Modern.az

Yaxın Şərq, yoxsa gözəl qız...

Ölkə

18 İyun 2025, 11:21

Yaxın Şərq…

Neftlə, qazla, hər cür yeraltı faydalı qazıntılarla, yerüstü günəşlə, səhraların sükutu və bazarların hay-küyü ilə dolu bir coğrafiya.

Kənardan baxanda rəngli, cazibədar, varlı və nəhayətsiz imkanlarla dolu bir dünya kimi görünür.

Sanki bir tablo, içində həm zənginlik var, həm göz yaşı var. 

Amma siz bu tabloya baxanların, bu gözəlliyə göz dikənlərin niyyətini bilirsinizmi?

Gözəl bir qız, ipək saçlı, süzgün baxışlı, nazıyla, işvəsiylə can yandıran, arzuları oyadan mələk. 

Hamı ona vurulur, hamı ona sahiblənmək istəyir.

Amma heç kim sevmir.

Onu bəzəmək yox, soymaq istəyirlər.

Onunla yaşamaq yox, onu yaşamaq istəyirlər.

Məqsəd birdir, istismar, nəfs və hegemonluq.

Yaxın Şərqə göz dikənlərin niyyəti sülh deyil.

Heç demokratiya da deyil.

Niyyət neftdir, qazdır, yolların nəzarətidir, silah ticarətidir, regionun “yenidən dizayn”ıdır.

Sizcə, nədən dünyanın gözü gah Fələstində, gah İraqda, gah İranda, gah Suriyada, gah Livanda olur?

Çünki Yaxın Şərq hələ “gözəl”dir.

Hələ “zəngin”dir.

Hələ “işvəlidir”.

Bura, sanki, cəlbedici qadındır.

Ona baxan kişi onun gözəlliyinə aşiq olduğunu deyir.

 

Amma əslində, o qadının yox, o qadının bədəninin, sərvətinin, verəcəyi həzz imkanlarının aşiqidir.

Yəni bir çox kişi üçün gözəl qız sevgiyə yox, istismara yarayan bir varlıqdır.

Eynilə Yaxın Şərq kimi.

Hamı Yaxın Şərqi istəyir.

Amma Yaxın Şərqin insanını, mədəniyyətini, dərdini, tarixini, ruhunu heç kim istəmir.

Hamı gözəl qızla bir gecə keçirmək istəyir.

Amma heç kim onunla sabah oyanmaq istəmir.

Və zaman keçir…

Neft quruyur.

Qaz azalır.

Torpaqlar çirklənir.

Xalqlar yorulur.

Mədəniyyətlər ya assimilasiya olunur, ya da silinir.

Sonda Yaxın Şərq baxırsan ki, heç kimə lazım deyil.

Tək qalıb…

Köhnə bir gözəllik kimi, nə gözəlliyi qalıb, nə nazı.

Hamı üz çevirir.

Eynilə gözəl qız kimi.

Zaman keçir, süzgün baxışları solur.

Dodağındakı gülüş azalır.

Naz yerini yorğunluğa verir.

Bir vaxtlar arzusunda olanlar indi onu tanımazdan gəlir.

Çünki artıq cəlbedici deyil.

Çünki artıq ona sahib olmağa dəyəcək bir şey qalmayıb.

Dostum…

Dünya budur.

Zənginlik, gözəllik bəzən bəladır.

İstər torpaqda olsun, istər insanda.

Çünki insanlıq artıq vicdanla yox, maraqla hərəkət edir.

Əgər sənə maraqları varsa, yanında olurlar.

Yoxsa sən sadəcə unudulmuş bir xatirəyə çevrilirsən.

Yaxın Şərq böyük dərddir.

Bəziləri onu xəritədə görür, bəziləri ürəyində.

Gözəl qız böyük həqiqətdir.

Bəziləri ona aşiq olur, bəziləri isə yalnız istifadə edir.

Və nəhayət…

Həm Yaxın Şərq, həm gözəl qız əslində eyni faciənin simvoludur.

İstismar edilən, amma sevilməyən.

Tamaşa olunan, amma anlaşılmayan.

Sevgisiz cazibə…

Zəngin, amma yalnız.

Bu dünya həqiqətə deyil, zahiri görünüşə vurulmuş bir tamaşa salonudur.

Və bu salonda sonda həmişə qəhrəman yox, qurban unudulur…

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!