Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun cənazələrinin torpağa tapşırılmasından 40 gün ötür. Modern.az xəbər verir ki, dekabrın 17-də hər iki şəhidin ailəsinin evində mərhumların qırx mərasimi keçirilib. Bögədən olan əməkdaşımızın məlumatına görə, qırx mərasimləri izdihamla keçib, ətraf rayonlardan da yüzlərlə insan şəhid ailələrinə başsağlığına gəlib. Xatırladaq ki, Mübariz İbrahimov və Fərid Əhmədovun meyitləri noyabrın 7-də torpağa tapşırılıb. Qeyd edək ki, Mübariz İbrahimov bu il iyunun 19-da Tərtərin Çaylı kəndi istiqamətində, Fərid Əhməov isə sentyabrın 4-də ermənilərlə şiddətli döyüşdə qəhrəmanlıqla şəhid olublar. Hər iki şəhidin meyiti bir neçə ay düşmən əsarətində qalıb. Dövlət rəhbərliyi səviyyəsində aparılan danışıqlardan sonra şəhid hərbçilərimizin meyitləri 6 noyabr 2010 tarixində Azərbaycan və Ermənistanın təmas xəttində, Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında ermənilərdən geri alınıb. Noyabrın 7-də torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla həlak olmuş Milli Qəhrəman Mübariz İbrahimovun və baş leytenant Fərid Əhmədovun vida mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də iştirak edib. Elə həmin gün cəsədlər ikinci Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 2005-ci ildə hərbi xidmətə cağrılıb. Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edib. Xidməti zamanı çavuş rütbəsi alıb və xidmətini 2007-ci ildə bitirib. 2009-cu ilin avqust ayında yenidən könüllü olaraq hərbi xidmətə yollanıb. O, gizir rütbəsi ilə cəbhənin Tərtər iatiqamətindəki N saylı hərbi hissədə qulluq edirdi. Bu il iyunun 19-da Tərtərin Çaylı kəndi istiqamətində təkbaşına Ermənistan silahlı qüvvələrinin səngərinə daxil olaraq düşmənlə vuruşub, xeyli erməni hərbçisini məhv edib və yaralayıb, özü isə qəhrəmanlıqla şəhid olub. Azərbaycan Respublikası prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib. Milli Ordunun zabiti Fərid Güloğlan oğlu Əhmədov 1986-ci il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. Fərid Əhmədov 2003-cü ildə orta məktəbi bitirərək Heydər Əliyev adına ali məktəbə daxil olub. 2007-ci ildə oranı bitirib, 2007-2008- ci illərdə Təlim-Tədris Mərkəzində leytenant rütbəsi almaq üçün kurs keçib və istəyinə nail olub. 2008-2009-cu illərdə Gəncədə xidmət edib. 2009-cu ildə öz ərizəsi ilə Tərtərə - döyüş bölgəsinə təyinat alıb, uğurlu xidmətinə görə tez bir zamanda baş leytenant rütbəsi alaraq kəşfiyyat bölük komandiri olub. 2010-cu il sentyabrın 4-də baş verən şiddətli döyüşdə şəhid olub. Sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində Çiləbürt kəndi yaxınlığında ermənilərin hücumunu dəf edərkən qəhrəmancasına həlak olub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 7 noyabr 2010-cu il tarixli sərəncamı ilə baş leytenant Fərid Güloğlan oğlu Əhmədov “İgidliyə görə” medalı ilə təltif edilib. Ə.Qafarlı