Modern.az

Prezidentə təbriklər gəlir - YENİLƏNİR

Prezidentə təbriklər gəlir - YENİLƏNİR

Ölkə

23 Dekabr 2024, 18:42

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Modern.az xəbər verir ki, təbrikdə deyilir:

 

"Hörmətli İlham Heydər oğlu.

 

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

 

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə davamlı sosial-iqtisadi inkişaf yolunda irəliyə doğru inamla addımlamaqda davam edir, regional və beynəlxalq məsələlərdə mühüm konstruktiv rol oynayır. Bu istiqamətdə ardıcıl fəaliyyətiniz Sizə həmvətənləriniz arasında və dünya arenasında yüksək nüfuz qazandırıb.

 

Ölkələrimiz arasında dostluq münasibətlərinin və əməkdaşlığın hərtərəfli genişləndirilməsinə Sizin daimi diqqətinizi xüsusi qeyd etmək istərdim. Möhkəm siyasi iradə sayəsində biz bu il Tacikistan-Azərbaycan qarşılıqlı münasibətlərini keyfiyyətcə yeni strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişik. Qardaş xalqlarımızın köklü maraqlarına uyğun olaraq bu prosesin gələcəkdə də inkişaf etdirilməsinə hazırıq.

 

Dostluğumuzun və şəxsi münasibətlərimizin etimada əsaslanan xarakterini yüksək qiymətləndirirəm. Əminəm ki, biz birgə səylərlə gələcəkdə də ölkələrimizin çoxtərəfli əlaqələrini yeni quruculuq nümunələri ilə zənginləşdirəcək və əməkdaşlığımızın daha da möhkəmlənməsinə nail olacağıq.

 

Əziz İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və dost Azərbaycan xalqının rifahı naminə məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

 

Səmimiyyətlə".

***

17:09

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, cansağlığı, şəxsi həyatınızda və ali dövləti fəaliyyətinizdə çoxlu uğurlar arzulayıram.

Əminəm ki, bizim dost ölkələrimiz bundan sonra da ümumi əlaqələrimizin yaxşılaşdırılmasına və əməkdaşlığın yeni formalarının tapılmasına çalışacaq. Ölkələrimizin malik olduğu iqtisadi imkanlar daha yaxşı və daha məzmunlu əməkdaşlığı təşviq edə bilər.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

 

****

TÜRKSOY-un Baş katibi Sultan Raev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Modern.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un Baş Katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Zati-alinizin yürütdüyü müdrik və sülhsevər siyasət nəticəsində Azərbaycan Respublikası davamlı surətdə inkişaf edir, dünya ölkələri arasında tutduğu layiqli yerini daha da möhkəmləndirir.

Türk dünyasının aparıcı ölkələrindən biri olan qardaş Azərbaycanın zəngin mədəni irsinin TÜRKSOY təşkilatı vasitəsilə dünyada tanıdılması istiqamətində aparılan işlərə verdiyiniz daimi dəstək bizi daha da ruhlandırır.

Əmin ola bilərsiniz ki, Azərbaycan və TÜRKSOY arasında mövcud olan mədəni əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edəcək, üzv ölkələrimizdə və dünyanın müxtəlif ölkələrində həyata keçirəcəyimiz tədbirlərlə Türk xalqları arasında mədəni inteqrasiyanın və həmrəyliyin daha da genişləndirilməsinə öz töhfəsini verəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir,
Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi