Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Bakıda səfərdə olarkən maraqlı təkliflə çıxış edib. O bildirib ki, Azərbaycanda hər ailənin ən azı 5 uşağı olmalıdır.
“Türkiyədə əhalinin artımı üçün bir ailədə azı 3 uşaq olmasını deyirdim, Azərbaycanda isə bir ailədə azı 5 uşaq olmalıdır. Bu olduqda, Azərbaycan daha da güclənəcək”, - Ərdoğan deyib.
Prezident İlham Əliyev isə türkiyəli həmkarının təklifinə gülümsəyərək reaksiya verib.
Ərdoğanın 5 uşaq təklifi sosial şəbəkələrdə maraqlı müzakirələrə səbəb olub. Bir çox insanlar güc baxımından əhalinin sayının çox olmasının tərəfdarı olduğunu bildirsə də, əksəriyyət hazırkı durumda çoxuşaqlı ailə modelinə keçidin maddi sıxıntı yaradacağını düşünür.
Mövzu ilə bağlı Modern.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu Türkiyə Prezidentinin təklifini dəstəklədiyini bildirib. Onun sözlərinə görə, əhalinin sayının artırılması vacibdir:
“Mən son 30 ildir ki, bu məsələ ilə bağlı danışıram. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyevin əhalinin sayı ilə bağlı dialoqunu dinləyəndə çox sevindim. Ərdoğanın belə fikir irəli sürməsi onun çox ağıllı adam olduğunu göstərir. İndiki dövrdə hər bir ölkənin müasir texnikalardan da güclü silahı keyfiyyətli, ağıllı əhalisinin olmasıdır. Məsələn, İkinci Dünya Müharibəsindən sonra Yaponiya nə vəziyyətdə idi. Lakin 20 il müddətində qabaqcıl ölkələr sırasına çıxdı. Yaponlar o zaman savadlı, keyfiyyətli nəsil yetişdirməkdən başqa heç bir imkanlarının olmadıqlarını başa düşdülər. Onların faydalı qazıntıları, təbii resursları yox idi. Yaponiya hökuməti ciddi fəaliyyət proqramı qurdu ki, ölkədə keyfiyyətli əhalinin sayını çoxaltsınlar. Bu dəqiqə əhalinin davranışlarına, çalışqanlığına nəzər yetirdikdə demək olar ki, əksər dünya dövlətləri Yaponiyaya həsəd aparır. Ona görə də Ərdoğan 3 və ya 5 uşaq deyəndə, burada ölkəyə faydalı vətəndaşlardan söhbət gedir. Hər ailədə 3-5 uşaq ola bilər. Ancaq onlar savadsız böyüdülsə, tərbiyəsi lazım olan səviyyədə formalaşmasa, böyüyəndə yarısı xuliqan, yarısı narkaman ola bilər. Əhali keyfiyyətli olanda bəzən yüzlərlə raketin edə bilmədiyi işləri bir nəfər həll edə bilir. Görürük ki, savadlı insanlarımız, kadrlarımız əlində yaxşı mövqe olanda ölkə üçün, xalq üçün nələr edə bilir. Azərbaycan Nizamilər, onlarla alimlər yetişdirən ölkədir. Bu ölkə Nəsrəddin Tusini, Nəsimini, Məhəmməd Füzulini yetişdirib".
Sosioloq hər ailədə ən azı 3 və 5 uşağın olmasının vacibliyindən də söz açıb:
"Mən həmişə ölkədə hər ailənin ən azı 3 uşaq böyütməsini təbliğ etmişəm. Ailədə bir uşaq olanda o, eqoist böyüyür. Çünki evdə uşaq mühiti olmur. Onun ən yaxın həmsöhbəti nənəsi, babası, atası və anası olur. İki uşaq olanda aralarında münaqişə olur. Ailədə bir və ya iki uşağın olması əhalinin sayının azalmasına da səbəb olur. Çünki xeyli ailə var ki, onların uşağı olmur. Əhalinin sayı azalanda ölkəyə miqrantların gəlməsi zərurəti yaranır. Nəticədə etnik tərkib dəyişir. Ölkənin, xalqın mənəvi dəyərlərində dəyişikliklər baş verir. 3 uşaq olanda evdə onlar üçün yaxşı mühit formalaşır. Həm də ölkədə əhalinin sayı lazımı qədər tənzimlənir. Mən də ailədə azı 3 uşağın olmasının tərəfdarıyam".
Əhməd Qəşəmoğlu vurğulayıb ki, hər ailədə azı 3 uşağın olması üçün xüsusi elmi konsepsiyanın işlənib hazırlanmasına ehtiyac var:
"Açığı, bu gün nə Azərbaycan əhalisi, nə də hökumət qurumları buna hazırdır. Ancaq üç uşaq təkcə valideynlərin deyil, dövlətindir. O uşaqlar böyüyüb ordu sıralarında olacaq, Vətən uğrunda vuruşacaq, ölkənin inkişafı üçün çalışacaq. Hesab edirəm ki, ən azı 3 uşaqlı ailələrin olması üçün şərait yaratmaq dövlətin borcudur. Bütün yük ailənin üzərinə düşməməlidir. Bölgələrin inkişafı ilə bağlı layihələr hazırlayırıq. Bunun nəticəsi olaraq regionlarımız inkişaf edir. Sosial məsələlər və əhalinin inkişafı ilə bağlı belə proqramlara ehtiyac var. Biz yaxın vaxtlarda 3 uşaq modelinə keçməyə hazırlaşmalıyıq. Sonra Ərdoğanın dediyi kimi, 5 uşaq modelinə keçməliyik. Bunun üçün qanunvericilikdə və sosial müdafiə sistemində çox böyük hazırlıqlar olmalıdır. Əhalinin ictimai rəyində bu barədə fikirlər yer almalıdır. Maarifləndirmə işləri aparılmalıdır. Görüləcək işlər çoxdur. Yoxsa "gedin, 3 uşaq dünyaya gətirin, 3 uşaq dünyaya gətirənlərə əlavə əmək haqqı veriləcək" deməklə iş bitmir. Bunun üçün elmi əsaslarla hazırlanmış fəaliyyət proqramına ehtiyac var".
Qeyd edək ki, Azərbaycanda 6 və daha çox uşağı olan ailələr hazırda çoxuşaqlı ailələr hesab olunur. Prezident İlham Əliyevin 13 yanvar 2023-cü ilil tarixli fərmanı ilə 5-dən çox uşağı olan qadınlara sosial müavinətin məbləği müəyyən edilib. Fərmanda beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manat müəyyən edilib.