Modern.az

Bakıda həbs edilən fransalı casus azərbaycanlı qızla nişanlı imiş... - FOTO

Bakıda həbs edilən fransalı casus azərbaycanlı qızla nişanlı imiş... - FOTO

Ölkə

11 Yanvar 2024, 16:00

Bir neçə gündür Bakıda həbs edilən Fransa casusu barədə xəbərlər mətbuatın əsas diqqət mərkəzindədir.

 

Modern.az-ın məlumatına görə, Martin Ryan adlı fransalı barədə yeni detallar məlum olub.

 

Fransada dərc edilən “L’Opinion” qəzetinin bugünkü sayında bildirilir ki, Fransa və Böyük Britaniya vətəndaşlığı olan Ryan 4 il Bakıda yaşayıb. O, burada azərbaycanlı qızla nişanlanıb.

 

Ryan Bakıda “Merkorama” adlı kiçik şirkət qurub, ixrac-idxalla, xüsusən şərab ticarəti ilə məşğul olub. Nəşr onun heç bir siyasi fəaliyyətinin olmadığını bildirir. Bundan əvvəlki məqaləmizdə qeyd etmişdik ki, sözügedən şirkət 2020-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 20 manatdır. MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, ev 13, M8, m. 5-də yerləşir. Şirkət Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2021-ci ildə qeydiyyata alınıb. Qurum şirkətin qeydiyyatını 2023-cü ilin may ayında ləğv edib.

 

Qəzetdə Ryanın fəaliyyəti barədə diqqətməkən məqamlar qeyd olunub. Nəşr bildirir ki, Fransa xüsusi xidmət orqanlarının nümayəndələri Ryanın iradəsinə zidd olaraq onu üçüncü ölkələr haqqında məlumatların toplanması və ötürülməsinə cəlb ediblər. Məlumata görə, o, səfirliyin “Frederik” və “Loran” adlı iki əməkdaşı ilə “mehriban münasibətlər” saxlayıb. Sözügedən şəxslərin artıq Bakının tərk etdiyi qeyd olunur. Xatırladaq ki, Azərbaycan Fransa Səfirliyinin iki əməkdaşını “persona-non-grata”, yəni “arzuolunmaz şəxs” elan edib.

 

Fransa xüsusi xidmət orqanlarının məxfi ruporu hesab edilən “Intelligence Online” nəşrinin yazdığına görə, Bakıdan qovulan diplomatlar Fransanın Xarici Kəşfiyyat Baş İdarəsinin (DGSE) diplomatik pərdə altında çalışan zabitləri olub. Bildirilir ki, onlardan biri adıçəkilən idarənin kadr ehtiyatının rusdilli zabitidir. Qeyd edək ki, DGSE Fransanın Müdafiə Nazirliyinə tabe olan  xarici və hərbi kəşfiyyat xidmətidir.

 

“L’Opinion” vurğulayır ki, Martinin səfirliklə əlaqələri ictimaiyyətə açıq olan sadə məlumatların toplanılmasından, xüsusən də İran və Türkiyə ilə bağlı məlumatların toplanılması və ötürülməsinə çevrilib.

 

Bildirilir ki, Martin Ryan Bakıdan qovulan iki agenti tərəfindən istifadə edilib. Ryanın atası Riçard da bu məlumatı təsdiq edib. "Oğlum bir dəfə mənə ondan istifadə etdikləri barədə danışıb. Bununla oğlum onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş iki diplomata işarə edib", - Riçard Ryan "Agence France-Presse" (AFP) agentliyinə müsahibəsində deyib.

 

Qeyd edək ki, Ryanın fəaliyyətində də şübhəli məqamlar mövcuddur. O,  1988-ci ildə anadan olub. Hərbi və geosiyası tarix ixtisasını bitirən Ryan 2015-ci ildə biznes fəaliyyəti ilə məşğul olana qədər hərbi və qlobal təhlükəsizlik sahəsində çalışıb.

 

Fransa vətəndaşı 2023-cü il dekabrın 4-də həbs edilib. Məhkəmə tərəfindən onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Fransanın Bakıdakı səfirliyi həmin şəxsin həbsi barədə dərhal məlumatlandırılıb. Ryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinir.

 

Qeyd edək ki, daha əvvəl qərb mətbuatında yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi ifşa olunub. Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. 

 

Azərbaycan tərəfi qeyd olunan həbslərlə bağlı hələ ki rəsmi açıqlama verməyib. Rəsmi Paris Martin Ryanın əsassız ittihamlarla tutulduğunu iddia edib. Azərbaycan Xarici İşlər Nazirliyi ittihamlara cavab verib.

 

Bildirilir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin qeyd edilən şəxsin Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyi ilə bağlı məsələnin araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvalamasına baxmayaraq, Fransa tərəfi hər hansı bir izahat verməkdən və istintaqda əməkdaşlıqdan imtina edib.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal