hekayə
Artıq payızın hənirtisi qabarıq duyulmaqdaydı. Yarpaqlara düşən dən ağ örpəkli qışın uzaqda olmadığının müjdəçisi idi. Fidan isə yayın vurğunuydu. Dünyanı ələk-vələk eləmək ta ağlı kəsəndən onun başlıca arzusuydu. Hər ilin yayında yeni-yeni ölkələrə səyahətlər, doğma Vətənin çeşidbəçeşid təbiəti ilə seçilən məkanlarında mənalı istirahət, çimərliklərin ləzzətini çıxarmaq onun bitib-tükənməz şakəriydi. O, xüsusilə, Xəzəri bağrına basmaqdan, bu ümman dənizin köksünə sığınmaqdan doymazdı. Yayda “zənci”yə dönməkdən olmazın həzz alardı. Hətta, mümkün olsaydı, su pərisi kimi bu dəryada yaşamağa da dördəlli hazırdı. Yenicə başa çatan növbəti yayı da ürəyincə dincəlmişdi. Ailəsi ilə birgə Nyu-Yorkda yaşayan rəfiqəsi Ləmanın bu dəfəki tətilini Bakıda keçirməsi onu lap sevindirmişdi. Rəfiqələrinin içində məxsusi yeri ilə seçilən Ləmanla birgə bölüşdükləri yaddaqalan günləri saymaqla qurtaran deyildi.
Qızılı payız onu kövrək hisslərə kökləməkdəykən mobil telefonuna zəng gəldi. Onu arayan Ləman idi...
- Salam, darıxmışam sənin üçün, cəmi-cümlətanı iki gündür görüşmürük, sanki bir ildir səni görmürəm...
- Elə mən də ... İndicə payız məni az qala lap uzaqlara aparacaqdı, əməlli-başlı üşüməyə başlamışdım, nə yaxşı ki, zəng elədin...
- Sənə sürprizim var, gəl, səbirsizliklə gözləyirəm...
- De də, nə olar, məni yaman maraq götürdü, xahiş edirəm...
- Yaxşı, səndən heç cürə keçə bilmərəm, yaxın günlərdə Nihadla Nyu-Yorka gedəcəyik, evimizə baş çəkməyə. Səni də özümüzlə aparmaq qərarına gəldik, hə, necədir?!.
- Ay Allah, nə gözəl, heç təsəvvürünə gətirə bilməzsən, mənə nə boyda böyük hədiyyə etdiyinizi... Mən Amerikanın, xüsusilə şəhərlərin şahı Nyu-Yorkun ölüsüyəm, sən ki, bunu yaxşı bilirsən...
- Elə ona görə də Nihaddan bunu xahiş elədim, o da sənin xatirini çox istəyir, o dəqiqə razılaşdı...
- Ləman, Tanrı bundan sonra da xoşbəxtliyi başından töksün, sənin əvəzin yoxdur, yedinkasan...
- Sağ əlim sənin başına...Bakı - Nyu-York təyyarəsi yenicə eniş etmişdi. Fidanın sevincdən çiçək açdığı aydınca sezilirdi. Həmişəki kimi səsi ucadan gəlirdi, dil boğaza qoymurdu: - Aaa, Ləman, Nyu-York aeroportu lap mənim beynimə bənzəyir. Bu, enib-qalxan saysız-hesabsız təyyarələr kimi mənim də başımda fikirlər, ideyalar ara vermədən gecə-gündüz qaynaşır...
- Bunu əzbər bilirəm, mən ki, sənə yaxından bələdəm... Bir də ki, təkcə sənin yox, elə, əksər qadınların beyni hava limanına bənzəyir, ələlxüsus, sənin tək rus bölməsində təhsil alanların...
Xeyli bic-bic gülüşdülər.
- Əla, Ləman, gülüş qadına yaman yaraşır. Məhz qadının çöhrəsindəki içdən gələn gülüşü onun yüksək səviyyədə bər-bəzəyini, geyim-kecimini, ümumilikdə, əhval-ruhiyyəsini üzvi şəkildə tamamlayır...
- Tam razıyam...
- Bir də ki, qadının ən yaxşı libası dəyişmədən “geydiyi” xoşbəxtliyidir. Çox şükür ki, qismətin ayaq üstədir, sən həmişə füsunkarsan. Ləman, bu da o deməkdir ki, Nihad çox güclüdür. O, həm də yaxşı bilir ki, qadın üçün ən dəyərli hədiyyə kişinin ona ayırdığı vaxtdır. Axı, qadınlar emosionaldırlar, yaxşı əhval-ruhiyyə, gülümsəmək, xoşbəxtlik təəssüratı, daim sayılıb-seçilmək onların ən çox ehtiyacları olduqları nəsnələrdir.
- Təşəkkür edirəm, əziz bacım. Sən necə deyirsən; əsl məhəbbət almaqdansa, daha çox bölüşmək deməkdir. Bunu bacardığımızdan bizimki də yaxşı tutur. Bir də ki, xoşbəxtlik ona öyrəşməyi yox, onun üstə əsməyi sevir... Amma, Fidan, di bəsdir, filosofluq etdin, Amerikaya da bir şey saxla, tələsmək lazımdır, düş qabağıma...
Bir-birlərinə sarılıb, qucaqlaşdılar. Fidan yenə də dilini dinc qoymadı, filosofluğu tükənməzdi:
- Dünyanı xilas etmək üçün onu qucaqlamaq lazımdır!!!
Nyu-Yorku təsadüfən dünyanın əsas şəhəri adlandırmırlar. Elə ilk andaca burada insanı hərəkət, səs və işıq seli ağuşuna alır, tükənməz emosiyalar və əla təəssüratlar dənizinə qərq olursan... Amerikan maksimalizmi hər addımbaşı qabarıq özünü büruzə verir, rəngarənglik, enli küçələr, nəhəng binalar, reklamlar, maşınlar, nə bilim nələr... Bu insan dəryasında kimsə-kimsəni vecinə almır, hamı harasa tələsir... “Yenə göylərdədir şair xəyalın” kəlamı da, elə bil, bu meqapolisin boyuna biçilib. Kərpicdən, çugundan və digər tikinti materiallarından inşa edilən cürəbəcür binalar, xüsusilə, göydələnlər insanı heyrətdə saxlayır. Gözlərin çox vaxt yuxarılara dikildiyindən az qalır başın hərlənə. Heç, adamın ağlına belə gəlmir ki, bu həsəd doğuran, bənzərsiz tikililərin təqribən 70 faizi çugundan istifadə etməklə araya-ərsəyə gətirilib. Ucalığından asılı olmadan hər bir binanın damında istirahət guşələri yaradılıb, ağaclar və gül kolları əkilib. Təkcə, hündür binaların yan tərəfindəki yanğın təhlükəsizliyi nərdivanları həmin şəhərin gözəlliyinə qismən də olsa xələl gətirir, eyniyyət təəssüratı yaradır. İnsanların 800-dən çox dildə danışdığı Nyu-Yorkda müasir həyat tərzi hakimdir. “Bu şəhərdə yaşamaq nədir?!. Bircə dəfə burada olmağın özü belə böyük xoşbəxtlikdir” qənaətilə razılaşmaqdan başqa çarən qalmır.
Yolboyunca bu möcüzəli şəhərə heyran-heyran tamaşa edən Fidana mane olmaq istəməyən Ləman bir də onu evlərinə çathaçatda nağıllar dünyasından ayırdı: - Hə, Nihadla birgə bu gün buradakı işlərimizi qaydasına salaq, səhərisi isə bütün günü səninləyəm. Yaxşı ki, uşaqları qayınatamgildə saxlaya bildik, yoxsa, çətin ki, sənə kifayət qədər vaxt ayıra biləydim?!.
- Çox sağ ol, Ləman, sabahı səbirsizliklə gözləyəcəyəm... Bilirsən, bayaqdan fikir verirəm, “Yaxşı həyata öyrəşsən, daha da yaxşı olacaq” deyimi, elə bil, bu amerikalıların alnına yazılıb...
- Orası elədir, amma sabahkı gün öz gözlərinlə görəcəksən, bu dəbdəbənin içində nə qədər talesiz insanın qara qəpiyə dəyməyən ömürlərini necə yelə verdiklərini...
Təbii ki, səhərisi gün gəzintiyə Manhettendən başladılar. Nyu-Yorkun xəyallar, eyni zamanda təzadlar şəhəri olması burada özünü daha qabarıq göstərir. İlkin olaraq bir-birindən yaraşıqlı göydələnlər, teatrlar və restoranlar insanın diqqətini cəlb edir. Bütün bu füsunkarlığın fonunda harda gəldi sərələnən evsiz-eşiksizlər, saysız-hesabsız zibil yeşikləri, az qala güclə sənə təqdim olunan fəstfudlar istər-istəməz bu mükəmməlliyə qəribə bir ovqat qatır, velosipedlərin də əlindən tərpənmək olmur. İnsan axını da sanki sənin üstünə gələn nəhəng dəryaya bənzəyir.
Fidana bələdçilik edən Ləman Nyu-Yorkun özəllikləri barədə danışmaqdan doymurdu: - Ümumilikdə, Nyu-York ayrı-ayrı rayonlara və məhəllələrə də bölünür. Bax, bu gördüyün Çayna-taundur, Çin məhəlləsi... Elə bil, bir andaca Çində peyda olursan. Ətrafı Çin musiqisi bürüyüb, hər addımbaşı ieroqliflərə rast gəlirsən, alver də ki, şıdırğıdı...
Onu böyük maraqla dinləsə də, maksimalizmi heç də Nyu-Yorkdan geri qalmayan, eqoistlikdə tayı-bərabəri olmayan Fidanın diqqətini ilk növbədə 102 mərtəbəli Empayr-Steyt-bildinq kimi göydələnlər çəkirdi. 2001-ci ildə inşa olunan Ümumdünya Ticarət Mərkəzi yerlə-yeksan ediləndən sonra bu əzəmətli tikili yenə əvvəlki kimi Amerikanın ən hündür binası sayılır. Rokfeller qülləsi, ütünü xatırladan, nadir arxitekturası ilə seçilən bina, Bruklin qülləsi və digər memarlıq inciləri Fidanda zəngin təəssüratlar oyadırdı. Tayms-Skver meydanı da əsl onluqdu. Bura turistlərin ən çox üz tutduqları ünvan sayılır. Rəngarəng və çeşidbəçeşid reklamlar, ətrafdakı bir-birindən üstün müxtəliflik sanki röya təsiri bağışlayır. Burada dörd bir tərəfdə cürəbəcür tamaşalar təqdim olunur.
- Fidan, təkcə, Tayms-Skverdə 40-dan çox teatr fəaliyyət göstərir, pullu şoularla yanaşı pulsuzları da var...
- Mənə birbaşa küçədə göstərilən tamaşalar daha çox ləzzət eləyir...
- İnanırsan, bax, burada küçənin ortasındaca tamaşa göstərənlərin bəziləri, hətta, Amerika prezidentliyinə namizədlikdə iddialıdırlar, əməlli-başlı təbliğat da aparırlar...
- Amerikansayağı demokratiya elə budur da, o da mahiyyətcə əsl şoudur... Sonda həmişə güclülər və pullular qalib gəlirlər, dünyanın hər yerində olduğu kimi...
Fidan Manhettenə ayaq basandan fikir vermişdi, hər dörd-beş nəfərdən biri əlindəki kofedən içir, o biri əlindəki qamburger, sendviç, ponçik-donatsdan və digər fəstfudlardan basışdırır, çoxusu da gedə-gedə... O, kofenin ölüsüydü, ürəyindən keçdi: - Ləman, gəl kofe içək, mən ponçik-donatsın da dadına baxmaq istərdim, eşitdiyimə görə, çox ləzzətlidir...
- Ürəyin nə istəyirsə, mən sənin qulluğunda hazıram, təki, sənin üçün xoş olsun...
- Təşəkkür edirəm, özün bilirsən də, mən dadlı kofenin, ləziz çayın xəstəsiyəm. Kofe orqanizmi təravətləndirir, insanı cuşa gətirir. Bəlkə də, bu amerikanlardakı qaynarlığın, yaşamaq eşqinin səngiməməsində kofenin də kifayət qədər böyük rolu var...
- Gəl, kofeni indi içək, yaxşı çaya isə burada söz verə bilmərəm. Pürrəngi Azərbaycan çayını da axşam evimizdə nuş edərik, inşallah... Yadımdan çıxmamış onu da deyim ki, gəzintimiz başa çatandan sonra axşam Nihad bizə Manhettendəki ən bərk gedən restoranların birində qonaqlıq verəcək...
- Mama canı, lap uşaq kimi sevindim, super, çox sağ olun... Həyatın, hər dəqiqəsinin belə ləzzətini çıxarmaqdan ötrü sinov gedirəm...
- Gəl, indi Hau-Layn Parkla tanış olaq, əsl amerikansayağı azadlığın əsas ünvanlarından biri də buradır...
Maraqlı ideyası ilə fərqlənən həmin park köhnə dəmiryolu körpüsünün üzərində salınıb. Oturacaqların çoxu elə birbaşa dəmiryolu relslərinin üzərində quraşdırılıb. Yaşıllıqların bolluğu ilə seçilən həmin istirahət guşəsini sakitlik adası adlandırmaq düzgün olardı. Burada dincəlməyə üstünlük verənlərin əksəriyyətini gənclər təşkil edir. Hamı da öz kefindədir, Tanrının ömür adlı fürsətindən bacardıqca kam alırlar.
- Ləman, fikir verirsən, hər bir tərəfdə iki nəfərin aləmi hökm sürür, kimsə onların dünyasına gözünün ucu ilə belə müdaxilə etmir. Ətrafdakıların nə düşünüb-düşünmədikləri heç kəsin vecinə deyil. Mən də artıq bu qənaətdəyəm ki, həyat çox qısadır,sənin haqqında nə düşünəcəklər,fikir vermə, yalnız bacardığınca özün üçün yaşa. Qeybəti sevənlərə də mövzu ver, qoy, onlar da bekar qalmasınlar...
- Səninlə qismən razıyam... Bir də ki, hər bir millətin öz düşüncə tərzi, öz dəyərləri var, ona görə də, istənilən fəlsəfi qənaəti mütləq həqiqət kimi qəbul etmək yanlışdır... İctimai rəyi də qədərincə gözləmək lazımdır, əslində, beləliklə, ilk növbədə özünün hörmətini qorumuş olursan...
- Bilirsən, Ləman, xoşbəxtlik xarakterdən asılıdır. Bəziləri onu həmişə gözləyir, digərləri onu yorulmadan axtarır, üçüncülər isə hər yerdə tapırlar!?. Mən indi sonuncuların tərəfindəyəm, sadəlövhlüyü qəbul etmirəm...
- Fidan, yəqinki, haqlısan, amma burada da ölçülü-biçili olmaq gərəkdir, yalnız həqiqi olanlar dəyərlidir, sənin qazancındır...
- Bir də ki, məni ən çox ağrıdan, insanların yerli-yersiz hələki ailə qurmayan qızları qınamasıdır. Məncə, nəyinsə naminə sənə uyğun gəlməyənin birisi ilə ailə qurmaq və ya sənə bab olmayan insanların əhatəsinə düşməyə şüurlu surətdə razılaşmaq yanlışdır...
- Buna sözüm yoxdur, tam haqlısan...
- Sən də yaxşı bilirsən ki, hər bir qadının daxilində daha bir qadın yaşayır. Amma qadın onu heç də hər kəslə tanış etməz, onun varlığından yalnız tək-tək şəxslər xəbərdardır...
- Fidan, bilirsən, bir də sənin hansı fikirlərindən daha çox xoşum gəlir... Öz problemlərində belə kişini günahkar çıxara bilmirsənsə, deməli, sən qadın deyilsən?!. O biri fikrin isə bir növ buna təzad təşkil edir; qadın kişi üzərində hakimiyyəti sevir, amma kim ona hakimlik edə bilirsə, ona sarı yan alır...
- Həqiqətən, mən güclü kişilərə rəgbət bəsləyirəm. Kişidə özünə inam və yumor hissi güclü olmalıdır, onun maddi vəziyyəti bir o qədər də əhəmiyyət kəsb etmir... Hərçənd, saya gəlməyən arzularının gerçəkləşməsi üçün qadınlara incə bel qədər şişman pul kisəsi də vacibdir...
- Düzdür, kişi kişi olmalıdır,üstəgəl, alın təri ilə yaxşı pul da qazana bilirsə, bu sənin xoşbəxtliyindir. Mən şükür edirəm, şikayətim yoxdur...
- Bilirsən, səhər işə yollanacağımı bildiyimdən çox vaxt yatmağım gəlmir... Mən də bu bəxtəvərlər kimi ürəyimcə olan kəsdən ağlımı itirmək istərdim, hələki, yalnız o cür bəzi dostlarım var...
- Məncə, burada sənin dolayısı ilə taledən şikayətlənməyə haqqın yoxdur, sadəcə, reallıq hissini bir qədər itirmisən, bu barədə günün sonunda danışacağıq. Hələlik, mən bu mövzuya geniş toxunmaq istəmirəm...
- Hə, deməli, gəzintimizin yekununda mənə “ədalət məhkəməsi” qurmağı planlaşdırmısan, ax, səni...
- Biz ki, təkcə rəfiqə deyil, əslində, doğma bacılarıq, mən sənin xoşbəxtliyini heç də səndən az istəmirəm, bunu ki, bilirsən...
- Sözüm yoxdur, möhtərəm hakim, Nyu-Yorku ələk-vələk eləyəndən sonra səni dinləməyə hazıram, amma günahgarcasına yox...
Körpə uşaqlar tək, mehribancasına əl-ələ tutuşan Ləmanla Fidan Brodveyə sarı yön aldılar. Bura da sözün həqiqi mənasında nağıllar aləmidir. Nyu-Yorkun digər yerlərinə nisbətən Brodveydə avtomobillərin hərəkəti xeyli məhdudlaşdırılıb. İnsanların istirahəti üçün həmin məkanda da maksimum şərait yaradılıb. Hər kəsən öz dünyasındadır.
- Fidan, Nyu-Yorkun əksər hissələrində olduğu kimi, buradakı oturacaqlar, masalar, stullar da ictimaidir, yəni pulsuzdur. Qəribəsi isə odur ki, bunları kimsə oğurlamaz, ətrafda səpələnən velosipedləri isə çırpışdıranlar tapılır. Ona görə də, sahibləri velosipedlərini harasa möhkəm-möhkəm bəndləməyə çalışırlar.
- Doğrudan da, maraqlıdır...
- Evsizləri, yurdsuzları da görürsən də, dörd bir tərəfi tutublar. Başqalarına qulp qoymaqdan doymayan və usanmayan zənginlər məmləkətinin səfilləridir bunlar...
- Adama elə gəlir ki, onlar da, sanki, qayğısızdırlar...
Fidanın diqqətini musiqi sədaları altında rəqs edən bir qrup çəkdi. Öz haylarındaydılar, tərki dünyaydılar...
- Fidan, elə bil, bir az qayğılısan?!.
- İstərdim, digər dostlarım da burdada olsunlar... Ən əziz adamlar daim bizim qəlbimizdə, beynimizdə və musiqidədirlər...
- Elədir...
- Bax, Ləman, təsəvvür edirəm, axşamlar, gör, bu gənclər nə dəsgah çıxarırlar... O, bir-birinə sarmaşan gənclər ləziz çaxırdan içib, bütün varlığınla öpüşərək Aylı gecədə dayanmadan rəqs etməyin həzzini mənə xatırlatdılar. Mən düzünü deyirəm, məhz belə yaşamaq istərdim... Axşamları, gecələri ona görə sevirəm ki, fikirlər himindən çıxır, məncə, gecələr gündüzlərdən daha səmimi olur... Təbii ki, bir də deyirəm, təkcə, səhər işə yollanmaq olmasaydı, gecələrin əvəzi yoxdur...
- Qəribə qızsan, sənin fəlsəfən lap mürəkkəbdir, çox vaxt baş çıxarmaq çətindir...
- Ləman, yalnız arzularınız sizin çəkindiklərinizdən güclü olanda reallığa çevrilir. Cəsarətli olmaq, buna vərdiş etmək lazımdır, yoxsa, istəklərinizin çoxu ürəyinizdəcə qalacaq...
Şirin söhbətə başları nə təhər qarışmışdısa, Bruklin körpüsünə necə yetişdiklərindən xəbər belə tutmamışdılar. Buradan ətrafdakı nəfis mənzərələri doyunca seyr edə-edə adladılar Nyu-Yorkun daha bir say-seçmə məkanına – Brayton-Biçə... Atlantik okeanın sahilində yerləşən Brayton-Biçi “kişik Odessa” da adlandırırlar. Burada ingiliscədən çox rus dili işlənir, özü də Odessa ləhcəsində. Asayişə nəzarət edən polisləri də seçəndə rus dilini babat bilənlərə üstünlük verilir. Ləman Fidanla ciddi söhbətinin əsas hissəsini təsadüfən buraya saxlamamışdı. O, yaxşı bilirdi ki, Fidan burada özünü sudakı balıq kimi hiss edəcək. Bircə, təəssüf doğuran o idi ki, suyun ölüsü olan Fidanın istəyinə rəğmən burada çimərlik mövsümü artıq başa çatmışdı. O, Atlantik okeanda da çimməyi ilə öyünə bilməyəcəkdi. Düz sentyabrın 21-də burada çimərlik mövsümünə yekun vurulur, hünərin var, ayağını suya bas, polis o dəqiqə başının üstünü kəsdirəcək, istəyir lap yaydakı kimi isti olsun, fərq etməz, qanun qanundur... Amma hər halda okeanın sahilində gəzintinin özü də Fidan üçün ələdüşməz fürsət idi. Qarışqanı belə filə döndərmək isə onun üçün adi bir işdi...
- Ləman, inan, nə qədər xoşbəxtəm, qəlbən təşəkkür edirəm sizə, Atlantik okeanının Amerika sahillərində var-gəl etmək də mənim qismətimə düşdü, İlahi şükür sənin kəramətinə...
- Sən, bundan da artığına layiqsən, axı, doğrudan da, sən tapıntısan, nadirsən, qeyri-adisən, təkrarolunmazsan, istər insan, istərsə də qadın kimi... Həqiqətən, təbii, anadangəlmə şahzadə xanımsan, sənin təbirincə desək, принцесса…
- Öpürəm, Ləman, çox təşəkkür edirəm...
Bir xeyli sakitcə gəzişəndən, ətrafdakı abı-havaya qapılandan sonra söhbətləri yenə axara düşdü.
- Ləman, bilirəm, indi sarı simlərə toxunacaqsan. Məni başa düşməyə çalış, axı, sən də qadınsan... Artıq mən yaxşı qız olmaqdan xeyli vaxtdır, əl götürmüşəm. Dədə-baba qaydasınca hər şeyi gözlədim, təmiz niyyətlə birisini də sevdim, əvəzində nə oldu, illərlə xəstə düşdüm, həyatın ləzzətlərindən kənarda qaldım. İstəmirəm daha o cür olmağı, içimdən gələn kimi yaşamaq istəyirəm...
- Əgər, ilk oxun daşa dəyibsə, bu, o demək deyil ki, həqiqi dəyərlərə arxa çevirmək lazımdır. Çox vaxt ilk məhəbbət acı təcrübə xarakteri daşıyır. Axı, səninlə bir parta arxasında oturub, könlünü sənə verən, illərin sınağından çıxan, sənə tam şüurlu münasibət bəsləyən birisi olduğu halda, qeyri-müəyyənliyə ümid bağlamaq da düzgün deyil?!. Bir də ki, yaş ötdükcə, insan özü də hiss etmədən tədricən ailə qurmaqdan yan ötür...
- Bəlkə də, sən haqlısan, amma mənim Nurlana ürəyim axıra qədər qızmır ki, qızmır... Neyləyim?!.
- Xeyr, elə deyil, bunun səbəbi başqadır. Əksəriyyət kimi, virtual aləmə aludəçiliyin, sosial şəbəkələrdən gecə-gündüz qopa bilməməyin səni də həqiqətin gözünə dik baxmağa qoymur. Lap elə burada, bu qədər möhtəşəmliyin içində də sakitliyin yoxdur, bir əlin, bir gözün elə telefondadır. Telefonun kiçik ekranına əyilməkdən az qala sual işarəsinə dönmüsən, gözlərini də pis günə salmısan, artıq eynəksiz keçinə bilmirsən.
- Sosial şəbəkələr bu günün reallığıdır, sıx ünsiyyətə əla imkanlar yaradır, indi bunsuz keçinmək mümkün olar?!.
- Fidan, canım-ciyərim, sosial şəbəkələr bir növ “tolkuçkaya” bənzəyir, kütlə psixologiyasında tam sağlam məntiq ola bilməz. Gündüzləri bir təhər başa düşdük, axı, mütamadi olaraq gecə saat 4-də, 5-də qız uşağı istər qadınlar, istərsə də kişilərlə nə barədə yazışa bilər?!. Buna yol verən qızların heç ağlına ailə qurmaq fikri gələ bilərmi?!. Adicə məntiqdir, normal adamlar gecənin gur vaxtında şirin-şirin yatırlar.... Niyə, nədən ötrü öz taleyinizə balta çalırsınız?!. Sosial şəbəkələrdən sizin uduşunuz yalnız və yalnız “sabun köpüyü” olur, vəssalam... Ayıl, reallığın gözünün içinə dik baxmağa çalış, nə qədər ki, tam gec deyil...
- İndi sən keçdin filosofluğa?!.
- Dost, sosial şəbəkələr kübar xislətli qadınları da öz səviyyəsindən endirir. Onların yüksək mədəniyyəti və nəfis nəzakətləri qısa müddətdə amerikansayağı qəlp etiketə çevrilir, təbii ki, gözüaçıq insanlar da anındaca bundan duyuq düşürlər. Sosial şəbəkələrin “şikəst” elədiyi talelər artıq kifayət qədər çoxdur... Bundan başqa, yaş ötdükcə bir növ talelərindən gileyli qızların bəziləri həyatdan “nəsə qoparmaqdan” ötrü ömürlərini əvvəlki qayadada başa vurmağı avamlıq sayırlar. Yenə də sosial şəbəkələrin “təzyiqi” altında onlar tədricən çirkaba, palçığa bulaşdıqlarını görməməzliyə vurmağa çalışırlar. Əgər, kimsə topuğa və ya dizə qədər palçığa batıbsa, onun hələki xilas olmaq şansı var. Vay o gündən ki, çamur artıq çənəyə, ələlxüsus da, alt dodağa dirənə, onda nicat yolu aramaq sadəcə sadəlövhlükdür, Tanrı o gündən qorusun!!!
- Döşə, döşə gəlsin, narahat olma, sinəni tam boşalt...
- Əziz bacım, vaxtında yiyə durmayanda həqiqi, pak sevgidən, Tanrı həqiqətlərindən yadrıxırsan!?.- Mən elə belə də kifayət qədər xoşbəxtəm, əksər ailəlilərdən də çox...
- Sən, sadəcə, özünə təlqinlə reallıq hissini səhv salmısan... Mən yaxşı bilirəm ki, sən artıq “peşəkar rejissor”a çevrilmisən, özünün də baş aktrisalıq etdiyin xudmani bir “truppa” yaratmısan. Xaraktercə yumşaq, bir qədər “macəraçı”, əksəriyyəti səndən yaşca xeyli kiçik qızları və oğlanları toplamısan başına, ikinəfərlik “səhnəciklər”, kollektiv əyləncə məclisləri quraşdırıb öz aləmində guya həyatı qədərincə yaşayırsan... Sən əsas istəklərini onların xəttilə həyata keçirirsən, həmin qrupun katalizatoru özünsən... Qəhrəman kimi də özün-özünə vurulmusan!?. Amma yaddan çıxarırsan ki, xalqın gözü tərəzidir, müdrik insanlar aysberqin görünən tərəfindən görünməyən tərəfinə də əməlli-başlı “boylana” bilirlər... Geci-tezi var, gün gələcək ki, ayılacaqsan, həyatı boşa verdiyindən duyuq düşəcəksən və o zaman peşimançılığın da heç bir fayda verməyəcək... Xoşuna gəlməsə də, mən bunları sənə demək məcburiyyətindəyəm!?.
Araya xeyli sükut çökdü. Hər ikisi özünə qapılmışdı. Nə yaxşı ki, Atlantik okeanı onlara müvəqqəti də olsa, təskinlik verirdi. Sükutu ilkin olaraq Fidan pozdu: - Hə, ürəyini tam boşaltdınmı, yox, yenə də nəyinsə varsa, saxlama, de gəlsin...
- Fidan, ilk növbədə, bilirsən ki, sən mənə nə qədər doğmasan... Mən qədərincə eqoizmi qiymətləndirirəm, macəraçılıq da, həyatdan lazımınca həzz almaq da vacibdir. Di gəl, hərdəmxəyal olmaq, bitkin fəlsəfə ilə səfsəfəni səhv salmağa yol vermək olmaz... Fəlsəfə ilə səfsəfə arasında cəmi tük nazikliyində sərhəd var, sən ki, bunu bilirsən?!.
Diqqətlə qulaq kəsilən Fidan yarı zarafat, yarı ciddi dilləndi: - Bir daha məni filosofluqda günahlandırmayasan deyə , susmağa üstünlük vermişəm, buyur...
- Əziz bacım, bir də ki, incimə onu da deyəcəm... Bizi yaradan Tanrı qarşısında hər bir kəsin müqəddəs borcu var; dünyaya övladlar gətirmək... Həyat təkcə bəhrələnmək üçün deyil, axı!?. Hər bir kəs Uca Varlığın yaratdığı imkanlardan hallallıca istifadə etmək üçün öz üzərinə düşən vəzifələrin də öhdəsindən layiqincə gəlməlidir... Qadına isə övladlar, xüsusilə vacibdir, özü də, Tanrı qismət edərsə, sənin payına oğlan uşağı da düşərsə, bu tamam əvəzsizdir... Mən bunun nə olduğunu lap yaxşı bilirəm, sənə də öz səxsi fikrimi söyləyirəm...Bir də ki, sən hamının həsəd aparacağı ana ola bilərsən, həqiqi sözümdür. Sənin övladlarının xoşbəxtliyini yığıb-yığışdırmaq olmaz...
Söhbətin bu məqamında daha dinməyə belə heyləri qalmamışdı. Səhər tezdən ara vermədən gəzişirdilər, hətta, nahar etməyi də unutmuşdular. Sakit bir guşəyə çəkilib, nəzərlərini sahilə yönəldib, dinməz-söyləməz yüngül çörək kəsdilər.
Artıq qaş qaralmaq üzrəydi. Hələ qarşıda bərə ilə gəzinti də nəzərdə tutmuşdular. Ləman fikir verdi ki, Fidan qara buludlar tək dolub. Ürəyinə gəldi ki, bəlkə, rəfiqəsinə qarşı hədsiz dərəcədə sərt davrandı. Digər tərəfdən, bunu haçansa mütləq etməli idi. Bir də belə münasib fürsət ələ düşəcəkdi, ya yox, bunu yalnız Tanrı bilirdi... Bəlkə də, sonra çox gec olardı, dedikləri də heç bir anlam kəsb etməzdi. Birdən ağlına gəldi ki, Fidanı müəyyən müddətə tək qoymaq lazımdır, bu cür o daha tez sakitləşə bilər...
- Fidancan, bəlkə, yenə də bir az gəzişək... Özü də hərəmiz əks istiqamətə yönələk, sonra yenə qoşalaşarıq... Sən qarşıda görünən kiçik qayalığa sarı get, ora daha maraqlıdır, mən də bu tərəfə...
Təklif Fidanın ürəyincə oldu. Rəfiqələr bərk-bərk qucaqlaşıb, müvəqqəti ayrıldılar. Fidan ilk addımlarını atar-atmaz qulaqlarında ta ağlı kəsəndən Müslüm Maqomayevin ifasında vurulduğu “Sənsiz” mahnısının sədaları səsləndi. Bu anlarda qəlbi də “oxuduğundan” mahnıya “səs verdi”. Üzü qayalığa sarı istiqamət aldı. Kimsəni görüb-eşitmirdi, yalnızdı... Qayalığa yaxınlaşmaq üzrəykən qulaqlarına körpə oğlan uşağının imdad səsləri gəldi. Diksindi. Özünü cəmləyib dörd gözlə ətrafa boylandı. “Mama, mama, ya tebya davno jdu” sədası get-gedə güclənirdi. O, qayalığa yaxınlaşdıqca bu sözləri aydınca eşidirdi. Təlaş içindəydi. Səs okeanın sahilindən gəlirdi. Az sonra sularda çapalayan oğlan uşağını gözləri seçdi. Ora sarı götürüldü. Ətrafda xeyli insan var-gəl etsə də, kimsə uşağa tərəf heç boylanmırdı da... Lap mat-məəttəl qalmışdı. Körpə toppuş qollarını ona sarı uzadıb “Mama, mamoçka, ya je tebya davno jdu... Pojaluysta, spasay menya, oçen proşu” deyəndə özünü pallı-paltarlı suya necə atdığından heç xəbəri də olmadı. Sahilin bir addımlığındakı uşağı bağrına basanda köksü yerindən oynadı. O, körpəni “xilas edib” qayalıqlara yetişəndə uşaq artıq təlaşını kəsib, onun qoynunda mışıl-mışıl yuxuya getmişdi. Qayalardan birinin kölgəsindəcə ehmallıca yerə çökdü, körpənin oyanacağından narahatdı. Lal-dinməz uşağa diqqət kəsilmişdi... Sanki, dünya onundu!!!
Ləmanın qəfil səsi onu da, körpəni də ayıltdı.
- Ay qız, bu nədi, qollarını da qoynunda qoşalayıb qayalıqda nə lövbər salmısan, bayaqdan axtarmadığım yer qalmayıb, artıq hava da qaralıb?!.
Körpə Fidanın çöhrəsinə mehribancasına boylanıb “Mama, obyazatelno tebya budu jdat, oçen budu jdat” deyib suya sarı yönələrək görünməz oldu. Fidanın matı-qutu qurumuşdu. Nə baş verdiyini hələ də heç cür anlaya bilmirdi.
- Hə, bax, budur Nihad da gəldi. Gedək, əvvəlcə, Manhetten-Staten Aylend Ferri marşrutu üzrə bərə ilə gəzintiyə, sonra da axşam yeməyinə, nə deyirsən...
- Salam, Nihad, əla fikirdir, mənə bu gün cənnəti yaşatdınız, bir daha dərin təşəkkürümü yetirirəm...
- Bu hələ harasıdır, sürprizlər davam edir, axşam yeməyi ilə gəzintini birləşdirmək qərarına gəldim, belə daha maraqlı olar... Biz “Ba-To Nyu-York” gəmi-restoranında həm şam edəcəyik, həm də Manhettenin ələdüşməz panoramını seyr edəcəyik, hə, razısınızmı?!.
Ləmanla Fidan birgə dilləndilər: - Bu, lap fantaziyadır, gedək, vaxt itirməyək...
Gün ərzində Fidanın çəkdirdiyi şəkillər nataraz bir alboma da sığmazdı. Fotolardakı pozalarına – çeşidbəçeşid duruşlarına Hollivudun ulduzları belə həsəd aparardılar. Roldan-rola girməkdə əvəzi yoxdu, bu, onun üçün bir qurtum su içmək qədər asandı.
Gəmi-restoranın hər iki tərəfindən Nyu-Yorka tamaşa etmək mümkündü. Azadlıq heykəli, Bruklin körpüsü, Empayr-Steyt-bildinq, Tayms-Skver və digər nadir məkanları seyr edə-edə bir-birindən ləziz yeməklərdən, desertlərdən, kofe, isti və soyuq çaydan dadan Nihad, Ləman və Fidanın hər biri öz dünyasına qapılmışdı. Çaşqınlıq içində çapalasa da, Fidanın Nyu-Yorkdan aldığı zəngin təəssürat sözlə ölçüyəgələsi deyildi. O, Vətən nə qədər çəksə də, heç cür Nyu-Yorkdan aralanmaq istəmirdi. Səhərisi isə Bakıya uçacaqdılar. Başı o qədər qarışmışdı ki, Ləmanın onun mobil telefonundan Nurlanın nömrəsini necə “çırpışdırıb” ona mesaj yollamasından belə xəbər tutmadı.
Fidanın Nyu-York səfərindən aldığı təəssürat o qədər zəngin idi ki, saatlarla uçuşdan sonra artıq Bakıya yetişdiklərindən bir də aeroportda xəbər tutdu. Düzdü, ötən gündən bəri bu qızın daxili dünyasında məntiq döyüşünün getdiyi də çöhrəsindən aydınca sezilirdi. Nihadın bundan bir o qədər xəbəri olmasa da, Ləman bütün uçuş boyunca rəfiqəsini altdan-altdan süzmüşdü. Fidanda sezdiyi tədrici “dəyişiklik” onu sevindirirdi. Məqamında əsl dost şücaəti göstərdiyinə görə özü öz gözlərində ucalmışdı.
Fidan hava limanında Nyu-York – Bakı reysininin sərnişinlərini qarşılayanlar arasında qucağında iri bir gül-çiçək dəstəsi ilə Nurlanı görəndə ürəyinə ilk gələn bu oldu ki, “Ömrü boyu məndən başqa kimsəyə könül verə bilməyəcəyini” söyləyənə bir bax, necə də dördgözdü, görəsən, kimi arayır bu centlemen?!. Nurlanın qəti addımlarla, məxsusi bir şövqlə düz ona sarı gəldiyini qətiləşdirəndə Fidan əvvəlcə nə edəcəyini kəsdirə bilmədi.
- Salam, dostlar, həmişə uğurlu səfərlər arzulayıram. Hər vaxtın xeyir, şahzadə xanım, izninizlə bu gül-çiçək dəstəsi Sizə çatacaq!?.
Nə edəcəyini hələ də andıra bilməyən Fidan Ləmanın onun qoluna ehmallıca toxunması ilə qeyri-ixtiyari Nurlanın hədiyyəsini qəbul etdi. Di gəl, nələrin baş verdiyindən hələ də heç nə anlaya bilmirdi. Onun Nyu-York səfərində olduğunu və nə vaxt qayıdacağını,o, haradan bilə bilərdi?!. Birdən, Nyutonun başına düşən almalardan biri, elə bil, zərblə onun kəlləsinə dəydi, Ləmanın qalib görkəmindən məsələnin nə yerdə olduğunu tutdu: - Ax səni, başa düşdüm, bu sənin quramandır, eybi yox, hayfını çıxaram səndən, darıxma...
Ləman Fidanı bərk-bərk bağrına basıb, Nurlanla onun əllərini qoşalaşdırdı.
- Nurlan, biz Nihadla yolüstü uşaqları qayınatamgildən götürəndən sonra evə gedəcəyik, ona görə, Fidanı ötürmək sənlikdir...
Ləmanın bu “tapıntı”sına Fidan etiraz etməyə heç macal da tapmadı. Əslində, büruzə verməməyə çalışsa da, hər şey onun ürəyincə idi, o, artıq dünən gecə Nyu-Yorkda qəlbinin qəti hökmünə tabe olmuşdu.
Bir neçə ay sonra bu iki gəncin toy məclisində valideynlərdən, qohum-qardaşdan çox qol götürüb süzən, şadlanan, tükənməz qürurla cövlan edən məhz Ləmanla Nihad idi. Nurlanın yəhudi dostu, vaxtilə Bakıda doğulub boya-başa çatan, neçə illərdir Vaşinqtonda yaşayan Avraamın yeni ailə quranlara hədiyyəsi isə xüsusilə Fidan üçün Tanrı payı qədər dəyərə malikdi. Biznesi ilə əlaqədar Bakıya toya gələ bilməyən Avraam “əvəzində” təyyarə biletləri və bir həftəlik bütün xərclər də daxil olmaqla onları Vaşinqtona qonaq dəvət etmişdi. Uşaqlıq dostu bununla Nurlanı da mənəvi sıxıntıdan qurtarmışdı, o, Fidanı razı salmaq üçün xeyli vaxtdır baş sındırsa da, orijinal bir təklif araya-ərsəyə gətirə bilməmişdi. Az-çox olan-qalanını da toya xərcləmişdi.
Bir həftə sonra artıq Amerika Birləşmiş Ştatlarının paytaxtındaydılar. Əslində, Fidan əksəriyyətin heç olmasa bircə dəfə görmək arzusunda olduğu bu şəhərə təyyarənin deyil, öz qanadları ilə “uçmuşdu”. Yolboyu Nyu-Yorkla Vaşinqtonu qiyabi olaraq dəfələrlə müqayisə etmişdi, bu səfərlərinin də yaddaqlan olması üçün ara vermədən cürəbəcür planlar cızmış, beynindən pərvazlanan saysız-hesabsız ideyalara sahib çıxmağa çalışmışdı.
Avraamgilin ailəsi Nurlanla Fidanı azərbaycanlılara xas qonaqpərvərliklə qarşıladılar. Özlərinə dəbdəbəli şərait quran bu ailənin Azərbaycandan ötrü burunlarının ucu göynəyirdi. Dünyaya göz açadıqları məmləkətdən qonaqların gəlişi onlar üçün toy-bayrama çevrilmişdi. Vaşinqtonda gəzintinin ilk günündə Nurlanla Fidana Avraamla həyat yoldaşı Sveta yol yoldaşlığı etdilər.
Vaşinqtonla Nyu-York arasında yerlə göy qədər fərq var. Əslində, buranı yerlilər Kolumbiya dairəsi və ya Vaşinqton Di-Si, yaxud da, sadəcə Di-Si adlandırırlar. Vaşinqton artıq çoxdandır ştatlardan brinə çevrilib. Kolumbiya dairəsi isə 1800-cü ildən ölkənin paytaxtıdır və heç bir ştata aidiyyatı yoxdur. Bizsə, ənənəvi qaydada ABŞ-ın baş şəhərini elə Vaşinqton kimi tanımaqda davam edirik. Dünyanın nadir şəhərlərindən sayılan Vaşinqton möhtəşəmlik və güclü hakimiyyət rəmzi kimi araya-ərsəyə gətirilib. Şəhərin mərkəzində yerləşən və turistlərin ən çox axın etdikləri Nəşnl Molldan – Milli Xiyabandan dörd bir tərəfə fərqli mənzərələr açılır. Avraam qonaqlarını Amerika əlahiddəliyinin bariz nümunəsi tək yardılan bu şəhərlə yaxından tanış etmək üçün amerikalılara xas canfəşanlıq göstərirdi.
- Vaşinqtonda Roma və Yunan imperiyaları memarlığı, Paris şəhərsalma ənənələri geniş tətbiqini tapıb. Əgər, Nyu-York müasir meqapolisdirsə, burada daha çox Amerika tarixinə, mütləqliyə üstünlük verilib. Hər bir tərəfdə açıq-açığına məqsədyönlü təbliğatın izləri ilə qarşılaşacaqsınız, yəni, ABŞ-dan, amerika millətindən yoxdur, təkrarsızdır...
Nurlandan bir addım da olsun aralanmayan Fidan heyrətlə Pensilvaniya avenyü, Ağ Ev, Konqress və Senatın yerləşdiyi Kapitoli, Konqress Kitabxanası, Ali Məhkəmə, Xəzinədarlığın binası və digər möhtəşəm tikililəri, saya gəlməyən muzeyləri, qədim və müasir üslubda küçələri, ucsuz-bucaqsız yaşıllıqları, azərbaycanlılar üçün anlaşılmaz təsir bağışlayan paytaxtın hər tərəfindəki bom-boş əraziləri seyr ertdikcə Nyu-Yorkla paralellər aparırdı. Təbii ki, fotoaparatı, binoklu və telefonuna da qətiyyən “rəhm”i gəlmirdi. Ağ Ev dünyada dövlət başçılarının yeganə iqamətgahıdır ki, istənilən şəxs ona maksimum yaxın gələ bilər, sərbəst şəkildə istədiyi qədər tamaşa edə bilər. Ağ Evlə üzbəüz istiqamətdən prezident Barak Obamanı kabinetində müşahidə etmək, hətta, şəklini çəkmək də Fidana qismət oldu. Sevincinin həddi-hüdudu yox idi. O, buna olmazın mənalar verirdi. Ona elə gəlirdi ki, illərlə “yerində sayan” bəxti ailə qurandan sonra yaman gətirirdi. Fidanın bu barədə qeyri-ixtiyari “açıqlama”ları Avraamda yəhudilərə xas orijinal bir ideya doğurdu; bəlkə, sportloto bileti doldurasınız, burada uduş 10 milyon dollara qədərdir. Əgər, “49-dan 6-sı” lotoreyasında bütün rəqəmləri tapa bilsəniz, o andaca milyonçuya çevrilə bilərsiniz. Nurlan onunla razılaşdı: - Ağıllı fikirdir, bəxtimiz sınamağa dəyər, variantın biri 3 dollardır, uzaqbaşı xırda-xuruş məbləğdə pul itirəcəyik...
- Düzdür, haradan bilirsən?!.
- Az-çox xəbərim var, lotereya oyunlarından da alababat baş çıxarıram...
Söhbətə Fidan da qoşuldu, beyni ideya dəyirmanı idi:
- Nurlan, gəl hərəmizə ən çox xoşladığımız üç rəqəm seçək və bircə variant dolduraq, əgər, qismətimizdə varsa, deməli, bəxtimiz gətirəcək...
Bığucu gülümsəyən Avraam həmin təklifi bir qədər də cilaladı: - Gəlin, loterayanı mən doldurum, hər halda yəhudilərin əli düşərlidir, qismətləri ayaq üstədir, qorxmayın, şirinlik də istəmərəm. İşdi, əgər 10 milyon dollar udsanız, uzaqbaşı, biznesimdə mənimlə şərik olub, ürəyiniz istəyən məbləğdə sərmayə yatırarsınız. Siz də olarsınız iş adamı, necədir, razısınızmı?!.
Onun yarı zarafat, yarı ciddi sözlərinə qonaqları cani-dildən şərik çıxdılar. Yaxınlıqdakı marketlərdən birində lotereya biletini şərtləşdikləri kimi doldurdular. Tiraj onlar Vaşinqtondan dönməzdən bir gün əvvəl olacaqdı və televiziya ilə də canlı yayımlanacaqdı.
Növbəti günlərdə Vaşinqtonun dörd bir tərəfini, Patomak çayının hər iki sahilini, Arlinqton qəbirstanlığına qədər bütün görməli yerləri gəzib dolaşdılar. İkinci Dünya Müharibəsində məğlubiyyətə uğrayan Yaponiyanın ABŞ-a hədiyyə etdiyi sakura ağaclarının fonunda çəkdirdiyi şəkillər Fidanın lap ürəyincə oldu. Ötən müddətdə, o, dualarından da qalmırdı, daxilində mütləq udacaqlarına qəti bir inam vardı.
Nəhayət, səbirsizliklə gözlədikləri məqam gəlib yetişdi. Qonaqlarla birgə Avraamgil də nəsillikcə televizorun başına toplaşmışdılar. ABŞ-ın müxtəlif yerlərində məskunlaşan qohum-əqrabanın əksəriyyəti Azərbaycanın abı-havasını, ətrini Nurlanla Fidandan almaq üçün Avraamgilə yığışmışdılar. Təkcə, onların hədiyyələri dəyərcə, şişirtmək olmasın, yəqinki, elə gözlənilən uduşun məbləğindən heç də az olmazdı. Lototrondan düşən şarlar elə bil “fırt” eləyib qonaqların lotoreyasının “burnundan” düşürdü... Altı rəqəmin altısının da özünü doğrultması ilə Avraamgildə elə bir “atəşfəşanlıq” başladı ki, gəl görəsən... Səhərəcən kimsənin gözünə yuxu getmədi, möcüzə ortadaydı. Sözsüz ki, bu, gənc ailəyə Tanrı hədiyyəsi idi!!! Xoşbəxtdilər, bir də ona görə ki, əsrlər boyunca dünyanı yağmalayan ABŞ-dan böyük məbləğdə para “qoparmışdılar”. Artıq tumurcuqlayacaq istənilən azrularını, ideyalarını reallaşdırmaq qüdrətindəydilər, hələ, qohum-qardaşa, dost-tanışa, xeyli kimsəsizə də arxa dura biləcək gücdəydilər. Düzdü, əgər, iş Fidanın dünyanın ən nəhəng hava limanlarına bənzər beynindən qaynaqlanan ideyaların hamısının həyata keçməsinə qalsaydı, çətinki, ortadakı bu boyda böyük məbləğ belə buna yetəydi.
Qonaqların sevincinə şərik olanlara qəribə, hətta, inanılmaz gələnsə, Fidanın bütün gecə boyunca Tanrıdan yenə də nəsə diləməsi idi, bu onlar üçün tam anlaşılmazdı. Pul-paraya doydum deyə bilməyən yəhudilər heyrət içindəydilər. Axı, Nurlandan başqa kimsənin ağlına gələ bilərdi ki, bu qədirbilən “принцесса»nın indi bütün duaları onun tükənməz xoşbəxtliyinə “yol açan” rəfiqəsi Ləmana və onun ailəsinə idi!!!