Modern.az

“Rusiya Ermənistandan üz çevirməyəcək” - Mütəllibovdan prezidentlərin qarşıdakı görüşünə ŞƏRH

“Rusiya Ermənistandan üz çevirməyəcək” - Mütəllibovdan prezidentlərin qarşıdakı görüşünə ŞƏRH

5 Yanvar 2016, 13:32


Bu il Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanın Belarusun paytaxtı Minsk şəhərində görüşə biləcəyi açıqlanıb.

Bu barədə Belarusun Ermənistandakı səfiri İqor Nazaruk bildirib. Bu görüş baş tutarsa, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair nə gözləmək olar? Ümumiyyətlə, Qarabağ məsələsi ətrafında danışıqlar prosesində dönüş ola bilərmi?

Modern.az saytı məsələyə münasibət öyrənmək üçün Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova müraciət edib.

Ayaz Mütəllibov deyib ki, Dağlıq Qarabağ məsələsinin danışıqlar masasında həll edilməsi barədə konkret nəsə demək çətindir.

“Çünki 2016-cı ildə Qarabağ məsələsinin həll ediləcəyini əminliklə demək olmaz. Proqnoz vermək çətindir, situasiya tez-tez dəyişir. Gözümüzün önündə gözləmədiyimiz hadisələr baş verir. Bunu necə tənzimləmək də çətinləşir. 25 ildir ki, Qarabağ məsələsi ətrafında danışıqlar gedir. Amma, danışıqlar hələ ki, fayda verməyib”.

Eks-prezident  region üçün yeni təhlükədən də söz açıb.

“Digər tərəfdən, qonşu İranla Səudiyyə Ərəbistanı arasında müharibə təhlükəsi var. Bu, region üçün də təhlükədir”.

2016-cı ildə Azərbaycan və Ermənistan prezidentlərinin Minsk görüşünə  şərh verən Ayaz Mütəllibov yeni nəyinsə baş verəcəyini gözləmədiyini deyib.

“Zənnimcə,  prezidentlərin Minsk görüşündən nəsə gözləmək olmaz. Çünki lokal və qlobal şəkildə münaqişələr davam edir. Gərginlik müşahidə olunur”.

2016-cı ildə də Rusiyanın Qarabağla mövqeyinə gəlincə, eks-prezident deyib ki, Rusiya Ermənistandan üz çevirməyəcək.

“Dağlıq Qarabağ məsələsində Rusiyanın mövqeyi bəllidir. Yenə də Ermənistana yardım əlini əsirgəməyəcək. Rusiya Azərbaycanla əməkdaşlıq məsələsində maraqlıdır. Fərqi yoxdur, 2015-ci il olsun, ya 2016-cı il. Amma 2016-cı ildə Rusiyanın Azərbaycanla hansı səviyyədə əməkdaşlıq məsələsi barədə yekun rəy söyləmək çətindir. Təbii ki, maraq olacaq. Bu maraq naminə də müəyyən pozitiv addımlar atıla bilər. Unutmayaq ki, Qarabağ məsələsində Vaşinqtonun öz marağı var. Rusiya Cənubi Qafqazdan geri çəkilsə, Amerika üstünlük əldə edəcək. Bu da Rusiyanı qane etməyəcək”.  

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?