Mahir Qabiloğlu
(Davamı)
- Qanlıgün müəllim?
- Bəli.
- Bizə etibarlı mənbələrdən daxil olan məlumata görə siz narkotik, uyuşdurucu istifadə edirsiniz.
- Nə?
- Anaşa çəkirsiniz.
- Nə anaşa, mən ancaq siqaret çəkirəm. Bəlkə deyəsiniz ki, narkotik alveri də edirəm?
- Yox. Məhz çəkirsiniz. Siz narkomansınız.
- Bunu hardan çıxartdınız.
- Nə olar. Yoxlayarıq, görərik.
Polislər hal şahidlərinin iştirakıyla ciblərimi stolun üstünə boşaltdırdılar. Gödəkçəmin yan cibindən kibrit qutusu çıxdı. Açıb içindəki otu stolun üstünə boşaldanda...
- Bu, mənim deyil. Xəbərim yoxdur bundan,- dedim.
- Neçə ildir polisdəyəm. Bir dəfə də olsun eşitməmişəm ki, kimsə nəşəxor olmasını boynuna alsın. Gedək, şöbədə aydınlaşdırarıq.
Hörmət əlaməti olaraq əlimə qandal vurmadılar. Qoluma girib maşına əyləşdirdilər. İdarəyə gətirib faktı aktlaşdırdılar. Nə qədər and-aman elədimsə inanmadılar. Qanımdan analiz götürdülər. Analiz də sübut etdi ki, demə, nəşəxormuşam. Saldılar kameraya. Axı bu nə demək idi? Anlaya bilmirdim. Kameranın divarları üstümə gəlirdi. Qaranlıq idi. Amma gözümə yuxu getmirdi. Görəsən, nəşəni cibimə kim atmışdı? Polisi kim çağırmışdı? Mənimlə domino oynayan jurnalist dostlarımmı? İnanmaram. Polislərmi? Qətiyyən. Orda polis nə gəzirdi ki? Hamısı özümüzünkülər idi. Bir də ki, qanımda bu zəhirmar necə tapıldı? Nə qədər edirdimsə məni içimdən ovan suallara cavab tapa bilmirdim. Səhəri gün müstəntiq gəldi. Məcəllənin maddələriylə tanış etdi. Onu da sual atəşinə tutdum. O da “Polisin səninlə bağlı heç bir qərəzi yoxdur. Nəşə sənin cibindən çıxıb, şahidlər də bunu təsdiq edib. Yəqin düşmənlərin var da... Yaxşı fikirləş. İki-üç il vaxtın olacaq. Bir də ki, analiz də onu təsdiq edir ki, nəşəxorsan” dedi. Yazdığım məqalələri, çəkdiyim süjetləri bir-bir göz önündə canlandırdım.
- Tapdım, cənab müstəntiq. Bu qızı qəhbə olan o oğraş Sadığın işidir. Susdu, susdu, ara soyuyandan sonra hücuma keçdi. Hiss eləmişdim ki, bu sükutda nəsə bir əmma olacaq. Tapdım. Odur.
- Kimi deyirsən? Sadıq müəllimi? Qızı qəhbədir? Boş-boş danışma. Onun heç qızı yoxdur. İki oğlu var. Biznesmendirlər.
- Nə? Qızı yoxdur?
- Yox. Mən onun ailəsini yaxşı tanıyıram.
Məni soyuq tər basdı. Belə çıxır ki, bu boyda kişiyə böhtan atmışam? Üstəlik ona “oğraş” damğası da vurmuşam? Deməli, jurnalist həmkarım məni zərbə altında qoyub? Təsadüfdənmi, yoxsa bilə-bilə? Nə isə, ay İnkir-Minkir, üç il iş kəsdilər getdim çala-çala. Türmədə də ki, iş yox, güc yox. Başladım məhkumlarla dərdləşməyə. Birinci məni sorğu-suala tutdular.
- Jurnalistəm, şərləyiblər. Vəzifəlilər, varlılar haqqında açıq, tənqidi yazılar verdiyimə görə cibimə nəşə atıb tutdurublar.
- Nəşəni polislər cibinə atıb?
- Yox.
- Dünya, dağıl. Axır ki, bir nəfər tapıldı ki, polisləri günahlandırmadı. Ay jurnalist, biz belə şeyləri çox görmüşük. Əgər bu işdə polisləri günahlandırmırsansa, deməli, nəsə pis bir iş tutmusan. Yaxşı jurnalist olsaydın, həqiqət yazsaydın nəşəni cibinə polislər atardı. Buna da baxmayaraq içəri bu maddəylə girməzdin. Deməli, şərçisən, böhtançısan. Hə, tutaq ki, yazdın bu vəzifəli, varlı adamlardan, sonu nə oldu?
- Heç nə, görmürsünüz nə oldu? Türməyə düşdüm.
- Bunu bilirik. Onlara nə etdin? Bunu soruşuruq? Vəzifədən çıxartdılarmı?
- Yox.
- Həbs etdilərmi?
- Yox.
- Var-dövlətlərini əlindən alıb dilənçi gününə saldılarmı?
- Yox. Əksinə. Allah ruzularını artıra-artıra, hər şey qaydasında davam edirdi.
- İndi sən yoluğ jurnalist Allahdan çox biləcəksən? Niyə sənin ruzunu bol eləmir, amma onların başından tökür? Çünki boş-boş danışanı Allah da sevmir. Atalar sözü də var: “Kasıbdan Allah da bezardır”. Adı nə idi, o vəzifəli, varlı adamın?
- Neyləyirsiniz ki?
- Necə yəni neyləyirik? Biz boş-boş danışmağı sevmərik. Bayırdakı uşaqlara xəbər verəcəyəm, gedib talan eləsinlər onu. Paylasınlar kasıb-kusuba. Bəlkə bizə də Koroğlu kimi gələcəkdə şəhərin mərkəzində heykəl qoyalar.
- Demirəm. Mən işverən-zadam sizinçün?
- Qəzetdə yazanda, komissiyaları uc-uca düzəndə işverənlik sayılmır, bizə deyəndə... Onda sox içinə, otur yerində. Az danış. Bura səninçün bayır deyil. Burda namus-qeyrət üstündə adam öldürənlər, varlıların var-dövlətini talan edənlər, düzü-haqqı yazanlar kişi sayılır, sənin kimi boşboğazlar yox.
Ay İnkir-Minkir, ilk dərsimi belə aldım. Jurnalist fəaliyyətimin üstünə bir xaç çəkmişdim. Düzün desəm “jurnalistəm” deməyə xəcalət çəkiridim. Hərəsi bir şey üstündə düşmüşdülər ora. Amma onlardan birinin həyat hekayəsi mənə böyük dərs oldu. Köhnə bakılılardan idi.
Məhlələrinə qaçqın rayonların birindən ailə köçüb. Demə, bunların kəndlərində də “oğraş” sözü dillərinin əzbəriymiş. Balaca uşaqlarını qucaqlarına götürüb “ay, oğraş, ay oğraş” deyə əzizləyərmişlər. Bakılılarda isə bu söz ən pis söyüşlərdən biri yox, birincisi sayılır. Anası, bacısı, arvadı qəhbə olana oğraş deyərlər. Günlərin bir günü bu rayonlu bakılının yanından keçəndə mehribancasına “Salam. Ay oğraş, necəsən?” deyə hal-əhval tutub. O da “oğraş sənsən, sənin nəslindir” deyərək çıxarıb bıçağı soxub qarnına. O da yerindəcə keçinib. Tutub on iki il iş veriblər. Deməli, bir sözə görə türmədə on iki il yatanlar varmış, xəbərim yoxmuş. Aman Allah, deməli, mən yenə yaxşı qurtarmışam. O boyda vəzifəli, varlı-hallı insanı, özü də qızı olmaya-olmaya oğraş çıxarmışam, qəzetimdə bütün Azərbaycana car çəkmişəm, digər müxalif mətbu orqan və saytlar da istinad edərək bütün ölkəyə yayıblar. Bütün bunlara baxmayaraq, bir kəlmə də ağır söz deməyib mənə. Vicdan əzabı məni boğurdu.
Amma neyləməliydim ki? Üç ilimi yatmalıydım. Özü də ki, etmədiyim cinayətə görə. Taqsırım olsaydı, çox da yandırmazdı məni.
Burda hər cür tale vardı. Çox qəribəydi ki, bayırdakı kimi qapalı deyildilər. Danışmağa, ürəklərini boşaltmağa meylli idilər. Heç nədən qorxmurdular. Açıq danışırdılar. Çünki həyatlarının müəyyən hissəsinə artıq qiymət verilmişdi. Kimisinə beş, kimisinə on, kimisinə də on beş il. Ən aşağı qiymət mənimki idi – “3”.
Bir-iki aydan sonra həbsxanaya yeni məhbuslar gətirildi. Biri çox tanış idi. Aaa, bu ki, Şoran rayonunun icra başçısıdır. Nə yaman arıqlayıb. Lap skeletə oxşayır. Bunlar belədir də... Vəzifədə olanda piylənirlər, çıxan kimi başlayırlar əriməyə. O, nə əcəb düşüb bura? İnkir-Minkir, gözümə elə bil işıq gəldi. Vəzifəli adam görmüşdüm axı... Nə kaznitləyəcəyəm bunu. Neyləyə bilər ki, mənə? Artıq vəzifəsi yoxdur. Lap istəyirsən dalına təpik vur. Durub qoyun kimi üzümə baxacaq. Day qışqıra bilməyəcək ki, “ay prokuror, ay polis rəisi, tutun bu oğraşı, basın qoduqluğa”. Gör necə sakit, yazıq-yazıq baxır? Elə bil bütün rayon camaatının “qəssab Gülmalı” çağırdığı adam deyil.
- Salam, Gülmalı müəllim. Sən hara, bura hara? Nə xoş təsadüf. Gözlərimə inanmadım. Tarix yazmısan e, tarix. Sən Azərbaycanda ilk icra başçısısan ki, türməyə düşmüsən. Bunu bilirsənmi? Yox, heç vaxt inanmaram ki, icra başçılığına görə səni bura salalar. Səndən də beşbetərləri, qaniçənləri var. Gül kimi işləyirlər özləriyçün. Nəsə burda başqa bir şey var.
- Yox, dövlət əmlakını talamaq, korrupsiya üstündə həbs etdilər məni - haqq da etdilər.
- Day mənə yox da. Maddən bu ola bilər. Amma səbəb yox. Bir mənim sifətimə bax... Loxa oxşayıram? Ya qulaqlarım eşşək qulağı kimi uzundur? Get onları özünə de. Sən canın, danış görüm niyə damladılar səni?
- Sən Allah, yadıma salma. Xatırlayanda tüklərim biz-biz durur. O gündən yeməyə də həsrət qalmışam.
- Yeməyə, yoxsa kababa? Yaxşı öyümə, öyümə. Kabab vermədim ki, öyüyürsən. Adın çəkdim də...
- Adını da çəkmə. Ümumiyyətlə, yemək adı çəkmə, ürəyim bulanır.
- Düz deyirsən. Səhər-səhər kabab nədir e... dedim. Xaş, kəllə-paça. Yanında sirkə-sarmısaq, dənələnmiş nar, boyat təndir çörəyi, yüz qram da zoğal arağı. Bax, səhərin yeməyi budur.
İnkir-Minkir, bunu demişdim ki, Gülmalı müəllim başladı öyüməyə. Birtəhər sakitləşdirdik. Əl-üzünə su vurduq. Özünə gələndən sonra bir də yaxınlaşdım.
- Yaxşı, Gülmalı müəllim, yemək adı çəkmərəm day. Amma məni başa sal görüm işdən çıxarılmağının yeməklə, kababla nə əlaqəsi var axı?
Ha illah elədim, danışmadı. Özünə qapanıb bir küncdə çömbəlib otururdu. Hərdən ağlayıb başını divara da vururdu. Alnı qara-qançır idi. Kinolarda gördüyüm ruhi xəstələrə oxşayırdı. Yanına tez-tez baş çəkməyə gəlirdilər. Görüş otağına getməkdən imtina edirdi. Qohumları da naəlac qalıb gətirdiklərini qoyub gedirdilər. Keyf edirdik hesabına. Bircə qara kürü olmurdu. “Malbro” siqaretinəcən gəlirdi. Gözünün ucuyla da baxmırdı peredaçalara. Yediyi isə yalnız qatıq və qara çörək idi. Küncə qısılıb bu təamlardan ləzzət alan bizlərə baxa-baxa “nuş....nuş...” deyirdi. Nəyə ehtiyacımız olurdusa bir kağıza yazıb, altından da öz razılığı ilə icra başçısının imzasını qoyub göndərirdik yanına gələnlərə. Səhəri gün nədir, həmin dəqiqə gətirib çatdırırdılar.
Hərdən deyirdi ki, ay Qanlıgün, bilirsən nə qədər adama yardım, kömək etmişəm? Sən isə dayanırdın qıraqda, elə hey söyürdün bizləri. Gəlmirdin, getmirdin ki, sənə də bir görüm-baxım edim. Eləcə hürürdün. Amma kimlərə ki, hörmətim keçib bu gün biri də yadına salmır, gəlmir yanıma. Yalnız ailəmdir. Onların da üzünə bu sifətdə çıxıb ürəklərini ağrıtmaq istəmirəm. Öləndə görərlər.
- Düz eləmirsən, ay Gülmalı müəllim. Sonra da ailən elə başa düşəcək ki, sənə burda işgəncə veriblər, döyüblər, ac saxlayıblar. Verəcəklər tibbi ekspertiziyaya. Onlar da bunu təsdiq edəcəklər. Həkimlər nə bilsin ki, başını özün divara vurursan, özünü özün ac saxlayırsan, çimməyə getmirsən, paltarını dəyişmirsən. Sonra da başlayacaqlar hüquq müdafiəçilərinə külli miqdarda pul töküb beynəlxalq təşkilatlara müraciət etməyə. Özün bilirsən də... bu hökumət də böhtanı sevmir. Hüquq müdafiəçilərinə heç nə etməyəcəklər. Amma uşaqların yazıqdır. İncidərlər. Axı ac qalmaqla, başını divara vurmaqla nəyə nail olmaq istəyirsən? Bu yolla təmizləndiyinimi sanırsan? Yanılırsan, Gülmalı müəllim, yanılırsan. Nə vaxtdı burdayam da... Bir dəfə də yanıma gəlməyiblər. Qoca adamdırlar. Kasıbdırlar. Pensiyaları yeməklərinə, dərmanlarına güclə çatır. Necə gəlsinlər? Amma sən sevinməlisən ki, ailən var, səni sevən, gözləyən var. Ölüvü yox, dirivi gözləyən var.
Elə bil yuxudan ayıltdım Gülmalı müəllimi. Həmən yerindən dirçəldi. Hamama gedib çimdi, üzünü qırxdı. Evdən gətirilən təzə paltarları geyindi. Üstünə fransız odekolonu vurdu. Güzgüyə baxıb üzünə gülüş ifadəsi verməyə başladı. Birinci dişlərini ağartdı. Gördü ki, yox. Şit alınır. Sonra barmaqlarıyla dodaqlarının hər iki qırağından yanağına doğru dartıb özünə tamaşa elədi. Əlini buraxan kimi yenə sifəti bədbin, yazıq vəziyyətinə qayıtdı.
- Çox da çalışma, Gülmalı müəllim. Dodağını qaçırtmaq, dişlərini göstərməklə ailəni aldada bilməyəcəksən. Hamısı gözlərində yazılıb. Sadəcə deyərsən ki, soyuqlamışdım. Çörək yeyə bilmirdim. Ona görə də arıqlamışam. İkincisi də ki, bura sanatoriya deyil ha... türmədir.
Beləcə, Gülmalı müəllimə ürək-dirək verib görüş otağına yola saldım. Qayıdanda isə tanıya bilmirdik onu. Tamam dəyişmişdi. Otağa girən kimi hamımızı qucaqlayıb öpdü. Yanımızda oturub siqaretdən domino, kart oynamağa başladı. İki siqaret dənəsi udanda uşaq kimi sevinərək hoppanıb-düşürdü. Məhbus dostları ona gətirilən şokolad-konfetləri bəh-bəhlə dişləyib pürrəngi seylon çayından içəndə ləzzət alırdı. “Sağlıq olsun, azadlığa çıxaq. Sizə elə qonaqlıqlar verəcəyəm ki” deyirdi. Ertəsi gün gördüm ki, məni görüş otağına çağırırlar. Qulaqlarıma inanmadım. Getdim. Atamla-anam idi. Altı ay idi ki, görmürdüm onları. Yaxşı azuqə də gətirmişdilər mənə. Yemək, təzə paltar, alt paltarı. Dedim ki, niyə əziyyət çəkmisiniz. Hər şeyim var. Narahat olmayın. Anam cavab verdi ki, sən bizə yox, azadlığa çıxanda Gülmalı müəllimə minnətdarlığını bildirərsən. Zəng etdi. Dedi ki, Qanlıgünün dostuyam. Sonra oğlu evimizə gəldi. Bizim qayğılarımızla maraqlandı. Şoferini göndərdi ki, bizi bura gətirsin. Pay-puşu da o aldı. Hələ cibimizə də bir paçka pul qoydu. Dedi ki, nə ürəyiniz istəyir alın. Mən də o saat gedib üç paçka “Snikers” şokolad aldım. Hər dəfə televizorda göstərəndə ağzımın suyu axırdı. Əlbəttə ki, üzünü görməsək də yaxşı, insan adamdır, vəfalı dostdur. Çıxan kimi burdan get düz yanına. Razılığını bildir.
Görüşü bitirib geri qayıtdım. Gülmalı müəllim məni xoşbəxt görüb sevincindən uçurdu. Demə, oğluna tapşırıb ki, onun adından zəng eləsin və atamla, anamla görüşümü təşkil etsin. Onu da əlavə etdi ki, “evdən heç narahatçılığın olmasın, Qanlıgün. Uşaqlara tapşırmışam. Hər həftə dəyib bütün problemlərini həll edəcəklər”.
Gülmalı müəllim bir günün içərisində tamamilə dəyişmişdi. Amma yenə eyni açılmırdı. Ha soruşurdum, demirdi. İçində saxlayırdı. Fikirləşdim ki, yəqin vəzifəsini itirdiyinə görədir. Zarafat deyil... Ömrün boyu vəzifədə işləyəsən, kef görəsən, yaşının bu vaxtında gəlib türməyə düşəsən. Əvvəl Gülmalı müəllimə qarşı aqressiv olsam da, yavaş-yavaş münasibətimizdə istilik yaranırdı. Söhbətimiz tuturdu. Hərdən icra başçısı kimi elədiklərini yadına salıb cırnadırdım onu. İstəyirdim ki, həyata inamını yenidən özünə qaytarım.
- Ay Gülmalı müəllim, pulun var?
- Var.
- Hələ də vəzifədə dost-tanışın, yanlarında hörmətin var?
- Var.
- Gəl gündə bir məhbusu söhbətə tut. Elə bil ki, icra başçısısan, o da qapına köməkçün gəlib. Dindir. İmkanın olsa kömək də elə. Həm başın qarışsın, həm də savab qazan.
Bu söz ağlına batdı. Məhbuslarla ünsiyyət qurmağa başladı. Ayrı-ayrılıqda söhbət edirdi. Ailə həyatlarıyla maraqlanırdı. Nə səbəbdən bura düşdükləriylə maraqlanırdı. Məni də yanında otuzdurub, qabağıma kağız-qələm qoymuşdu ki, qeydlər aparım. Sanki yenə icra başçısıydı, mən isə onun müavini. Məhbus yoldaşları da onun suallarına həvəslə cavab verirdilər. Sevinirdilər ki, onları da insan yerinə qoyarlarmış. Problemləriylə maraqlanarmışlar. Nə olsun ki, keçmiş icra başçısıdır. Böyük adam sayılır.
- Gülmalı müəllim, Allah sizinkiləri də saxlasın - üç uşağım var. Biri də xəstə idi. Dərmanları da baha. Firmada fəhlə işləyirdim. Güclə çatdırırdım. Günlərin bir günü uşağa təcili əməliyyat lazım oldu. Mən də qohum-əqrabadan istədim – vermədilər. Firmanın direktoruna dedim – vermədi. Bankdan kredit almaq istədim – zaminə mal-mülk istədilər. Məndə də qızıl-mızıl nə gəzir? Naəlac qaldım. Başladım yeşiklərin içindən bir-iki dənə lampa oğurlayıb satmağa. Ağzını da səliqəylə skotçla bağlayırdım ki, bilinməsin. Bir azdan müştərilər də başladılar şikayətə ki, bəs yeşiklər əskik gəlir. Firmanın da müdiri də başa düşürdü ki, almanlar belə şey eləməz. Güddürüb axırı məni iş başında yaxaladı. Polis çağırıb həbs elətdirdi;
- Gülmalı müəllim, uşaq oxumağa həvəsli idi. Həkim olmaq istəyirdi. Boğazımızdan kəsib müəllim də tutmuşduq. Axır ki, imtahan verib 550 balla Tibb İnstitutuna girdi. Amma pullu şöbəyə düşdü. Getdim ki, bəs imkan verin xırda-xırda ödəyim. Dedilər ki, belə qanun yoxdur. Məcbur olub kredit götürdüm. Vədəsində qaytara bilməyəndə isə, faizlər artırdı. Götürdüyüm məbləği ödəmişdim. Amma faizləri qaytara bilməyəndə, bank verdi məhkəməyə. Ədliyyə məmurları pulun əvəzinə evdə olan televizor, xolodilnik, pula gedən əşyaları müsadirə etməyə gələndə dözmədim. Onlarla əlbəyaxaya çıxdım. Tutub soxdular dama;
- Ay Gülmalı müəllim, məhlədə futbol mərci qoşulan “TOPAZ” məntəqəsi açmışdılar. Uşaq da gedib dadanmışdı ora. Axır evdən pul da oğurlamağa başlamışdı. Bir ultimatum verdim ki, yığışdırın qumarxananı burdan – yığışdırmadılar. İki dedim. Axırda üzümə qayıtdılar ki, “qanunsuz iş görmürük ki, dövlətin icazəsilə yer açmışıq da. Tutaq ki, biz bağladıq. Oğlun gedib başqa yerdə oynayacaq da. Öyrəncəlidir…” deyəndə dözmədim. Saldım onu təpiyimin altına. Polis çağırıb, həbs elətdirdilər;
- Yoldaş katib. Kəndçi adamam. Torpaq becərib, məhsul yığıb, başımı saxlayırdım. Kanal da düz torpaq sahəmin yanından keçirdi. Münbit ərazilər idi. Günlərin bir günü gəldilər ki, bəs burdan hansısa boru keçəcək. Torpağı sat. Ya da ki, bunun əvəzində kəndin ayağındakı, daşlıq, şoran yerdə sənə torpaq ayıracağıq. Get orda eşələn. Dedim ki, bəs nəylə dolanım? Ac qalım? Bir sözlə, razılaşmadım. Səhər gördüm ki, sahəmdə çətənə kolları bitib. Adımı nəşə alverçisi qoyub basdılar dama;
- Gülmalı müəllim, xozeyin şoferiydim. Kiçik idarələrin birində işləyirdim. Bununla da ailəmi saxlayırdım. Atam rəhmətə getmişdi. Anamla qalmışdım. Dağlı məhləsində, ikiotaqlı həyət evimiz vardı – cəmi 20 kvadrat metr. Bir dənə də balaca mətbəx. Bacım ərdə idi. Məni də hey fırlayırdılar ki, bəs evlən, evlən... Mən də qulaq asmırdım. Nəhayət, “yoldan çıxartdılar”. Özümüzə babın alıb arvad elədim. Çox mehriban idik. Anam da sevindiyindən uçurdu. Beləcə, üç-dörd ay keçdi. Məhləmizdə Alışan adlı bir dəli var idi. Vəhşiliyi yox idi, sadəcə ağzına nə gəlirdi deyirdi, söyürdü. Xəstə olduğunu bildiyimiz üçün heç kim ona dinmirdi. Yola verirdik. Necə deyərlər, alnında yazılmışdı ki, “Yola ver!” Günlərin bir günü arvadla gəzməkdən qayıdırdıq. Hamilə idi. Alışan birdən qabağımıza çıxdı. Dişlərini ağartdı. Arvad da onu tanıyırdı. Bir-iki söyüş söydü. Dinmədim. Çünki tanıyırdım, uşaqlıqdan bir yerdə böyümüşdük. Yolumuza davam etdik. Düşdü dalımızca. İndi day söyüş söymürdü, əl-qol atırdı. Təsəvvür edin də... Təzə gəlinə əl-qol atmaq. Bu dəfə dözmədim... Heç nə də demədim. Tələsik evə girdim. Alışan yekəpərin biri idi. Bir dənə vursaydı on gün posteldə yatardım. Mən də sısqa, zəif uşaq. Amma namusuma toxunmuşdu. Bilirdim ki, dəlidir, amma dözə bilmirdim. Çünki belə hal bir-iki dəfə də olmuşdu. Qardaşına, anasına demişdim. Amma çifayda?!.. Arvadı evə saldım, mətbəxdə iri çörək bıçağını götürüb çıxdım küçəyə. Durub üzümə hırıldayırdı, söyüş yağdıra-yağdıra. Məni söysəydi dərd yarıydı, arvadımı söyürdü. “Qəhbədir, gəzəyəndi”. Yaxına gəldim, bıçağı çıxarıb soxdum qarnına. Hay-küy düşdü. Səhərdən məni söyəndə heç kim yaxına gəlmirdi. Qanı görən kimi hamı başladı şivənə. Anası dedi ki, bəs oğlum öldü “başı qızıldan”. Qardaşı da “can qardaş, sənin qanını yerdə qoymaram” deyə başladı üstümə xoruzlanmağa. Qonşular güclə aldılar əlindən. Polis də ki, həmən gəlib məni apardı şöbəyə, Alışanı da xəstəxanaya. Başlandı istintaq. Məni dindirən başa düşürdü ki, təqsirim yoxdur. Amma bunu bilərəkdən elədiyimi yazdığıma görə işləri korlamışdım. Günlərin bir günü anam və arvadım gəldilər ki, bəs narahat olma müstəntiqlə danışmışıq. 5000 dollar pul istəyib ki, işi bağlasın. Alışan da yaxşı ki, ölməyib. Üzü bu yanadır. Qardaşı şikayəti geri götürmək üçün 2500 dollar istəyib. Nə isə, hər şey qaydasında gedir. Evi də beş minə satmışıq. Təki canın sağ olsun. Çıxıb, qazanıb təzəsini alarsan, Alışangilin də pulunu verərsən. Bircə bu sualı verdim ki, bəs siz harada qalacaqsınız? Anam dedi ki, hələlik mən bacıngildə olacağam, gəlin də atası evinə gedəcək. On gün keçdi, iyirmi gün keçdi, iki ay keçdi. Amma mən yenə də məhbəsdə idim. Günlərin bir günü gəldilər ki, bəs məhkəməndir. Dedim ki, yəqin oradan azad edəcəklər. Məhkəmə zalına gülə-gülə girdim. Prokuror da, hakim də məni suallarla divara dirəmişdilər. Alışan da, anası da, qardaşı da üzümə durmuşdular. Məəttəl qalmışdım. Anam deyən nə idi, bu nə idi? Yazıq arvad məhkəmə salonunda yumağa dönmüşdü. 5 il kəsdilər mənə. Üstəlik dedilər ki, Allahına şükür elə ki, Alışan ölməyib. Yoxsa ömürlük gedəcəkdin. Kolonda anam yanıma gəldi. Soruşdum ki, ay ana, bəs bu nə məsələdir axı? Deyirdin ki, arxayın ol, bəs nə oldu? Dedi ki, “ay bala, evi satdıq. 5000 dolları gətirib verdik müstəntiqə. Hər şey yaxşı gedirdi. Beş gündən sonra gəldim ki, bəs nə oldu? Oğlum hələ də türmədədir. Gördüm ki, otaqda tamam bir başqa müstəntiq oturub. O birini soruşdum. Dedi ki, xala onu rüşvət aldığı yerdə tutub basdılar dama. Oğlunuzun işini mən aparacağam. Dedim ki, a bala, nə aparacaqsan, hər şeyi o biri oğlana çatdırmışam. Düz 5000 dollar. Dedi ki, ay xala, həmin adamın işi istintaqdadır. Nə şikayətiniz var ora edin. Mən də ki, avam adam - qorxumdan getmədim. Təzə müstəntiq də dedi ki, oğlunuz bilərəkdən bu hadisəni törədib. Özü də etiraf edib. Nə olsun ki, sataşan dəlidir - adam sayılır. Oğlunun yeri türmədir, vəssalam. Dedim ki, evi satmışıq, başqa pulumuz yoxdur. Qovdu məni otaqdan ki, “mənə rüşvət təklif edirsən? Bu dəqiqə tutduraram səni” Mən də gedib köhnə müstəntiqi axtarmadım. Başa saldılar ki, bəs səni də göndərərlər oğlunun yanına. Çünki rüşvət verən də, alan da cinayətkar sayılır. Bir sözlə, a bala, oturdum kirimişcə yerimdə. Ara yerdə evimiz də getdi”.
İndi, ay Gülmalı müəllim, anam yeznə qoltuğunda, arvadım da atası evində. Namusumu qorumaq istədim, ara yerdə oğraş oldum – namuslu, qeyrətli oğraş.
Bütün bu həyat hekayətlərinə Gülmalı müəllim diqqətlə qulaq asırdı. Mən də qeydlərimi edirdim. Ailəsiylə görüşə gedəndə bloknotu məndən alıb özüylə aparırdı.
Əvvəllər evdən məktub gələndə və məhbuslar məktubda yazılan problem, tale yüklü yazıları oxuyanda qanlarının qaraldığını, hətta ağladıqlarını müşahidə edirdim. Gülmalı müəllim kolona gələni hər şey dəyişmişdi:
- Ay uşaqlar, məktub almışam. Səhiyyə Nazirliyindən evə gəliblər ki, bəs uşağın müalicəsini dövlət öz üzərinə götürüb. Sağ olsunlar. Bir ildi ki, ərizə yazmışdım. Ümidimi də üzmüşdüm. Diriltdilər yenidən məni;
- Ay uşaqlar, işimi apelyasiyaya göndəriblər. Futbol mərci qoşan məntəqənin işçisi də şikayətini geri götürüb. Sabah da məhkəməmdir. Yuxarılara məktub yazmışdım. Axır ki, xeyri oldu;
- Sizin qadalarınızı alım. Beynəlxalq məhkəmədir, nədir – bilmirəm. Hardansa xəbər tutub məndən. Qərar da çıxardıb ki, filan beynəlxalq şirkət mənə şər atıb – torpağımı əlimdən almaqçun. İndi mənə torpaq da ayıracaqlar, avrodur, nədir, ondan da verəcəklər. Üstəlik azadlığa da buraxacaqlar;
- Anam yazıb ki, bəs “Ahıllara Kömək Fondu”nun xəttiylə tənha qocalara, o cümlədən də mənə birotaqlı mənzil ayırıblar. Ünvanı da göndərib ki, birdən çıxanda tapa bilmərəm. Qonşular da şikayətlərini geri götürüblər, işimə yenidən baxılacaq;
- Ay uşaqlar “Təhsil Fondu” adlı qurumu tanıyan var? Sağ olsunlar uşağın təhsil haqqını götürüblər boyunlarına. Bank da gəlib ailəmdən üzr istəyib ki, bəs faizləri düz hesablamayıblarmış. Demə, onların borcunu artıqlamasıyla ödəyibmişəm. Üstəlik üzrxahlıq kimi təzə televizor, xolodilnik də alıb qoyublar yerinə;
Gülmalı müəllim bunları gördükcə gözləri sevincdən alışırdı. Mənə isə xüsusilə ləzzət edirdi. Çünki özümə də bu cür hörmət görmüşdüm. Dönə-dönə də tapşırmışdı ki, “nəbadə hiss elətdirəsən ki, mənəm bu işləri görən. Canıvu alaram”.
Gülmalı müəllim əvvəllər olduğu kimi şikayətçini, ona pənah gətirən rayon sakinlərini qapısından qovmurdu. Əksinə, öz problemləriylə içində qovrulan, fiziki olaraq heç yana əli çatmayan bu məhbusların qabağına gedirdi. İcra başçısı kimi yox, onlardan biri olan məhbus kimi danışdırırdı, ürək-dirək verirdi. Dolayı yolla problemlərini həll edirdi. Bəzən cibinin də ağzını açırdı. Uydurduğum “İcra başçısı oyunu” yaman xoşuna gəlmişdi. “Heç həqiqi icra başçısı olanda vəzifəmdən belə ləzzət almamışdım” deyə etiraf da edirdi.
Günlərin bir günü hündürboy, idman qamətli, itibaxışlı bir məhbus bizə yaxınlaşdı.
- Mənim də sizdən bir xahişim var.
- Buyurun. Dinləyirik səni.
- Mən böyük bir bölüyün komandiri olmuşam. Polkovnikəm...
- Dünya, dağıl,- deyə Gülmalı müəllim əlini-əlinə vurdu. - Sən də problemdən danışırsansa, day bu yazıqlar neyləsin?
- Əsla. Mənim həll olunası bir problemim yoxdur. İyirmi il yüksək hərbi vəzifələr tutmuşam. Bayırda da bütün işlərim qaydasındadır. Maşallah, hər şeyim var. Oğul-uşağı da yerbəyer eləmişəm. Sadəcə, neçə vaxtdır sizə göz qoyuram. Burdakılar başa düşməsə də gözəl anlayıram ki, savab işlə məşğulsunuz. Hər şeyi siz edirsiniz, amma adını başqalarının üstünə yazırsınız ki, başa düşməsinlər. Məni də götürün öz komandanıza – bəlkə mənim də kiməsə köməyim dəydi.
- Sən birinci məni başa sal ki, bura necə düşmüsən? Eşidib, bildiyimə görə təmiz hərbiçi olmusan, – deyə Gülmalı müəllim soruşdu.
- Danışım da... Amma bura düşməyimin professional fəaliyyətimə dəxli yoxdur.
KOMANDİRİN HEKAYƏTİ
Mən sovet ordusunun yetirməsiydim. Milli orduya gələndə qarışıqlıq idi. Qərargaha girəndə heç “çest” də vermirdilər. Hər şeyi yoluna qoydum. Qayda-qanun yaratdım. Neçəsini türməyə saldırdım. Hamı məndən qorxurdu. Çox sərt idim. Təmiz idim. Ona görə də heç kim qabağımda söz deyə bilmirdi. Əllərində pul yana-yana qalırdılar. Rüşvət almırdım. Heç bir sövdələşməyə getmirdim. Bütün günü də işdə olurdum. Nə gecəm var idi, nə gündüzüm. Qohum-əqraba düşmən olmuşdu mənimlə. Günlərin bir günü bir yaxınım gəldi ki, bəs pula ehtiyac var, 100 min dollar borc ver. Sınıq-sallax bir “06 Jiquli”m vardı. Açarlarını verdim ki, götür sat. Bundan başqa heç nəyim yoxdur. Durdu ayağa. Dedi ki, “məni dolamısan? O boyda komandirsən”. Heç kimə sübut edə bilmirdim ki, təmizəm. Qapıma kim gəlirdisə əliboş qayıdırdı. Yemirdim də, yedizdirmirdim də.
Günlərin bir günü yaxın bir adamım dedi ki, məni təchizat üzrə müavin götür özünə. Dedim axı orda nə var ki, can atırsan. Kartoşka, soğan, qara çörək, yağ, paltar, sapoq, bir də avtomat-patron. Neyləyəcəksən axı bunlarla? Əsgərin yeməyini kəsəcəksən, yoxsa paltarını satacaqsan? Vallahi tutduraram səni. Dedi ki, sən məni ora qoy. Nə əsgərin yeməyini kəsəcəyəm, nə də paltarını satacağam. Yollar var da, sən bilmirsən. Kağızda da, reallıqda da hər şey təmiz olacaq. Razılaşdım. Başladı əlimə pul gəlməyə. Mütəmadi də təhcizat üzrə müavini yoxlatdırırdım. Hər şey təmiz idi. Fikir məni götürmüşdü. Hər şey qaydasında. Bəs pul hardan gəlir? Üstəlik mən də varlanıram, o da, hətta qohum-əqrabası da. Lənkəranda işləyəndə baş verən bir hadisə yadıma düşdü.
Bir nöyütçü Kərim var idi. Həyətində sisterna qoyub nöyüt satırdı. Pulunu balta kəsmirdi. Kim də yoxlamaya gəlirdi kor-peşman geri qayıdırdı. Çünki camaata nöyütü qaydasında satırdı, tərkibinə də əlavə bir şey qatmırdı. Axırda dəfələrlə yoxlamaya gələnlərdən biri bezir. Deyir ki, Ay Kərim, məni yorma. Kişi kimi söz verirəm, bir də sənin qapına heç kim gəlməyəcək. Məni bu işindən hali et. Necə olur ki, həm qaydasında işləyirsən, həm də varlanırsan. Kərim kişi də bir qruşka nöyütü ağızınacan doldurur və soruşur:
- Ay revizor, burada nə qədər nöyüt var?
Müfəttiş də yoxlayıb görür ki, bir litr. Kərim kişi əlavə edir ki, bax, sən yoxlayanda baş barmağımı qruşkanın içərisinə salmışdım, nöyütün səviyyəsi qalxmışdı. Bəs mənə qalan o baş barmaqdır.
Amma müavinimdə heç “baş barmaq” da üzə çıxara bilmirdim. Sonradan mənə məlum oldu ki, müavinim “kim ərzağı, paltarı ucuz satsa onda alacağam” adı ilə elan, indiki dildə desək, tender elan edirmiş. Əvəzində isə kim əlavə və çox pul, yəni ki, “şapka” boyun olurmuşsa ondan da malı alırmış. Özünüz başa düşürsünüz də, o qədər əsgərin yemək-içməyi nə deməkdir. Sonradan müavinim bir az da “irəli getdi”. Artıq elan vermirdi. Bir holdinq yaratmışdı. Qardaşının adına firma açmışdı. Ərzağı özü gətizdirir, paltarları da özü tikdirirdi. Bu da ikiqat qazanc idi. Bir az keçdi müavinim bir az da “irəli getdi”. Başını digər işlərə də soxmağa başladı. Dedi ki, təlimlər üçün güllə, suxoy payok, konserv alırıq, avtomatları silmək üçün yağ. Təlimlərin sayını artır, guya ki, şəxsi heyətin döyüş hazırlığını qaldırırıq. Amma əslində təlimləri az keçirək. Artıq qalanları da satdırım bazarda. Qulağını çəkib yerində otuzdurdum. Qudurduğuna görə göndərdim istefaya. O da gedib bütün sirləri faş etməyə başladı. Məndən xoşları gəlməyənlər, marığa yatanlar hücuma keçdilər. Elə bilməyin ki, həqiqət, qanun tərəfdarı idilər. Əksinə. Deyirdilər ki, ərzağı da, paltarı da bizim qohumların firmalarından almalısınız. Mən də onların hamısını rədd edirdim.
Günlərin bir günü dağlıq bölgədə keşik çəkən əsgərlərdən biri öldü. Elə yer idi ki, nə maşın yaxınlaşa bilirdi, nə də vertolyot. Ratsiyayla əmr verdim ki, cəsədi üç kilometr daşlı-kəsəkli yollarla, bellərində “A” nöqtəsinə gətirsinlər. Biz də onları orda qarşılayaq. Öz avtomatları, üstəlik də ölənin döyüş-sursatını bellərinə alan əsgərlərin, demə, cəsədi daşımağa gücləri çatmayıb. Döyüş yoldaşlarını yerə uzadaraq, hərəsi bir ayağından yapışıb. Düz üç kilometr yolu sürüyə-sürüyə gətiriblər “A” nöqtəsinə. Mən də orda durub gözləyirdim. Cəsədə baxanda özüm də dəhşətə gəldim. Təsəvvür edirsiniz də. Üç kilometr daş-kəsəyə dəyən, sürtülən baş, bədən nə günə düşə bilər? İlk dəfəydi ki, belə halla rastlaşırdım. Yoxsa köməyə adam göndərərdim. Nə isə uşağı tabuta qoyub göndərdik evlərinə. Sizcə, öz balasını bu şəkildə görən ana, ata, bacı, qardaşın ağlına birinci nə fikir gələ bilər?
- Əlbəttə ki, əsgərə işgəncə verib öldürüblər, – deyə Gülmalı müəllim dilləndi.
- Ata-ana da başladılar şikayət verməyə, o qəzetə yazmağa, bu qəzetə yazmağa. Hüquq müdafiəçiləri də o yandan. İctimai fikir də tam onların tərəfindəydi. Ekspertiza da bu fikirləri təsdiqlədi. Ara qarışdı. Vəziyyəti sakitləşdirmək üçün məni vəzifəmdən uzaqlaşdırıb, işi verdilər tribunala. Ona görə də indi burdayam.
-Hə, komandir, yaman tələyə salıblar səni. Eybi yox. Şair Qabil burda nə deyib?
“İnsanın başına nə desən gələr,
Təki can sağ olsun, hər şey düzələr”.
Qanlıgün, yadından çıxmasın. Rəssama pul verərsən, bu misraları plakat kimi yazıb bütün otaqlara vursun. Qiymətli misralardır. Nə deyirsən, Qanlıgün, polkovniki də özümə müavin götürümmü?
- Necə istəyirsiniz, Gülmalı müəllim. “Başçı” bilən məsləhətdir.
İnkir-Minkir, yaman ləzzət edirdi ona başçı deyəndə. Ürəyinə yağ kimi yayılırdı. Vərdiş etmişdi bu sözə.
Amma yenə də bura düşmə səbəbini, öz sirrini açmırdı ki, açmırdı. Elə “yeyinti, rüşvət almaq üstündə həbs ediblər. Haqq da ediblər” deyib dururdu. Mən dəqiq bilirdim ki, gördüyü işlərin hamısını öz vəsaiti hesabına edir. Əgər bu maddələrlə tutulubsa, çoxdan hər şeyini müsadirə etməliydilər. Oğul-uşağını da vərəzan günə qoymalıydılar. Amma hiss olunurdu ki, bunların heç biri baş verməmişdi. Gülmalı müəllim vəzifədən yıxılsa da, həbs edilsə də, maliyyə baxımdan ayaq üstə idi. Hörməti də ki, hörmət. Sədaqət baxımdan da bütöv adam idi. Amma nə eləsəm də dilini aça bilmirdim ki, bilmirdim. Nəhayət, bir gün boğaza yığdım onu. Axır ki, razı saldım. Ürəyini boşaltdı:
- Gəl, Qanlıgün müəllim, gəl danışım. Uzun məsələdir. Bir də ki, məni burda yalnız sən başa düşərsən. Nə vaxtsa ilhamın gəlsə dediklərimi yazarsan da.
İCRA BAŞÇISININ HEKAYƏTİ
Qanlıgün, sən bilirsən də... Mən əvvəl-əvvəl icra başçısının müavini işləyirdim. Pis deyildi. Başımı birtəhər dolandırırdım. Rayon yeriydi. İcra başçısını isə şəhərdən göndərmişdilər. Təbii olaraq rayon rəhbərliyinə də can atırdım. İcra başçısı olmaq istəyirdim. Amma indi peşmanam. Ay Qanlıgün, bilirsənmi nə qədər can atmışam bu vəzifəyə? Nə qədər quyular qazmışam, torbalar tikmişəm? Müavin olanda nə tövr edirdimsə, yıxa bilmirdim başçını. Arxası möhkəm idi. Çalıb-talayırdı rayonu. Gördüm ki, yazmaqla, demaqoqluqla yıxa bilmirəm. Əksinə, kişinin hörməti qalxır. Hətta başqa icra başçılarına nümunə göstərirlər onu. Fəndi dəyişdim. Keçdim yaltaqlığa. Təriflədikcə kişi xoşhallanırdı. Ləzzət eləyirdi ona. Bir də gördüm ki, 1-ci müavinini vəzifəsindən çıxarıb məni qoydu onun yerinə. Bütün işləri də yıxdı üstümə ki, bəs səndən yaxın adam ola bilməz mənə. İndi camaatla üz-göz də mən olurdum, hörmətsiz də, söyülən də. Qazanan isə o. Əksinə, hörməti bir az da qalxmışdı. Rayon əhalisi deyirdi ki, icra başçısının xəbəri yoxdur, bütün bu işləri edən bu köpəyoğlu 1-ci müavindir. İcranın qabağına gələndə, mitinq keçirəndə icra başçısını söymürdülər, məni söyürdülər. Hələ mənə şeir də qoşmuşdular: “Üçdü, dörddü, götdü, bizim Gülmalı”. Əvəzində aldığım isə tula payı, yəni “paket” idi. Amma icra başçısı olmaq arzusu beynimdən çıxmırdı. Nə eləyirdimsə yıxa bilmirdim onu. Yoxlama gələndə də yedizdirib yola salırdı. Bununla da məsələ bağlanırdı. Günlərin bir günü bir məclisə düşdüm. Ziyalı adamlar idi. Denən axı, ay Gülmalı, sənin ağıllı adamların içində nə işin var? Nə olsun ki, icra başçısının 1-ci müavinisən. Ziyalılıq başqa şeydir. Necə deyərlər:
Meyxanəyə girəndə mən
Alqışlaram yerbəyerdən.
Ayıqlarçın mən sərsəməm,
Sərxoşlarçın peyğəmbərəm.
Mən nə danışaydım axı onların yanında. Torpaq satmağımdan? İki arvad saxlamağımdan? Villa tikdirməyimdən? Ev yıxmağımdan? Onlar mənəviyyatlı adamlar idi. Onlar intellektlərini, mənəviyyatlarını nümayiş etdirirdilər. Mən isə çalışırdım ki, mənəviyyatsızlığım üzə çıxmasın. Lətifə lətifə dalıyca gəlirdi. Hamısı da mənalı. Bunlardan biri məni yaman tutdu. Daha doğrusu, dadıma çatdı.
Sovetlər dönəmində bir gürcü qış vaxtı Moskvaya gedir. Bir rus xalasının evində otaq kirayələyir. Səhər durub Nataşaya deyir ki, ay Nataşa, bəs mənə kanadski dublyonka lazımdır, görəsən, hardan ala bilərəm? Nataşa da deyir ki, Giya, başın xarabdır? Qışın oğlan çağında da dublyonka tapmaq olar? Özü də kanadski. Giya da deyir ki, bəs mən taparam. İstəyirsən, birini də sənə alım. Gedir. Qayıdanda iki dənə dublyonkayla qayıdır. Arvad məəttəl qalır. Soruşur. Cavabında Giya deyir: “Girdim univermağın müdirinin yanına dedim ki, müdir, mənə on dənə kanadski dublyonka lazımdır. O da başladı məni söyməyə ki, bəs başın xarabdır? Dur rədd ol burdan. Dedim ki, ay kişi, hamısını özümçün istəmirəm ki, səkkizi sənin, ikisi mənim. O da dərhal dublyonkanı gətirib qoydu stolun üstünə”. Ertəsi gün gürcü yuxudan durur ki, bəs bu gün Böyük teatrda Çaykovskinin “Sonalar gölü” baleti gedəcək. Görəsən bileti haradan tapım? Özü də birinci sıra, orta yer. Axı gözüm zəif görür. Nataşanın təzədən qışqırığı çıxır: “Sən hələ amfiteatra bilet tap, deyim kişisən. Yoxsa ki, birinci sıra”. Giya gedir, əlində birinci sıra, orta yerə iki bilet qayıdır ki, bəs Nataşa, getdik. Soruşanda ki, Giya bunu necə əldə elədin? Cavab verir ki, girdim Böyük teatrın müdirinin yanına. Dedim ki, birinci sıranın əlli yeri mənim. Əlbəttə ki, direktor məni söydü. Amma mən deyəndə qırx səkkizi sənin, ikisi mənim...
Nə isə üçüncü gün Giya yenə yuxudan ayılır ki, bəs, ay Nataşa, sizdə Movzoley deyilən yer var e, oranı ziyarət etmək istəyirəm. Nataşa deyir ki, stop. Movzoley bir aylıq təmirə bağlanıb. Giya da başlayır əsəbiləşməyə ki, necə yəni, Moskvaya gələsən, Movzoleyi, Lenini görməyəsən, deməli, Moskvada olmamısan da. Mən belə Gürcüstana qayıda bilmərəm. Biabır olaram qohum-əqrabanın yanında. Gəl gedək. Mən Lenini hökmən görməliyəm. Nataşa əyləşir Giyanın maşınına, gəlirlər Qızıl meydana. Maşını saxlayırlar. Giya düşür maşından, fəhlələri haylayır:
- Burada başçı kimdir?
Bir bədheybət rus çıxır ki, mənəm.
- Mən Lenini görmək istəyirəm.
- Qələt eləyirsən, görmürsən təmirdir? Rədd ol burdan, çornomazı!
- Sizi bir dəqiqə olar?
Giya fəhlələrin böyüyünü çağırır maşının arxa tərəfinə və baqajı açır. Maşındakı bir yeşik araq, bir yeşik konyak, bir yeşik çaxırı göstərərək:
- Bunlar hamısı sizindir, – deyir.
Fəhlələrin başçısı da nə cavab versə yaxşıdır?
- Həəəə?!
- Lenini bura gətirək, yoxsa Siz əziyyət çəkib Movzoleyə girəcəksiniz?
Ay Qanlıgün, bu lətifə məni çox düşündürdü. Növbəti dəfə icra başçısının quyruğu qapı arasında qalanda şəhərdən gələn hörmətli qonağı avtomobilinəcən mən yola salmalı oldum. Bağlamanı maşına qoyanda utandım, qızardım, guya yerə girdim. Soruşdu ki, nə olub? Dedim nə olacaq, bu boyda rayon, obyektlər, torpaqlar, nələr-nələr... amma verdiyinə bax. Özü 10 yeyir, Sizin kimi hörmətli adama 1 verir. Mən onun yerində olsaydım 9-u verərdim, özüm 1-ə qane olardım. Axı hər şeyə görə o sizə minnətdar olmalıdır. Siz olmasaydınız, çoxdan barmaqlıqlar arxasındaydı.
Hörmətli adamın rəngi boğuldu, amma heç nə demədi. Maşına oturub getdi. İki gündən sonra aydın oldu ki, icra başçısı öz vəzifəsinin öhdəsindən gələ bilmir. Mənim kimi perspektivli, yeni kadra ehtiyac var. Bir də ki, bütün işləri onsuz da mən görürdüm. Bu, mənim halalca haqqım idi. Arzuma çatmışdım. Bakıya təsdiqə gedəndə yolda on dənə maşın dəyişdim. Dedim birdən qəzaya salarlar, terror edərlər. Artıq mən Gülmalı müəllim idim. Hara gedirdim, el-oba ayağa qalxırdı. Bir barmağımla ev yıxırdım. Mənə şeir qoşanların qələmini qırmışdım. Lakin sehrli sözlərim həqiqətə dönməliydi. Heç olmasa on beş qazanmalıydım ki, doqquzu verməyə ürəyim gələydi. İkincisi və ən vacibi də özümü özüm kimisindən qorumalıydım. Birdən o da həmin anekdotu eşidər, bilər. Onda mənim də evim yıxılar, rayonun da. Ya təzə anekdot çıxar, xəbərim olmaz. Axı ətrafımdakılar da özüm kimilər idi. Başı dolu, cibi boş ziyalılar isə mənim ranqımda deyildilər. Zəmanə dəyişmişdi. Cəmiyyətin qaymağı mən, ayranı isə onlar sayılırdılar.
İşə başlamağımı gördüm. Bütün qohumların yadına düşdüm. Qonşu kəndçiləriməcən gəldi ki, narahat olma, sən tək deyilsən, biz səninləyik. İdarəetmə aparatı da ağzını açıb yem istəyirdi. Bunların hamısını dolandırmaq lazım idi. Birinci sərəncamımla məndən əvvəlki icra başçısının bütün sərəncamlarını qeyri-qanuni elan etdim. İnzibati orqanları bu işin araşdırılmasına cəlb etdim. Rüşvəti dayandırdım ki, həm stavkaları qaldırdım, həm də müvəqqəti olsa da hörmətimi. Vallah-billah mən pul qazanmaq istəyirdim. Əvəzində nə oldu? Əvvəlki icra başçısı həbsə atılacağından qorxub infarkt keçirtdi, on gündən sonra isə öldü. Sevincimin həddi-hüdudu yox idi. Sərəncamları ləğv olunanlar deyəndə ki, bəs bir ətək pul verib sərəncam almışam... cavabım tutarlı olurdu: “Get kimə vermisən, ondan da al”. Bu minvalla sərəncamları təzələdim, normanı da artırdım. Bununla da köhnə icra başçısına rəhmət oxutdurdum. Hamı deyirdi ki, Allah Xuduşa rəhmət eləsin, təzə lap qaniçəndi ki...
Ailəmi şəhərə köçürdüm. Beşotaqlı novostroyka, dəniz sahilində bağ aldım. İki dənə ev maşını təyin etdim. Uşaqlarıma tapşırmışdım ki, sinifdə yalnız ziyalı övladlarıyla dostluq edin, onlardan öyrənin. İstəyirdim ki, böyüyəndə ataları kimi cibi dolu, başıboşun biri olmasınlar. Ciblərini onsuz da mən dolduracaqdım, başlarını doldurmaq isə öz əllərindəydi. Onları musiqi məktəbinə qoydum, rəqs dərnəyinə yazdırdım, ingilis dili təmayüllü məktəbə düzəltdim. Amma özüm çaq-çuqumdaydım. Maşallah, yaxşı da qazanırdım. Yeyirdim də, yedirirdim də. Onu da yaxşı bilirdim ki, vəzifənin bir düsturu var. Əvvəl-axır başıma gələcək. Buna görə də nə qədər bacarıramsa bəhrələnmək istəyirdim.
- O nə düstur idi ki?
- Düstur deyəndə ki... lətifə. Günlərin bir günü bir naziri işdən çıxarırlar. O, otağı, möhürü təhvil verir. Otaqdan çıxanda təzə nazir görür ki, köhnə nazirin seyfdə üç dənə zərfi yaddan çıxıb qalıb. Haylayır ki, ay kişi bunlar yadından çıxıb. Köhnə nazir də deyir ki, bunları sənin üçün saxlamışam. İşin çətinə düşəndə zərfləri növbəylə açarsan.
Bir müddət keçəndən sonra təzə nazirin işləri çətinə düşür. Birdən zərfləri xatırlayır. Birincini açır. Görür ki, yazılıb: “Bütün günahları yıx özündən əvvəlki nazirin boynuna”. Elə də edir. Təhlükə sovuşur. Bir müddətdən sonra qara buludlar yenidən başının üstünü alır. İkinci zərfi də açır: “Günahı yıx işçilərinin boynuna”. Elə də edir. Təhlükə yenə də sovuşur. Bir müddətdən sonra işi yenidən çətinləşir. Nazir isə arxayındır. Çünki bir zərf hələ ehtiyatdadır axı. Üçüncü zərfi açır. Görür ki, yazılıb: “Sən də üç zərf hazırla”. Bilirdim ki, əvvəl-axır çıxarıb atacaqlar bayıra. Vəzifə boyuma ölçülməyib ki... Ona görə də bacardığım qədər çox yığırdım. Həm də ki, bu, mənim ruzum idi. Qismətim idi. O qədər pul, dövlət yığmışdım ki, nəinki ailəmə, hələ dünyaya gəlməyən nəvə-nəticələrimə də bəs idi. Hələ qohum-əqrabamı demirəm. Yüz qohumum ev-eşik, var-dövlət sahibi oldu. Onların da ailə üzvlərini saysaq, beş yüz edir. Kəndçilərimə çörək verdim, hərəsi bir kişi oldu. Savadsız, yoluğun biriydilər. İndi “Mersedes”də gəzirlər. Antalyada rus qızlarıyla kef edirlər. Deməli, mən min, iki min adama çörək verdim. Mən vermədim. Bu, Allahın hökmüydü ki, mən icra başçısı olum və mənim əlimlə yüzlərlə adam çörəyə çatsın, qismətini tapsın. Bütün bunları artıq həyata keçirmişdim. Vəzifəmi itirsəydim belə, ömrümün sonuna qədər həyat şəraitimi qurmuşdum.
- Bəs birdən-birə nə oldu ki? “Quş” buraxdın?
- Qələt eləyərəm, pox yeyərəm bütün nəslimlə, əgər dövlətimizin, rəhbərimizin əleyhinə bir söz desəm. Əksinə, belələrinin gözünü özüm bu əllərimlə oyaram. Yox, Qanlıgün, belə şeylərdə möhkəm, əqidəli adamam. Sədaqətliyəm.
- Bəs nə oldu ki?
- Bir kasıbın evi rayon mərkəzində yerləşirdi. Yanında da mehmanxana idi. Oranı da bir hörmətli şirkət qəşəng təmir elətdirmişdi. Bu, həm də rayonun adı idi. Gəldilər yanıma ki, otelin qabağında birmərtəbəli köhnə həyət evi var. Yaratdığımız gözəlliyə xələl gətirir. Yiyəsinə də yüksək kompensasiya, hətta Bakıda ev də təklif edirik ki, “sat bizə buranı”. Razı olmur ki, olmur. Deyir ki, dədə-baba yurdumdur, niyə çıxmalıyam ki... Mən də əsəbiləşdim. Birinci müavinin məsləhətinə qulaq asıb o ailəni kabinetimə gətizdirmədim. İşi operativ həll edim deyə polis rəisini də götürüb getdim ora ki, məsələni yoluna qoyum, söhbət edim. Ki, bəs sizinçün çalışırıq da, gözəllik yaradırıq da. Siz də bizə kömək etmək əvəzinə, əksinə, mane olursunuz. İstəyirdim ki, torpaq sahəsi verim, otel də pul ayırsın. Onlar da təzə bir ev tikib köçsünlər ordan. Birinci dəfə idi ki, icra başçısı kimi qətiyyətimi, hökmranlığımı kənara qoymuşdum. Kabinetimdən çıxıb sakinin ayağına gedirdim.
Ora çatanda elə qapını döymək istəyirdik ki, ər-arvad ev paltarında çıxdılar küçəyə. Başladılar hay-haray salmağa ki, “qoymayın, kömək eləyin, bəs icra başçısı evimizi sökür, bizi çölə atır. Özümüzü yandıracağıq, öldürəcəyik, Prezidentə şikayət edəcəyik”. Özüm də buna məəttəl qalmışdım. Amma məsələnin nə yerdə olmasını başa düşmürdüm. Kişi bir əlində benzin, o birində isə alışqan tutmuşdu. Ən çox qışqır-bağır salan isə arvad idi. Saçlarını yolurdu, paltarının yaxasını cırırdı. Ağ mərmərə bənzər sinəsi, döşlərinin dik durmuş giləsi aydın görsənirdi. “Dəli Kür” filmindəki meyxana məclisində Cahandar ağanın bacısı Şahnigarın rəqs səhnəsi gəlib dayanmışdı göz önümdə. Mən də sanki Molla Sadıq idim. Gəlin dövrə vurub hay-həşir saldıqca, qışqırdıqca ehtirasa gəlirdim. Şəhvət gözlərimi tuturdu. Dözürdüm. Bura niyə gəldiyimi artıq yadımdan çıxarmışdım. Amma sonda özümü saxlaya bilmədim. Üzümü polis rəisinə tutub “Naçalnik, bomba şeydir, hə? Nə bunu əmib, əmib Həbəş qızına çevirərdim?!” dedim. Bunu ətrafdakılar da açıq-aydın eşitdi. Mənə xoş olsun deyə dişlərini ağardıb başladılar hırıldamağa. Bunu qadın da eşitdi. Həmən səsini kəsdi. Yaxasının qabağını əliylə bağladı. Gəlib qarşımda dayandı. Gözünü gözlərimə zillədi. Bir müddət beləcə donub qaldı. Sonra bağıraraq ərinə tərəf qaçdı, əlindən benzini alıb üstünə tökdü, alışqanı çəkdi. Alovlandı. Hamı yerindəcə donmuşdu. Bir nəfər də, o cümlədən əri də yanan qadına kömək etmək üçün tərpənmirdi. Alova bürünmüş bədən qarşımızda dövrə vurub rəqs edirdi. Birinci saçları, qaşları, kirpikləri ütülür, paltarı alovlanırdı. Sonra isə dümağ bədəni lopa-lopa yanaraq köz üstündə çızıldayan kabab kimi saralmağa, qaralmağa başlayırdı. Gözlərini yumsaydın belə təsəvvür yaranardı ki, kimsə kəllə-paça, dırnaq ütür, xaş bişirəcək. Sonra isə burnuma kabab iyi gəlməyə başladı. Qadın yanmış cəsədiylə dövrə vuraraq gəlib düz qarşımda yerə sərələndi. Bu dəhşətli mənzərədən ürəyim bulandı. Özümü saxlaya bilmədim. Qadının yanmış cəsədi üzərinə qaytardım. Huşumu itirdim. Gözümü xəstəxanada açdım. Qapımda polis oturmuşdu. Əvvəlcə başa düşmədim. Prokuror yanıma gələndə dedi ki, həbsimə qərar verilib. Səlahiyyətlərimin də icrası birinci müavinə tapşırılıb. Prokuror yaxşı adam idi. Məni başa saldı ki, “bəs sənin torbanı müavinin tikib. Qadına da, kişiyə də pul veribmiş ki, belə oyun çıxarsınlar. Amma qadının özünü yandırmağı heç onun da ağlına gəlmirmiş. Qıraqdan da videokamera çəkibmiş”. Şükür, yenə də yaxşı qurtardım.
- Nəyə şükür edirsən ki?
- Ay jurnalist, təsəvvür elə də... belə çıxır ki, icra başçısı, yanında da polis rəisi, müavinləri hücum çəkib yazığın birinin evinə ki, sökdürüb, ailəsini atsın çölə. Bu dəm onlar da başlayıblar özlərini müdafiə etməyə. İcra başçısı da üstəlik qadının namusuna sataşıb. Bu sözlər də kameranın yaddaşına yazılıb. Daha sonra qadın benzin töküb özünü yandırıb. Ətrafdakılardan da heç kim icra başçısının qorxusundan ona kömək əlini uzatmayıb. Qadın da ölü, köməksiz vəziyyətdə gəlib uzanıb icra başçısının qabağında. O da nə etsə yaxşıdır? Bilə-bilə ölünün üstünə qusaraq, üstəlik onu bu hərəkətiylə təhqir edib. Bütün bunlar da saytlarda olduğu kimi nümayiş etdirilib. İndi sən Qanlıgün, mənim izahlarımı, təfərrüatları eşitməsəydin, adi bir vətəndaş kimi videoya baxsaydın nə fikirləşərdin? Hansı cəzanı vermək ürəyindən keçərdi?
- Öz əllərimlə güllələyərdim səni, Gülmalı müəllim.
- Mən də buna şükür edirəm ki, güllələmədilər - həbs elədilər. İkicə kəlmə söz - qadına sataşmağım - məhv etdi həyatımı. Hə, Qanlıgün müəllim, indi bildinmi? Mən bura icra başçısı olduğuma görə yox, oğraşlıq etdiyimə, xalxın arvadının namusuna sataşdığıma görə düşmüşəm. O gündən də heç nə yeyə bilmirəm. Arıqlaya-arıqlaya gedirəm. Yeməyin, ət qızartmasının iyini duyan kimi o intihar səhnəsi gəlib durur göz önümdə. İnsan ətinin yanıq iyi burnumdan getmir ki, getmir. Yerimə də kimi qoysalar yaxşıdır?
- Kimi?
- Birinci müavinimi. Mən birinci müavin kimi nəvaxtsa başçıya necə quyu qazmışdımsa, mənə də elə quyu qazdılar. Arvad-uşağın da yanında biabır oldum.
Ay İnkir-Minkir, elə bir aləmə düşmüşdüm ki, lap başımı itirmişdim. Bu qədər ziddiyyətlərin içində itib batırdım. Bir insan haqqında qəti qərar verə bilmirdim. Bilmirdim söyüm, yoxsa öyüm. Bilmirdim ki, oğraş, yoxsa kişi adam deyim. Bilmirdim ki, dalına təpik vurum, yoxsa əlindən öpüm. Fikirləşirdim ki, görəsən bu həyat dərsini almaq üçün mənə hökmən türməyə düşmək lazım idimi?! Amma demə, yanılırmışam. Görməli günlərim hələ qabaqdaymış.
Gülmalı müəllim isə öz xeyirxahlıq missiyasını həyata keçirməkdə davam edirdi. Türmə nəzarətçilərini də qəbuluna dəvət edirdi. Hətta bir-iki dəfə rəisin də otağına gedib çıxmışdı. Amma bircə özünə, bir də mənə kömək etmirdi. Söhbətimiz, xasiyyətimiz tuturdu. Azadlığa can atmırdım. Xasiyyətim dəyişirdi. Tənqid, təhqir etmək, insanların şəxsi həyatlarına qarışmaq, yalnız pislik etmək kimi şakərimdən, keçmiş jurnalistlik həyatımdan uzaqlaşırdım. Gülmalı müəllimi dəyişdirməklə, özüm də yaxşılığa doğru addımlayırdım. Təmizlənirdim, paklaşırdım.
Ay İnkir-Minkir, bizə təkcə kasıblar yaxınlaşmırdı. Üzünü belə tanımadığımız insanlar da kömək diləyirdilər. Deyirlər ki, azərbaycanlılar müsəlmandır, islam dininə sitayiş edirlər, amma türmədə buna şəkk gətirməyə başladım. Sanki əvvəlki həyatlarında katolik imiş bu insanlar. Xristianlar necə ki, kilsəyə gedib, ürəklərini açıb, danışıb-danışıb, sonra da bağışlanmalarını xahiş etmirlərmi? Bunlar da mənimlə Gülmalı müəllimə ürəklərini açırdılar, ürəklərini boşaldırdılar. Yüngülləşirdilər. Sanki gözlərində bağışlanmaqlarını xahiş edirdilər. Hamısı mənən əzilmişdilər. Elə günahlar işlətmişdilər ki, bunun Cinayət Məcəlləsində maddəsi yox idi. Ay İnkir-Minkir, sizin hüzurunuza gələnəcən bir yüngüllük tapmaq istəyirdilər. Ona görə də bizə tapınmışdılar.
Vaxt keçdikcə məhbuslar azadlığa çıxır, yerinə başqaları gəlirdi. Tanışların da sayı artırdı, “şikayətçi”lərin də...
- Gülmalı müəllim, tanımadız məni?
- Yox.
– Mustafayam da... nazir müavini.
-Bıy, a Mustafa, sən hara, bura hara? Sən ki, sakit bir vəzifə adamı idin? Bura necə düşmüsən?
- Xəbərin yoxdur? Kollegiyada papkanı keçirtdim nazirin başına. O da tutub saldırdı məni bura.
- Bu nə cürət? Vallah inanmaram. Gör indi nə edib sənə ki, bunu etmisən. Neyləmişdi ki sənə?
- Heç nə. İclasda hamının yanında söydü məni. Dedi ki, “oğraşsan”. Mən də dözmədim, papkanı götürüb çırpdım başına. Vəssalam. “Za xuliqanstvo” basdılar məni türməyə yaşımın bu vaxtında.
- Ay Mustafa, mən sənin nazirini yaxşı tanıyıram. Boş-boşuna söz deməz. Sən Allah, hadisənin məğzini anlat.
- Vallah, Gülmalı müəllim, uzun məsələdir.
- Ay rəhmətliyin oğlu, türmədəyik e. Hara tələsirsən. Tələsən yerin var? Ay Qanlıgün, sən Allah, təzə pürrəngi çayla şokoladdan gətir. Deyəsən, Mustafa müəllimin hekayəti uzun olacaq.
Tez çay gətirdim. Mustafa müəllim çaydan bir qurtum vurub başladı söhbətinə.
Ardı var