Modern.az

TƏBİB stomatoloqlardan 1200-1800 manat tələb edir? - RƏSMİ CAVAB

TƏBİB stomatoloqlardan 1200-1800 manat tələb edir? - RƏSMİ CAVAB

Ölkə

20 May 2025, 18:53

TƏBİB stomatoloqlarda 1200-1800 manat tələb edilməsi məsələsi ilə bağlı məlumat yayıb.

Modern.az-ın məlumatına görə, qurumdan bildirilib ki, son dövrlərdə stomatoloji xidmətlərin təşkili və bu sahədə şəffaflığın artırılması məqsədilə müəyyən təhlil və qiymətləndirmə işləri aparılıb. Bu qiymətləndirmələr zamanı müxtəlif regionlarda fəaliyyət göstərən stomatoloqların xidmət həcmi və mövcud şərait araşdırılıb.

"Ödənişlərin rəsmi nağdsız ödəniş sistemi (POS-terminal, bank köçürməsi və s.) üzərindən keçirilməməsi, yəni müəssisənin maliyyə uçotundan yayınması halları müşahidə edilib. Stomatoloji xidmətlər icbari tibbi sığorta təminatına daxil olmayan və ödənişli əsaslarla göstərilən tibbi xidmətlərdir. Say etibarilə 149 sayda tibbi xidmət olub, tarifləri "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2130 nömrəli Fərmanı ilə təsdiq edilmiş TƏBİB-in Nizamnaməsinin 3.1.7-ci yarımbəndinə əsasən TƏBİB-in Müşahidə Şurasının "TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən Xidmətlər Zərfinə daxil olmayan və ödənişli əsaslarla əhaliyə göstərilən tibbi xidmətlərin, habelə sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinə dəyişiklik edilməsi haqqında" 18 sentyabr 2023-cü il tarixli 20-Q/2023 nömrəli Qərarı ilə təsdiqlənib. Hazırda tərəfimizdən təhlillərin məqsədi stomatoloji xidmətlərin daha keyfiyyətli təşkili, ədalətli resurs bölüşdürülməsi və tibbi infrastrukturun dayanıqlı maliyyələşdirilməsi yollarını araşdırmaqdır.Narahatlıqları anlayışla qarşılayırıq və bildirmək istəyirik ki, istənilən qərar hüquqi əsaslandırma və mərhələli tətbiq prinsipi ilə həyata keçiriləcək. TƏBİB olaraq qarşılıqlı əməkdaşlıq və açıq dialoq prinsiplərinə əsaslanaraq həm stomatoloji xidmət göstərən həkimlərin, həm də pasiyentlərin maraqlarını qorumağa davam edəcəyik. Bununla belə, konkret plan və ya öhdəliklərin rəsmi şəkildə tətbiq edilməsi barədə hər hansı qərar qəbul edilməmişdir. Hazırda məsələ yalnız müzakirə və təklif mərhələsindədir. TƏBİB rəhbərliyinin iştirakı ilə bu gün bir qrup həkim-stomatoloqla müzakirələr aparılıb", - açıqlamada bildirilir.

***

11:37

Azərbaycanda fəaliyyət göstərən bir qrup stomatoloq TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) stomatoloji müəssisələr üçün pul tələb etdiyini bildirir.

Modern.az-ın məlumatına görə, ictimaiyyətə müraciət edən stomatoloqlar qeyd edib ki, TƏBİB stomatoloji müəssisələr üçün 1200 və 1800 manatlıq “plan” öhdəliyi tələb edir.

Stomatoloqlar adından yayılan müraciətdə qeyd olunur ki, bu planlar həkimlərə qarşı maddi və psixoloji təzyiq vasitəsinə çevrilib: “Bu gün TƏBİB tərəfindən stomatoloji müəssisələrə tətbiq edilən yeni plan tələbi, nə tibbi prinsiplərə, nə də real iqtisadi və sosial şəraitə uyğundur. Ədalətsiz və qeyri-etik bu sistem vicdanla çalışan həkimləri çətin duruma salır, xidmətin keyfiyyətinə zərbə vurur.”

Müraciətdə daha bir narahatlıq doğuran məqam – təhsilsiz və lisenziyasız şəxslərin diş müalicəsi ilə məşğul olmasına qarşı tədbir görülməməsi, əvəzində isə rəsmi stomatoloqlara qarşı təzyiqlərin artırılmasıdır. Həkimlər bildirir ki, qanunsuz fəaliyyət göstərən şəxslərə qarşı susqunluq nümayiş etdirilir, peşəkar stomatoloqlar isə işdən çıxarılma təhdidi ilə üz-üzə qalır.

Onlar TƏBİB-in tətbiq etdiyi plan tələblərinin dərhal ləğv olunmasını istəyir.

TƏBİB məsələ ilə bağlı hər hansı cavab verməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI