsə maraqlı adama oxşayırsan.
- Danışım da... nə deyirəm ki? Ay İnkir-Minkir, mən adi qəzetlərdən birində müxbir işləyirdim. Elə-belə məqalələr yazırdım – şairlərdən, bəstəkarlardan, bir sözlə mədəniyyətdən. Onlar da ki, pul verən deyillər. Maaşa, qonorara bir təhər dolanırdım. İctimai-siyasi proseslərə də maraq göstərirdim. Amma bu mövzulara girişmirdim. Redaksiyamız da “Azərbaycan” nəşriyyatında yerləşirdi. Binanın qonşuluğunda bir çayxana vardı. Müştəriləri əsasən jurnalistlər olurdu. Domino oynayırdıq. Uduzan qutab, araq alırdı. Süfrə arxasında fikir mübadiləsi aparırdıq. Müxtəlif televiziyalarda çalışanlar da bu çayxananın daimi müştəriləriydi. Media aləmində daxildə nə baş verirdisə, çayxanada xəbər tuturduq. Beləcə, günümüzü keçirirdik. Qardaşım da jurnalist idi. Televiziyada çalışırdı.
Günlərin bir günü dostlarla çayxanada oturmuşduq. Gördüm ki, qardaşım içkili, qanıqara vəziyyətdə girdi çayxanaya. Fağırın biriydi. İçkini də güclə tərgitdirmişdim ona. Əvvəl məzəmmət eləmək istədim ki, bəs niyə içmisən. Amma sonra məlum oldu ki, müdiri onu nahaqdan işdən çıxarıb. Təkcə işdən çıxarsaydı, yaxşıydı. Üstəlik hörmətsizlik də edib. Bu da hirsindən gedib bir dənə arağı təkbaşına boşaldıb.Yaman əsəbiləşdim. Amma nə etmək olardı? Müdirdir, özü bilər.
Bir saatdan sonra yaxın tanışım zəng etdi ki, bəs filan televiziyanın rəhbəri qonaqlıqda qürrələnirdi ki, Qanlıgünün qardaşını “belə-belə edib” işdən qovdum. Hə... bu açıq bir çağırış idi. Məəttəl qaldım ki, qardaşımı işdən çıxarırsansa, day mənim adımı niyə hallandırırsan? Amma üç-dörd nəfərin yanında bu sözləri deməsi mənim intiqam hissimi gücləndirirdi. Ha fikirləşdim ki, nə edim... Hardan başlayım. Axı, əlimdən nə gəlirdi ki? Bircə qələmim vardı. Onu da çirkaba bulaşdırmalıydım. Ta o vaxtacan ki, həmin adamların yanında məndən üzr istəsin. Birinci zəng edib dedim ki, üzr istə. İstəmədi. Beləcə, fakt axtarışına çıxdım.
Faktı necə tapım, nə yazım? Prinsipi yaxşı bilirdim. Çətini bir tənqidi yazının üzə çıxması idi. Ondan sonra faktlar özü axıb gələcəkdi. Nə çox idi şirkət sədrini istəməyənlər. On nəfər tapılacaqdı ki, yerinə göz dikib, yüz nəfərə pislik edib, min nəfərin çörəyini kəsib və s. Təkcə bunlar bəsim idi. Üstəlik də ki, digər televiziyaların rəqabət dedi-qoduları. Amma mənə təkcə yazı kifayət etmirdi. Söz vermişdim ki, onu çökdürəcəyəm. Amma necə? Deməli, fakt toplamaq prinsipini bilirdim. İkinci bir prinsipi həyata keçirmək isə daha çətin idi. Ətrafındakı yaxın, inandığı adamları təmizləməliydim ki, tək qalsın. Bu, onun sonu olmalıydı. Necə ki, Ayaz Mütəllibovun yaxın ətrafını bir vertolyota mindirib məhv elədilər, mən də elə etməliydim. Əlbəttə ki, sivil yolla, öldürmək əlimdən gəlmir. Axı mən jurnalistəm, nəcib peşə sahibiyəm. Xalqın görən gözü, yazan əliyəm. Terrorçu deyiləm...
-Az təriflə özünü. Yaxşı tanıyırıq siz jurnalistləri. Davam elə.
- Nə isə. Başladım televiziya işçiləriylə sıx təmasa. Özüm də bir vaxtlar televiziyonşik olduğumdan məhrəm sayılırdım. Nə gəlirdi danışırdılar yanımda. Günlərin bir günü yaşlı bir adam gəldi çayxanaya. Onu tanıyırdım. Uzun illər arvadıyla televiziyada çalışmışdı. Yanırdı, partlayırdı. Sanki ürəyini boşaltmağa adam axtarırdı. O da mən oldum:
“Ay oğul, həyatımızı qoymuşuq bu televiziyaya. İndiki rəhbərimiz də orda mənim işçim kimi başlayıb əmək fəaliyyətinə. Qəynimlə dostluq elədiyindən mən də, yoldaşım da onu oğlumuz kimi qəbul eləmişik. Bağa gedəndə bizimlə gedirdi. Kasıb, yazıq, tərbiyəli, başıaşağı uşaq idi. O qədər kasıb idilər ki, anası şalvarına yamaq vururdu.. Yuyulmaqdan topuğuna qədər qısalmışdı. Ayaqqabısı isə təmir olunmaqdan süzülüb deşilmişdi. Hərdən bağda qəynimlə birlikdə köməyimizə də çatırdı. Torpağı belləyər, ağacları budayardı. Qayıdanda hər ikisinin cibinə pul basırdım ki, gedib pivə içsinlər. Qonorarın da yüksək yazırdım. “Həmişə yaxşılığım keçib” desəm az olar, arvadım qardaşına bərabər tuturdu onu. Vaxt keçdi evləndi. Yaxşı qaynanası vardı. Bir yerdə işləyirdik. Onlar da arxa durdular. Beləcə, ucalmağa başladı. Sonda da gəlib rəhbərimiz oldu. Əmri verilən gün tort alıb işçilərimə şirinlik də payladım. Qurbanlıq boyun olmuşdum – kəsdirdim. Bir də gördüm ki, yanına çağırıb bizi. Deyir ki, pensionersiniz, işdən uzaqlaşdırıram sizi. Gedin bağınızda dincəlin. Torpağı belləyin, ağacları budayın. Susayanda da pivə için. Soruşdum ki, ay bala, niyə belə deyirsən? Axı, sənə nə pisliyimiz keçib? Cavab verdi ki, hər dəfə sizi görəndə yamaqlı şalvarım, deşik ayaqqabılarım yadıma düşür. Ona görə də birinci sizi işdən çıxarıram. Yeni həyatımda mənim keçmişimi bilən sizlər üçün yer yoxdur”. Kişi başına gələnləri danışıb ürəyini boşaltdı. Mən də tez bu faktları kağıza köçürüb, əlavə “bər-bəzək” də verdim.
Səhəri gün “Qınından çıxıb, qınını bəyənməyən tısbağa” adlı məqalə verdim qəzetdə. Bu insanın mənəviyyatca necə alçaq olduğunu göstərdim. Demə, bu rəhbər “bütün köhnələri işdən qovacağam” adıyla digərlərini də məngənəyə salıb alçaldırmış. Onlar da bu məqaləni oxuyub başladılar mənimlə yaxınlığa. Biri dedi ki, bəs şirkətdə gedən təmir işlərindən sonra metallom məntəqələrinə bütün günü dəmir-dümür daşıyırlar. Bu işlərə də rəhbərin yaxın bir qohumu rəhbərlik edir. Pul haqq-hesabına da o baxır. Ertəsi gün bir məqalə verdim ki, bəs qoymayın, şirkətin rəhbəri büdcəni bitirib, indi də dəmir-dümürü yeməyə başlayıb. Yoxlama gəldi. Az qalmışdılar ki, rəhbərin ən yaxın qohumunu bassınlar türməyə. Güc-bəlayla qurtardı yazığı. Sonra da işdən uzaqlaşdırdı ki, birdən ilişib eləyər, biabır olar bütün nəsildə. Beləcə, dəmir-dümürü də gətirdim burnundan. Həm də əsas, inandığı dayaqlardan birincisini aradan götürdüm.
Səhəri yenə də çayxanadaydım. Gördüm ki, qonşu televiziyalardan biri hey giley-guzar edir. Deyir ki, bəs filan şirkət xarici futbol federasiyalarından birinin yayım hüququnu aldı əlimizdən. Özü də ağlasığmaz dərəcədə pul ödəməklə. Nə pul? Axı xaricdə rüşvət verib nəsə etmək mümkün deyil. Hər şey köçürmə yoluyladır. Nə qədər elədim dəqiq informasiya ala bilmədim. Amma tezbazar qəzetdə bir “xoruz” buraxdım. Yenə də səs çıxmadı. Amma faktım az idi. İnterneti, yazışmanı yaxşı bildiyimdən girdim həmin o federasiyasının saytına. Poçtunu öyrəndim. Yalandan yazdım ki, bəs mən özəl televiziya şirkətinin sədriyəm. Sizin liqaya azərbaycanlı azarkeşlərin böyük marağını nəzərə alaraq oyunlarınızın Azərbaycanda nümayiş hüququnu almaq istəyirik. Onlar da hardan bilsinlər ki, ilanı yuvasından çıxaranın biridir yazan. Rəsmi cavab verdilər: “Sizin bir Azərbaycan özəl televiziya şirkəti bizim liqanın oyunlarının yayım hüququnu yüz min dollara əldə etmişdi. Lakin sonradan daha bir şirkətiniz bu məbləğdən on qat artığını təklif etdiyinə görə biz yayım hüququnu bir illik ona vermişik. Bir ildən sonra yenidən müraciət edin”. Bu da fakt. Amma ağlıma da gətirməzdim ki, bu faktla mən üç dovşanı birdən vurmuşdum.
- Necə?
- Ay İnkir-Minkir, birinci, dövlətin pulunu lüzum olmadan göyə sovurduğuna görə şirkətə yoxlama gəldi, çox “tərlətdilər” yazığı. İkincisi, bu məsələni özündən başqa bilən yaxın adamından şübhələnməyə başladı. Xəyanətkar bilib işdən qovdu. Əsas dayaqlarından ikincisini də belə aradan götürdüm. Üçüncüsü də ki, o gündən uzun və sonu bilinməyən bir ova çıxdı. Görəsən, bu məlumatları Qanlıgünə kim ötürüb?
Bu şübhəsi isə onu növbəti, güclü dayaqlarından birindən də mərhum etdi. Qəzetdə “xoruz” buraxdım və ehtimalla həmin adamın adını hallandırdım. Məqalələrdən ağlını itirən rəhbər onu da işdən uzaqlaşdırdı. Əsas dayaqlardan üçüncünü də belə aradan götürdüm. Ay İnkir-Minkir, bayaq dediyim kimi, ilanı yuvasından çıxarmaq qabiliyyətinə malik idim. Günortalar çayxanada otururdum. Axşam isə...
- Ay Qanlıgün, çox çayxana-çayxana deyirsən. Nə görmüşdün ki, orda?
Azərbaycanda kafe, restoran yox idi ki?
- Var idi. Amma Bakıda bütün məsələlər çayxanalarda həll olunur. Vəzifəlilər, varlılar çayxanaya getməyi özlərinə sığışdırmırlar. Əvvəl-əvvəl nahara evə gedirlər, sonralar isə iş yerində xüsusi mətbəx yaradırlar. Bir az əllərinə pul gələndən sonra başlayırlar axtarışa. Ki, onlara lazım olan daha yüksək vəzifəli adam günorta, axşam harda nahar, şam edirsə - o da ora getsin. Bəlkə rastlaşdı, onun da “şot”unu verdi, daha isti tellər yarandı. Amma başa düşmürdülər ki, vəzifədə dedi-qodusuz fəaliyyət göstərmək üçün çayxana bütün restoranlardan, kafelərdən üstündür.
- Day gop eləmə də...
- Gop nədir. Bəs eşitməmisən? Xalq Cəbhəsi fəaliyyətinə harda başlayıb?
Bulvardakı “Nu, poqodi” çayxanasında. Sovet hökumətini çayxanada yıxdılar. Hakimiyyəti ələ keçirdilər. Pullandılar. Çayxanaları artıq bəyənmədilər. Başladılar kafe-restoranları gəzməyə. Amma başa düşmədilər ki, çayxanadakı yerlərini artıq digərləri tutub. Beləcə də hakimiyyətdən getdilər.
- Yaxşı davam elə, ay ilanı yuvasından çıxaran.
- Həəəə... Gündüzlər çayxanada oturardım. Axşamlar isə televiziyanın mühasibat otaqlarını və kadrlar şöbəsini təmizləyən xadiməylə mazaqlaşırdım. Qonaq edirdim, “Min bir gecə” nağılı oxuyurdum. Əvəzində isə yığdığı zibili ayrıca sellofan torbalarda mənə gətirməyini xahiş edirdim. O da belə edirdi.
- Düz deyirlər e, insan gündə bir təzə söz eşitməsə, qulağı kar olar. Bu da təzə çıxdı? Jurnalist hara, zibil hara?
- Ay İnkir-Minkir, xadiməyə demişdim ki, səhərlər yır-yığış öz yerində, zibil qutularını axşam işdən çıxanda təmizləsin və mənə gətirsin. İşçilərin cırıb atdığı qaralama kağız-kuğuzları bir-birinə yapışdırıb maraqlı faktlar əldə edirdim. Məsələn, demə, on beş nəfərin işdən çıxarılmasıyla bağlı əmr hazırlanıbmış. Kadrlar şöbəsinin rəisi də tapşırığı özüyçün cızma-qara edib verib makinaçıya. O da yazandan sonra, əlyazmanı tullayıb qutuya. Bu yolla da gəlib düşdü əlimə. Səhər də şirkət rəhbəri qəzeti açıb görür ki, bəs siyahı olduğu kimi çap olunub. O saat kadrlar şöbəsinin rəisindən şübhələnməyə başladı. O da müavininin boynuna ataraq işdən çıxartdırdı. Beləliklə dayaqlardan biri də belə getdi.
- Yox e... çox qəliz danışdın. Başa düşmədim. Bu zibil məsələsi hardan ağlına gəldi? İzah elə.
- Ay İnkir-Minkir, xaricdə bu məsələ çoxdan həllini tapıb. Qaralama kağızları zibilliyə atmamışdan qabaq xüsusi makinalarda xırda-xırda, əriştə kimi doğrayırlar. Bizimkilərin ağılları isə hələ o səviyyəyə çatmayıb. Sizə bir sual verim. Sizcə, Azərbaycanın idarə və müəssisələrində ən mühüm vəzifə hansı sayılır?
- Əlbəttə ki, müdir.
- Yox. Tapmadınız. Əsas vəzifə xadimə və sürücülərdir.
- Çox maraqlıdır. Əsaslandır, Qanlıgün.
- Bax, həkimə gedirsən. Orqanizmdə hər hansı bir bədən üzvünün ağrıdığını deyirsən. Həkim sənə deyir ki, başına baxım? Ya boğazını aç deyir? Deyir ki, sabah səhər tezdən ac qarnına gəl, sidik və qan analizi ver. Bununla bütün xəstəliyi, bədəndə gedən gizli prosesləri üzə çıxarır, müalicə edir, dərman yazır. İndi cəmiyyətin də ac qarını sayılan xadimə və sürücülər işlədikləri yerin hər şeyini yaxşı bilirlər. Müdirdən də yaxşı. Sürücülər cəmiyyətin qanı, xadimələr isə cəmiyyətin sidiyidirlər.
Zibil yeşiyinə duxi qabı atılıb. Deməli, işçiyə kimsə hədiyyə verib. Zibil qutusundan işlənmiş prezervativ tapılır. Deməli, katibə müdirlə gəzir. Katibə ərdədirsə, bu yolla onu şantaj edib, rəisinin bütün addımlarını izlətmək olar. Başa sala bildimmi, ay İnkir-Minkir?
- Nə isə. Siz jurnalistlər dəhşət adammışsınız.
- Bir yaxın adamı da var idi. Yaman xod gedirdi. Gözü ayağının altını görmürdü. Buna da bir quyu qazdım. Bir fahişəni öyrədib saldım dalına. O da içəndən sonra oldu şir. Şirkət sədrini siçan edib qoydu məsxərəyə. Şanlı çıxışının stenoqrammasını çap edib verdik qəzetə. Yaxın adamı ayılmışdı. Amma artıq gec idi. Dördüncü dayaq da belə getdi. Artıq şirkət sədri hər yerdə deyirdi. Mənə nə gəlir, bu yaxınlarımdan gəlir. Həftə səkkiz - mən doqquz da beş-altı adamı işdən çıxarırdı. Bunlar da mənim potensial əlavə informasiya mənbəyimə çevrilirdi. Üstə də gəl maliyyə fırıldaqları. Day nə deyim? Nişangahda bütün deşiklər 10-luqda idi. Bu minvalla davam etdirirdim. Amma günlərin bir günü savaşımı dayandırdım. Bir də onun haqqında bir kəlmə də yazmadım.
- Niyə? İstədiyinə nail oldunmu? Səndən hamının yanında üzr istədimi?
- Yox, sadəcə mən yazdıqca, komissiya komissiyaya calandıqca onun da hörməti artırdı. Hamı da onu gözəl insan, məni isə pis, böhtançı çağırmağa başlamışdı. Mən yazdıqca o da özünə kənardan yeni dayaqlar axtarırdı, tapırdı, güclənirdi, kreslosunda möhkəmlənirdi. Dayaq yox e, dost qazanırdı. Həm pulu artırdı, həm də əlavə pul qazanmaq imkanları. Dairəsi genişlənirdi. Mənim tənqidi yazılarım sayəsində dörd yaxın dayağını itirsə də, kənarda onlardan da güclü otuz arxa qazanmışdı. Çünki verən əli vardı. Mən almırdım, yemirdim, prinsip aparırdım. Amma digərləri belə deyildi. Şirkət rəhbərinə “gözəl insandır” deyirdilər.
- Elə niyə?
- İnkir-Minkir, yadınızda saxlayan. Azərbaycanda pulunu əsirgəməyən, xərcləyən, bir deyəndə iki verən adama “gözəl insan” deyirlər. Bir də ki, təbiətin qanunlarını nəzərə almamışdım. “Bir budağı kəsəndə yerində dördü çıxır” prinsipini.
- Bəs pulu, çevrəsi belə güclüydüsə, niyə səni tutdurmurdu, yaxud da öldürtdürmürdü?
- Çünki yeganə düşməni mən idim. Bir şey olsaydı, ondan biləcəkdilər. Hamıya dost kimi özünü göstərsə də, amma insanlara pataloji nifrəti qüvvəsində qalırdı. Yamaqlı şalvarından, deşik ayaqqabısından, kasıb, yoluq vaxtı insanların ona zillənən həqarət dolu baxışlarından qaynaqlanan pataloji nifrəti. Nə olsun ki, o öldürtmədi, əvəzində on ildən sonra Əzrail gəlib apardı. Uşaqlarım yetim qaldı. Məndən sonra o da dözmədi.
- Niyə? Əslində sevinməliydi ki, canı qurtardı sənin kimi qaniçəndən.
- Qoymursunuz e, sözümü axıra çatdırım. Gəlib ona çatdırıblar ki, bəs Qanlıgün infarkt olub. Öz əcəliylə ölüb. Bunu eşitcək sevincdən ürəyi tutub. Elə yerindəcə qalıb. Heyf, gör hələ neçə planım var idi. Onun haqqında məhkəmə zalından reportaj hazırlamaq, türməyə “peredaça” aparmaq. Arzularım ürəyimdə qaldı. Həm də başa sala bilmədim ki, adam adamın hissiyyatına toxunmaz. Çətin başa düşəydi, qoyun otaranın biri idi. Büdcəni talamaqdan, pul saymaqdan başqa heç nə bacarmırdı.
- Yaxşı, özfəaliyyətin elə bundan ibarət olub?
- Yox, ay İnkir-Minkir. Bu başlanğıc idi. Bu insana bilirsizmi nə qədər nifrət edirdim? Ona görə yox ki, məni təhqir etmişdi. Səbəb bu deyildi. Onun daxilinə vardıqca, çıxardığı oyunları gördükcə təkcə ona yox, bu qəbil insanlara, vəzifəli, hallı-pullu adamlara qarşı məndə antipatiya yaranırdı. Nifrət, qəzəb desəm, daha doğru səslənər. Artıq insanlıqdan çıxmışdım. Jurnalistliyim də öz məcrasını dəyişmişdi. Yeni macəralar axtarırdım. Qaşınmayan yerdən qaşıyıb-qaşıyıb qan çıxarmaq istəyirdim.
Artıq televiziyalardan birinə işə düzəlmişdim. Tikinti sektorunu mənə vermişdilər ki, süjetlər hazırlayım. Hara zəng vurub, material hazırlamaq istəyirdimsə, tikinti rəhbərləri imtina edirdilər. Tənqidlə hədələsəm belə veclərinə almırdılar. Beləcə, bir müddət davam elədi. İşdə də adımı yarıtmaz qoymuşdular. Axırda hirsləndim. Kameramı götürüb gedib dayandım üçəm 20 mərtəbəli göydələnin qabağında. Tikintisi başa çatmaq üzrəydi. Kameranın dayaq ştatifini elə qurdum ki, kamera bir az maili dayandı. Elə təsəvvür yaranırdı ki, binaları əyri tikiblər, bu saat uçulub dağılacaq. Müdirim də televiziyamıza qarşı tikinti şirkətlərinin laqeydliyindən xəbərdar idi. Materialı isti-isti verdi efirə. Qırğın qopdu, nə qopdu. Bizi saymayan, zənglərimizə cavab belə verməyən tikinti şirkətinin rəhbəri gəldi oturdu qapımızda ki, “nə qədər istəyirsiniz pul sayım, təkzib verin. Evi tikmişəm, mənzilləri də satmışam. Sakinlər gəliblər ki, bəs bizə zay bina lazım deyil. Qaytarın pulumuzu”. Mən isə özümü naza qoymuşdum. Müdirlə əvvəlcədən danışdığımız kimi, üstümə qışqırıb “sənə demirəm get çək, təkzib ver” dedikcə, mən də etiraz edirdim. O da “ay filan müəllim. Yerazlar belədir də... Televiziyada heç kim bunlarla bacara bilmir” söyləyirdi. Tikinti rəisi də gedib qohum-əqrabamdan, dost-tanışımdan adam saldırıb məni yola gətirdi. Yüz minnət-sünnətdən sonra gedib təkzib süjetini çəkdim. Dedim ki, ay camaat, ev düpbədüzdür, sadəcə operator kameranı əyri quraşdırıbmış. Çəkilişimizi bitirib geri qayıtmaq istəyirdik ki, altmış nəfər fəhlə məni əhatəyə aldı. Onlardan biri:
- Ay jurnalist, sənə nə etmişdik ki, bizi çörəksiz qoydun. İndi biz balalarımıza nə deyəcəyik. Hərəmizin də bir çətən külfəti, - dedi.
- Axı, kimin ixtiyarı nədir ki, sizi işdən qova. Müdiriniz də bax burda. Heç kim sizi işdən qova bilməz, - deyə üzümü tikinti rəisinə çevirdim. O da:
- Qanlıgün müəllim, mən heç kimi işdən qovmamışam. Sizin süjetdən sonra əlaqədar təşkilatlardan gəlib tikintini dayandırdılar. Mənə də sizin faş etdiyiniz, amma olmayan nöqsanlarımı aradan qaldırmağı tapşırdılar. Mənzil, obyekt alanlar da bu yandan gəlib pullarını geri götürdülər. Mən artıq müflisəm. Fəhlələrin də maaşını verməyə pulum yoxdur. Həm də ki, binanı “əyri” tikiblər. Tutduracağam onları!
Yerimdə donub qalmışdım. Özüm kasıb yaşayırdım. Ona görə də fəhlələri yaxşı başa düşürdüm. Mən guya ki, tikinti rəisinə laqeydliyinə, saymazlığına görə dərs vermək istəmişdim. Amma əvəzində... Mən kasıb-kusubun çörəyini kəsmişdim. Bir anlıq yerimdə qurudum. Heç bir cavab verə bilmədim. Televiziyaya qayıdıb süjeti efirə verdim. Və bir daha tikintilərə çəkilişə getmədim.
- Qanlıgün, sonra? Fani dünyada başqa nə işlər gəlib başına?
- Ay İnkir-Minkir, sonra televiziyadan ayrılıb qəzetə qayıtdım. Çayxana yenidən oylağıma çevrildi. Domino oynayıb, çay içirdim. Xırda məqalələr yazırdım. Cibimdə də siçanlar gəzirdi. Aqressiyam artırdı. Kiməsə pislik etmək, vəzifəli, varlı adamları tənqid edib hirsimi soyutmaq istəyirdim. Yaxın həmkarlardan biri dedi ki, bəs bir yüksək vəzifəlinin ailə həyatı ilə bağlı əlində tutarlı dəlillər var. Elə bil çiçəyim çırtladı. Əlindən qapıb redaksiyaya qayıtdım. Bir qəzet səhifəsi material hazırladım. Şəkliylə manşetə çıxartdım. Adını da “Əxlaqsız qızıyla bacarmır, bizə moizə oxuyur” qoydum. Səhəri gün qəzet çıxdı. Amma səs-küy qopmadı. Qulağım səsdə idi. Amma heç bir əks-səda yox idi. Beləcə, on gün, iyirmi gün keçdi. Növbəti günlərdən birində yenə çayxanada oturmuşdum. Gödəkçəmi də çıxarıb stulun başına salmışdım. Hərdən həyətə çıxıb telefonla danışır, siqaret çəkib yenidən stola qayıdırdım. Bu dəm içəri polislər daxil oldu.
ARDI VAR