Modern.az

Ölkənin 1 nömrəli İCRA BAŞÇISI

Ölkə

1 May 2024, 14:40

İki ilin sözü olar. “İçərişəhər” metrostansiyasının qabağından keçirdim.  Qarşımda bir cavan gəlin 10-11 yaşlı oğlan uşağının əlindən tutub  İstiqlaliyyət küçəsiylə üzüaşağı addımlayırdı. Bu zaman Bakı Şəhər İcra Hakimiyyətinin binasının saat qülləsinin zəng səsləri qəfildən ətrafa yayılmağa başladı. Uşaq bir  növ diksindi. Binanın qülləsinə baxaraq, – Ana, bu nə səsdir? Bura haradır? - deyə həyəcanla soruşdu. Ana da onun saçını sığallayaraq, – Bala, bura Bakı meriyasıdır. Bax, Hacıbala burda oturur, - dedi.

İllər keçib. Hacıbala Abutalıbov isə vəzifəsindən çoxdan ayrılıb. Təqaüddədir.  Mediaya inansaq, Azərbaycanın səfalı, təbiəti gözəl, havası, suyu saf guşələrindən birində yaşayır. Amma Bakı sakinlərinin yaddaşında xoş təəssüratlar qoyub gedib, hətta balacaların da.

58 illik həyatımda çox raykom katibi (sovet vaxtı belə adlanırdı bu vəzifə), Rayon İcra Hakimiyyətinin başçısı görmüşəm. Əvvəllər atama görə, sonralar isə AzTV-nin “Xəbərlər” proqramında çoxuyla birbaşa təmasda da olmuşam. O cümlədən Hacıbala müəllimlə də... Amma onu mənə tanıtdıran özü yox, Xalq şairi Qabilin diliylə desəm, Həmişəyaşar Prezidentimiz Heydər Əliyevin çox orijinal, müstəqil Azərbaycanın tarixində bu günəcən yeganəliyini qoruyub saxlayan sərəncamı olub – 1999-cu ilin iyul ayında imzaladığı "Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında" sərəncam.

O vaxtlar rayon tədbirlərindən hazırladığımız süjetlərdə icra başçılarını dəfələrlə göstərməyə meylli idik – aldığımız şirinliyə, yaxud da nəvaxtsa edəcəyimiz xahişlərə görə. Axı onlar atamın təbirincə desək, mikropadşahlar idilər. İcra başçısı qırmızı lent kəsən yerdə, çıxış edəndə, mükafat təqdim edəndə, barmağını silkələyəndə, əklil qoyanda... Sanki ondan başqa rayonda müsbət adam yox idi. İndi də elədir. İcra başçısı mütləqi-hakimdir.

Amma baş redaktorumuz Allahverdi Məmmədov hansısa şəxsi yox, onun gördüyü işləri təbliğ etməyi məsləhət bilirdi. “Görülən işləri versəniz, bu həmin rayonun rəhbərinin tərifi deyilmi?” arqumentiylə.


Gəlin Prezident sərəncamına təkrar nəzər salaq:
 

Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Suraxanı rayonunda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin sosial müdafiəsinin təmin edilməsi və mənəvi dəyərlərimizin qorunub  saxlanılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Məqsədyönlü fəaliyyət nəticəsində rayonda sənaye məhsullarının istehsalı ildən-ilə artır, mənzil tikintisi həyata keçirilir və ehtiyacı olanlara  verilir, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlara qayğı və hərtərəfli yardım göstərilir.

Suraxanı Rayon İcra Hakimiyyətinin iş təcrübəsini müsbət qiymətləndirərək qərara alıram:

1. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı H.İ. Abutalıbovun işi təqdirəlayiq hesab edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yerli  icra hakimiyyəti orqanları, nazirlik, komitə, şirkət, birlik və idarələr arasında yayılmasını təmin etsin.

3. Yerli və daxili imkanlardan maksimum istifadə etməklə əhalinin iqtisadi, sosial və məşğulluq problemlərinin həlli bütün icra strukturlarına  xüsusi vəzifə kimi tapşırılsın.

Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 20 iyul 1999-cu il.

Sərəncamdan da göründüyü kimi, Ümummilli liderimiz Hacıbala Abutalıbovun iş təcrübəsini, daxili imkanlardan maksimum istifadə etməklə gördüyü işləri yüksək qiymətləndirib. Bayram tədbirlərində neçə-neçə sakinə, mədəniyyət xadiminə, jurnalistə torpaq sərəncamlarını təqdim etməyinin (mən və atamdan başqa) özüm şahidi olmuşam.

Azərbaycanda görün neçə şəhər və rayon var. Hamısını da Prezident seçir, təyin edir. Yalnız onlardan biri – Hacıbala Abutalıbov ölkənin yeganə, öz təbirimcə desəm, 1 nömrəli icra başçısı adına layiq görülüb.


26-LAR
 

Azərbaycan tarixində qanlı qırğınlar törətməklə yadda qalan Stepan Şaumyanın rəhbərlik etdiyi  26 Bakı komissarının şəhərin mərkəzindəki məzarlığı, üzərində salınan əbədi məşəl kompleksinin söküntüsü hamımızın xatirindədir. Bu əmri verən Prezident İlham Əliyevə xüsusi təşəkkürlər... Əmrin icrasını isə o vaxt mer Hacıbala Abutalıbov həyata keçirirdi. Söküntü prosesində onun qarşılaşdığı problemlər barədə isə mənə danışıb – qeyri-rəsmi. Bilsəydim beş alimin qorxub qol çəkmədiyi və mediada geniş yayımlanmayan sənədin nüsxəsini vaxtında Hacıbala müəllimdən alar, indi yayımlayardım. Amma yenə də gec deyil. Canlı şahidimiz var.

TƏRSƏ HACIBALA MÜƏLLİM
 

Bu artıq aksiomadır. Biri vəzifəyə keçən kimi köhnə telefonunu ya bağlayar, ya da 10 gün çalışdırar. O da təbrikləri qəbul edib müsbət emosiya qazanmaq üçün. Sonra isə ya tamamilə dəyişər, ya da zənglərə cavab verməz. Hacıbala müəllimdə isə tam əksinədir.

AzTV-də işləyərkən Suraxanı sakinlərindən biri axşam redaksiyaya zəng edib binanın su probleminin həlliylə bağlı kömək istədi. Mən də 109 xidmətinə zəng edib, icra hakimiyyətinin telefonunu istədim. Onlar da verdi. Zəng etdim. Hacıbala müəllim özü götürdü telefonu və problem də gecəylə həll olundu. Demə 109 xidmətinə yalnız özünün iş telefonunu veribmiş ki, şikayətlərdən xəbər tutsun. Yeganə başçı idi ki, qəbul günü yox idi. Gecə-gündüz qapısı açıq idi. Qapıda da polis durmurdu.  Sonrakı illərdə də nə vaxt zəng etmişəmsə və ya jurnalist həmkarlarımdan kimsə arayıbsa, telefonu həmən götürüb. Amma vəzifədən uzaqlaşıb təqaüdə çıxandan sonra telefonu açmır.
 

QABİLİN OĞLU YOX, MAHİR QABİLOĞLU
 


Hacıbala müəllim üçün iki Mahir vardı: Dostu Qabilin oğlu, tənqidi materiallarıyla zəhləsini tökən Mahir; bir də yazıçı-publisist Mahir Qabiloğlu. Birinci mərhələdə adımı “ilana zəhər verən kərtənkələ” qoymuşdu. İkinci mərhələyə onun haqqında yazdığım “Hacıbala Abutalıbova – hansı yaxşıdır, ölü, yoxsa ilana zəhər verən kərtənkələ?” adlı yazımla keçdik. (link: //modern.az/edebiyyat/38564/hacibala-abutalibova-hansi-yaxsidir-lu-yoxsa-ilana-zeher-veren-kertenkele/).

Çox xoşuna gəlmişdi. Sonralar haqqında çox yazılar qələmə aldım. Hamısına da layiq idi.  Amma hər dəfə də mənə deyirdi ki, yazma mənim haqqımda. Hətta bir dəfə əsəbi halda üstümə qışqırdı da: “Sənə demişəm axı ki, yazma!”

Demə onun özünün də xəbəri olmadan yazdığım köşə yazılarından sonra bədxahları zəng edib, onu sifarişçi, özünü təriflətdirən adam adlandırıb, əsəbləşdiriblərmiş. Bunu sonralar başa düşdüm.


ƏDƏBİ TƏNQİDÇİ HACIBALA ABUTALIBOV
 

Məni publisist kimi qiymətləndirən ən diqqətli, haqlı tənqid edən oxucularımdan birincisi idi. Çünki güclü mütaliə sahibi idi. Stolunun üstündə oxunma növbəsini  gözləyən neçə-neçə kitab görürdüm. Amma bir müddət keçəndən sonra, görüşümüz zamanı əlini stolun üstünə çırpıb, – Bəsdir boş-boş şeylər yazdın! Keç bədii ədəbiyyata. Roman, povest yarat!  Buna sənin potensialın var, – dedi. Düzü pərt olmuşdum. Nə cavab verəcəyimi bilmirdim. O isə əsəbi halda nitqini davam edirdi:

– Sənə çox da dinə bilmirəm. Rüstəm Behrudi yerlimdir deyə ona bundan da artığını deyirəm. Bir dənə “Salam, dar ağacı” yazıb, dayanıb. O gün isə gedib Yazıçılar Birliyin üzvülüyündən çıxıb ki, nədi-nədi bunu ad günü münasibətiylə təbrik etməyiblər. Yubiley yaşı olsaydı, yenə dərd yarı... Yaşlı adam da özünə ad günü keçirər, ya umar? Ad günü balaca uşaqlar üçündür. Gedin, əsər yaradın!

Cavab verməyə söz tapa bilmirdim. Handan-hana özümə gəlib guya ki, cavab tapdım:

- Hacıbala müəllim, bunu siz niyə mənə deyirsiniz? Bunu Anar deməlidir, Elçin deməlidir...

- Ay Mahir, uşaqsan? Kim istəyər ki, özündən güclü yazıçı meydana çıxsın, öz yazdığından güclü əsər yazılsın. Sənət adamları eqoist olar... Get otur həyatının romanını yarat.

- “Cəncəhim” romanı yazmışam da... Hekayələrim də var. Oxumusuz da...

- Xoşuma gəlməyib!

Suyum süzülə-süzülə otaqdan çıxdım. Sonralar “İtbaşı” roman-trilogiyamı yazıb Hacıbala müəllimə də təqdim etdim. Xoşuna gəlməmişdi.
 

KOLORİTLİ  İNSAN
 

Çox koloritli insan idi. Bəlkə də bu gün də unudulmamağı bundan irəli gəlir. Hər il mayın 10-u keçirdiyi “Gül bayramı”nı indi də xatırlayıram, xatırlayırıq.
Mayın 13-ü Hacıbala müəllimin 80 yaşı tamam olur. Heydər Əliyevə məhəbbətdə etalon sayılacaq şəxsiyyət Hacıbala müəllimin YUBİLEYİDİR. Zəng etməyəcəyəm. Onsuz da açmayacaq telefonu. Mürəkkəb söz olan, “Yu” və “Biley” sözlərindən ilhamlanıb 80-ni yuyan da deyil. Bəlkə də ailə çərçivəsində qeyd edər. Ona görə də yazdım. Qoy bu yazım onun yubileyinə kiçik bir hədiyyəm olsun. Yəqin ki, oxuyacaq. Amma əminəm ki, əsəbləşməyəcək. Deməyəcək ki, “Mahir, bəsdir! Mənim haqqımda yazma!”
 

SON
 

“İçərişəhər” metrostansiyasının qabağından keçirəm.  Qarşımda bir cavan gəlin 10-11 yaşlı oğlan uşağının əlindən tutub  İstiqlaliyyət küçəsiylə üzüaşağı addımlayır. Bu zaman Bakı Şəhər İcra Hakimiyyəti binasının saat qülləsindən zəng səsləri qəfil ətrafa yayılır. Uşaq bir  növ diksinir. Binanın qülləsinə baxaraq, – Ana, bu nə səsdir? Bura haradır? – deyə soruşur. Ana da onun saçını sığallayaraq, – Bala, bura Bakı meriyasıdır. Bax, Hacıbala burda oturur.

1 may 2024-cü il

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi